"Kitabı necə ələ
götürməyi, vərəqləməyi bilmirik"
Müşfiq XAN: "Hər bir
ölkəni onun ədəbiyyatı yaradır, onun ədəbiyyatı
qoruyur, onun ədəbiyyatı gələcəyə
daşıyır"
"Ümidlərin
izi ilə", "O", "Tənha canavar",
"Sonuncu hədiyyə", "Ünvansız sevgi".
Bunlar Müşfiq XANın kitablarının adlarıdı.
Ümidlərin izi ilə kitabını Şəmil Sadiqlə
birgə yazıb. Detektiv janrda yazan Müşfiq XANın
"Sonuncu hədiyyə" romanını oxumuşam və
bəyənmişəm. Dilin sadəliyi, hadisələrin bir süjet xətti
boyunca səliqəli şəkildə cərəyan etməsi
oxucunu yormur. Əksinə, istəyirsən bu hadisələrə
qoşulub, qəhrəmanlardan birinə çevriləsən.
Müşfiq XANın üslubu belədi. O biri əsərlərində
də eyni üsluba sadiq qala bilib.
Müşfiq
XANın bəyəniləsi işlərindən biri də
onun kitabçılıqla məşğul olmasıdır.
"Hədəf Nəşrləri"nin direktorudur. Bu
günə qədər xeyli sayda elmi, metodik və bədii
kitablar nəşr ediblər. Tez-tez kitab sərgiləri
keçirirlər. Ədəbiyyata xidmət etmək mübarək
işdi. Müşfiq XAN həm də yaxşı dostdu. Hər
kəsin qayğısına qalmağı bacarır. Əsasən
də ədəbiyyat adamlarına diqqət göstərməyi
bacaran adamı tanımayanlar da tanısın.
- Azərbaycan
başdan-başa apteklər, ərzaq mağazaları,
şadlıq evləridi. Çünki biznesin bu sahəsində
gəlir çoxdu və daha çox olması
üçün də münbit şərait var. Siz isə
kitab biznesi ilə məşğulsuz. Maddi mənada xeyli
itirmiş olarsız...
- "Hədəf Nəşrləri"nin
təsis olunmasından 4 il keçir. Nəşriyyatın
direktoru mənəm. Təsisçi də Şəmil Sadiqdi.
Şəmil bəy də ədəbiyyatçıdı. Bu işlə məşğul
olmağımızın birinci səbəbi odur ki, ədəbiyyata
daxili marağımız var. Əvvəl "Hədəf"
Kursları yaratdıq. Məqsədimiz orta məktəb
şagirdlərinə, ali məktəbə qəbul olmaq istəyənlərə,
dil öyrənənlərə yardım etmək idi. Təbii
ki, belədə kitaba da tələbat yarandı. Təhsil
Nazirliyinin, TQDK-nın kitablarından başqa əlavə dərs
vəsaitləri də nəşr etməyə
başladıq. Prosesdə öz müəllimlərimizin əməyindən
istifadə etdik, onlar da daha canla-başla
çalışdılar. Tədris kitablarının ərsəyə
gəlməsində daha çox qayğı rol oynayır. Bədii
kitabda biznes əsas məqsədə çevrilə bilər,
təhsil kitablarında isə insanları biliyə
çatdırmaq ehtirası birincidi. "Hədəf"
metodik kitabların nəşri ilə tanınmağa
başladı. İki il ərzində 40-a qədər metodik
kitablar hazırladıq. Sonra özümüzü uşaq ədəbiyyatında
sınamaq istədik. "Hədəf Nəşrləri"nin
"İNCİ" uşaq ədəbiyyatı silsiləsini
təsis etdik. Həm metodik, həm də uşaqların
dünyagörüşünün artması üçün
bədii kitablar nəşr etməyə başladıq. Bura
nağıllardan tutmuş, uşaqları maraqlandıran
mövzularda bir çox nəşrlər daxil edildi. Seyid Əzim
Şirvaninin "Uşaqların baharı", Qasım
bəy Zakirin hekayələri, nağılları, Dədə
Qorqud dastanının uşaqlar üçün sadələşdirilməsi,
dünya ədəbiyyatından olan nağıllar məhz bu silsiləyə aiddir.
