MİLANDA ÖLÜM
ƏDƏBİ HƏYAT
Vahid
Məmmədlinin imzası artıq Azərbaycan
oxucularının çoxuna tanışdır. Beynəlxalq
cinayət hüququ üzrə fəlsəfə doktoru olan, ədalət
keşikçisi tək hal-hazırda prokurorluq sistemində
çalışan Vahid Məmmədli bir yazıçı
kimi də məşhurlaşmağa başlayır. O,
Avropanın və Rusiyanın ən böyük nəşriyyatı
sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən
biridir, Rusiyada və Azərbaycanda bestsellərə çevrilən
"Tunc Allahın yükü", "Cəllad tələsməyi
sevmir", "Heksogenli yol yoldaşı" əsərlərini
qələmə almışdır. O, həmçinin
Rusiyanın ilk qansız döyüş romanının
("Tunc Allahın yükü"), Azərbaycanda isə
fentezi janrında yazılmış ilk əsər olan
"Atropatena dastanı" trilogiyasını qələmə
almışdır.
Axırıncı
əsər haqqında "Tənqid.net" jurnalında (təsisçi
və baş redaktoru Tehran Əlişanoğludur)
yığcam bir məlumatla oxucuları tanış etmək
istəyirəm: "Adı ölkəmizin hüdudlarından
kənarda tanınan, rus dilində döyüş və
detektiv janrlarda yazdığı əsərləri
böyük oxucu auditoriyaları qazanmış Vahid Məmmədli
Azərbaycan dilində fentezi janrını ilk olaraq yaratmaq qərarını
vermişdir. Onun üç kitabdan ibarət "Atropatena
dastanı" trilogiyası bu janrın tələblərinə
tam cavab verən əsərdir. Məşğuledici süjet,
magiya və sehrlər aləmi, nağıl və fantastik macəralar,
detektiv döyüş və sevgi səhnələri ilə
süslənmiş əsər oxucunu Azərbaycanın qədim
dövrünə-Albaniya və Atropatena civarlarına
aparır. Burda dəqiq tarixi faktlardan söhbət getmir. Amma
uydurulmuş qəhrəmanlar, başda Alpaner olmaqla qədimlik
ruhu və milli qəhrəmanlıq kultunu yaratmağa xidmət
edir. Xeyir və şər qüvvələr arasında gedən
mübarizə nağıllarda olduğu kimi xeyirin təntənəsi
ilə bitir. Bir zaman nağıl qoynundan
çıxmış müasir insanlığın gerçək
ziddiyyətlər və şər fonunda hünər və qəhrəmanlıq
dastanına aşkar ehtiyac var. Trilogiyadan alınan
başlıca qayə budur".
Siz
az da olsa, Vahid Məmmədlinin özü və əsərləri
barədə məlumat əldə etdiniz. İndi isə onun
"Qanun" nəşriyyatında işıq üzü
görmüş "Milanda ölüm" povestlər, hekayələr
kitabından söz açmaq istəyirik.
Kitabda
iki povest, dörd hekayə təqdim edilir və bu əsərlərlə
tanış olan oxucunun bu yazıları birnəfəsə
oxuduğunu dəqiq bilirəm. Vahid Məmmədli bir nasir kimi
çevik və dinamik süjet qurmağı bacarır, təsvir
etdiyi obrazları daim hərəkətdə (həm canlı,
həm də daxilən, psixoloji baxımdan) verir, qəfil və
gözlənilməz hadisə və olayları süjetin
"ərazisiniə" daxil etməklə oxucunu yorulmağa
qoymur, bəzi məqamlarda isə psixoloji təhlillərə
və boyalara meyl edir. Onun təsvir etdiyi qəhrəmanlar isə
adi insanlardır, amma onların adiliyində qeyri-adiliklər də
var və oxucunu da elə bu qeyri-adiliklər cəlb edir. Öncə
"Buddanın qayıdışı" povestinə
müraciət edək.
