"Hüseyn Cavidin 4 cildliyini 30 ildir çap etdirə
bilmirəm"
Yusif Gədikli: "Azərbaycandan
bəzi yazarlar kitablarını tərcümə etməyim
üçün pul təklif etdilər, qəbul etmədim"
Azərbaycan ədəbiyyatının
türkiyəli tərcüməçisi və tədqiqatçısı,
filologiya üzrə fəlsəfə doktoru Yusif Gədiklinin
APA-ya müsahibəsi
- Azərbaycan ədəbiyyatından
yeni tərcümələr etmisinizmi?
-
Açıq deyim ki, son illərdə yeni tərcümələr
etməmişəm, ancaq Azərbaycan dilindən 2 kitab tərcümə
etdim. Akif Axundovla Əbülfəz Amanoğlunun "Mustafa Kamalın
dostu: İbrahim Əbilov" kitabı Türkiyə Mədəniyyət
Nazirliyi tərəfindən çap etdirildi. Türkiyə-Azərbaycan
qardaşlığının tarixi kökləri
baxımından çox önəmli kitabdır.
Sivilizasiyaların kəsişməsində türk
dünyasının roluna dair azərbaycanlı müəllifin
yazdığı başqa bir kitabı da çapa
hazırladım, yaxın vaxtlarda o da çıxacaq. Hər
iki kitabın Türkiyənin intellektual təbəqəsi tərəfindən
rəğbətlə qarşılanacağına inanıram.
Biz də o kitablardan faydalanacağıq.
- İndiyədək Azərbaycan ədəbiyyatından
16 kitabı Türkiyə türkcəsində çapa
hazırladığınızı bilirəm. Sadəlövh
sualıma görə bağışlayın: Azərbaycan ədəbiyyatı
Türkiyədə nə dərəcədə
tanınır?
-
Türkiyə çox səsli, çoxqütblü bir
ölkədir. Burada bir əsəri geniş ictimaiyyətə
tanıtmaq çox çətin işdir. Məncə, hər
hansı yazarın Türkiyədə daha yaxşı
tanınması üçün onun əsərlərinin
ardıcıl şəkildə eyni nəşriyyatda
çıxması lazımdır. Yoxsa bir kitab bu nəşriyyatdan,
ikinci kitab başqa nəşriyyatdan çıxanda oxucunun o
yazarın əsərlərini daimi şəkildə təqib
etməsi çətinləşir. Məsələn,
Çingiz Aytmatov və Çingiz Dağçının
kitabları "Ötüken" nəşriyyatında
çıxır, nəşriyyatın onları
tanıtması da asan olur, oxucuların da növbəti
kitabları alması onlara çətinlik törətmir. Biz
90-cı illərin əvvəllərində Azərbaycan ədəbiyyatından
bəzi əsərləri "Ötüken" nəşriyyatında
çap etdirdik. Xatırlayıram ki, Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanını oxuyan
bir adam ağlamış və Kayseridən nəşriyyata məktub
yazmışdı. Elçinin "Şuşanın
dağların duman bürüdü" adlı hekayələr
kitabı da rəğbətlə qarşılanmışdı.
Türkiyədə oxucuların kitablardan faydalana bilməsi
üçün kitabların ardıcıl şəkildə
eyni nəşriyyatda çıxması lazımdır və
20 il əvvəl çıxmış bir kitab hər 10 ildən
bir yenidən çap olunmalıdır. Yeni nəsillər
kitablardan bu şəkildə xəbərdar ola bilər. Bir də
kitabları çapa hazırlayarkən hər iki tərəfin
dilinə hakim olmaq, tərcümədə yazarın
üslubuna sadiq qalmaq lazımdır. Bir sözlə, bu iş
ciddiyyət tələb edir. Təəssüf ki, o biri Şərq
xalqları kimi biz də bir çox işə ciddi
yanaşmırıq. Ciddi iş özünü reklam edir.
Bizim "Ötüken" nəşriyyatında Azərbaycan
ədəbiyyatından tərcümə işinə davam etməməyimizə
nəşriyyatın o işi davam etdirmək istəməməsi
səbəb oldu. Nəşriyyatın qərarına
sayğı duymaqdan başqa çarəmiz
olmadığı kimi, o işi davam etdirəcəyimiz handa Azərbaycan
ədəbiyyatının Türkiyədə daha çox
tanınmasına kömək edəcəkdik - buna inanıram.
"Ötüken"in o vaxt gördüyü işlər Azərbaycan
ədəbiyyatının Türkiyədə
tanınmasına çox kömək etdi.