- Və gəldiz o mərhələyə
çatdız ki, artıq öz romanlarınızı nəşr
etməyə başladız...
-
Ötən ildən romanlarımı nəşr etməyə
başladıq. Həmin dövrə qədər başqa bədii
ədəbiyyatımız çıxmamaışdı.
Artıq tərcümə kitabları, gənc yazarların əsərlərindən
ibarət topluları nəşr teməyə
başlamışıq. "XAN" bədii ədəbiyyat
silsiləsi yaratdıq. Açılışı belədi:
Xalqımız, Azərbaycanımız Naminə. Bu silsilələri 3 yerə
böldük: milli ədəbiyyat-klassiklər,
çağdaş ədəbiyyat, tərcümə ədəbiyyatı.
Daha çox detektiv ədəbiyyatından tərcümələrə
üstünlük verirəm. Çünki bu janrın
oxucuları çoxdu.
- Elə
detektiv romanlarımız var ki, əsərin birinci cümləsi
belə səhvdi. Buna baxmayaraq, həmin kitablar sürətlə
satılır. Detektiv ədəbiyyatın
oxucularının çox olmasının psixoloji
izahını necə verə bilərsiz?
-
Özümü ədəbiyyatçı hesab etmirəm.
Müəlliməm və həmişə də müəllim
olaraq qalacam.
-
Özünüzə "müəlliməm" deyə-deyə
xeyli kitablarınız var...
-
2010-cu ildə "Tənha canavar" adlı ilk detektiv
romanım nəşr olunub. Daha sonra "Ünvansız
sevgi", "Ümidlərin izi ilə" adlı detektiv
romanlarım işıq üzü gördü. Əsas
süjet xətti Xocalı hadisələri üzərində
köklənən "Ümidlərin izi ilə"
romanını Şəmil Sadiqlə birlikdə qələmə
almışıq. İlin əvvəlində isə
"O" adlı şeir və hekayələr
kitabımı çap etdirdim. Mən elmdən ədəbiyyata
gəlməyə başlamışam. Elmim, təhsilim yerindədi.
Ən azından yazılarımda dil qaydalarını gözləyə
bilirəm. Dostlarım deyirlər ki, elmi detektiv yaz. Bu
mövzuda bir hekayə yazdım. Çingiz Abdullayevə qədər
detektiv ədəbiyyat bir o qədər məşhur deyildi. Bu
gün isə bu janrdakı kitablar çox yayılıb.
Türk yazarlarının detektivləri ilə müqayisədə
bizim əsərlər dəfələrlə
güclüdü.
- Bəlkə
bizdə detektiv mühit daha zəngindi...
- Mənə
elə gəlir ki, bizim dilimiz imkanları qat-qat çoxdu. Osman Aysunun
"Saxta agent" əsərini oxuyuram. Sözçülüyə
çox yer verib. Başdan-ayağa sinxron hərəkətlərin
təsviridi: "Qapını açdı,
işığı yandırdı, stolu çəkdi,
oturdu..." Bu qədər
sözçülüyə nə ehtiyac var axı. Cümlələrin sonunda ard-arda "idi"lərdi.
- Bu fərq yalnız detektiv janra
aiddi, yoxsa, başqa mövzularda yazılan əsərləri də
bizim əsərlərdən zəifdi?
-
Özümü detektivin yaxşı oxucusu hesab edirəm. "Sonuncu hədiyyə" romanım 140 səhifədi.
Amma bunu iki dəfə artırmaq olardı.
Sadəcə buna ehtiyac yoxdu. Düşünürəm ki, detektiv əsər bir
süjet üzərində qurulanda daha oxunaqlı olur.
- "Sonuncu hədiyyə" romanını 3-4 saata
oxuyub bitirdim və bəyəndim.
- Sürətli
oxucusuz.
- Söhbət
sürətdən getmir. Əsər maraqlı
olanda onu birdəfəyə bitirmək istəyirsən.
