Şeir təhlilləri
VI yazı
Mirzə Ələkbər
Sabir
Neylərdin, İlahi?
Daş
qəlbli insanları neylərdin, İlahi?!
Bizdə
bu soyuq qanları neylərdin, İlahi?!
Artdıqca
həyasızlıq olur el mütəhəmmil,
Hər
zülmə dözən canları neylərdin, İlahi?!
Bir
dövrdə kim, sidqü səfa qalmayacaqmış, -
Bilməm
belə dövranları neylərdin, İlahi?!
Məzlumların
göz yaşı dərya olacaqmış, -
Dəryaları,
ümmanları neylərdin, İlahi?!
Səyyadi
- cəfakardə rəhm olmayacaqmış, -
Ahuləri,
ceyranları neylərdin, İlahi?!
Bağın,
əkinin xeyrini bəylər görəcəkmiş, -
Toxum
əkməyə dehqanları neylərdin, İlahi?!
İş
rəncbərin, güc öküzün, yer
özününkü, -
Bəyzadələri,
xanları neylərdin, İlahi?!
Hökm
eyləyəcəkmiş bütün aləmdə cəhalət,
-
Dildadeyi-irfanları
neylərdin, İlahi?!
Surtuqlu
müsəlmanları təkfirə qoyan bu
Döşdüklü
müsəlmanları neylərdin, İlahi?!
Yaxud
bunların bunca nüfuzu olacaqmış, -
Beş-üç
bu süxəndanları neylərdin, İlahi?!
Qeyrətli
danosbazlarımız iş bacarırkən, -
Tənbəl,
dəli şeytanları neylərdin, İlahi?!
Ərlər
hərə bir qız kimi oğlan sevəcəkmiş, -
Evlərdəki
nisvanları neylərdin, İlahi?!
Tacirlərimiz
Sonyalara bənd olacaqmış,
Bədbəxt
Tükəzbanları neylərdin, İlahi?
Sübhanəkə,
sübhanəkə, sübhanəkə, ya Rəb!
Baxdıqca
bu hikmətlərə heyran oluram həp!
Şeirin
üslubu haqqında
Azərbaycan
tənqidi realizminin zirvəsi sayılan M.Ə.Sabir romantizm
metodu ilə yazan M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid kimi
şairlərlə eyni dövrdə yaşayıb
yaratmış, onlarla yaradıcılıq münasibətlərində
olmuşdur. Satirik şairimiz öz
yaradıcılığı ilə onların sənətinə
təkcə təsir göstərməmiş, həm də təsirlənmiş,
təkan almışdır. Eyni zamanda, o, romantik həmkarlarının
səhvlərindən öyrənə-öyrənə,
onlarla yaradıcılıq mübahisələrində bərkimişdir.
Belə bir şərait onun poeziyasında romantik keyfiyyətin
varlığına geniş təsir göstərmişdir. Əlbəttə,
söhbət burada romantizm metoduna məxsus bədii idrak tərzindən,
ideya-estetik prinsiplər sistemindən getmir. Məqsədim həmin
şeirlərin yaratdığı romantik əhval-ruhiyyəni,
pafosu nəzərə çarpdırmaqdır.
Sabir
romantikasının güclü təzahür etdiyi əsərlərdən
biri də "Neylərdin, İlahi?!" şeiridir. Bu şeirin üslubu
haqqında bir-birinə zidd,
qarışıq fikirlər söylənilmişdir. Ədəbiyyatşünasların
çoxu onu birmənalı
satirik əsər hesab
etmiş, bəziləri lirik-fəlsəfi,
lirik- romantik əsər
adlandırsa, onda romantik
ruhun olduğunu etiraf etsələr də, yenə əsəri
satirik şeirlər cərgəsinə daxil etmişlər. Məncə, onu sırf satirik şeir adlandıranlar yanılırlar. Satiraya məxsus kinayə, istehza,
rişxənd, məsxərə, həcv, ikibaşlı söz, tipin dili ilə danışma kimi
keyfiyyətlər bu şeirdə yoxdur. Satirik vəziyyət və ifadə tərzinin əksinə
burada ürək parçalayan
səhnələr, açıq, birbaşa,
faciəvi ifadə tərzi hakimdir.
