HEKAYƏNİ SEVİRİK...

 

ƏDƏBİ HƏYAT

 

Son illərin ədəbi nümunələri sırasında hekayəyə maraq və diqqətin xeyli artdığının şahidi oluruq. Təəssüf ki, bu maraq və diqqət  çox zaman keyfiyyət faktoruna aid olmur. Üstünlük əksər hallarda  kəmiyyətindir, yəni çoxlu hekayə yazılır, nəşr edilir, amma "hekayə axını"  heç də ciddi uğurların yaranmasına gətirib çıxarmır. Bununla yanaşı, ayrı-ayrı müəlliflərin uğurlu hekayələri ilə qarşılaşırıq. Bunlar tək-tük sayda da olur, kitab halında da...

Budur, Natiq Məmmədli adlı cavan bir müəllifin "Ləyaqət düsturu" kitabı ilə qarşı-qarşıyam. Sevindirici haldır ki, kitabda yalnız hekayələr cəm olub. Xalq yazıçısı Anarın kiçik bir müqəddiməsində bir-iki kəlmə xoş tərif və müəllifə yaradıcılıq axtarışları arzusu ilə qarşılaşırıq.

Kitabda on səkkiz hekayə toplanıb və lap əvvəldən deyim ki, bunların heç də hamısı uğurlu deyil. Amma lap əvvəldən onu da deyə bilərəm ki, bu yazıların  səviyyəsindən asılı olmayaraq onların hər biri hekayədir, janrın klassik tələbləri ilə səsləşir.

Klassik tələblər deyəndə hansı xüsusiyyətlər nəzərdə tutulur?

İlk növbədə, qayə və məqsəd aydın olmalıdır. Bilinməlidir ki, müəllif hekayədə hansı mətləbdən söz açır, hansı problemə toxunur, oxucunu hansı ideyaya səsləyir? Təbii ki, bütün bunlar müəllif mövqeyini açıqlayan məqamlardır və mətnlə tanışlıq prosesində bəlli olur. Yazıçı bunu elan eləmir, oxucu dərk edir və müəyyənləşdirir.

İkincisi; hər hansı hekayənin qəhrəmanı olmalıdır və bütün mətləb də, yazıçının demək istədiyi fikir də həmin obrazın üzərinə yüklənməlidir. Bundan başqa, həmin qəhrəman cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin, mənəvi-əxlaqi proseslərin təsirini özündə əks etdirməlidir. Əsas ideyanın qəhrəmanın taleyi üzərində qurulmasını əks etdirən onlarla hekayəni misal gətirə bilərik: "Aldanmış kəvakib", "Rəşid bəy və Səadət xanım", "Qurbanəli bəy", "Usta Zeynal", "Cənnətin qəbzi", "Mirzə Səfər", "Füruzə", "Erkək Tükəzban", "Bayatı-Şiraz", "Baladadaşın ilk məhəbbəti" və s.

Üçüncüsü; bu iki əsas faktorla yanaşı, hekayədə yazıçının sənətkarlığı, bədii ustalığı da vacib şərtdir. Təsəvvür edin ki, müəllifin qayəsi, mətləb və ideyası məlum, qəhrəmanı da məlum, amma hekayənin dili, obrazlar sistemi, kompozision xüsusiyyətləri zəifdir, o zaman heç bir uğurdan söhbət gedə bilməz.

Bəlkə də oxucu üçün bütün bu dediklərimiz maraqsız görünəcək. O deyə bilər ki, müasir dövrdə yazılan hekayələrdə bu klassik tələblər heç də vacib deyil, çünki nəsrin bütün janrlarında sinxronizm özünü göstərir. Elə romanlar yaranır ki, onun janrını müəyyənləşdirmək belə olmur. Hətta elə romanlar da yazılır ki, orada miflə reallıq, fantaziya ilə gerçəklik, dastan elementləri ilə sürrealist motiv qaynayıb-qarışmış olur. Yaxud, povest janrını götürək. İndi povestlə romanın, povestlə hekayənin sərhədini dəqiqləşdirmək bəzən çətinlik yaradır. Hekayənin də bu mənada "sifəti" dəyişikliyə məruz qalır. Hekayə-nağıl, hekayə-esse, hekayə-macəra və s. növlər yaranmışdır. Elə nümunələr var ki, ümumiyyətlə, hekayə adı ilə təqdim edilsə də, bu sözün ona heç bir aidiyyəti olmur.