-
Verdiyiniz dəyərə görə çox sağ
olun. Başqa mövzulu əsərlərimizi
türk ədəbiyyatı ilə müqayisə edə bilməyəcəm.
Ona görə ki, tam bildiyim istiqamət
detektivdir. Artıq müxtəlif
mövzuda əsərlər oxumağa başlamışam.
Deyirlər ki, detektivin üzərində
çox dayanma, onsuz da bu janrın sonu yoxdu.
- Azərbaycanda son dövrlər
olduqca kəskin detektiv hadisələr yaşandı. Belə hadisələrdən yararlanaraq roman
yazmağı düşünürsüzmü?
- Əslində hamı
real həyatdan yazır. Hələ ki, əsərlərimi 15-25
yaşlı oxucular üçün yazıram. Siyasi janrda detektiv yazmıram, özümü buna
hazır bilmirəm. Belə əsərlər
yazmaq üçün ən azından siyasətin içərisində
olmalısan. Mənsə siyasətdən kənardayam.
- Nəşr etdiyiniz kitabların
satışı hansı səviyyədədi?
- Bədii
ədəbiyyatın satışındakı vəziyyət nəinki
bizdə, bütün nəşriyyatlarda pisdi. Məcburu
alınacaq kitablar metodiki kitablardı. Valideyn
övladının ali təhsil alması
üçün mütləq bu kitablara pul xərcləyir. Bu mənada metodik kitabların satışından
razıyıq. Kitablarımız var ki, 4
ildir nəşr olunur və hələ də bazarda hakimliyini
qoruyub saxlayır. Ümimiyyətlə əksəriyyət
kitablarımızın yeni olmasına baxmayaraq ən
azından ikinci nəşrləri çap olunub. Metodik kitablarımızdan elələri var ki,
artıq 7-8-ci nəşri çapa hazırlanır.
- Çingiz Abdullayevi
oxuyursuz?
-
Özümə söz vermişəm ki, Azərbaycandakı
bütün detektiv yazarların əsərlərini oxuyum. Çingiz Abdullayev də bu sıradadı. Onun bir çox əsərlərini oxumuşam.
Bir ara biologiyaya aid nə kitab
çıxırdı oxuyurdum. Bu texnikanı
detektiv əsərlərə taransfer etmək istəyirəm.
- Çingiz Abdullayevin əsərlərini
bəyənirsiz?
- Bu suala
birmənalı cavab vermək olmaz. Adam çox
məhsuldardı. Siyasi detektiv janrda olan
romanları isə ağırdı. "Unudulmuş
röya" ən çox sevdiyim romanıdı. Səhv eləmirəmsə 120-ə yaxın
romanı var.
- Sizcə
bu qədər roman yazmağa necə nail olmaq
mümkündür? Nəzərə
alsaq ki, Çingiz Abdullayev yazmağa 40 yaşından
sonra başlayıb, əsərlərinin sayı fantastik dərəcədə
çoxdu.
- Kim
deyirsə, detektiv asan janrdı, bu gün oxudun, sabah
unutdun, o adam yanılır. Sonuncu romanı
yazanda gecə yata bilmirdim, başımda ağrılar əmələ
gəlmişdi, gecə yuxudan qəfil ayılırdım.
Çingiz müəllimin yazmaq texnikası ilə
bağlı şayiələr eşitmişəm, amma
heç birini qəbul edə bilmirəm. Deyirlər, adam xüsusi kompüter proqramı ilə
yazır. Bilmirəm və inanmıram da. Yəqin onunla görüşüb, bu suala şəxsən
özündən cavab alacağam.
- Deyirsiz,
sirrini açar?
- Bilmirəm.
Hər halda mən soruşaram.
- Açsa, bu üsuldan istifadə edərsiz?
-
Çox sayda roman yazanlar tənqid olunduğu üçün
Çingiz Abdullayevin üsulundan istifadə etmərəm. Və özüm də müvəqqəti olaraq,
yazmağı dayandırmışam. Daha
çox nəşr işinə vaxt ayırmaq istəyirəm.
Məcburi yaratmaq lazım deyil. Yazmaq planlı istehsal sahəsinə çevrilməməlidi.