Povestin
qəhrəmanı kapitan Məsud İbrahimzadə çox təmiz
adamdır. Ömrü boyu amalı, həyat məramı o
olub ki, özünü hər cür rəzalətdən, çamurluqdan
xilas eləsin. Amma öz təmizliyini, saflığını
qoruya-qoruya həyatın təzadlarından keçib, onun mənəvi
dünyasında təzyiqlər, təqiblər, zərbələr
zəlzələ kimi, tufan kimi hiss olunub. O, Yer
üzünün cənnəti olan Hindistanda da olub, burada ilk
baxışda Kauşari adlı bir qıza vurulub, bu
qızın sevgisi onun qəlbində ömrünün sonuna qədər
işıqlı duyğularla yaşayıb, onu pisliklərdən,
yamanlıqdan qoruyub. Məsud ailə həyatında
uğursuzluqlarla üz-üzə gəlib. Birinci arvadı
Zübeydə ondan pul, para tələb edib. Amma Məsud o yolu
seçməyib və buna görə də boşanıblar.
O, qızı Səbinəyə həsrət qalıb. "Səbinə
doğulanda necə də sevinmişdi Məsud. Özünə
söz vermişdi ki, onu dünyanın ən xoşbəxt
qızı kimi böyütsün. Qızı bu evdə
"yox" kəlməsi eşitməməli, gözü
tox, xanım-xatın böyüməlidir, yaxşı təhsil
almalıdır. Məsud Səbinəylə nəfəs
alırdı. Fikirləşirdi ki, bu qızcığac Ulu
Tanrının ona bəxş elədiyi ən böyük
paydır. Onun Səbinəylə bağlı neçə
gözəl arzuları, planları vardı". Amma bu
arzuların heç birini o, həyata keçirə bilmir. Zübeydə ilə
boşanandan sonra qızı da ondan get-gedə soyuyur.
Məsudun
ikinci evlilik həyatı da uğursuzluqla davam edir. Belə ki,
xasiyyətindəki həlimlik və humanizm ucbatından Janna
adlı şişman bir qadınla evlənib. O, Janna ki,
oğlu adam öldürüb, qalmağa yeri yoxdur və Məsud
onu evinə gətirir vəgdoğrudan da, çox qəribə
insandır bu Məsud və Vahid Məmmədli də onun bu qəribəlikləri
ilə təmiz, saf həyat tərzi arasında heç bir
ziddiyyət görmür. Bunlar bir-birini tamamlayır. Məsud
işdə də bu təmizliyi, mənəvi saflığı
qoruya bilir. Onu hara göndərirlərsə, rüşvətdən,
ona təklif olunan pul-paradan imtina edir. İş
yoldaşları arasında ona "səfeh" deyənlər
tapılır. Beləliklə, oxucu lap sovet dövründəki
"müsbət qəhrəman"la tanış olur. Amma
belə deyil. Sovet dövründəki "müsbət qəhrəman"
ölməməliydi, pisliklərə, şərə qalib gəlməliydi
və belə də olurdu. Məsud isə ölür...
Özü də necə. Yana-yana. Onun Hindistan-Kauşari xəyalı
sanki gerçəkləşmiş olur.
"Cırıltıyla yanan odun qalaqlarından seyrək
tüstü göyə qalxırdı. Toplaşıb buludu
xatırladan tüstü qatında birdən-birə
Kauşarinin sifəti aydın göründü. Kauşarinin
kədərli qara gözləri ətrafı dolaşıb,
sanki kimisə böyük intizarla axtarırdı. Birdən
Kauşarinin gözləri ona sataşdı. Həsrət dolu
baxışlarla süzdü, sanki ona əl eləyirdi: - Məsud!
Məsuuud! GəlgGəlgGəl.."
"Milanda
ölüm" povestində də müəllif eyni
ideyanı davam etdirir: təsvir etdiyi obrazlar adi insanlardır,
amma onların mənəvi aləmi saf və
işıqlıdır. Povestdə bir ailənin taleyi izlənilir.
Baba-kababçı Nadir, oğul-iqtisadçı Zakir, nəvə-Qarabala.
Vahid Məmmədli bir nəslin nümayəndəsi olan bu
üç insanı üç görüm nöqtəsindən
təqdim edir. Kababçı Nadir öz peşəsinin
ustasıdır, amma bu gözəl peşəsini ehtikara,
qazanc mənbəyinə, qaz vurub qazan doldurmağa
çevirmir, çünki həmişə nəfsini tox
saxlayır, Allah yolundan çıxmır. Savadı olmasa da,
oğlunu oxutdurur, sonra nəvəsini də özü himayə
edir, ona da peşəsini öyrədir. Müəllif oğul
haqqında Baba və Nəvə ilə müqayisədə
çox az danışır, görünür, elə bir
ehtiyac duymur. Əsas diqqəti isə Qarabalaya verir.
