FƏXRİ
MÜSLÜM
Oxucuların və ədəbi ictimaiyyətin yaxından tanıdığı şair Fəxri Müslümün bu günlərdə 65 yaşı tamam olur. Bu münasibətlə biz şair dostumuzu ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzu etməklə yanaşı, onun son şeirləri ilə özünə də, oxuculara da şeir boxçası hədiyyə edirik.
Zəncir kimidi qaranlıqlar
Qaraçı
əlindən çıxmış zəncir kimi
soyuqdu
bu gecənin qaranlıqları
və
birdə
adda-budda
pəncərə işıqları süzülür
dəlmə-deşiyindən
bu zəncirlərin
adda-budda
siqaretimin tüstüsünü
gözlərim
zorla alır tuş gələndə
pəncərə
işıqlarına
çox
qaranlıqlar yola salmışam
və
çox qaranlıqlar köçürmüşəm
alnımın
qırışlarına
ancaq
qaraçı əlindən çıxan
zəncir
deyildi o qaranlıqlar
gəncliyimin
Ay
üzündə aylanmış həndəvərində
kiçik
bir kölgə kimiydi o qaranlıqlar
Könlümün
tutacağında
dan
üzünü ağardırdı yaylım öncəsi
sevinc
gətirərdi
qayğısız
günlərimin sabahlarına
şehdən
gülümsəyən ətirli çiçəkləri,
qönçəsi
və
onda
qaraçı
əlindən çıxmış zəncir kimi deyildi
o
qaranlıqlar
yolumun
üstünə
ulduzları
səpələnərdi səmanın bütöv
Ay
işığı qarışıq
bütöv
uşaqlığım qarışıq
Daşıyır
Adam
tərki-dünya olanda
hisslər
də
fikirlər
də tərki-dünya olur
dağınıq
olur
adam tərki-dünya
olanda
içinin,
çölünün çək-çeviri
başlayır
havası tıncıxmış,
boğanaq olur
nə alt qatı, nə üst qatı açıq olur
aşağı, yuxarı
bığa dirənir
saqqala dirənir
olumdan ölümə,
olumdan qəbirə
gizlin bir sirr daşıyır,
dərd daşıyır
girələnə-girələnə
günü, güzəranı
salıb məcraya
acıqlı daşıyır
sərt daşıyır
təkcə gözlərinin
ağında
bir elat, yurd daşıyır, yurd!
Neynəsin
Qismətin qayadan, daşdan
keçirsə,
Buna bəxt neynəsin,
günah neynəsin.
Top olub ömürdən, yaşdan keçirsə,
Təəssüf neynəsin, min ah neynəsin.
Nə vaxtsa kor olmuş
gözlərin varsa,
Canında qovrulan sözlərin
varsa,
Kölgəyə tutulmuş izlərin
varsa,
Dan üzü neynəsin, sabah neynəsin.
Zaman
alt-üst kimi ütüb elə bil,
Hər şey son olmuş tək itib elə
bil,
İçə bax, cin-şeytan
bitib elə-bil,
Hərislik neynəsin, tamah neynəsin.
Sənin
Sənin
eşqinin şıltaqlığı
çiçəkdə bərq
vuran şeh damlalarıdı
çöldə, çəməndə
itirər məni.
Gözlərindən
mənə yönəlmiş
bənövşəyi gülüşlərin
ömrümün
parçalanmış
qan qırmızı
nar dənələridi
səhrada qərib
düşmüş dərviş
kimi itirər məni.
Sənin
eşqinin şıltaqlığı
mənim gəncliyimin
çinaraltı görüş
yerlərimin
çiçək-çiçək xatirələridi
ya cənnətə,
ya əbədi ölümə götürər
məni...
Yaşadar
Ağrı, qarı deşmiş
tikan ucudu,
Bir soyuq nizə tək qorxu yaşadar.
Acı da ayazda yanmış
bir çiçək,
Solmuşu yaşadar, yoxu yaşadar.
Dərd
də çarıq ipi, düyün düşübdü,
Qalıb
yük altında, çiyin, düşübdü,
Söz almır adamı, heyi düşübdü,
Çəkib kirkirə tək oxu yaşadar.
Qəmə bax, dərəyə
yüklənib qalıb,
Kölgə tək qalnıyıb,
təklənib qalıb,
Üzü qırış-qırış, tüklənib qalıb,
Aza bax, ov qovar, çoxu,
yaşadar.
Kefə,
işrətə bax, gör nəyə tutub,
Gün ağzına tutub, güneyə tutub,
Özünü gündəlik təhnəyə
tutub,
Haramı yaşadar, toxu yaşadar.
Ağrı, qarı deşmiş
tikan ucudu,
Bir soyuq nizə tək qorxu yaşadar.
Acı da ayazda yanmış
bir çiçək,
Solmuşu yaşadar, yoxu yaşadar.
Yaxşı
Canda ki, bir udum
havadı dünya,
Qədəri-qiyməti bilmək yaxşıdı.
Əgər öndə yurd
var, Vətən də varsa,
Girib də cənglərə ölmək
yaxşıdı.
