"Səadət sevginin təməlindədi"

 

Yaradıcı ömrün pillələri

 

"Yaradıcılıq insanın mənəvi məhsuludur".

 

Müdrik sözü

 

Bax küknarın yarpağına,

Qırov düşüb budağına,

Dağların ağ duvağına,

Bağlayasan gəlinbağı,

Kim sevməyir bu növrağı?!

 

Köhnə kişilər deyiblər ki, Qüdrət sahibi dünyanı yaradanda bu yerlərdən ilahi səxavətini əsirgəməyib. Qışda bəyaz libas geyən, baharda yaşıllığa bürünən kənddə ilin hər fəsli gözəldir. Yayda günəş göydən yerə od ələyəndə də rahat nəfəs almaq olur: bir qədər aralıda axan Kürün suyu, xəfif mehi sərinlik gətirir, kəndin yuxarı başındakı yamacda yaşıllıq, otlar arasından boylanyıb ləpələnən rəngbərəng gül-çiçək könül oxşayır.

 

Duyulur səsinin xoş təranəsi,

Budaqda yarpaqlar pıçıldayanda.

Yayılar ətrafa gül rayihəsi,

Qönçələr çırtlayır çiçək açanda.

 

O bu gözəllik içində dünyaya göz açıb. Ayağı yer tutandan gəzib dolaşdıqca təbiət möcüzə kimi görünən bütün çalarları ilə canına, ruhuna hopub, qəlbini riqqətə gətirib:

 

Bahar fəsli, sübh obaşdan,

Şux görünər nar çiçəyi

Soldurarmı çovğun, boran,

Sənin təki tər çiçəyi?!

 

Ürəyinə dolub dilinə gələn sözləri öz-özünə pıçıldayır, balaca otağına çəkilib şagird dəftərinə köçürürdü. Sonra dərslərinə hazırlaşırdı. Yaxşı oxuyurdu. Müəllimləri razılıq edir, valideynlərinə səylə çalışdığını deyirdilər. Ancaq nə məktəbdə, nə də evdə bilmirdilər ki, bu çalışqan oğlan şeir yazır. O bunu heç kimə demir, hiss edirdi ki, gizli saxladığı "Könül dəftəri"nə "ürəyini boşaldandan sonra" rahat olur, dərslərini oxumağa həvəsi artır.

Beləcə, səylə çalışdı, kənd orta məktəbini bitirib şəhərə gəldi. İnstituta qəbul imtahanları verdi. Əvvəlcə sevindi: "əla", "yaxşı"g axırda qanı qaraldı: "qeyri-kafi". Bir qədər kədərlənsə də, inadından dönmədi. Növbəti il üçün səylə hazırlaşdığı qəbul imtahanlarını uğurla verib Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indi Dövlət İqtisad Universiteti) qəbul olundu və ailənin maddi vəziyyəti ilə əlaqədar qiyabi təhsil ala-ala bir müddət sıravi fəhlə işlədi. İkinci kursu qurtarar-qurtarmaz, əsgəri xidmətə çağırıldı. O vaxtkı Sovet Ordusu komandirlərinin təbirincə "kişi kimi" xidmət etdi, fürsəti fövtə verməyib rus dilini öyrəndi. Adəti üzrə "Könül dəftəri"ndən ayrılmadı, Azərbaycanın, doğma kəndinin xiffətini vərəqlərə köçürtdü, anası üçün yaman darıxdı:

 

Ay ana, göz yaşların

İndi yəqin qurumur.

Unutma ki, qürbətdə

Oğlun da rahat olmur.

 

İllər keçəcək, Fəxrəddin yaşa dolacaq, anasının, ulu nənəsinin adını qoyduğu qızına, iki oğlunun bacısına şeir yazacaqdı:

 

Anamın nənəsi, ay Nabat qızım,

Anamın nəvəsi - baharım, yazım.

Anamın əvəzi, gözüm işığı,

Eladın, Nihadın yar-yaraşığı...