İdrakın - mənəvi əxlaqi hakimin
məhkəməsinə çəkilmiş ictimai
haqsızlıq səhnələrinin təsviri insan qəlbinin dərinliyinə qədər
işləyən ağrı və qəzəblə doludur. Burada göz yaşı gülüşlə
yoğrulmayıb. Xalqın taleyinin, həyatın
dəhşətlərinin yaratdığı göz
yaşları anasının tabutu üzərində
ağlayan övladınkı qədər
saf, sarsıdıcı, gülüş
çalarından uzaqdır. "Neylərdin, İlahi?!"
şeirinə məxsus kəskin təzadlara, bir-birini
inkar edən səhnələrə və
qüvvələrə daha çox romantik şeirdə
rast gəlirik. Bir-birindən
daha dəhşətli səslənən ittihamedici həyat səhnələrinin təsvirində
"eybəcərliyin doğurduğu kədəri,
ürək yanğısını, narahat
mənəvi, əxlaqi reaksiyanı daha fəryadlı
ifadə etməyin prinsipi" (Y.Qarayev) əsas rol
oynayır. Bu faciələrə qarşı İlahinin
dözümü şairdə etiraz oyadır və üsyan
yaradır. Şeirdə yalnızca eybəcər şəraitin
təsviri verilmir, həm də bu eybəcər şəraitə dözən
İlahi (dolayısı yolla,
insanlar) ittiham edilir. İlahiyə dindar
xitabı ilə Sabirin xitabı
arasındakı fərq şeirdə bütün
qabarıqlığı ilə üzə
çıxır. Sabirin İlahiyə
müraciəti onun köməyinə ümid və gümandan
doğmamışdır. Şair dəhşətli
vəziyyətdən qurtuluş üçün İlahinin
iltifatına bel bağlamır. Romantiklərin
bəzi şeirlərində olduğu kimi İlahi Sabir üçün də
sadəcə olaraq ünvandır, qəzəb
və narazılığının ifadəsi üçün
rəmzdir. Çünki İlahi
hədələmir, təqib etmir,
sürgünə göndərmir.
Sabiri
qəzəbləndirən, ürəyini ağrıdan, etiraz
və üsyana sövq edən yalnızca eybəcər səhnələr
deyil, həm də vətəndaş passivliyi və
dözümlülüyüdür. "Mənəvi
ölülüy"ə qarşı bu üsyan İlahiyə
müraciət şəklində meydana
çıxmışdır. Şair burada dolayısı yolla
kütləni, susqun çoxluğu da ittiham (məhz ittiham, ələ
salmaq, ironiya yox!) edir:
Artdıqca
həyasızlıq olur el mütəhəmmil,
Hər
zülmə dözən canları neylərdin, İlahi?!
Şeirdəki
əzabla yoğrulmuş lirizm, şair mövqeyinin
açıq ifadəsi də romantikcəsinədir. Sabir real
aləmdəki dözülməz uyğunsuzluq və ahəngsizliyin
romantik təsviri ilə oxucunun qəlbinə birbaşa təsir
edir, onu yaşanılan həyata qarşı nifrətlə
silahlandırır. Çılğınlıq səviyyəsində
üsyan, insanı sarsıdan fəryad və şikayət,
dünyaya sığmayan kədər - bütün bunlar Sabir
realizminin romantik keyfiyyətlərindən söz
açmağa tam əsas verir.