Gəlin, mətləbdən uzaqlaşmayaq. Natiq Məmmədlinin hekayələrindən söz açaq. Kitaba yazılan annotasiyada belə bir cümlə ilə tam razılaşırıq ki: "Azərbaycan insanının ədalət axtarışı Natiq Məmmədlinin kitabında təqdim olunan hekayələrin əsas qayəsini təşkil edir". Doğrudan da, doğru mülahizədir, bu fikrə yalnız onu əlavə edə bilərik ki, müəllifin hekayələrində Azərbaycan cəmiyyətinin müəyyən mənəvi-əxlaqi mənzərəsi ilə qarşılaşırıq və on səkkiz hekayədə bir araya gələsi mətləb də odur-bizə tanış olan gerçəkliyin müxtəlif aspektlərinin izlənilməsi...

On səkkiz hekayədə təbii ki, cəmiyyətin ağrılı problemlərinin heç də hamısı əks oluna bilməz. Ancaq bədii mənzərədə gerçəkliyin mənzərəsi belə ümumiləşdirilə bilər: söhbət ayrı-ayrı fərdlərin taleyindən gedirsə, onların başlarına gələn əhvalatları cəmiyyət həyatı üçün səciyyəvi saymaq olar. Yalanların, riyakarlığın hökm sürdüyü bir mühitdə insan öz təbiiliyini, təmizliyini hifz etmək üçün klouna çevrilir və bəlalar da bundan sonra başlayır. Qeyri-əxlaqi mühitdə kloun kişi deyil. Təmiz, saf bir uşaq üçün isə kloun əsl insan timsalındadır: "Mən də kloun olmaq istəyirəm" - uşaq bu dəfə bərkdən dedi". ("Kloun"). Ləyaqətsizliyin hökm sürdüyü mühitdə bu ləyaqətin qiymətləndirilməsi də müşkülə çevrilə bilər. Əgər sən öz şərəf və ləyaqətini müdafiə etmək istəyirsənsə, ömür yoluna nəzər sal; hardan keçmisən, harda maneələrlə üzləşmisən, harda şərəf və ləyaqətini qoruya bilmisən? Yoxsa, uzun müddət tərəddüd məngənəsində sıxılıb "ləyaqətini necə qiymətləndirmək" barədə fikirlərə qərq olmazsan... "ləyaqətinə qiymət qoymaq məqamı yetişmişdi. Tək qalmaq, sakit guşəyə çəkilib hər şeyi dərindən götür-qoy etmək istəyirdi. Cilov gəmirən əsəbindən dırnaq ucu boyda belə əsər-əlamət qalmamışdı, əvəzində isə belini ikiqat bükəcək yük qoyulmuşdu". Adı Cəsarət olan bu insan xeyli müddət öz ləyaqəti barədə düşüncələrə dalır, amma heç cür ləyaqətinin qiymətini "hesablaya" bilmir. Yumorlu bir əhvalat get-gedə kəskin və ciddi bir situasiyaya çevrilir. O yerdə ki, insan ləyaqətini pulla, var-dövlətlə, qiymətli əşya ilə hesablamaq məqamı gəlir, o zaman ləyaqət ölür ("Ləyaqət dusturu"). Müəllifin ifadə etmək istədiyi fikir də, zənnimcə, elə bundan ibarətdir.

Natiq Məmmədli cəmiyyətin elə problemlərinə toxunur ki, o problemlərin çoxu bizə tanışdır, amma müəllifin yanaşma tərzi orijinal təsir bağışlayır. Məsələn, elm aləmini sarmış elmsizlik, bisavadlıq, hünərsizlərin alim olmaq təşəbbüsləri və çox zaman alimi-biəməllərə meydan verilməsi... bütün bunlar tanış motivlərdir. Natiq Məmmədli bu prosesi Qələndərli adlı bir müəllimin alim olmaq cəhdi ilə bağlı "axtarışlarında" izləyir. "Kənddə idmanın inkişafında partiyanın rolu" mövzusunda namizədlik dissertasiyası üzərində işləyən (sovet dövründə bu tipli mövzular dəbdə idi) Qələndərli işini başa çatdırsa da, müdafiə kürsüsünə qalxa bilmir, hər dəfə bir partiya liderinin vəfatı onun alim olmaq təşəbbüsünün üstündən xətt çəkir. Situasiya kifayət qədər ciddidir, amma müəllif bunu komik məqamlarla təqdim edir ("Vaxtı keçmiş sitatlar").