- Ancaq bu gün baxanda Azərbaycanın
25-40 yaşlı yazar və şairlərinin Türkiyədə
çox az tanındığını görürük, bəzi
internet saytlarına qoyulan şeir və hekayələrdən
başqa nəşriyyatların çap etdiyi kitablar gözə
dəymir və ya maddi imkanı olanlar ədəbiyyatla əlaqəsi
olmayan kitablarını çap etdirirlər. Nəticədə
bu iş öz təbii axarında getmir. Bu barədə nə
demək istərdiniz?
- Azərbaycanın
1991-ci ildə müstəqil olmasından sonra keçən 22
il ərzində yeni bir ədəbiyyatın ortaya
çıxması təbiidir. Müstəqillik dövründə
yazmağa başlayan yazarların önəmli bir qisminin 40
yaşını keçmiş olması lazımdır.
Açığını deyim ki, mən də yeni Azərbaycan
ədəbiyyatının Türkiyədə lazımi səviyyədə
tanındığına inanmıram. Bu prosesdə bəzi
önəmli səhvlər oldu. Məsələn, Azərbaycan
ədəbiyyatının Türkiyədə daha geniş
şəkildə çap edilməsi üçün planlar
yapılmadı. Mən Azərbaycan ədəbiyyatının
ardıcıl şəkildə Türkiyədə çap
edilməsi üçün plan hazırlanmasını təklif
etmişdim, o plan Bakıda çox rahat hazırlana və biz
bu işləri daha irəliyə apara bilərdik, ancaq əməkdaşlığımız
üçün vacib olan planlar hazırlanmadı.
İstanbuldakı bir nəşriyyat
Bakıdan göndərilmiş bir fəlsəfə
kitabını mənə göstərdi, kitabla
uzaqdan-yaxından əlaqəsi olmayan bir şey idi. O cür
şeyləri burda çap edib Bakıda deyirlər ki,
Türkiyədə kitabım çıxıb. Bu cür
işlərin olmasındansa, olmaması yaxşıdır.
Son
illərdə Azərbaycandan bəzi yazarlar gəlib məni
burda tapdılar, kitablarını tərcümə etməyim
üçün pul təklif etdilər, qəbul etmədim.
Çünki çapa hazırlayacağım əsəri mənim
özümün seçməyim lazımdır, nəinki
hansısa yazar özü gəlib mənə əsərini
çapa hazırlamağı təklif etsin. 90-cı illərdə
Azərbaycan ədəbiyyatını Türkiyədə
çap etmək və tanıtmaq daha müsbət bir cizgidə
idi. Bəlkə indi Azərbaycan ədəbiyyatından əsərlər
çap edən nəşriyyatlar daha çoxdur, ancaq söhbət
keyfiyyət məsələsindən gedirsə, 20 il əvvəl
görülmüş işləri daha keyfiyyətli
sayıram. 1991-ci ildən sonrakı Azərbaycan ədəbiyyatı
yeni bir dövrdür, bunu Türkiyədə çap etmək
və tanıtmaq mühüm işdir, ancaq dediyim kimi, bu
işlər bir az təşkilati məsələlər, bir
az maddiyyat, bir az da ruh və istəklə bağlıdır.
Bu işlərlə səmimi şəkildə məşğul
olmaq lazımdır.
- Bəhs etdiyiniz 22 illik mərhələnin
ilk 10 ilindən sonra Azərbaycan ədəbiyyatından Kamal
Abdullanın Türkiyədə (eləcə də
dünyanın başqa yerlərində) əsərləri
çap edildi, tələb üzərinə nəşriyyatlar
Kamal bəyin kitablarını bir neçə dəfə nəşr
etdilər. Bayaqdan eyni nöqtəyə vurğu
yapırsınız: hər hansı əsərin
çapı işin birinci mərhələsidir, yazarın
tanıdılması isə ayrı bir prosesdir. Sizcə, eyni əsəri
bir neçə dəfə nəşr edilən yazarın
tanıdılması üçün əsas rolu kim öz
üzərinə götürməlidir: nəşriyyat, tərcüməçi,
qəzetlər, TV-lər, yoxsa internet saytları? Niyə
Türkiyədə hər hansı Azərbaycan yazarını
40-50 il boyunca tərcümə edən, araşdıran,
tanıdan adamlar yoxdur?
- Bu
işə həyatını həsr edəcək, yazarla uzun
müddət əməkdaşlıq münasibətləri
içində olacaq insanlara ehtiyac var. TV-də Said Faik
Abasıyanıkın bütün əsərlərini
fransızcaya tərcümə edən bir qadının
çıxışını dinləmişdim. Avropada
hamı Said Faiki o qadından soruşurdu. Bir tərcüməçinin
ömrü boyu bir yazarla yaradıcılıq əlaqəsində
olması ən mühüm şeydir. Hər şeydən əvvəl
bir işi istəmək, sevmək lazımdır,
yaradıcılıq işini maddiyyata və ya kresloya
bağlayarsınızsa, özünüzə faydanız olar,
ancaq cəmiyyətinizə faydanız olmaz. Yazarın vəzifəsi
öz toplumuna faydalı olmaqdır. Hər bir yazar öz əsərinin
xaricdə çap edilməsini istəyər, ancaq hər bir
yazar öz əsəri ilə birlikdə öz xalqının
ədəbiyyatının dünyada tanınmasını
ürəkdən istəməlidir.
