Sənətkarların faciəli taleyi

 

İsti güllədən, iti bıçaqdan, bumbuz biganəlikdən ölən aktyorlar haqqında tamaşa

 

Xalq yazıçı Elçin teatrlarımızla ən sıx yaradıcılıq əlaqələri saxlayan müəlliflərdəndi. Akademik Milli Dram Teatrı da daxil olmaqla müxtəlif teatrlarda son illər görkəmli yazıçı-dramaturqun "Ah Paris, Paris", "Mənim ərim dəlidir", "Arılar arasında", "Qatil", "Şekspir", "Teleskop", "Buzovna əhvalatları" və başqa əsərləri uğurla tamaşaya qoyulub. Xarici ölkələrdə də Elçinin dramaturgiyasına böyük maraq var. İngiltərənin, Rusiyanın, Türkiyənin müxtəlif teatrları tanınmış Azərbaycan müəllifinin pyeslərinə tez-tez müraciət edirlər.

Ölkənin baş teatrı tamaşaçılarını xalq yazıçısının yeni ədəbi qəhrəmanları ilə növbəti dəfə görüşdürdü. Xalq yazıçısının "Sənətkarın taleyi" faciəsi təqdim olundu.

 

Müəllifdən xəbərdarlıq və ya gözlənilən bir qətlin tarixçəsi

 

Akademik Milli Dram Teatrı "Sənətkarın taleyi" ilə bağlı yaradıcılıq işlərinə başlayandan bəri teatr ictimaiyyəti bu prosesi maraqla izləyirdi. Bu da bir neçə səbəbdən başa düşülən idi. Səbəblərdən biri, bəlkə də birincisi müəlliflə bağlıdı. Yuxarıda qeyd olunduğu kimi, xalq yazıçısı Elçinin qələmə aldığı pyeslərin uğurlu səhnə ömrü olur. Görkəmli dramaturqun səhnə üçün təqdim etdiyi yeni əsər aktyor və rejissor kimi milli peşəkar teatrımızın inkişafında böyük xidmətləri olan ölməz Hüseyn Ərəblinskinin faciəli həyatından danışdığından "Sənətkarın taleyi"nə maraq artmışdı. Üstəlik, tamaşanın afişası maraqlı ilklər vəd edirdi. Bu barədə bir qədər sonra. Bir neçə aylıq gərgin məşqlərdən sonra yaradıcı kollektiv yeni səhnə əsərini tamaşaçıların mühakiməsinə verdi.

"Sənətkarın taleyi" müəllifin xəbərdarlığı ilə başlayır. Dramaturqun tamaşaçılara çatdırılan remarkasından belə məlum olur ki, pyes ölməz aktyor və rejissor, sənət yolunda həyatından keçən Hüseyn Ərəblinskinin həyatından bəhs etsə də, tam bioqrafik əsər deyil.

Tamaşa başlayır və zalda oturanlar səhnədə baş verən hadisələrin köməyi ötən əsrin əvvəlinin Bakısına ekskurs edirlər. Axşam məşhur sənətkar Hüseyn Ərəblinski (əməkdar artist Firdovsi Atakişiyev) növbəti dəfə səhnəyə çıxacaq. Amma o dövrün Bakısında bu böyük sənətkarın pərəstişkarları olduğu kimi, əleyhdarları da var. Bığını qırxdığına, səhnəyə çıxdığına görə onu təqib edir, ölümlə hədələyirlər. Molla (əməkdar artist Əsgər Məmmədoğlu) onu dinsiz sayır, Qoçu (Vasif Həsənəliyev) aktyoru adət-ənənələrimizə hörmətsizlik etdiyi üçün onu öldürməyə hər an hazırdı, Baqqal (əməkdar artist Mirzə Ağabəyli) borclarını ondan ala bilmir. Qohumlarının da Ərəblinski ilə öz haqq-hesabları var. Bibi (əməkdar artist Hicran Nəsirova) aktyor qohumunun üzündən oğluna elçi gedə bilmir. Neftxuda Hacı Məmməd Tağı (əməkdar artist Telman Əliyev) qızını artistin qohumu Əbdülə vermək istəmir. Elçiləri əliboş qayıdan dayısı oğlu Əbdül (Hikmət Rəhimov) Hüseynə bunu bağışlamaq fikrində deyil, sonda heç bağışlamır da.

Amma hələ son deyil. "Sənətkarın taleyi" yeni başlayıb. Redaktor (Cümşüd Zeynalov), Jurnalist (Rəşid Bəxtiyarov) öz şər-böhtan dolu cızma-qaraları ilə sənətkarı mənəvi məhvi ilə məşğuldurlar.

Tamaşaçı Hüseyn Ərəblinskinin faciəsinə belə hazırlanır. Səhnədə bir qətlin tarixçəsi oynanılır.

 

Cəhalətin coğrafiyası olmur

 

Hüseyn Ərəblinski belə bir ağır şərtlər altında sənətkar taleyi yaşamaqdadı. Ətrafına topladığı fədailərlə böyük sənətə xidmət edir. Poloni (əməkdar artist Cəfər Namiq Kamal) yaxşı qazanclı sənətini buraxaraq Ərəblinskinin truppasına qoşulub. Yaqo (əməkdar artist Elşən Cəbrayılov) Ərəblinskinin istedadına, populyarlığına paxıllıq etsə də getməyə başqa yeri yoxdu. Bığlı artist (əməkdar artist Ayşad Məmmədov) qadın rollarını oynamağa məcburdu. Ərəblinski onun bığını güclə qırdığı üçün teatrdan gedir. Amma hara? İçki düşkününə, əyyaşa çevrilir. Vəssalam.

