YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
İSTEDADLI
ŞAİR TOFİQ HÜSEYN - 2
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn, sevgili
Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat
və ya dərnək bizlərdə də
olsun, amma bizlər
ayrı, Türkiyə ayrı. Hər zaman
adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil
tərəfindən heç də könül xoşluğu
ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə
və səksənlərə
çıxan bu yaradıcılar
kimlərdir? Mən sadəcə onlardan bəzilərini
yenidən xatırlatmaq istərdim.
"O İLLƏR SÖZÜN BƏXTİNİN
AÇILDIĞI İLLƏR İDİ"
- Azərbaycan ədəbiyyatının altmışıncı illəri və daha sonrakı illərin havasında sənin adın dostların tərəfindən həmişə hörmətlə çəkilir və yazdığın bir çox publisistik yazılar və şeirlər əsl ədəbi nümunələrdir. Məncə hələ uzun illər də unudulmayacaq. Bu fakt olaraq qalır, sənin yaradıcılığında etap illər hansılar olub?
- Altmışıncı illər yuxarıda dediyim kimi Azərbaycan ədəbiyyatının "qızıl dövrü" idi. Altmışıncı illərdə bugünkü şou-biznes əhval-ruhiyyəli marağın tam əksinə poeziyaya, ədəbiyyata güclü maraq var idi. Bu maraq təsadüfi, ötəri xarakter daşımırdı. Səviyyəli, savadlı maraq idi. Yadındadırsa böyük rus şairi Mixail Svetlovun məşhur sözlərini əzbərləmişdik. Deyirdi ki, poeziya müsəlman məscidi kimi bir yerdir, gərək bura ayaqqabılarını soyunub girəsən. İndi qardaş, həmin müqəddəs yerə nəinki ayaqqabıları soyunmurlar, palçıqlı çəkmə, botu, dikdabanla yuxarı başa keçirlər. Altmışıncı illərdə belə şey yox idi. Bircə şeir çap etdirənə kimi kirpiyimizlə od götürürdük. Şəxsən mən, Yazıçılar ittifaqının Xəqani-25-də yerləşən binasının ağır, zəhmli qapısına saatlarla köks ötürə-ötürə tamaşa edib ora yaxınlaşmağa özümdə cürət tapmamışam. Tam səmimi deyirəm. Altmışıncı illərdə ədəbiyyata uğur gətirən gözəl əsərlər arasında "Dantenin yubileyi" xüsusi qeyd olunmalıdır. Kəbrlinski - dünya klassiklərinin yaratdığı obrazlarla yanaşı duran obrazdır. Min təəssüf ki, müqayisə yerinə düşərsə, bu gün Azərbaycan Yazıçılar Birliyi Kəbrlinski taleyi yaşayır. Açıq deyəcəm. Şəxsən mən, Yazıçılar Birliyinə özünü alternativ qurum hesab edən Azad Yazarlar Ocağının tərəfindəyəm. Yadımda qalan xoş bir hadisə var. Bir dəfə Cabir Novruz Əli Bayramlı (indiki Şirvan) şəhərinə oxucularla görüşə gəlmişdi. Çıxışı zamanı mənim də adımı çəkib dedi ki, Tofiq Hüseyn Azərbaycan ədəbiyyatına təmənnasız xidmət edir. Bu söz mənə hər mükafatdan qiymətli oldu. Xeyli müddət o sözün təsiri altında yaşadım. Ədəbiyyatla təmənna bir-biri ilə uzun müddət yoldaşlıq edə bilməz. AYO-nun təmsilçiləri ədəbiyyatdan təmənna ummurlar. Onlar bu quruma qoşulmaq istəyənlərə əvvəlcədən elan edirlər; "biz heç kəsə ev, təqaüd, fəxri ad və sair kimi şeylər verməyi vəd etmirik. Biz sadəcə olaraq ədəbiyyata xidmət edirik". Diqqət yetirirəm, bu uşaqlar kitab nəşr etdirirlər. Sonra həmin kitabların satışı ilə məşğul olurlar. Bəziləri öz kitablarını qucaqlarında kitab mağazalarına daşıyırlar. Ədəbiyyata təmənnasız xidmət məncə elə belə də olmalıdır. Söz adamının ruzisi, dolanışığı yazdığı kitablardan çıxmalıdır. Sosial şəbəkələrdə Nərmin Kamalın, Günel Mövludun, Aqşin Yeniseyin, Murad Köhnəqalanın imzalarını axtarıram. Yüz faiz əminliklə deyə bilərəm ki, bu sayaq axtarışlarda mən tək deyiləm. Burası belədir, amma altmışıncıların üstündən xətt çəkmək istəyənlər də böyük günaha yol verirlər. Fakt faktlığında qalır. Altmışıncı illər Azərbaycan ədəbiyyatına "Dəli Kür", "Teleqram", "Yamacda nişanə" kimi şedevrlər, Əli Kərim, Məmməd Araz kimi böyük istedadlar bəxş elədi. Ramiz Rövşənin ədəbiyyata gəlişi o illərə düşdü.
