BİR GÖRÜŞÜN SORAĞINDA

 

O nə vaxtsa ədəbi əsərlərdə öz əksini tapacaq

 

Həmin gün Neftçalada xoş bir ovqat yaşanırdı. Bu da səbəbsiz deyildi. Çünki rayona onun ədəbi-ictimaiyyəti ilə görüşə ölkənin kifayət qədər tanınmış söz adamları, millət vəkilləri qonaq gəlmişdilər. Həmin qonaqların gəlişində isə əsas məqsəd artıq ölkə ictimaiyyətinin 90 illiyini qeyd etməyə hazırlaşdığı ümummilli liderimiz Heydər Əliyev cənablarının xatirəsini anma, onunla bağlı könül pıçıltılarını dilə gətirmək və birUlu Öndərlə bağlı bir-birindən maraqlı əsərlərin müəllifi olan millət vəkili, yazıçı Hüseynbala Mirələmovun bu əsərlərin araya-ərsəyə gəlmə prosesində yaşadıqlarını bölüşmək idi.

Aprelin 3-də təşkil olunan həmin o izdihamlı görüşün əsas təşəbbüsçüsü Neftçala rayon İcra Hakimiyyəti olsa da, əslində bu, bütün ölkə üçün maraqlı və yaddaqalan bir tədbirə çevrildi. Görünür bunu öncədən hiss edən neftçalalılar, xüsusən rayonun ziyalıları və onların adından çıxış edən icra başçısının müavini Gültəkin Sadıqova üzünü  görüş iştirakçılarına tutaraq bildirdi ki, Ulu Öndərimizin doğum gününün qeyd olunması tədbirləri silsiləsində bizim keçirdiyimiz bu ədəbi-bədii görüşün xüsusi yeri var. Çünki bu görüşə qatılanların əksəriyyəti ümummilli liderimizlə təmasda olmuş, onun rəhbərliyi altında işləmiş insanlardılar. Məhz bu səbəbdəndir ki, görüşə dəvət etdiyiimz insanlar özləri ilə birlikdə kifayət qədər xatirələr, ürək dolusu səmimiyyət və xoş arzular gətiriblər. Bu arzuların, bu səmimiyyətin, bu xatirələrin kitab toplumunu isə bizə, Azərbaycan oxucusuna ulu öndərimizin həyat fəaliyyəti ilə maraqlanan hər kəsə millət vəkili, yazıçı Hüseynbala Mirələmov ərməğan edib.

Tədbirin açılışından və ilk təqdimatdan sonra mikrofona yaxınlaşan ədəbiyyat müəllimi, Azərbaycan ədəbiyyatını maraqla şərh edən, araşdıran Etibar Əbilov öz çıxışına  millət vəkili Hüseynbala Mirələmovun böyük yaradıcılığına bir araşdırmaçı, bir oxucu sevgisi ilə başladı. Onun fikirlərindən bəlli oldu ki, təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraqla qarşılanan və oxunan Azərbaycan yazıçılarının əsərləri sırasında Hüseynbala Mirələmovun özəl yeri var. Yaxın-uzaq ellərdə  hər kəsin böyük səhnələrdə izlədiyi "Xəcalət" tamaşası Azərbaycan mədəniyyətinin, ədəbiyyatının əsl uğurlarından biridir. Ümumiyyətlə isə Hüseynbala Mirələmovun bir-birindən maraqlı "Cəza", "Sonuncu fateh", "Güllələnmiş heykəllər", "Durnalar qayıtdı", "Son arzu", "Tənha durna uçuşu", "Simuzər", "Gəlinlik paltarı", "Qırxıncı otaq", "Yanan qar", "Babadil əfsanəsi" və digər əsərləri oxucular tərəfindən böyük diqqətlə qarşılanmış və bu əsərlərin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da öz oxucusunu tapması təqdirəlayiq hadisədir. Bu da onu göstərir ki, yaxşı əsərin, mükəmməl ədəbi məhsulun hər yerdə oxucusu var.

