SÖZÜN DAMARINA İŞLƏYƏN...
Vaqif Yusiflinin 65
yaşına məktub
Adətən
hər hansı bir mövzuda yazı yazmaq istəyəndə
bir neçə gün öncə içimdə bir
götür-qoy edirəm. Necə deyərlər, bəmdə,
zildə gəzişirəm. Yazacağım mövzunu
özümlə gah dağa aparıram, gah da aranag özümü
də kökləyirəm, mövzunu da. Sonra hardansa ilahi bir
işıq düşür, bir ip uzanır və mən də
o işıqdan, o ipdən tutub özümlə dağı
arana aparır, özümlə birlikdə köklədiyim həmin
o yazının ilk sözünü, ilk cümləsini
yazmağa başlayıram...
Amma bu dəfə belə olmadı. Düşünməyin ki, bu yazını yazmaq üçün daxilən
var-gəl etməmişəm,
dağı arana gedib gəlməmişəm
və yaxud da bu yazıya
köklənməmişəm. Xeyr, bu yazıda həmin o dediklərim məqamların hamısını
olduğu kimi yaşamışam. Sadəcə
bir önəmli məqamdan başqa...
Bəli, bu elə bir
məqamdır ki, onu mütləq vurğulamalıyam... mütləq
oxucuya, bu yazını oxuyacaq insanlara məsələnin
məğzini açmalıyam. Həmin o məzmun
və mahiyyət də barəsində yazdığım şəxsin
söz araşdıran,
söz təftiş edən, sözün damarına işləyən
işıqlı, ziyalı,
sevilən alimlərimizdən
biri olmasıdır.
O elə bir insandır ki, onun haqqında yazmaq istəyən hər kəs, o cümlədən də mən istənilən məqamda əlimizi qələmə uzada bilərik. Çünki bu adam hamımızın gözü
qarşısındadır. Hamımız onu hər gün, hər dəqiqə görürük, hiss edirik.
O bizi oxuyub təftiş etdiyi kimi, araşdırdığı
kimi sağa, sola vərəqlədiyi kimi,
biz də onun haqqımızda yazdıqlarını
oxuya-oxuya kimliyini görürük, mövqeyini
özümüz üçün
dəyərləndiririk, qiymətləndiririk.
Və...
Və baxıb görürük
ki, bu gün
Azərbaycanda kifayət
qədər tanınan
tənqidçi alim, filologiya elmləri doktoru, professor Vaqif Yusifli sən demə, təkcə bugünkü ədəbi
camiyənin deyil, həm də bütövlükdə Azərbaycan
sözünün içərisində
yaşayır... içərisində
günbəgün axtarışlar
aparır, tapıntılar
üzə çıxarır,
mövqelər sərgiləyir...
Bax, bu qısa təqdimatın
ardınca mən əslində yazımın
mahiyyətinə qayıdıram.
Daha doğrusu, sizə kimdən yazdığımı
xatırladıb yazacağım
mövzunun əvvəlinə
gəlirəm.
Vaqif Yusifli (Vaqif Əziz oğlu Yusifli) düz 65 il bundan
öncə Masallı
rayonunun Ərkivan kəndində doğulub. Bütün yaşıdları kimi o da orta məktəbi
bitirib, o da qurduğu xəyalların,
arzuların dalınca
Bakıya üz tutub gəlib. Gəlişində də tale üzünə
gülüb, bəxt üzünə qapı açıb və Vaqif Yusifli o vaxtkı Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) filologiya fakültəsinə daxil olub. Elə tələbəliyinin ilk illərindən
təkcə filoloq kimi yox, həm
də sözün iç dünyasını
görüb açmaq
istəyən bir tələbə kimi özünü tanıtmağa
başlayıb. Onun ilk tənqidi
materialları, məqalələri
1968-ci ildən başlayaraq
dövrü mətbuatda
işıq üzü
görüb. Artıq universitet
tələbəsinin böyük
sözə, böyük
ədəbiyyata yanaşması
diqqət çəkməyə
başlamışdı. Görünür seçdiyi yolda,
qarşısına qoyduğu
məqsəddə israrlı
olaq Vaqif Yusifliyə özünün
xeyirxahları kimi
Allah da yardımçı
olub. Çünki
universiteti bitirib 3 il (1972-1975) Masallı
rayonunda dil-ədəbiyyat
müəllimi işləyən
Vaqif Yusiflinin qulağı səsdə,
gözü isə Bakının yolunda idi. O, obrazlı ifadə etsək, bir məktəbə, bir rayona sığmırdı.