- Ədəbi aləmin bu günü barədə çox əskik şeylər danışırlar və sanki bu danışıqlar heç olmur. Hər kəs öz işindədir.
- Ədəbi aləmin bugünkü spektri çox rəngarəngdir. Bəzən mənə qəribə gəlir. Cavan yazarlar o qədər qəliz xarici yazıçı adı çəkirlər, onlardan birinin də adını yadımda saxlaya bilmirəm. Bir də görürsən yaşlı yazıçı öz nəvələri yerində olan cavan yazarlara xitabən həcv yazır. Ədəbi tənqid deyilən şey indi demək olar ki, yoxdur. Kimin kimdən (əsərdən yox) xoşu gəlir, tərifləyir, kimin kimdən zəhləsi gedir, yıxıb sürüyür. Milli Kitab Mükafatı müsabiqələri keçirilir, qaliblər mükafat alır, ortada əsər yoxdur. Şəxsən mən son illərdə Əjdər Olun portret - oçerklərindən başqa elə fərli-başlı bir əsər oxumamışam. Bunlar dərd yarıdır. Ədəbi aləmin həyatında baş verən son hadisəni sözün əsl mənasında ürək ağrısı ilə izlədim. Əkrəm Əylislinin məlum uğursuz əsəri ətrafında gedən söz-söhbət içimizdə nə varsa hamısını tökdü ortaya. Bəzən əsər bir tərəfdə qaldı. Kim illər uzunu bu söz adamına demək istədiyi, lakin deyə bilmədiyi nə varsa hamısını döşədi yıxılan Əkrəmin qabırğasına. Başqalarından yox, qələm adamından eşitdiyi sözlər çox güman ki, Əkrəmi indi daha çox yandırır və həmin sözlər onu düz qəbir evinə kimi müşayiət edəcək. Çünki bu adam sıradan bir adam deyil, yazıçıdır. Məsələn, həmin yazıçı deyəndə ki, "Əkrəm heç vaxt mənim yazıçım olmayıb", Əylislidə deyil, sıravi adamda, deyək ki, məndə sual yaranır; "a qardaş, Əkrəm Əylislinin adının böyründə dürlü-dürlü titullar olanda, Əkrəm Əylislinin özü Milli Məclisdə məlum tuzların böyründə əyləşəndə niyə onun yaxasından tutub demirdin ki, sən mənim yazıçım deyilsən. Demirdin ona görə ki, desəydin Əkrəmdən sənə xətər toxuna bilərdi". Yenə də bədbinliyə qapılmayaq. Bu günün əbədi aləmi başdan-başa belə narahatlıqlardan ibarət deyil. Mənə ləzzət verən məqamlar da olur. Yuxarıda adını çəkdiyim Milli Kitab Mükafatı müsabiqəsinin münsiflər heyətinə istedadlı yazıçı (altmışıncı illərin yazıçısı) Mövlud Süleymanlını sədr təyin edəndə qəlbən sevindim. Mövlud münsiflər heyətinin tərkibinə gözəl yazıçı Məmməd Orucun da adını saldırdı. Əladan əla. Mövluda telefon açıb təşəkkürümü bildirdim. Ürək o vaxt rahat döyünür ki, ona haqq-ədalət işığı düşür. Ekran-efirdə, ədəbi kuluarlarda reklama, özünü tərifə ya həvəsi, ya da bir balaca fiziki imkanı məhdud olan Məmməd Orucun yazıçılığını bir kənara qoyaq. Azərbaycan publisistikasına Tofiq Abidin, Səyavuş Sərxanlı, Nemət Veysəlli ilə birgə gətirdiyi təzə nəfəs, orijinal üslub, yazı manerası bəs edir ki, onun adı böyük hərflə birincilər sırasında çəkilsin. Məmməd Oruc neyləsin ki, heç olmasa bir kollec müdiri deyil ki, ətrafına beş-on nəfər məddah yığıb gecə-gündüz özünü tərifləsin.
- Vaxtilə Əli Bayramlıda (Şirvan) "İşıq" qəzetində işləmisən, "Hacıqabul" qəzetində baş redaktor olmusan. İşçilərinlə necə yola gedirdin və baş redaktor işləmək çoxmu çətindi?
- 1967-ci ildə universiteti bitirib təyinatla Əli Bayramlıya gəlmişəm. Burada çıxan
"İşıq" qəzetində
ədəbi işçi,
şöbə müdiri,
məsul katib işləmişəm. 1990-cı
ildə alternativ yolla, tam demokratik şəraitdə Şəhər
Sovetinin deputatı seçilmişəm. Azərbaycan KP MK-nın qərarı ilə yeni yaradılan
Hacıqabul rayonunda
"Hacıqabul" qəzetinin
ilk baş redaktoru təyin olunmuşam.
Deyim ki, burada güc-bəla ilə iki il işləyib aradan çıxdım. Mən elə bilirdim ki, redaktor xalqın
sözünü qəzetə
gətirə, ürəkdən
tikan çıxardan yazılar yaza bilər. Düzdür belə yazılar
yazıldı. Ancaq böyük
əsəb gərginliyi
hesabına. Gördüm ki, səhv etmişəm.