Görüşdə çıxış edən millət vəkili, Milli Məclisin komitə sədri, Atattürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov bildirdi ki, bu görüş iki məqamda maraq doğurur. Birincisi odur ki, biz hamımız sizinlə birlikdə Ulu Öndərimizin qarşıdan gələn 90 illiyi ilə bağlı ürək sözlərimizi söyləyir, onun barəsində bir-birindən maraqlı xatirələrin dinləyicisinə çevrilirik. İkincisi isə hamımızın yaradıcılığını izlədiyimiz dostumuz Hüseynbala Mirələmolun Azərbaycan ədəbiyyatı, mədəniyyəti qarşısındakı xidmətlərini dilə gətirməklə onun sadə olduğu qədər də maraqlı həyat yolunu, ədəbi yolunu izləyir və onu bir az da yaxından tanımaq imkanı əldə etmiş oluruq. Şəxsən mənim üçün Hüseynbala Mirələmov son dərəcə maraqlı və oxunaqlı bir yazıçıdır. Təsadüfi deyil ki, dünya şöhrətli yazıçı Çingiz Aytmatov Hüseynbala Mirələmov barəsində fikirlərini səsləndirərkən onun "Xəcalət" əsərinə istinadən bildirmişdi ki, "hesab edirəm ki, biz Hüseynbala Mirələmovla ruhən çox yaxınıq. "Xəcalət" peysinə tamaşa etdikdən sonra mənə elə gəldi ki, bu əsəri elə mən özüm yazmışam". Zənnimcə, bu fikirlər Hüseynbala Mirələmovun necə bir qələm sahibi olduğunu anlamaq, dəyərləndirmək üçün yaxşı bir kriteriyadı, yaxşı bir təqdimatdı. Özübu təqdimatı bütün dünyanın mütaliə etdiyi, tanıdığı bir yazıçı sərgiləyir. O cümlədən də mərhum xalq şairimiz Bəxtiyar Vahibzadə də Hüseynbala Mirələmovun barəsində ən xoş fikirləri dilə gətiribdi. Bax, bütün bunlarbirHüseynbala müəllimin görkəmli insanların həyatından bəhs edən silsilə kitabları, o cümlədən də dünyanın bir çox dillərinə tərcümə olunmuş "Heydər Əliyev" əsəri ulu öndərimizin adına layiq bir ədəbi heykəldir. Ümumiyyətlə isə Hüseynbala Mirələmovun həmin silsilədən olan digər əsərləri, o cümlədən də "Zərifə Əliyeva"ya, "İlham Əliyev" əsərləri də böyük oxucu marağı qazanmışdı. Bu əsərlər artıq dünyanın 25-ə yaxın dilinə tərcümə olunmuşdu.

Görüş iştirakçıları qarşısında çıxış edən professor Nizaməddin Şəmsizadə yazıçının yaradıcılığndan bəhs edərkən xüsusi olaraq vurğulamışdı ki, Hüseynbala Mirələmovun əsərlərinin əsas ana xətti torpaqdı, vətəndi, Azərbaycan insanıdı! O əsərlərdə həyat həqiqətləri, Azərbaycan insanının azadlıq, ərazi bütövlüyü uğrundakı mübarizəsi, Qarabağ savaşımızın gerçəklikləri təsvir və tərənnüm olunur. Özübu elə bir ustalıqla qələmə alınır ki, oxucu hadisələrin iştirakçısına, canlı şahidinə çevrilir. Məhz  müəllifin də indiki halda Hüseynbala Mirələmovun da xoşbəxtliyi məhz bundan ibarətdir.

Neftçalaya gələn qonaqlar içərisində hamının yaxşı tanıdığı millət vəkilləri Eldar İsmayılov və Hadı Həcəbli də öz fikirlərini görüş iştirakçıları ilə bölüşdü. Onların söylədikləri bir-birindən maraqlı fikirlər arasında mənim üçün daha çox diqqəti çəkən millət vəkili Hadı Rəcəblinin söylədiyi "Allahın gözəl təsadüflərindən biridir ki, mən Hüseynbala müəllimlə məktəb illərində bir parta arxasında əyləşmişəm və əlli üç ildən sonra parlamentdə yenidən onunla bir stol arxasında əyləşirəm". Doğrudan da bu həm maraqlı, həm də nostalji duyğular oyadan bir məqamdı. İnsan yaşlandıqca bu cür nostalji hisslər onu uzaq illərə daha tez-tez qanadlandırır.

Bəli, həmin gün Neftçalada bir ədəbiyyat ovqatı, bir ziyalı gurluğu, atəşfəşanlığı hər kəsi öz aurasına ala bildi. Təkcə görüş iştirakçıları deyil, bütövlükdə  Neftçala ictimaiyyəti, eləcə də qonaqlarla birlikdə həmin görüşü izləyən media təmsilçiləri canlı yazıçı, oxucu ünsiyyətinin şirin anlarının şahidlərinə çevrildilər.

Görüşün sonunda iştirakçıların, eləcə də oxucularının suallarını canlandıran millət vəkili Hüseynbala Mirələmov həyatının ən maraqlı anlarından birini yaşadığını etiraf etdi. O, görüşün təşkilatçılarına, bu görüşdə iştirak edənlərə, onunla birlikdə Neftçalaya qonaq gələnlərə ən səmimi duyğularını ifadə etməklə yanaşı, birmənalı olaraq bildirdi ki, bugünkü Azərbaycan üçün, bugünkü ədəbi-ictimai mühit üçün, bugünkü sabitlikinkişaf üçün Ulu Öndərimizə  minnətdarıq, onun ruhu qarşısında baş əyirik. Eləcə də 90 illiyini qeyd etməyə hazırlaşdığımız ümummilli liderimizin layiqli davamçısı olan Azrbaycan prezidenti İlham Əliyev cənablarına  minnətdarıq. Şəxsən mən həyat fəaliyyətimin ən gözəl anları, illəri üçün özümü onlara, onların yaratdığı bugünkü şəraitə borcluyam. Bundan sonra da xalqım üçün, dövlətim üçün çalışacam, yazıb yaradacam.

Bəli, bütün qonaqların minnətdarlıq hissi ilə xatırladığı həmin o 3 aprel görüşü təkcə o anları yaşayanların deyil, bütövlükdə Neftçala ictimaiyyətinin və biro anları nə vaxtsa ədəbi-bədii əsərlərə çevirəcək millət vəkili Hüseynbala Mirələmovun yaddaşına köçdü. Maraqlı, səmimi bir xatirə kimi...

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-10 aprel.-S.6.