Qarabala
müasir Azərbaycan gəncidir. O, nəslin
üçüncü pilləsi kimi inkişaf məqamındadır.
Ancaq onun bu inkişaf məqamını müəllif
dolğun təsvir etməkdən çəkinmişdir. Oxucu
bilmək istəyir ki, Qarabalanın düşüncə tərzində,
həyata münasibətində hamı meyllər diqqəti cəlb
edir.gBunun əksinə, müəllif onu macəra xarakteri
daşıyan hadisələrə sürükləyir. Onu
İtaliyaya "ezam" edir. Amma povestdə Arif obrazı
öz kamilliyi və dolğunluğu ilə diqqəti cəlb
edir. Arif məmləkətin-Azərbaycanın taleyiylə
yaşayan, 20 Yanvar qırğını zamanı gözləriylə
qanlı bir faciənin şahidi olan və bu hadisəni
heç bir vaxt unutmayan insandır. Həyatda belə
insanların sayı o qədər də çox deyil. Arif
görür ki, Qarabala dənizdə az qala batan bir qızı
xilas edir, onun izinə düşür, bu təmiz qəlbli
cavanı pis adamlardan qoruyur və tezliklə onlar
dostlaşırlar. Onun ölümü də təsirlidir:
"Əyləci basdı...gƏyləcin və şinlərin
tükürpədici səsləri Eyyubun mahnısını
yarımçıq qoydu. Maşın ispan öküzü
kimi nərə çəkdi, yerində fırlandı və
aşdı...gdikəldi... bir də aşdı.
Göy
kişnədi, bulud ağladı...
Külək
minlərlə əskinası ətrafa səpələmişdi.
"Kontujenu"
Arif, blatnoy Arif qan içində yolun ortasında can verirdi. O,
gözlərini əbədi yumdu..."
Hər
iki povestin sonluğu ölüm səhnəsi ilə başa
çatır. Amma bu ölümlər arasında fərq var.
"Buddanın qayıdışında" Məsudun
ölümü təbii və labüd idi, çünki onun
ölümünü zəruriləşdirən mənəvi
faktorlar vardı. "Milanda ölüm" povestində isə
Qarabalanın sevdiyi qadın-Monikanın faciəli
ölümü təsvir olunur. Doğrusu, bu ölümü
zəruri edən bir səbəb tapammıram. Həm də əsərlərin
sonluğunu ölüm səhnəsi ilə bitirmək
fikrimizcə, ənənəyə çevrilməməlidir.
Vahid Məmmədli
aydın və səlis yazı üslubuna yiyələnmiş
bir yazardır və onun povestlərindəki təhkiyə tərzi
öz sadəliyi və təbiiliyilə seçilir. Cümlələri
anlaşıqlıdır, dil xətalarına nadir hallarda rast
gəlirik, onun təhkiyeyi-kəlamı oxucuları müəyyən
ovqata kökləyə bilir, yəni oxucu kədərlənir,
həyəcanlanır, sevinir, qəzəblənir və s.
Hekayələrində
də Vahid Məmmədli TƏMİZ İNSAN obrazları ilə
bizi qarşılaşdırır. "Mən qatarları
sevirəm", "Qırmızı böyürtkən",
"Mavi rəngli kostyum" hekayələrini birləşdirən
bir xətt var ki, o da təsvir olunan qəhrəmanların mənəvi
təmizliyidir. "Mən qatarları sevirəm... Bunun həm
çoxdan keçmiş illərlə, həm də yaxın
keçmişlə bağlı tarixçəsi var. Həyatımın
ən çətin, məsul məqamlarında, nə qədər
qəribə olsa da, məhz qatarlar məni hifz eləyib.
Qatarlar məni arzularıma qovuşdurub". Hekayədə
Qatar obrazı simvolik-rəmzi məna daşıyır. Qəlbi
böyük arzularla döyünən, hüquqşünas
olmaq istəyən bir gənci-kasıb bir oğlanı
rüşvətxor institut rəhbərləri arzularına
yetməyə qoymurlar. Amma o, sarsılmır, qatarla geri
qayıdır: "Özümü çox tənha hiss elədim.
Anam üçün darıxdım. İndi mənə
doğma və yaxın olan bir şey vardısa, o da bu qatar idi.
Məni rektorun və məsul katibin pəncəsindən xilas
etmiş bu qatar...