Könül ki, binədən
hər dağı çəkər,
Sürünən çənə bax,
Ər dağı çəkər,
Qar örtmüş zirvəsi,
hər dağı, çəkər,
Əyilib dizüstə gəlmək
yaxşıdı.
Həsrət çilik-çilik qəmə
tutular,
İllər də sədəfsiz
simə tutular,
Dünya
bilə-bilə kinə
tutular,
Ona acıq
verib gülmək yaxşıdı.
Bu yola-izə bax, düşmənə çıxır,
Düşmənin dişi də tək sənə çıxır,
Özgəyə çıxmır ki,
tək sənə çıxır,
Biryolluq ömürdən silmək
yaxşıdı.
Canda ki, bir udum
havadı dünya,
Qədəri-qiyməti bilmək yaxşıdı.
Əgər öndə yurd
var, Vətən də varsa,
Girib də cənglərə ölmək
yaxşıdı.
Dönər
Bu gülə bax, bu gül məni
yaman tutdu,
Üstündə şeh, göz-göz olub gözə dönər.
Gün vurduqca yamşaqlanıb allanıbdı,
Yanaxları oda dönər, közə dönər.
Dör başında eşq içində bülbül
gəzər,
Dan üzünü nəğmə
bəzər, şərqi
bəzər,
Kəpənəklər yallı üstə süzər, süzər,
Bu gül elə
misralara, sözə dönər.
Xoş ətrindən meyxoş olub meylənərəm
Kal sevgimin şah taxtında əylənərəm,
Yar başında, dövrəsində
teylənərəm,
Həsrətim də yarpaq-yarpaq güzə dönər.
Bu gülə bax, bu gül məni
yaman tutdu,
Üstündə şeh, göz-göz olub gözə dönər.
Gün vurduqca yamşaqlanıb allanıbdı,
Yanaxları oda dönər, közə dönər.
Aldadar
Torpaq əsirlikdə, gül əsirlikdə,
Şeirin, sözün də bozu aldadar.
Nə havası hava, nə mehi mehdi,
Asfaltın üstündə yazı aldadar.
Çaya
bax, şərqisi o üzdə qalıb,
Yaylaq xatiratım yol-izdə qalıb,
Binə
qışdağımda, ya
düzdə qalıb,
Küləyin qum eşqi, nazı aldadar.
Sinəsi
açılmaz, duman yol üstə,
Şeytanı yol üstə,
yaman yol üstə,
Ömür də ilmə tək, zaman yol üstə,
Qəm üstə
dinib də sazı aldadar.
Toran incələnməz, şər
ölü kimi,
Səma
ölü kimi, yer ölü kimi,
Gecənin, zülmətin heykəli
kimi
Açılmaz dan üzü, gözü aldadar.
Qarışar fəsillər baş-ayaq
olar,
Bir də görərsən ki, qış sayaq olar,
Yuxun ərşə çəkər,
baş oyaq olar,
Kirpiyin acısı,
özü aldadar.
Torpaq əsirlikdə, gül əsirlikdə,
Şeirin, sözün də bozu aldadar.
Nə havası hava, nə mehi mehdi,
Asfaltın üstündə yazı aldadar.
Şaiq Vəliyə
Sənin
cismani varlığına
ağrımadım, qardaşım,
Ağrıdım, ruhuna ağrıdım, ruhuna.
Əski
davranışına,
əski türklüyünə
ağrıdım qardaşım,
türklüyünə.
Sarışın buğda zəmiləri
kimi telinə
Sapsarı qantəpər çiçəyi
kimi solmuş üzünə,
sifətinə ağrıdım,
sifətinə.
Cod, danışığına, söhbətinə,
comərdliyinə, mərdliyinə,
və birdə
şaman duaları
üstə şeir deməyinə ağrıdım,
şeir deməyinə.
Adamlara qarşı
bir kənd məhəbbətinə,
bir türk məhəbbətinə ağrıdım,
türk məhəbbətinə.
Dədə Qorqud dastanı
üstə yüklənmiş
dilinə,
İçində qərib-qərib gəzdirdiyin
və son nəfəsində
Gözlərinin ağında, qarasında
axirət dünyasına
apardığın
əsir düşmüş
və səndə yurd olmuş bir dünyana,
bir elinə ağrıdım, bir elinə,
Ocaq yerində qoyub gəldiyin
külünə ağrıdım,
külünə.
Sənin
cismani varlığına
ağrımadım qardaşım,
Səma
mələklərindən sənə
göndərilmiş
və şeir üstə köklənmiş
ruha ağrıdım,
ruha.
Ağrının özünə ağrımaq
başqadır qardaşım,
və mən, bu ağrıya,
bu aha ağrıdım
qardaşım, bu aha.
Çünki heç kimdə
olmayan bir ruh vardı səndə,
biz öldürdüyümüz,
çarmıxa çəkdiyimiz,
oxa tutduğumuz
ürəyində, könlündə,
sinəndə
bu ruhu
təkcə sən gəzdirib,
sən yaşada bilərdin Şaiq Vəli, təkcə sən.
Ədalət.-2013.-13 aprel.-S.12