Onun daxilindəki tədqiqatçı,
araşdırıcı odu-alovu
ona dinclik vermirdi. Və bu məhz bu səbəbdən Vaqif Yusifli növbəti
dəfə Bakıya üz tutdu. Bu səfərki gəlişində
artıq Vaqif Yusifli alim olmaq,
sözü bütün
mənalarında açıb
onun bütün cizgilərini ortaya qoymaq istəyi ilə paytaxta üz tutmuşdu.
1975-ci ildə AMEA-nın Ədəbiyyat İnstitutunun
əyani aspiranturasına
qəbul olan Vaqif Yusifli artıq
4 il sonra
filologiya elmləri namizədi idi. Onun araşdırdığı mövzunun
təkcə adını
xatırlatmaq gənc alimin hansı yük altına çiyin verdiyini yəqin ki, göstərə bilər.
Onun
"Müasir Azərbaycan
nəsrində konflikt
və xarakter" mövzusundakı namizədlik
işi təkcə elmi araşdırma kimi yox, həm
də müasirimiz olan ədəbiyyatın ümumi mənzərəsinin
bir real görüntüsü
idi. Yəni ədəbi nümunələr
əsasında təkcə
nəsrimizdəki konflikt
və xarakterləri yox, həm də
bir növ cəmiyyətimizdəki konflikt
və xarakterləri də Vaqif Yusifli
aça bilmişdi.
Bu da gənc
elmlər namizədinin
yuxusuz gecələrinin,
gərgin axtarışlarının
və yorulmayan, usanmayan xarakterinin, bütövlüyünün, ürəyinin
bəhrəsi idi.
Vaqif müəllim
özünün ilk məqalələri
ilə diqqəti çəkdiyindən onun
namizədlik işi də tez bir
zamanda ədəbi mühitdə maraq doğurdu. Artıq şairlər, yazıçılar
öz əsərlərini
onun qələmi altına ehtiyatla qoyurdular. Çünki bu gənc alim ədəbi tənqiddə güzəşt
etməyi sevmədiyi kimi bacarmırdı da. Onun bu qətiyyəti,
onun sözə saf niyyətlə yanaşması, qərəzdən
uzaq olması təbii ki, yaradıcı təşkilatların
da gözündən yayınmadı. Artıq Vaqif
Yusifli ölkənin bir nömrəli ədəbi orqanı olan "Azərbaycan" jurnalının tənqid şöbəsinə rəhbərliyə
gətirilmişdi. Səmimi etiraf
edək ki, jurnalın həyatında
bu da bir
maraqlı an, maraqlı
çalar idi. Çünki Vaqif Yusifli jurnala təqdim olunan ədəbi nümunələrə çox
həssas yanaşır,
necə deyərlər
sözün alt qatlarına
qədər baş vurur, onun oxucuya
nə verə biləcəyini dəqiqləşdirirdi.
Jurnalda işləyə-işləyə
elmi yaradıcılığını
da davam etdirən Vaqif Yusifli 2002-ci ildə bir vaxtla aspirantı
olduğu Ədəbiyyat
İnstitutunda işləməyə
də dəvət aldı. O, bu dəvəti
məmnuniyyətlə qarşılayıb
institutun Ədəbiyyat
Nəzəriyyəsi şöbəsində
baş elmi işçi oldu.
2011-ci ildə "Müasir Azərbaycan poeziyasında
ənənə və
novatorluq" mövzusunda
doktorluq dissertasiyasını
müdafiə edən
Vaqif Yusifli özünün bu elmi işi ilə
də Azərbaycanın
ədəbi sözünə
yeni bir töhfə verdi.