Bələdçinin
kupesində divardan bir şəkil asılmışdı.
Başında qızılgüllərdən çələng
olan gənc bir oğlanın əlində qəlyan
vardı".
Həmin
bu gənc növbəti ildə Moskva Dövlət
Universitetinin hüquq fakültəsinə qəbul olunur.
İnstitutu bitirəndən sonra Londona köçür,
dünyanın bir çox ölkələrində olur, səyahətlərə
çıxır. Və günlərin birində Vətənə
qayıdır. Burada otuz il ərzində başqa ölkələrdə
təhsil almış ən məşhur tələbələrlə
görüşdə iştirak edir və baxıb
görür ki... vaxtilə ondan rüşvət tələb
eləyən rektorun məsul katibi indi nazirdir. Deyəsən,
nazir də onu tanıyır. Və hüquqşünas gənc
"Bakı-Moskva" qatarına bilet alır. Baxıb
görür ki, bələdçinin otağında
başında qızılgüllərdən çələng
olan gənc bir oğlanın şəkli yenə divardan
asılıb.
Beləliklə,
yeniyetməlik dövrü yada düşür, xəyalların
həqiqətə çevrildiyi anlar isə QATAR obrazında
reallaşır. "İlk dəfə bu qatarla gedəndə
məni çaya qonaq etmiş bələdçinin üz
cizgiləri o qədər yadımda olmasa da, kupenin
divarındakı şəkil yadımda idi. Bu qatarda çox
az şey dəyişmişdi. Eynilə o
çağlarımdakı həmin qatar idi... Bu dəfə də
həmin qatar məni xilas elədi. Miskin adamı ertəsi
gün bir daha görməmək üçün"...
"Qırmızı
böyürtkən" hekayəsində də
Qırmızı böyürtkən simvolik mənaya
daşıyır. Bu da onun mənəvi saflığın, təmizliyin,
bütöv əqidənin timsalı olmasıdır.
Qırmızı böyürtkən Ünal üçün
dolanacaq mənbəyi yox, sevgidir, gözəllikdir, insani
hissdir, duyğudur. Hekayədən belə məlum olur ki,
artıq keçən əsrin doxsanıncı illəridir. Məktəb
direktorunun haqlı olaraq cəzalandırdığı, məktəbdən
qovduğu Abisalam kəndə qayıdıb və burada villa
tikdirir. Özü də villanı elə yerdə inşa
etdirir ki, məktəb direktorunun köhnə evi kölgədə
qalır, binövrəni o qədər dərin qazdırır
ki, direktorun evi çat verir. Artıq dünya dəyişib,
Abisalamlar artıq birinci sıraya keçiblər, pul
onların əlindədir və Abisalamlar
başqalarının sevdiklərini də əllərindən
ala bilirlər. Ünalın sevdiyi Paknur indi Abisalamın
arvadıdır. Amma bu dünyada Abisalamlar yadda qalmayacaq, xatirələrdə
yaşamayacaqlar.
Yaşayan
QIRMIZI BÖYÜRTKƏN xatirələri olacaq. O xatirələr
ki, insanı əyilməyə, sınmağa qoymur.
Qırmızı böyürtkən həyatın, gözəlliyin
məna və mahiyyətidir, sevginin ölməzlik təcəssümüdür
və hekayənin də qayət mənası elə budur...
"Mavi
rəngli kostyum" hekayəsinə gəlincə, burada yenə
haqqında söz açdığım povest və hekayələrdəki
ideya təcəssüm olunur. Bir az macəravi süjetlə
diqqəti cəlb edən hekayədə maraqlı obrazlarla
qarşılaşırıq. Ənvər, İzolda, Ünal
...özünəməxsus cizgilərlə təsvir edilib.
Ümidvarıq ki, Vahid Məmmədli gələcək hekayələrində
mümkün qədər macəraçılıqdan
qaçacaq, təsvir etdiyi obrazları sırf real planda təqdim
edəcək.
Vahid
Məmmədlinin hekayə və povestləri göstərir
ki, nəsrimizə öz sözü olan, həyat hadisələrinin
təsvirində özünəməxsus boyaları, rəngləri
ilə diqqəti cəlb edən bir nasir gəlib və biz ona
daha uğurlu əsərlər yazmağı
arzulayırıq...
Vaqif YUSİFLİ
Ədalət.-2013.-13 aprel.-S.13.