GÜNAHSIZ MƏHBUS
(əvvəli ötən
saylarımızda)
SEMİNARİSTİN NAKAM
ÖMRÜ
Gül budağına xar həris
olan kimi, cavan müəllimlərə də bimürvət ciyər
vərəmi hərisdir.
Soltan Məcid Qənizadə 1905-1908-ci
illərdə seminariyada Azərbaycan şöbəsinin müfəttişi
Zülfüqar bəy Hacıbəyov Zaqafqaziya Müəllimlər Seminariyasına 1899-cu ildə qəbul olunmuş, 1904-cü ildə əla qiymətlərlə qurtarmışdır. Həmin ili Seminariyanı on yeddi nəfər azərbaycanlı gənc bitirmişdi. Həsən Sultanov Zəngəzur qəzasından, Möhsün Cabbarxanov İrəvandan, Əli Terequlov - Tanrıqulov (Tiflisdən), Əbdülqədir Əlqədari Dağıstanın Kürə nahiyəsindən (məşhur tarixçi-alim Həsən Əlqədarinin (1835-1910) oğlu idi), Müslüm Maqomayev - Çeçenistandan, Osman Əfəndiyev - Qazax qəzasının Şıxlı kəndindən, Üzeyir bəy Hacıbəyov, Azad Əmirov, Zülfüqar bəy Hacıbəyov, Abbas İsmayılbəyov - dörd nəfər isə Qarabağın Şuşa şəhərindəndir. Onlar Seminariyanı müvəffəqiyyətlə bitirib müəllimlik şəhadətnaməsi aldılar.
Tələbələrinin müvəffəqiyyətlərindən sevinən Firudin bəy Köçərli "Şərqi-Rus" qəzetində çıxış edərək yazırdı:
"Əziz və mehriban balalarım, Seminariyada aldığınız bilik və mərifəti cəhalət və nadanlıqda qalan qardaşlarınıza sərf edin. Cəhd edin ki, Sizi sevsinlər, sizə etibarları olsun. Burdan apardığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin.
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Zəhmət çəkin səy edin ki, vəzifənizi kamalınca, layiqincə yerinə yetirəsiniz. Sizin tərifiniz bizi xoşhal və başı uca edəcəkdir, eybiniz isə məyus və məlul qılacaq. Əlbəttə, bizi məyus etməyi özünüzə rəva görməzsiniz... Əziz balalar, inanıram ki, siz xalqa sidqi-dil ilə qulluq edəcəksiniz".
Yuxarıda adları çəkilən seminaristlərin hər biri ömürlərinin sonuna kimi əziz müəllimləri Firudin bəy Köçərlinin xidmətini ehtiramla yad etmişlər. Hələ 1909-cu il avqustan 20-də "Tərəqqi" qəzetində çıxış edən Üzeyir bəy Hacıbəyov sevimli müəllimi Firudin bəyin yad bir şəhərdə onlara doğma ata qayğısı göstərdiyini, şirindilli məqalələri ilə tərbiyə və təlimin lüzumu və vacibliyi haqqında vazeh bəyanlar buyurduğunu iftixarla yazmışdır.
1910-cu ildə Firudin bəy Seminariyanın keçmiş müfəttişi Aleksey Çernyayevskinin (1840-1894) ibtidai məktəb şagirdləri üçün yazdığı "Vətən dili" dərsliyinin yeddinci nəşrini hazırladı. Bu uğura sevinən Üzeyir bəy həmin ili beş mart tarixli nömrəsində yazırdı: "Vətən dili" üsuli-sövti üzrə tərtib olunmuş təlim kitablarının anası mənziləsindədir. Seminariyanın elmi-ilahi müəllimi olan məşhur pedaqoq və yazıçılarımızdan möhtərəm Firudin bəy Köçərli cənabları tərəfindən islah edilib, gözəl surətə salınıbdır.
Firudin bəy cənabları kimi üsuli- tədrisə və ədəbiyyata mükəmməl surətdə aşina olan bir zatın iştirakı "Vətən dili"nin faydalı və lüzumlu bir kitab olduğu təmin edir".
Möhtərəm oxuculara yaxşı məlumdur ki, 1904-cü ildə Seminariyanı müvəffəqiyyətlə bitirən bu gənclərin hər biri Azərbaycan ədəbiyyatında, maarifində və musiqi aləmində əvəzsiz mütəxəssislər oldular. Sevimli müəllimləri Firudin bəy Köçərlinin inamını doğrultdular.