- Siz 1978-ci ildə universiteti bitirərkən
"Hüseyn Cavidin "Uçurum" pyesi" mövzusunda
diplom işi yazmısınız. Bir neçə il əvvəlki
söhbətimizdə demişdiniz ki, 1983-cü ildə Cavidin
4 cildliyini çapa hazırlamısınız, ancaq indiyə
qədər çap etdirə bilməmisiniz. O iş nə
yerdədir?
-
Olduğu yerdə durur. 80-ci illərin axırında Cavidin 4
cildliyini "Ötüken" nəşriyyatına göstərdim,
orda dedilər ki, biz pyes çap etmirik. Təxminən 15 il əvvəl
Cavidin 4 cildliyinin çapına Azərbaycanın yüksək
vəzifəli bir şəxsindən kömək istədim.
Sağ olsun, o şəxs Türkiyənin mədəniyyət
nazirinə dedi, ancaq sonra hökumət dəyişdi və nəticədə
4 cildliyi çap etdirmək mümkün olmadı. Türkiyə
Mədəniyyət Nazirliyi 10 ildən bəri sadəcə bəzi
yazar-şairlərin fotolu albomlarını çap edir. Bu
işə Azərbaycan kömək etsə, çox məmnun
olaram, çünki Türkiyədə özəl nəşriyyatlar dram əsərləri
çap etmirlər, Hüseyn Cavidin 4 cildliyini yalnız
Türkiyə Mədəniyyət Nazirliyi vasitəsilə
çap etmək mümkün
olacaq.
- Çapa
hazırladığınız önəmli kitablardan biri
"Şəhriyar: Türkcə bütün şeirləri"
kitabıdır. Ölümündən 6 ay əvvəl - 13
mart 1988-ci ildə Təbrizdə Şəhriyarla
görüşmüsünüz. O görüşü necə
xatırlayırsınız?
- Mən
Şəhriyarın şeirlərini ilk dəfə lisey illərində
oxumuşdum. O vaxt Ankarada çıxan "Azərbaycan" dərgisindən
xəbərdar olmadığıma görə Məhəmməd
Əmin Rəsulzadənin 1954-cü ildə Şəhriyarın
"Heydərbabaya salam" poeması barədə
yazdığı "Ədəbi bir hadisə" məqaləsini
də oxumamışdım. Şəhriyarın şeirlərini
universitetdəki müəllimim, Azərbaycan ədəbiyyatının
tədqiqatçısı Ali Yavuz Akpınar çap etdirirdi,
onları oxuyarkən mən də Şəhriyarın
türkcə şeirlərini çap etdirmək
üçün xəyal qururdum.
1988-ci
il martın 8-də İstanbulda olan dostumla avtobusa minib Təbrizə
getdik. 2 gecə onun Təbrizdəki evində qalandan sonra dostum
Əhməd Azərlu ilə xəstəxanada yatan Şəhriyarı
görməyə getdik. Xəstə idi, yanında bir tibb
bacısı vardı. Özü icazə vermək istəməsə
də, mən əlini öpdüm. Ona Türkiyədən
çoxlu salam gətirdiyimi, Türkiyədə çox
sevildiyini dedim. O da bir ata kimi, baba kimi mənim
başımı oxşadı, mən bundan çox məmnun
qaldım. Çətinliklə danışırdı,
Türkiyəni soruşdu. Mən hər şeyin yaxşı
olduğunu, onu tanıyanların və sevənlərin
hamısının sağlığına dua etdiyini söylədim.
Xatirə üçün foto çəkdirib
çıxdıq. Şəhriyar kimi bir dahini dünya
gözüylə görmək mənim üçün
böyük səadət və bəxtiyarlıq oldu.
Kitabının son variantında türkcə yazdığı
99 şeiri var, son vaxtlarda 2 dördlüyünü
tapmışam, onları yeni nəşrə daxil edəcəyəm.
Şəhriyarın
hər bir misrası bizim üçün önəmli ədəbi
hadisədir. 1995-ci ildə mərhum Yaşar Qarayevin
vaxtında Nizami adına Ədəbiyyat İnstitutunda o
kitabı namizədlik dissertasiyası kimi müdafiə edib
alimlik dərəcəsi aldım.
Ədalət.-2013.-10 aprel.-S.8.