Yəni
o, poeziyamızın ənənələri
ilə yanaşı, dövrümüzün tələb
və imkanlarını,
dünya poeziyasının
uğurlu tərəflərini
bir araya gətirərək onun bugünkü Azərbaycan
poeziyasında təsnifatını,
inikasını ortaya qoydu.
Yorulmaq bilmədən işləyən,
necə deyərlər,
gecəsini gündüzünə
qatan Vaqif Yusifli bu gün
özünün 65 yaşını
qeyd edərkən bəlkə də bir anlıq da olsa fikirləşməyib
ki, onun barəsində nə vaxtsa hansısa bir şair fikir
söyləyəcək, əl
boyda bir məktub yazacaq. Amma mən bunu təbii
sayıram. Çünki tənqidçi haqqında
yazmaq çox böyük məsuliyyətdi.
Özü də Vaqif Yusifli kimi
sanballı, əvvəldə
dediyim kimi, sözün bütün cizgilərini, lap loru dildə desəm, sözün içalatını
görüb tanıyan,
qiymətləndirən bir
alim haqqında yazmaq çox çətindir.
Mən bu yazını yazarkən sadəcə
800-dən artıq elmi
məqalənin müəllifi
olan, 20-yə yaxın
kitabı işıq üzü görən, məqalələri yaxın-uzaq
ellərdə çap
olunan, Əməkdar Mədəniyyət işçisi,
Beynəlxalq "Rəsul
Rza" və "Məmməd Araz" mükafatları laureatı
kimi tanınan bir alimə sadəcə oxucu diqqətini, sevgisini ifadə etmək istədim. Çünki az qala
20 ildir ki, Vaqif Yusifli ilə
birlikdə "Ədalət"
qəzetində şənbə
nömrəmizi bölüşürük.
Üstəlik Vaqif müəllimin
"Ədalət" qəzetində
ədəbiyyatımızla bağlı xüsusi buraxılışları, köşə
yazıları həmişə
hamımızın marağını
çəkib, diqqət
mərkəzində olubdu.
Bu gün də
öz prinsiplərinə
sadiq olan Vaqif Yusifli böyük
sözün layiqli keşikçilərindən biridir.
Bəli,
Vaqif müəllim. Sizin barənizdə, daha doğrusu, 65
yaşınıza ünvanladığım bu əl boyda məktubda
mən sadəcə və sadəcə ürəyimdən
keçən xoş duyğuları ifadə etməyə
çalışdım. İstədim ki, sizi
tanıdığım kimi, zəhmətkeş, yorulmaz bir alim
kimi, sözə böyük diqqətlə yanaşan, ədəbi
qüvvələrə qayğı nümayiş etdirən
bir tənqidçi kimi ən xoş arzularımı
çatdırım. Çünki siz təkcə
bugünkü ədəbi mühiti deyil, paralel olaraq Azərbaycanın
minilliklərdən gələn böyük sözünü
dərindən bilən, araşdıran tənqidçilərimizdənsiniz.
Ona görə də sizinlə bağlı o əl boyda məktub
xidmətlərinizə layiq olmasa da, hər halda bu da mənim
kiçik bir minnətdarlıq hissimdir. Düşünürəm
ki, hələ qarşıda illər var və bu illər ərzində
siz daha böyük əzmkarlıqla, daha böyük həvəslə,
sağlam canla, böyük sözümüzün
böyük araşdırmaçısı kimi ədəbiyyatımıza
xidmət edəcəksiniz. Siz sözün damarını
tutan, sözün damarına işləyən Tənqidçimizsiniz,
Alimimizsiniz! Sizə bu yolda uğurlar arzu edirəm!
P.S.
"Ədalət" qəzetinin kollektivi də Azərbaycanın
görkəmli tənqidçisini 65 yaşının tamam
olması münasibəti ilə ürəkdən təbrik
edir, ona can sağlığı və yaradıcılıq
uğurları arzu edir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-13 aprel.-S.8.