Hansısa mövzu səni narahat edəndə
yazmalısan ki, ortaya normal əsər çıxara biləsən.
- Belə
fikir var ki, Azərbaycan ədəbiyyatı kənardan daha
cazibədar görünür, içərisinə nüfuz edəndə
isə görüntünün aldadıcı olduğunu dəqiqləşdirirsən.
Bu fikirlə razısız?
- Bu fikirlə
hətta tam razıyam. Əslində kənardan
da möhtəşəm görünmür. Azərbaycan ədəbiyyatı dünyaya
çıxa bilmirsə, hansı möhtəşəmlikdən
söhbət gedə bilər. Daxili isə
kasaddı. Müğənnilərin
sayı artır, yemək bişirənlərin sferası
genişlənir, idmançılar arta-arta çoxalır.
Ədəbiyyat isə olduğu kimi qaldı.
Hələ də Nizami, Füzuli aktualdı.
"Azərbaycanın gənc yazarlarını
oxuyursuzmu" sualı ilə keçirilən sorğularda dəfələrlə
olub ki, "hə Nizamini oxuyuram" cavabları veriblər.
Oxucu kütləmiz də çox
acınacaqlı vəziyyətdədi. Ədəbiyyata
birinci ədəbiyyat adamları qiymət verməlidi. Biri o birinin kitabına qıcqanc
yanaşmamalıdı. Əksinə həmin
əsəri hər yerdə təbliğ etməlidi, yazarlar
bir-birinin kitablarını oxumalıdı. Hər şey ədəbiyyat naminə
olmalıdı.
- Daha çox oxutdura bilmirik, yoxsa yaza
bilmirik?
- Hər
iki tərəfdə problem var. Nəşriyyatlar yazarlara eqo ilə
yanaşmamalıdı. Nə yazırlarsa, nəşr
olumalıdır. Həmişə deyirəm
ki, istənilən əsəri başqalarından daha sərfəli
qiymətlərlə nəşr etməyə hazıram.
Təki həmin yazarın yolu
açılsın. Onunla da razıyam ki,
çox aşağı səviyyədə yazılar olur.
Bəzən elə şeirlərə rast gəlirsən
ki, onları nəşr etməyə belə utanırsan.
Digər tərəfdən bazarda şeir kitabına
təlabat azdı. Romanlar daha çox
alınır, nəinki şeirlər.
- Bəs
nə oldu, axı biz şair xalqıydıq...
-
1998-2005-ə qədər demək olar hamı şeir
yazırdı. Bu gün nəsr yazanların
hamısı ədəbiyyata şeirlə gəlib. Şeir indi məclislərdə məşhurluğunu
saxlayıb. Kimsə ona ədəbiyyat
nümunəsi kimi pul vermək istəmir. Bir az modabazıq, ifratçılığı
sevirik. Hazırda gənclər başlayıblar
roman oxumağa. Bəzən
oxuduqlarının mahiyyətinə də varmırlar, ancaq
oxuyurlar. Şeir sovet dönəmində məşhur
olub. Xatirə dəftərləri şeiri
təbliğ edən ilk nümunələr hesab oluna bilər.
Hazırda şeir dünyada da populyar deyil.
Azərbaycanda romançılıq son dövrlər
populyar oldu. Orxan Pamukun "Qar"
romanından sonra bizdə roman oxuyanların sayı
çoxaldı. Əksəriyyəti o kitabları adına görə aldı, amma oxumadı.
Kitabı alan günü oxumağa
başlamadınsa bu, olmadı.
- Tez-tez kitab sərgiləri
keçirirsiz. Bizdə sərgilərə
münasibət necədi?
-
Yavaş-yavaş düzəlir. 5 il bundan
qabaq paytaxtda kitab bayramları keçirilirdisə, artıq
bölgələrdə belə tədbirlər tez-tez baş
tutur. Sevindirici haldır. Rusdilli
oxucular kitabla daha çox maraqlanırlar. Azərbaycandilli
oxucularda kitaba olan maraq hələ ki, tam formalaşmayıb.
Hətta bizlər kitabı necə ələ
götürməyi, vərəqləməyi bilmirik. Bunun dəfələrlə şahidi olmuşam.