Kiçik bir müqayisə
Sabirin Yaradana müraciətlə yazılmış başqa bir əsəri - "Xudaya!" şeiri kəskin ironiyası ilə "İlahi" şeirindən fərqlənir. (Həm "xuda", həm də "ilahi" sözləri "allah" mənasındadır.) Maraqlıdır ki, "Xudaya!" şeiri 1907-ci ilin 16 dekabrında "Molla Nəsrəddin" jurnalında çap olunmuş və şeirin sonunda şair bildirmişdir ki, könlündəki nisgilli müəmmanı bu şeirlə həll edə bilməmişdir, bu mətləbin (yəni mövzunun, konkret halda şeirin) davamı var. Və 1908-ci ilin 5 yanvarında isə həmin jurnalda "Neylərdin, İlahi?!" şeiri çap edilir. "Xudaya!" şeirində ironiyalı bir ifadə tərzi, həcv, ələ salma, istehza vardır. "Xudaya" şeirində də qarşılaşdırmalar yolu ilə Sabir cəmiyyətdə gördüyü uyğunsuzluq, haqsızlıq və acınacaqlı halları qələmə alır. Amma burada oxucu elə ifadələr, söz birləşmələri ilə rastlaşır ki, onlar məhz satirik tiplərin ünvanını nişan verir. Hamamda köməksiz qadınlara qarşı quldurluq edənlər haqqında "qeyrətli müsəlmanlar" ifadəsini oxuyarkən oxucunun istər-istəməz dodağı qaçır. Çünki hamamda quldurluqla qeyrətli olmaq arasındakı təzad istehzalı bir təbəssüm doğurur.
Qurd isə, şəqal isə biyabanda olurdu,
Şəhr içrə bu
heyvanlarına şükr,
Xudaya!
Tənqid hədəfinə çevrilənlərin
"qurd, çaqqal"
kimi çöllərdə
yox, şəhərdə
mövcud olması faktından istifadə edərək bu "heyvanlara" şairin şükür oxuması
bizdə acı gülüşə səbəb
olur. Yemək-içməkdən özgə bir arzusu, başqa bir işi olmayan
adamların "canlı
dəyirmanlara" bənzədilməsi,
üstəlik də onlara görə Allaha şükür edilməsi həmin adamlara qarşı istehza yaradır. Əlbəttə, "Neylərdin, İlahi?!" şerində
də kinayə və istehzanın varlığını inkar
etmək olmaz. Lakin onlar satira janrına
xidmət etmir, daha çox vəziyyətin faciəvi
olmasını diqqətə
çatdırır.
Oxucuya xırda
görünə biləcək
bir üslubi məqama da diqqət edək. "Xudaya!"
şeirindəki xitabda
sual tonu yoxdur, dua edirmiş
kimi birbaşa müraciət var. "İlahi?!"
şeirinin xitabında
isə bədii sual əsas üslubi fiqur rolundadır ki, bu da şeirdəki
faciə ruhunu bir az da qüvvətləndirmişdir.
Bütün bu ifadə vasitələri "Xudaya!"
şeirini "Neylərdin,
İlahi?!" şeirindən
xeyli dərəcədə
fərqləndirir. Sanki
Sabir "Xudaya!" şeirində satirik dil ilə ifadə
edib çatdıra bilmədiyi mətləbləri
daha ciddi, lirik-faciəvi bir tərzdə "Neylərdin,
İlahi?!" şerində
söyləmək istəmişdir.
Şeirin sənətkarlıq xüsusiyyətləri
"Neylərdin, İlahi"nin ilk iki misrası sakit, etiraz dolu bir
sualla başlayır. Birinci beyt şeirə giriş də hesab oluna bilər.
Oradakı "daş
qəlbli insanlar",
" soyuq qanlar" ifadələri,
İlahiyə yanıqlı
müraciət oxucunu sonrakı faciəvi səhnələrin təsvirinə
hazırlayır. Sonrakı beytlərdə
etirazlar şiddətlə
səslənir, qütbləşən
bir mənəvi-əxlaqi
aləm, ziddiyyətləri
ürək dağlayan
bir dünya təsvir edilir, hiss-həyəcanlar çılğınlıq
səviyyəsində ifadə
olunur. Şeirin ilk və sonuncu
beytlərində hər
misra o birisindən asılı olmayan bir fikir ifadə
edir. Qalan bütün beytlər
antiteza şəklində
qurulmuşdur. Sabir hər
beytin birinci misrasında bir fikir deyirsə, o birisi misrada onun antitezasını söyləməklə qüvvətli
təzadlar yaratmışdır.