Bir şeydən təsəlli
tapdım ki, Hacıqabul camaatı əsl qəzetin nə demək olduğunu mənim redaktorluğum dövründə
gördü. İndinin özündə
də mərd, qonaqpərvər hacıqabullular
tərəfindən hörmət-ehtiramla
qarşılanıram. Bunlar çətin keçən
o iki ildə qazandıqlarımdır.
- Doğrudur indi KİTABIM
VAR DEMƏK bir az şit səslənir, yenə də soruşum: çap olunan kitablarına münasibətin?
- Çap olunan kitablarıma öz münasibətim yüksək
səviyyədədir. Kitablarımdan dostlarıma, qohumlarıma
paylamışam ki, bu adamları da oxucu hesab
etsəm, onların da fikri müsbətdir.
Ancaq iş bununla bitmir. Sən gözəl bilirsən ki, kitaba gərək ədəbi tənqid qiymət versin. Düzdür,
kitab sovet dövründəki üsulla
yayılmır, indi gərək özün öz əlinlə, bacardığın qaydada
öz kitabını orda-burda yerləşdirəsən.
O da ədəbi tənqidin diqqətini ya cəlb edə,
ya da etməyə.
Amma tənqidi fikir kitabla məhdudlaşmır.
Düz
40 ildir çox vaxt elə sənin
iştirakınla mətbuatda
şeirlərim çıxır.
Hələ bir dəfə
də olsun bir neçə yaxın dostumun yazısı istisna olmaqla haqqımda məqaləyə-filana rast
gəlməmişəm. Gizlətməyin mənası yoxdur,
çünki heç
kəs gözdən uzaq olan bir
yazarın yazı-pozusu
barədə nəsə
cızma-qara eləməyə
özünə əziyyət
verməyib. İllər boyu
məndə belə bir qənaət yaranıb ki, bizdə ədəbi tənqid-ədəbi münasibətdən,
ədəbi dairədən,
ədəbi həndəvərdən
asılıdır. Qoy olsun.
Bir kitab durmadan təriflənir. Özü
də qeyri-adi bir şövqlə... Postmodernizm üsulla yazılıb.
Dünyanın neçə dilinə
tərcümə olunub.
Nəhəng mükafatlara layiqdir
və sair. Zövqünə inandığım bir dostumdan həmin
kitabı tapıb mənə göndərməyi
xahiş etdim. Dedi neynirsən, dedim oxuyacam. Dedi oxuya bilməyəcəksən,
mən cəmisi 3-4 vərəqi güclə oxuyub, gördüm boş şeydir, atdım kənara.
Xülasə, qardaş, mənim kitabım o tərifli kitabın yanında "əliyyül-əla" olsa
da tənqidçi ona gözünün ucu ilə də
baxmayacaq. Çünki Mən O deyiləm.
Bu yerdə yadıma
cavanlıqda yazdığım
bir şeirin bəzi bəndləri düşür. Şeirin adı
"Bakıya gedirəm"
idi.
Bakıya
gedirəm, bəd söz danışma
Arxamca su at ki, işim düzəlsin.
Xeyirxah adamlar çıxsın qarşıma
Kim isə hardasa
hayıma gəlsin.
... Gedirəm tənqidçi
axtarım bu gün
Ki, yetim imzama toxunan olsun.
Vallah
lap tənqid də xoşdur mənimçün
Təki yazdığımı oxuyan
olsun.
- Ailənə yaxından bələd olmasam da, bilirəm ki, həmişə ailə sahibi kimi var olmusan.
Onların sənin işində
bir üstünlüyü
olubmu? Onların
yardımını hiss etmisənmi,
şayət indiki xanımına rast gəlməsəydin bu ömrü yaşaya bilərdinmi?
- "İndiki" deyəndə
elə mənim bir xanımım olub. "Yetim oğlan-yetim qız", ər-arvad əl-ələ
verib özümüzə
yurd-yuva qurmuşuq.
Uşaq böyütmüşük, indi
nəvələrimiz var. Ailəmin
- övladlarımın, xanımımın
mənim işimdə
üstünlükləri ondan
ibarət olub ki, mümkün qədər mənə çalışıblar ki,
əlavə problemlər
yaratmasınlar.
- Səndən nəyi soruşmağımı unutdum?
Məndən nə soruşmaq
istərdin?
- Burdakı suallardan əlavə çox şeylər var idi ki, istərdim
onları məndən
soruşasan. Görünür qismət belədir.
Tanrı
ömür versə bəlkə yenə görüşdük.
Not: Çox normətli Tofiq bəy! Sizdən rica edərdim: həmin sualları mənim adımdan özünüzə
verib bir reportaj hazırlayasınız
və mən onu öz səhifəmdə
Baş redaktorun razılığı ilə
çap edərdim.
Tofiq Abdin
Ədalət.-2013.-6 aprel.-S.15.