 

...O vaxta xeyli qalırdı. Hələ çox cavandı, Şimali Qafqazda, Stavropolda, Sovet Ordusunun əsgəri idi. Doğma yerlər üçün burnunun ucu göynəyirdi.

Əsgəri xidmətini başa vuran Fəxrəddin Bakıya dönəndə məəttəl qaldı. Neçə il əvvəl uzaq kənddən paytaxtın qaynarına düşüb bir müddət qəribsəsə də, şəhər həyatına getdikcə alışmış, Bakı ilə ülfət bağlamışdı... İndi isə onun sevimli şəhəri inanılmaz dərəcədə dəyişmiş, daha da gözəlləşmişdi:

 

Bəzənmisən, düzənmisən,

Nərgizmisən, süsənmisən?

Tanımadım, bu sənmisən -

Əziz Bakım, əziz Bakım!..

 

Paytaxtın əzəməti, Sahil parkının bənzərsiz gözəlliyi, Xəzərin üfüqlərdən üfüqlərə göz oxşayan nəhayətsizliyi onun qəlbini riqqətə gətirirdi:

 

Yenə dalğalanır şıltaq ləpələr,

Dəniz vəcdə gəlib ürəyim kimi.

Üfüq də nurunu narın səpələr,

Oyadar qəlbimdə yatan eşqimi...

 

Adəti üzrə onu vəcdə gətirib ürəyinə dolan misraları "Könül dəftəri"nə köçürən Fəxrəddin, əsgəri xidmətdən sonra Bakıdakı müəssisələrdən birində əvvəl mühasib, sonra mühəndis-iqtisadçı vəzifəsinə təyin edildi. Ali təhsilini başa vurduqdan sonra  yerli sənaye və maliyyə nazirliklərində, Dövlət Sösial Müdafiə Fondunda öz ixtisası üzrə müxtəlif vəzifələrdə çalışdı. Hazırda Dövlət Neft Şirkətinin məsul işçisidir.

Bütün bu illər ərzində o, heç vaxt "Könül dəftəri"ndən ayrılmayıb. Şeirləri və publisistik məqalələri qəzet-jurnallarda dərc edilib, üç şeirlər kitabı çapdan çıxıb: "Sevdalı könüllər", "Azərbaycan torpağı - gözəlliklər diyarı", "Sevənlər qocalmır" (şair İlyas Tapdığın redaktorluğu ilə). O. "mükəmməl adam" adlı kitabını isə tanınmış iqtisadçı Şaiq Bilalovun 70 illik yubileyinə həsr edib. Oçerk, esse və bədii publisistik məqalələrindən ibarət dördüncü kitabını çapa hazırlayır.

 

***

 

Ürəyimdə yerin var,

Xalıda naxış kimi.

Gözüm yol çəkər, axar,

Həsrətli baxış kimi.

 

Nə yay, payız, qış, bahar,

Əsər xəzri, gilavar.

Misralarım damçılar,

Çiskinli yağış kimi...

 

Fəxrəddin Meydanlının sevgi şeirlərində insan-təbiət vəhdəti qabarıq nəzərə çarpır. Və bu şeirlər yaşanılan hisslərin, duyğuların inikasıdır. Onun şeirlərində yalan, riya, saxtalıq yoxdur. Özü tərcümeyi-halında səmimi etiraf edərək yazır: "Onuncu sinfi bitirdiyim ildə ali məktəbə daxil ola bilmədiyimdən müəllim yanına hazırlığa gedib gəlirdim. Elə həmin il Pedaqoji İnstitutu bitirib bizim məktəbə gəlmiş, məndən 4 yaş böyük olan ədəbiyyat müəlliminə meyl göstərmiş, hətta onu sevməyə başlamışdım. Elə azdan-çoxdan olan könül cürətimə ilham verən, məni şeir yazmağa sövq edən də məhz bu amil olmuşdur. Sonradan institutda oxuyan zaman institutun müəllimi, məndən 5-6 yaş böyük olan xanım verdi mənə bu ilhamı".