Yalnız bir nəfərin ömrü və pedaqoji fəaliyyəti çox qısa oldu. Zülfüqar bəy Məmmədəli bəy oğlu Hacıbəyovun. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar soyadına görə, səhvən onu Üzeyir bəy Hacıbəyovun böyük qardaşı olduğunu yazıblar. Yalnız mərhum tədqiqatçı-alim Mirabbas Aslanov arxiv sənədlərinə əsaslanaraq Zülfüqar bəyin Üzeyir bəy Hacıbəyovun qardaşı yox, əminəvəsi olduğunu, Şuşada rus-tatar məktəbində və Qori Seminariyasında kurs yoldaşı olduğunu üzə çıxartmışdır. (Bax! "Üzeyir bəy Hacıbəyov gündəlik yazmış olsaydı" kitabçası, Bakı, 1994-cü il, səh.16-da).
Seminariyanı əla qiymətlərlə bitirən Zülfüqar bəyə bir il on ay Gəncədəki sənət məktəbində müəllimlik etmək qismət oldu.
Gəncədə müəllimlik etməklə
yanaşı Zülfüqar bəy də
dayısı Firudin bəy Köçərli
kimi kəndbəkənd düşərək
Azərbaycan ədəbiyyatı haqqında itib-batmaqda
olan məlumatları toplamaqla
məşğul olmuşdur. O, istirahət
bilmədən uzaq dağ
kəndlərindən sorağını aldığı
aşıq şeirini, divan
və cüngləri əldə etməyə payi-piyada
yollanmışdır. Zülfüqar bəyin
Füzuli adına Respublika
Əlyazmaları İnstitutunun elmi arxivində sevimli
dayısı Firudin bəyə
yazdığı cəmi üç məktubu
saxlanır. Məktubun ikisində o,
dayısına "Qibləgahım", birində isə "əziz
dayım" deyə müraciət edir. Və
"Zülfüqar Şamani"
təxəllüsü ilə imzalayıb.
Birinci məktub
"Əziz dayı!
Mənim təyinatımı Yelizavetpola (Gəncə) verdilər. Sabah ora yola düşürəm. Sizə salam göndərirəm. Təyinatıma kömək etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Hamıya salamım var. Sizin Zülfüqar. 5 sentyabr 1904-cü il".
Zülfüqar bəydən yaligar qalan ikinci məktub da 1904-cü il dekabrın 14-də yazılıb: "Qibləgaha! Ərzi-salamımı hüzurunuza yetirəndən sonra məlum edirəm ki, biz Əyricəyə (Əyricə - Bərdə rayonunda kənd. Firudin bəyin atası Əhməd ağanın bu kənddə tut bağı və əkin sahəsi vardı. Ailəsi qış fəslini Əyricə kəndində, yaz və yay fəslini isə Şuşada yaşayırdılar - Ş.N.) iyirmi üçündə gedəcəyik. Əgər Siz və yainki uşaqlar bu günlərdə gəlsəniz, xəbər versəniz, gözləyək, bir yerdə getməyimiz çox yaxşı olardı. Baqqi, Allah, Zülfüqar. Ruzi-düşənbə. 14 dekabr".
Üçüncü məktub:
"Qibləgaha! Çoxdandır ki, məktub-müşfiqanəniz vüsul olub qəlbimi şad və könlümü abad etmişdi. Nəhayət, məktəbimizə təzə bir rəis qoyulmaq cəhətinə şığqilim artıq olub, cavabını əda etməyə macal tapmayırdım. İndi bu neçə kəlimatı hüzurunuza göndərib, üzr istəyirəm və salamımı əziz mehribanə Badisəba bacı xidmətinə yetirib, bu mahi-mübarəki-ramazanda etdiyi ibadət və itaatın məqbulunu Xudavəndi-Həqqimdən dilərəm. Allah.
Zülfüqar Şamani,
6 noyabr 1904-cü il. Gəncə"
Qarda-boranda uzaq yollar qət edən fədai Zülfüqar bəy 1906-cı ildə ciyər vərəmi xəstəliyinə tutulur.
Dayısı Firudin bəy Köçərli bu bəd xəbəri eşidib Gəncəyə gəlir. Bacısı oğlunu Tiflisə gətirib adlı-sanlı həkim Məmmədrza ağa Vəkilova müalicə elətdirir. Ciddi müayinədən sonra Məmmədrza ağa bildirir ki, xəstəlik çox şiddətlidir, bacınız oğlu vaxtında həkimə müraciət etməyib, müalicənin heç bir köməyi olmayacaq.
Çarəsiz qalan Firudin bəy bacısı oğlu Zülfüqar bəyi Qoriyə gətirib seminariyanın həkimi Barsukova da göstərir. O da eyni diaqnozu təyin edir.
Əlyazmalar İnstitutunda Firudin bəyin arvadı Badisəba xanıma yazdığı xeyli məktubu saxlanılır.