Natiq Məmmədlinin xarakter yaratmaq cəhdi "Arzuların qənimi" hekayəsində daha bariz nəzərə çarpır və deyərdim ki, onun on səkkiz hekayəsi içərisində bu hekayə OBRAZ YARATMAQ ustalığını uğurla nümayiş etdirir. Hekayənin qəhrəmanı həyatını, yaşayış tərzini qabaqcadan planlaşdıran və cansıxıcı ömür yolu keçən bir insandır. "Hər şeyi ayına, ilinə, gününə qədər dəqiqliklə" hesablayan bu insan orta məktəbi qızıl medalla bitirmək, universitetə qəbul olunmaq, aspiranturaya girib gözləmədən alim olmaq, otuz beş yaşa kimi üç monoqrafiya, iki dərslik, beş proqram, yüz neçə dənə elmi məqalə yazmaq, sonra ərə getmək, sonra yenə elmi işə başlayıb professor olmaq... Bir insanın həyatının bütün məna və mahiyyəti bu qabaqcadan planlaşdırılmış sxem üzrə davam edir. İlk baxışda bu ömür yolu heç bir etiraz doğurmur, ancaq həmin ömür yolunu mənalı, faydalı, xeyirli işlər yox, bəsit və cansıxıcı anlar müşayiət edir. Bu zaman kiminsə haqqı tapdalanır, kim isə o adama görə irəli keçə bilmir. Budur nəticə: "Elə o zaman anladım ki, ən böyük faciə sən yox, sənin ardınca getməkdi.  Bu, birbaşa dərin-dibsiz uçuruma kəllə vurmağa bənzəyir, özü də gözü açıq, özü də bilə-bilə. Sən 45 yaşında professor olanda, səndən sonra gələn o yeri tutmaq üçün azından 50 il gözləməli olacaqdı. Xasiyyətinə bələdəm, tutduğunu ölüncəyədək buraxan deyilsən. Hamı sənin ölməyini gözləyəcək, özü də səbirsizliklə, dişləri dodaqlarını doğraya-doğraya".  

Natiq Məmmədlinin bir neçə hekayəsində onun bədii portret yaratmaq ustalığının da şahidi oldum. Obrazın zahiri əlamətlərindən daha çox, onun daxili dünyasının cizgilərini, insani xarakterinin yekcinsliyini, yaxud təzadlı məqamlarını nəzərə çarpdırmaq təbii ki, ustalıq, məharət tələb edir. "Balaca məmurun təbriki" hekayəsində balaca bir məmurun portreti ilə tanış oluruq: "Həsənqulu həyatın xırdalıqlarına o qədər vərdiş eləmişdi ki, heç vaxt böyük yerlərdən yapışmazdı. Nə vaxtsa ürəyində baş qaldırmış ortabab arzularını  da xırdalayıb, balacalaşdırmışdı. Həyatını xırdalıqlarla dolduran uca yaradanına həmişə şükür eləyən Həsənqulu bütün bunları Tanrının lütfü hesab edirdi və boyundan hündürə tullanmağı haçansa ağlından keçirmədiyinə görə elə xoşbəxt idi ki... Arzuları kimi özü də bapbalaca qalmışdı, xırdaca gözləri, yığcam əlləri, qoşanağara çubuğundan bekaraca uzun ayaqları vardı. Uşaq olanda deyərdilər ki, "əşi, uşaqdı da, yekələndə düzələcək", illər bir-birinin üstünə qalaqlandısa da Həsənqulu yekəlmədi. Əslində böyüdü, amma hamı kimi yox, xırdaca, azacıq".

Çox gözəl xarakteristikadır və bədii portret yaratmaq cəhdinin ən uğurlu nümunəsidir. Diqqət yetirin: müəllif arzuları qədər özü də balaca, iddiasız olan bir insanın portretini yaratmışdır. Dərhal fikirləşirsən ki, bu Həsənqulu ilə bağlı nə hadisə və olay təsvir edilsə, bu portreti praktiki cəhətdən tamamlayacaq. Belə də olur, Həsənqulu, müdirinə telefonla mesaj göndərir, amma məlum olur ki, "məktub göndərilməyib".  Hüseynqulu "qapının kandarındaca üzüstə yerə yıxıldı, bir az xırıldayıb, elə oradaca qaldı". Çexovun məşhur "Məmurun ölümü" novellasını xatırladır bu süjet.                                                                            