Truppada yeganə xanım aktrisa-Maya da (Natəvan Hacıyeva) faciə içindədi. Bacısını Ukraynanın Jitomir şəhərində qətlə yetiriblər. Gənc qız yalınız yəhudi olduğuna görə öldürülüb. Cəhalətin coğrafiyası olmur. Maya özü Bakıda xoş gün yaşamır. Aktrisa olmasa fahişə kimi Bakı küçələrində dolaşmağa məcbur ediləcək. Amma indi rollarını da sona kimi oynaya bilmir. Vərəm gənc qızın ömrünü saatbasaat yeyir və xəstəlik sonda Mayanı təkcə səhnədən yox, elə həyatdan da aparır.

 

Neft qoxusu və qorxusu

 

Qrafinya (xalq artisti Şükufə Yusupova) Rusiyanın bu ucqarında Hüseyn Ərəblinski kimi istedadlı aktyorun ifasını izlədiyinə görə özünü xoşbəxt sayır. Ərəblinskinin əsirinə çevrilən Qrafinya onun yolunda pulundan da keçir, bədənini də təslim edir.

Qubernatorun (Əjdər Zeynalov) isə Ərəblinskinin tamaşalarına baxmağa başqa məsələlərə görə məcburdu. O, neft qoxuyan Bakıda Rusiyanın siyasi maraqlarını qoruyur, imperiyanın ucqarlında yaşayan insanların savadlanmasından, milli burjuaziyanın inkişaf etməsindən qorxur. Xalqı maarifləndirməyə, cəhalətdən oyatmağa çalışan Ərəblinskiyə də potensial siyasi təhlükə kimi baxır.

Pyesin müəllifi obrazların dili ilə böyük bir həqiqəti tamaşaçıya çatdırmaq istəyir. Təbii sərvətlərin gətirdiyi pul, şöhrət nə vaxtsa tükənə bilər. Amma savadlı insanların yaratdığı sənət heç vaxt tükənmir, millətə daha çox kapital gətirir.

 

Tamaşa kimi həyat, həyat kimi tamaşa

 

Gözlənilən qətl sonda nəhayət ki, baş verir. Tamaşa boyu Hüseyn Ərəblinskini kölgə kimi izləyən dayısı oğlu Əbdül onu öldürür. Həmin səhnə maraqlı qurulub. Obrazlardan biri gülür, biri ağlayır. Eynən teatr maskasında olduğu kimi. Onsuz da həyat da teatr kimidi.

İsti güllədən, iti bıçaqdan, bumbuz biganəlikdən ölən sənətkarların taleyindən bəhs edən tamaşa belə başa çatır.

Tamaşa ilə bağlı qeydlərin əvvəlində "Sənətkarın taleyi"nin bir sıra ilklərlə yadda qaldığını qeyd etmişdim. Baş rolun ifaçısı əməkdar artist Firdovsi Atakişiyev Rus Dram Teatrındakı rolları telekanallardakı layihələri ilə yaxşı tanınır. Hüseyn Ərəblinski obrazı ilə Akademik Milli Dram Teatrının səhnəsinə ilk dəfə çıxan istedadlı aktyor bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacarır.

İrəvan Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorlarından sayılan Əjdər Zeynalov bu tamaşada Qubernator rolu ilə baş səhnəmizdə debüt edir. İstedadlı aktyor təbii oyunu ilə yadda qalır.

Ümumiyyətlə səhnəmizin ecazkar aktrisalarından sayılan xalq artisti Şükufə Yusupovanın, əməkdar artist İlham Hüseynovun (Qraf) və Əjdər Zeynalovun tandemi uğurlu alınıb.

Tamaşada digər rolları əməkdar artist Əjdər Həmidov (Məmur), İnna İmranova (Freylina), Vüsal Mustafayev (Carçı), Aslan Şirin (Gənc teatr vurğunu), Anar Heybətov (İntelligent) oynayırlar.

"Sənətkarın taleyi"indən, bu tamaşanın uğurundan və maraqlı ilklərdən söhbət düşəndə bir adı xüsusi vurğulamaq lazım gələcək. Bu da tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədi. Görkəmli kinorejissor Tofiq Tağızadənin ailəsində dünyaya gələn İranə xanım uzun illərdi ki, Rus Dram Teatrındakı maraqlı quruluşları ilə seçilir. Onun Akademik Mili Dram Teatrında ilk işi bu uğurların təsadüf olmadığını sübut edir.

Quruluşçu rəssam Tatyana Melnikova (Rusiya), geyim üzrə rəssamlar İranə Tağızadə və Tatyana Melnikovadı. Musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverov, işıq üzrə rəssam Rafael Həsənovdu.

Yəqin ki, tamaşaçılar "Sənətkarın taleyi"nə biganə qalmayacaqlar.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2013.-13 aprel.-S.9.