Tanınmış tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yazır ki, Fəxrəddinin şeirlərində qəlbi qocalmaq qorxusu keçirməyən bir Aşiqin - müasir insanın nikbinliyi canlanır. Bunlar ənənəvi hicran şeirləri deyil, sevgidən və bu sevginin gözəlliyindən doymaq bilməyən bir insanın könülə sığmayan fərəh hissləridir.

Ümumiyyətlə F.Meydanlının bütün şeirlərində sevgi obrazı başdadır, yəni onun hər şeirində bir sevgi çağlayır:

 

Sevgi hər ürəyin olmaz qisməti,

Sevgidir dəf edən hər fəlakəti.

Sevgidən yaradıb Tanrım insanı,

Sevgidir yaradan saf məhəbbəti.

 

***

Səadət deməklə səadət olmaz.

"Səadət hərənin öz əlindədi".

Hər adi söz ilə könül ovunmaz,

Səadət sevginin təməlindədi.

***

İnsan ömrü boyu yol gedir: dünyaya gələndən son mənzilə qədər. Taleyin hökmü ilə haçalanan bu enişli, yoxuşlu, dolayı yolda çox maneələrdən, sıldırımlardan keçən insan Haqqa qovuşmağa can atır. O, Şəriət, Təriqət, Mərifət və Həqiqət yolu ilə Haqqa çatır. Bu yol "Cünəş tək işıqlı, üfüq tək təmiz" də ola bilər, qaranlıq da, zülmət də.

Fəxrəddin Meydanlının "Yollar" silsiləli şeirlərində oxucu öz yolu ilə Haqqa üz tutub gedən nurlu bir insanın izini görür:

 

Eniş də sizindir, yoxuş da sizin,

Təpəri olmayan qoyacaq dizin.

Yan-yörən məkanı lalə, nərgizin,

Yolçuya yarsınız, yollar, a yollar.

 

Müəllifin Vətənə, insana, torpağa, təbiətə, gözəlliyə tükənməz məhəbbətini tərənnüm edən "Dördlüklər"i oxucuda xoş duyğular oyadır:

 

Mən neynirəm dəfinəni,

Ya daşqaşı, xəzinəni.

Bu dünyanın sərvətinə,

Dəyişmərəm gül çöhrəni.

                                            

***

Fəxrəddin Meydanlını yaxından tanıyan fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov onu istedadlı mütəxəssis kimi yüksək qiymətləndirir, "respublika əhalisinin sosial müdafiə məsələlərinin həllində uzun müddət göstərdiyi" fəaliyyətini "təqdirə və hörmətə layiq" sayır. "Mən onu dəyərli vətəndaş, püxtələşmiş iqtisadçı mütəxəssis, özünün bütün məsuliyyəti ilə öndə gedən bir şəxsiyyət hesab edirəm", - deyir. Eyni zamanda Fəxrəddini "poetik təfəkkür və düşüncə sahibi" kimi səciyyələndirir, onun şeirlərinin insanı həyatın gözəlliklərini dərk etməyə səslədiyini vurğulayaraq yazır: "Konkret bir peşə sahibinin bədii yaradıcılığa meyl etməsini, poeziyanın ecazkar aləminə baş vurmasını yüksək qiymətləndirirəm".

Mən hörmətli filosofun qeydlərini oxuyanda istər-istəməz müdriklərin bir kəlamını xatırladım: "Yaradıcılıq insanın mənəvi məhsuludur".

"Sevənlər qocalmır" kitabının redaktoru, Prezidentin fərdi təqaüdçüsü İlyas Tapdıq Fəxrəddin Meydanlının "yığcam və mənalı şeirlərini, bitkin fikirli cütlüklərini, qoşma və gəraylılarını orijinal deyim tərzinə, bədii tapıntısına görə" diqqəti çəkdiyini, insanın qəlbində nikbin ovqat yaratdığını vurğulayır və bütün bunları müəllifin mənəvi sərvəti sayır.