1906-cı
il 18 mart tarixli məktubundan:
"...Zülfüqar Əbdürrəhman ağa
(1867-1931, Firudin bəyin
qaynıdır - Ş.N.) gətirdiyi
şəkər çörəyinin
birini tamahı düşüb yeyibdir və həmin şəkər çörəyi
onu bərk pozubdur. İmdi yorğan-döşəkdə yatır və gün-gündən zəif
düşür. Dünən Məmmədəli
bəydən (Zülfüqar
bəyin atasıdır
- Ş.N.) tel var idi. Zülfüqarın əhvalını soruşur. Mən də cavab yazdım ki, həkimlər məsləhət
görürlər onu
Suxuma göndərməyi".
1906-cı
il 22 mart tarixli məktubundan:
"...Hamımız salamat varıq. Zülfüqar da yavaş-yavaş
yaxşı olur.
Uşaqları öpərsən və Həcər də (Firudin bəyin övladlığa
götürdüyü qızdır
- Ş.N.) sənin əlini
öpür. Zülfüqar
da salam
edir zamınıza. Mən də Cənnətimi öpürəm və xəyalla günümü
xoş keçirirəm".
Həmin
il 25 mart tarixli məktubundan:
"...Allah
sənə insaf versin. Mən indi, bu saat uşaqlar ilə gələ bilərdim, amma Zülfüqar günü-gündən
geri gedir, bilmirəm nə eləyim. Qalmışam mat-məətəl. Onu bu halda qoyub
gedə bilmirəm.
Havalar da düzəlmir ki, onu Suxuma göndərəm
Ağalar ilə..."
İyirmi
bir yaşı tamam olmayan Zülfüqar
bəy Hacıbəyov 1906-cı il aprelin 15-də Qoridə vəfat edir. Qori şəhər qubernatorunun
rəsmi icazəsi ilə Firudin bəy nakam bacısı oğlunu Qarabağa gətirir.
Həmin ili
mayın 9-da "İrşad"
qəzetində,"Əcəlsiz ölənlərimiz" məqaləsində
ölkədə səhiyyə
xidmətinin zəif olmasından vaxtsız, cavanikən ölənlərin
acınacaqlı halına
acıyır. Firudin bəy ürəkağrısı
ilə yazır ki, əcəlsiz ölənlərin günahkarı
ara həkimlərinin
"müalicəsi" və
möminlərin duasıdır:
"Bu yaxınlarda həmşirəzadəm
- bacım oğlu Zülfüqar bəy Hacıbəyovun nəşini
dəfn etmək üçün Qoridən
Qarabağa Bərdə
qəriyəsində olan
İmamzadə hüzuruna
aparmışdım..."
Bu vaxtsız ölüm hamıdan çox həmyerlisi, altı il seminariyada
birgə oxuyan Üzeyir bəy Hacıbəyovu yandırıb-yaxır.
Üzeyir bəy sevimli müəllimi Firudin bəy Köçərliyə göndərdiyi
başsağlığı məktubunda yazırdı:
"Zülfüqar bəy
öldü. Bu bir acı həqiqətdir! Nakam öldü! Valideyni Zülfüqar bəy adlı bir oğul itirdisə,
biz Zülfüqar bəy
adlı bir adam itirdik
ki, xalqımız üçün yıxılmaz,
qaralmaz bir sütun olacağı ap-aşkar idi! Birəhim
tale əziz və sevimli yoldaşımızı
əlimizdən aldısa,
onun əməl və əfkari-alisini ala bilmədi. Onların səmərəsi dostumun ruhunu şad edəcəkdir.
Bu, bizim təsəllimizdir".
Seminariyanın musiqi müəllimi Mixail Leontyeviç Pekker Zülfüqar bəy Hacıbəyovun şəxsi işinə yazdığı rəydə
göstərir ki, bütün əsas fənləri əla qiymətlərlə oxuyan
seminarist Zülfüqar
bəy gələcəyin
istedadlı musiqiçisi
olacaqdır.
Musiqiyə böyük həvəs göstərən Zülfüqar
bəy 1904-cü ildə
seminariyanın orkestrində
həmyerliləri Üzeyir
bəy Hacıbəyovla,
Azad Əmirovla və Müslüm Maqomayevlə
birgə əla ifaçılıq fəaliyyətinə
görə pula mükafatlandırılmışdır.
Ciddi təhsil ocağı olan Seminariyada belə bir qayda
vardı: jurnalda şagirdlərin ad və familiyası əlifba sırası ilə yox, əlaçıların
adı birinci yazılırdı. Zülfüqar
bəy Hacıbəyov
təhsil aldığı
altı il
müddətində adı
həmişə birincilər
sırada olmuşdur.
Zülfüqar bəy Məmmədbəy
oğlu Hacıbəyov
1885-ci ildə Şuşada
anadan olmuşdur. O, Firudin
bəy Köçərlinin
bacısı Afərin
xanımın oğlu
idi.
Şəmistan Nəzirli,
istefada olan polkovnik-leytenant
Ədalət.-2013.-9 aprel.-S.7.