Rusdilli oxucu kitabı əlinə alan kimi,
birinci üz qabığına diqqət kəsilir, sonra nəşriyyatına,
redaktoruna baxır, tirajla maraqlanır. Kitabı birinci səhifəsindən
oxumağa başlayır... Azərbaycandillilər
isə kitabı əllərinə götürən kimi, tən
ortadan açırlar, orasına-burasına baxıb yerinə
qoyurlar. "Hədəf Nəşrləri", Bakı
Şəhər Mədəniyyət və Turizm İdarəsi
ilə birgə "Səyyar kitab" sərgi-yarmarka layihəsini
həyata keçirir. 40-dan çox məntəqədə
səyyar kitab satışları təşkil etməyi
planlaşdırmışıq. Artıq 3
məntəqədə bu sərgi-yarmarkanı
keçirmişik. Layihənin müddəti
5 illikdir. Hər həftəsonu belə sərgilər
keçirəcəyik. Bundan başqa
kitabevim.az onlayn kitab mağazamız fəaliyyət göstərir.
Kitabçılıqla məşğul olan nəşriyyat, mətbəə,
kitab klubları və həmçinin müəlliflər
üçün həm "Səyyar kitab", həm də
"Hədəf Nəşrləri" olaraq
qapılarımız açıqdı. İstədikləri
zaman kitabevim.az onlayn kitab mağazamıza nəşrlərini
satış üçün təqdim edə bilərlər.
Aprelin 12-də Qaradağ rayonu mədəniyyət
mərkəzində növbəti səyyar kitab sərgisi
keçirəcəyik. Aprelin 14-də isə
müəllifi olduğum "Sonuncu hədiyyə"
kitabının imza günüdü. Mərasim
"Park Bulvar"da keçiriləcək.
-
Ağlıma belə bir təklif gəldi. Kitab
sərgilərinə yazarları da dəvət edin, onlar
kitabın nə olması ilə bağlı, oxumağın
insan həyatındakı danılmaz rolu barəsində 10-15 dəqiqəlik
mühazirə oxusunlar. Bu, həm
yazarın tanıdılmasına, həm də kitabın
sevdirilməsinə xidmət etmiş olar.
- Gözəl
təklifdi. Bir dəfə
bu texnologiyadan istifadə etmişik. Çox
maraqla qarşılanıb. Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanması
İnstitutunda belə bir tədbir keçirdik. Detektiv yazarlardan Elxan Elatlı gəlmişdi,
"İşğal" əsərinin müəllifi Sevindik
Mehman da orda idi. Rektor səviyyəsində
görüş oldu. Sevindik Qarabağ
döyüşçüsüdü. Tarixi
ədəbiyyat prizmasından qələmə alıb.
Bizim bəlamız odur ki, orta məktəblərdə Azərbaycan
tarixini oxumuruq, ali məktəbdə də
bu dərsə laqeyd yanaşırıq. Azərbaycan vətəndaşı
tariximizi öyrənməlidi, bunun üçün vətənpərvər
olmağa ehtiyac yoxdu. Hər yerdə vətənimizin
təbliğatını aparmalıyıq. "İşğal" əsərinin müəllifi
bizim tədbirdə 10 dəqiqəlik
çıxışı ilə real tariximizin hansısa
ştrixlərini dinləyicilərə çatdıra bildisə,
bunun özü böyük işdi. Kitabçılıq
sahəsində bir qədər təmənnasız olmaq
vacibdi. Çünki kitab cəmiyyətin
formalaşmasına, ölkənin tanınmasına birbaşa
xidmət edir. Deməli, kitaba xidmət etsək,
birbaşa vətənə xidmət etmiş olarıq.
- Oxucuların ayağına getmək
lazımdı. Bu fikirlə razısız?
-
Doğru fikirdi. Hər bir ölkəni onun ədəbiyyatı
yaradır, onun ədəbiyyatı qoruyur, onun ədəbiyyatı
gələcəyə daşıyır.
Ceyhun Musaoğlu
Ədalət.-2013.-9 aprel.-S.5.