A.ABİYEV: "MÖHTƏŞƏM
DÖYÜŞLƏR BOKSÇULARIMIZI GÖZLƏYİR"
Azərbaycan Boks
Federasiyasının I vitse-prezidenti, millət vəkili,
professor Ağacan Abiyev bizimlə söhbətdə bu fikri
xüsusilə xatırlatdı
Son
illər Azərbaycanda idmanın digər növləri ilə
yanaşı, boksun inkişafına da böyük önəm
verilir. Yəni ölkə ərazisində boks yüksələn
xətlə inkişaf edir və dövlət səviyyəsində
ona xüsusi diqqət yetirilir. Əlbəttə, bu da təsadüfi
deyil. Çünki boks bir idman
növü kimi ölkəmizdə geniş yayılıb və
eyni zamanda Azərbaycan boksçuları həm olimpiya, həm
dünya, həm də Avropa çempiontlarında nəyə
qadir olduqlarını dəfələrlə təsdiqləyiblər.
Sirr deyil ki, ayrı-ayrı boksçularımız müxtəlif dövrlərdə qızıl medallara sahib çıxaraq olimpiya çempionu və dünya çempionu adını əldə ediblər. Bu zaman Azərbaycan bayrağı qaldırılıb və dövlətimizin himni səslənib. Bu gün Azərbaycanda boks elə bir yüksək sürətlə inkişaf edir ki, bəlkə də onu xırdalamağa bir o qədər də ehtiyac yoxdur. Amma elə mətləblər var ki, mütləq onu yada salmalıyıq. Ən azından ona görə ki, ölkə prezidenti İlham Əliyev tərəfindən boksun inkişafına xüsusi diqqət yetirilib və qısa zaman kəsiyində Azərbaycan bir neçə mötəbər beynəlxalq tunirlərə və yarışlara ev sahibliyi edib.
Ölkəmizdə olan beynəlxalq təşkilatların nümayəndələri və eləcə də Boks Federasiyalarının prezidentləri Azərbaycandakı yarışların yüksək səviyyədə və dünya standartlarına uyğun təşkil edildiyini dəfələrlə qeyd ediblər. Həmin rəsmlər onu da qeyd ediblər ki, Azərbaycan birmənalı olaraq bütün idman yarışlarına yüksək səviyyədə də himayədarlıq edə bilir və onun təşkilində dünya standartlarını qoruyur.
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili, professor Ağacan Abiyev mətbuata verdiyi açıqlamada bildirib ki, hər il ölkəmizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibəti ilə beynəlxalq turnir keçirilir. Bu turnirdə dünyanın onlarla ölkəsindən gələn boksçular iştirak edirlər. Təbii ki, turnir yüksək səviyyədə təşkil ediləndə və standartlara cavab verəndə istər-istəməz iştirakçılar da həmin tunirdən razı qalır. Şükürlər olsun ki, bizim təşkilatçılıq etdiyimiz bütün turnirlər yüksək səviyyədə təşkil edilib və beynəlxalq standartlara cavab verib. Elə məhz buna görə də bir təşkilatçı kimi beynəlxalq təşkilatlar bizim yarışlardan razılıq ediblər. Bu il də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə Bakıda boks üzrə Beynəlxalq turnir keçiriləcək. Təbii ki, həmin turnirə də yüksək səviyyədə hazırlaşmışıq. Onu da qeyd edə bilərəm ki, boksçularımız da bu beynəlxalq turnirdə rinqə çıxacaq və döyüşəcəklər. Mən həmişə boksçularımıza inanmışam. Düzdür, müəyyən yarışlarda büdrəmələr də olub, amma əksər vaxtı idmançılarımız ümidlərimizi doğrulda biliblər.
Həqiqətən də Azərbaycan boksçuları müxtəlif turnirlərdə və beynəlxalq yarışlarda uğurlu çıxış edərək medallara layiq görülüblər. Bu yaxınlarda isə Ukraynanın Xerson şəhərində Nikolay Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə yekun vurulub. Azərbaycan milli komandası bu turnirdə bir qızıl və bir bürünc medala layiq görülüb. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz yarımfinalda Ukrayna komandasının üzvü Oleq Prudkini 12:10 hesabı ilə məğlub edib. Finalda isə boksçumuzun rəqibi qırğızıstanlı Meder Mamakeyev olub. Bu dəfə də daha yaxşı döyüş nümayiş etdirən həmyerlimiz 11:10 hesabı ilə qələbə qazanıb. 91 kq çəki dərəcəsindəki təmsilçimiz Kamran Mehdiyev isə yarışı 3-cü yerdə başa vurub. O, yarım finalda Qazaxıstan idmançısı Jan Kosobutskiyə uduzub - 4:17.
Millimiz 1 qızıl, bir bürünc medalla ümumkomanda hesabında 5-ci yeri tutub. Ukrayna yığması 1-ci, Özbəkistan 2-ci, Rusiya isə 3-cü yerlə kifayətləniblər. Sözümüzün canı ondan ibarətdir ki, bu gün Azərbaycan yığma komandasında gəncləşmə dövrü gedir. Yəni yaşlı boksçuları daha gənc və perspektivli idmançılar əvəz edirlər. Əlbəttə, hər hansı gənc boksçunun püxtələşməsi və təcrübə toplaması üçün zamana ehtiyacı var. Bu zaman müddətində hər bir gənc boksçu təcrübə toplayır və öz ustalığını artırır.
Keçirilən yarışlar da
bir daha göstərir
ki, Azərbaycan boksçuları
arasında kifayət qədər rinqdə döyüşməyi
bacaran gənc idmançılar var. Sadəcə olaraq bu gənclər turnirdən-turnirə
döyüşərkən öz taktiki və texniki
imkanlarını artırmalı, eyni
zamanda bir qədər
də inamlı olmalıdılar. Deməli, gənc boksçulara və onların gələcəkdə
rinqdəki döyüşünə ümid
bağlamaq olar. Təbii
ki, hər şey döyüş zamanı həll olunacaq. Rinqdə isə heç
vaxt qələbəni əldən vermək
olmaz!
Faiq
QİSMƏTOĞLU
Ədalət.-2013.-10 aprel.-S.7.