Natiq Məmmədlinin bir hekayəçi kimi üç uğurlu cəhətini qeyd etmək istəyirəm. Birincisi; o, hekayənin sonunu gözlənilməz hadisə və situasiyalarla bitirməyi sevir. Buna deyirlər hekayənin novella çaları. Ancaq hər gözlənilməz sonluq novella yaratmır. Gözlənilməz sonluq üçün bütün yazı boyu müəyyən bir situasiya formalaşır. Yəni bu situasiya sonda gözlənilməz hadisəyə çevrilir. "Balaca məmurun təbriki" hekayəsi sırf novella səciyyəsi daşıyır. Buradakı ölüm hadisəsinin yaranması üçün obrazın keçirdiyi əhval-ruhiyyə, dərin psixoloji ovqat şərait yaradıcı funksiyanı daşıyır. "Halallıq" hekayəsinin sonu da gözlənilməz situasiya ilə bitir, amma buna novella demək olmaz. Adi, həm də gözlənilən situasiyadır. Amma "Xoşbəxt adamla bədbəxt adamın söhbəti" hekayəsi hər mənada novella təsiri bağışlayır.

İkinci uğurlu cəhət odur ki, müəllif, hadisələrin bədii formada ifadəsi üçün münasib üsullar tapır. Özü də bu üsullar kifayət qədər real və inandırıcı təsir bağışlayır. Xalq yazıçısı Anar Natiqin kitabına yazdığı ön sözdə qeyd edir ki: "Natiqin qələminin bitkinliyinin əsas göstəricilərindən biri və məncə, ən başlıcası, yazardan xüsusi istedad tələb olunan prinsipə əməl etməsidir: müəllif susmaq lazım gələn məqamda özü danışmır, mətləbi ifadə etmək imtiyazını obrazların özünə verir, hadisələri, bədii detalları "dindirir". Bu baxımdan onun "Kloun", "Korun gördüyü gələcək", "Beş atanın ögey oğlu" və s. hekayələrini fərqləndirmək olar".

Bəzi hekayələri istisna olmaqla Natiq Məmmədli yığcamlığı, lakonikliyi sevən müəllifdir. O yaxşı bilir ki, hekayə uzunçuluğu sevmir, on səhifəlik mətləbi iki səhifədə də ifadə etmək mümkündür. Daha doğrusu, hekayə çoxhadisəliliyi, çoxobrazlılığı, süjetin çoxşaxəliliyini sevmir. Bu mənada Natiq Məmmədlinin "Sovet hökumətini dağıdanlara" ithaf etdiyi "Oğru" hekayəsi ən parlaq nümunə ola bilər. Hökumətin malını dağıdan bir insana "vicdanlı yoldaş" deyib anbarın açarlarını yenə ona etibar etmək... bax, bu hadisə ilə bağlı müəllif bir neçə məqam seçir, təqdim etdiyi obrazı tam səciyyələndirə bilir.

Natiq Məmmədlinin hekayələrinə xas olan bir uğurlu cəhət də onun yumor dairəsində işləyə bilməsidir. Özü də onun yumoru bəzən satirik ifşa məqamına da gəlib çatır. Bir cəhəti xüsusilə vurğulamaq istəyirəm: o da bundan ibarətdir ki, Natiq yumor çaları qatdığı hekayələrində zorla gülüş yaratmır. Bu məqam təqdim olunan obrazın öz xasiyyət və xarakterindən, bir də hadisənin özünün səciyyəsindən irəli gəlir. Məsələn, "Ləyaqət düsturu" hekayəsinin özü-süjetin başlanğıcı komik situasiyanın yaranmasını şərtləndirir.  "Korun gördüyü gələcək" hekayəsində isə bu cəhət o qədər də önəmli deyil. "Kloun" ciddi hekayədir, amma onu yumorsuz təsəvvür etmək mümkün olmaz, yumor burada hadisələrin inkişafı və obrazların səciyyəsi üçün müəyyən stimul yaradır. "Vaxtı keçmiş sitatlar", "Balaca məmurun təbriki", "Oğru" hekayələrinə gəldikdə isə bunlarda yumor imkanları digər hekayələrlə müqayisədə diqqəti xüsusilə cəlb edir. Natiqin gülüş doğuran situasiyaları yerində, məqamındadır, gülünc səslənmir.

Mən Natiq Məmmədlinin simasında maraqlı bir Azərbaycan hekayəçisi ilə üzləşdim və çox istərdim ki, o, yeni hekayələri ilə oxucularını sevindirə bilsin...

 

 

Vaqif  YUSİFLİ

 

Ədalət.-2013.-6 aprel.-S.13.