Kitaba tənqidçi sözü yazan Vaqif Yusifli qeyd edir: "Fəxrəddin Meydanlının ən yaxşı təbiət şeirləri mənə Hüseyn Arifin - o ustad şairin gözəl təbiət şeirlərini xatırlatdı".

Tanınmış yazıçı-publisist Nahid Hacızadə Fəxrəddin Meydanlını lirik şair kimi dəyərləndirir, axıcılığı və özünəməxsus melodiyası ilə könülləri oxşayan iyirmidən çox şeirinə mahnılar bəstələndiyini vurğulayır.

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova Fəxrəddin Meydanlının insani keyfiyyətlərini, səmimiyyətini, ünsiyyətini, etibarını, "səssiz-küysüz, son dərəcə həssas dostluğunu" xüsusi qiymətləndirir: "O, yüz yaşlı kimi müdrik, gənc övladları kimi romantikdir. Məcnun kimi vurğun və əsl Meydanlı kimi vətənpərvərdir. Qibtə edilməli insandır, Vallah!"

Fəxrəddin Meydanlı ilə uzun illər birlikdə çalışan iş yoldaşldarı, yaxından tanıyan elm, sənət, söz adamları ümumən bu fikirdədirlər ki, o, təvazökar, xeyirxah, qayğıkeş, həssas və alicənab bir insandır. Və bütün bu nəcib keyfiyyətlərin nüvəsində onun səmimiyyəti durur, hansı mövzuda, kimdən, nədən yazır-yazsın səmimi yazır. Sənətdə ən vacib  meyarların məhək daşı səmimiyyətdir. Bu, bir insan, şəxsiyyət, mütəxəssis, şair-publisist kimi ona xas olan ən gözəl məziyyətdir.

Mən Fəxrəddin Meydanlının yaradıcılığı ilə ətraflı tanış olandan, onun şeirlərini, həmçinin oçerk, esse və bədii-publisistik yazılarını ("Ustadlara ustad sən idin sanki, Niyazi", "Xan nəvəsi - Şuşalı Xan" - Xanlıq yaraşır Xana, Xan da Azərbaycana!", "Ölmür sənət, Aşıq Şakir", "Vağzalı çalınır, anam ağlayır" - Tofiq Bayramın xatirəsinə, "Bir fəslin var - adı Bahar" - filosof İzzət Rüstəmov - 80, "Zəlimxan Yaqub və "Sazımız-sazbəndimiz", "Bağışla", "Bu gecə", "Axtar sən məni"... - Emin Sabitoğlu-75, "İntizar"ın yaratdı, hər ürəkdə intizar" - Firəngiz Əlizadə, "8 Martda qadınlar daha çox gözəl olur", "Anna - gürcü gözəli, Azərbaycan gəlini", "Yolun doğru yönümdədi" - professor Qəzənfər Paşayev - 75, "Paşa Qəlbinur, 100-də dayan, dur!", "Elmi-ədəb məbədisən sən" - Akademik Vasim Məmmədəliyev - 70, "Tərəqqidən "Tərəqqiyə" - Azərbaycanın Əməkdar jurnalisti Ələkbər Abbasov-Şəhrili, "Yasif Nəsirli-70, ərənlər 100-dən demiş!", "Kədərli şeirlər demə, Zülfiyyə!", "İlhamın püskürər, od tökər atəş!" - şairə Ülkər Atəş) oxuyandan sonra bu qənaətə gəlmişəm. Elə bu fikirlə də özünəməxsus dəst-xətti olan dəyərli şair-publisist haqqında yazıma onun doğma yurdun gözəlliyindən bəhs edən, sevgi, məhəbbət çağlayan "Dördlüklər"indən bir nümunə ilə nöqtə qoyuram:

 

Sevgi söylədiyin hüdudsuz məkan,

Sevdalı bir həyat, gözəl gülüstan.

Sevgi ruhun özü, ürəkdi, candı.

Sevgi söylədiyin elə cahandı.

 

05.03.2013-Bakı

 

 

Əlövsət BƏŞİRLİ

 

Ədalət.-2013.-6 aprel.-S.9.