Bu tezis və
antitezislər güclü
mətni antonimlərlə,
bədii məntiqlə
əsaslandırılır. Göz yaşı-dərya antitezisində
təşbeh və mübaliğənin bədii
məntiqinə baxaq.
Göz yaşı da su kimi axandır.
Dəryalar axar suların
toplanmasından yaranır.
Göz yaşı da duzludur, dənizlərin
suyu da! Məzlumların göz yaşı o qədər axmışdır ki, dəryalar, ümmanlar əmələ gətirmişdir!
Ona görə də şair İlahidən sual edir ki,
məzlumların göz
yaşı bu qədər axacaq idisə, dəryaları, ümmanları niyə yaradırdın? Şeirin bütün
beytləri bu cür mətni və bədii məntiqə söykənmişdir.
Bir beytdəki tezisin antitezisini başqa beytdəki antitezislə əvəzləmək məntiqsizlik
yaradar.
Şeirdə həm sözlər
(döşdüklü-surtuqlu, oğlan-qız, ər-nisvan,
Sonya-Tükəzban), həm
də cümlələr,
vəziyyətlər ( məzlumların
göz yaşının
dərya olması və dəryaların, ümmanların gərəksizliyi;
zalım, rəhmsiz ovçular və köməksiz ceyranlar, ahular; zəhmət çəkən kəndli,
öküzün olan güc, İlahiyə məxsus yer və havayı qazanc götürən bəyzadələr, xanlar;
uşaqbazlıqla məşğul
olan kişilər və evlərdəki hissləri dustaq edilmiş qadınlar və sair) vasitəsilə
ifadə olunmuş qüvvətli təzadlar şeirin təsir gücünü qat-qat artırmışdır.
Şeirdə
vahid bir kompozisiya, süjet xətti yoxdur. Şeir şairin
duyduqlarının, etirazlarının partlayışı, bir
vulkan püskürtüsü kimi meydana
çıxmışdır. Sabir müşahidələrini,
ictimai haqsızlıq və ədalətsizliyin, mənəvi-əxlaqi
naqisliyin ürəkdağlayan səhnələrini İlahiyə
müraciətlə sadalayır. Sadalama şeirin maraqlı, təsirli
bir üslubi vasitəsi kimi çıxış edir.
Şeirin
qafiyə sistemi mükəmməl bir şəkildədir. Qafiyələr
bir-iki istisna olmaqla nəinki o zamankı geniş oxucu kütləsinə,
hətta müasir oxuculara da aydın olan sözlərdən
seçilmişdir: İnsanları , qanları, canları,
dövranları, ümmanları, ceyranları, xanları və
sair. Hər beytdə "neylərdin, İlahi?!" rədifinin
qafiyələrdən sonra təkrarı şeirdə təkcə
fikirləri bağlayan bir ifadə deyil, həm də ahəng
yaradan, ritm doğuran bir vasitədir. "Dəryalar,
ümmanlar", "ahulər, ceyranlar", "bəyzadələr,
xanlar", "tənbəl, dəli" kimi sinonimlər
fikrin dolğun ifadəsinə xidmət etmişdir.
Şeirdə
inkarla təsdiq iç-içədir ki, bu da Sabir üslubunun
özəlliklərindən birisidir. Şairin hər beytdə
inkar etdiklərinin, İlahiyə yönəltdiyi
suallarının arxasında onun arzuladığı, həsrətini
çəkdiyi bir dünyanın təsdiqini görmək mümkündür.
"Neylərdin,
İlahi?!" şeiri Sabir
yaradıcılığının maraqlı bir faktı
olmaqla yanaşı bu gün də insanları ictimai-mənəvi
naqisliklərə qarşı mübarizəyə səsləyən,
daxili enerjisini qoruyub saxlayan əsərlərdəndir.
VURĞUN ƏYYUB,
Filologiya üzrə fəlsəfə
doktoru .
Ədalət.-2013.-13 aprel.-S.5.