CƏSARƏTLİ
QƏLƏMİN İŞIĞI
Oxucuya doğru gedən
yeni kitab
Bu
günlərdə mənə yeni bir kitabın çapa
hazırlanan səhifələrini oxumaq nəsib oldu. Doğrusu,
hələ mətbəə yolunda olan bu vərəqləri
oxumağa başlarkən ürəyimdən qəribə
hisslər gəlib keçdi. O hisslərin bir ucu təbii ki,
xatirələrə gedib bağlanırdı. O xatirələr
ki, onun əlifbəsı doğulduğum el-obayla, üz
tutduğum şəhərlə, əmək fəaliyyətimin
müəyyən dövrü ilə sıx bağlı idi.
Bu elə bir bağlılıq telləri idi ki, onun hər
birinin öz ovqatı, öz pıçıltıları məni
gah kövrəldir, gah da ümid üzərində kökləyirdi...g
Oqtay
Əliyev mətbuat sahəsində
çalışdığı ilk günlərdən
özünü və sözünü saydırmağı
bacarıbdı. Təbii ki, özünü və
sözünü doğulduğun el-obada tanıdıb sevdirmək
də hər insana nəsib olmur. Amma Tanrı Oqtay Əliyevin
üzünə gülüb. Ona verdiyi istedad, ona
açdığı qapı həyatın bütün
dolanbaclarından keçə-keçə bütövləşib,
kamilləşib və sahibini, aid olduğu ünvanı
ictimailəşdirə bilibdi.
Mən
onu Füzuli rayonunda çıxan "Araz" qəzetindəki
imzasından, sonra həmin o qəzetin və digər çap
məhsullarının hazırlandığı mətbəədən
tanımışam, birlikdə işləmişik,
dostlaşmışıq... hətta əmək kitabçamda
onun imzası da var. Bütün bunları bilərəkdən
yazıram. Çünki indi barəsində fikirlərimi
bölüşəcəyim və oxuculara nə vaxtsa təqdim
olunacaq gələcək kitab haqqında deyəcəklərim
müəyyən qədər də haqqında bəhs etdiyim
o uzaq keçmişlə, o arxada qalan günlərlə
bağlıdır...
Bizim
həyatdakı təmaslarımız, söz, fikir mübadilələrimiz
səmimi olduğu qədər də təmənnasız idi.
Ona görə də istənilən yazı barəsində
fikirlərimizi bir-birimizə çox rahatlıqla, çəkinmədən
söyləyirdik. "Araz" qəzetində yaranmış
bu xoş və sağlam mühit özünü tanıtmaq
üçün, özünü təqdim etmək
üçün əsl bir təkan nöqtəsi idi. Bu
nöqtədən başlayan yol isə uğurlara doğru,
sabahlara doğru istiqamət götürürdü. Bax, həmin
o "Araz" qəzetinin yaradıcı və səmimi
mühitində biz bir-birimizi oxuyurduq, bir-birimizin iç
dünyasına nüfuz edə bilirdik. Mən də Oqtay Əliyevin
reportajlarını, müsahibələrini, məqalələrini,
eləcə də özünəməxsus replikalarını
qəzet səhifələrində oxuduqca onun qələmindəki
işığı, fikirlərindəki qətiyyəti, dəqiqliyi
duyur və öz-özümü düşünürdüm
ki, bu qələmin sahibi görəsən niyə daha
böyük ədəbi nümünələrə, janrlara
üz tutmur? Amma bu düşündüklərimi ona demirdim.
Daha doğrusu, sanki kimsə mənə bir az da gözlə, səbrli
ol tapşırığını verirdi. Sonradan gözlədiyimə
və səbrli olduğuma görə o ilahi gücə təşəkkür
etdim. Çünki...
Bəli,
Füzuli rayonu işğala məruz qaldı... biz pərən-pərən
düşdük... iş yerlərimiz, evlərimiz təkcə
itirilmədi, həm də yağmalandı, talandı... Biz
itirdiklərimizin həsrəti ilə müxtəlif
ünvanlarda qovrula-qovrula günləri aylara, illərə
çevirdik. Və günlərin birində Oqay Əliyevlə
qarşılaşanda çoxdan bəri sorağını
aldığım kitabları münasibəti ilə onu təbrik
etdim. Dövrü mətbuatın müxtəlif saylarında
rast gəldiyim novellaları, esseləri, satirik yazıları
barəsində düşüncələrimi onunla
bölüşdüm və xahiş etdim ki,
kitablarından mənə də
bağışlasın.
Sonrakı
görüşlərimizdə Oqtay müəllimin mənə
gətirdiyi kitabları barəsində artıq rahatca söhbət
edirdik. Xüsusilə onun Qarabağ bölgəsində
böyük hörmət və ehtiramla anılan Seyid Əşrəf
Ağa barəsindəki
kitabı mənim üçün, eləcə də
el-obamız üçün çox dəyərli bir hədiyyə
idi. Bu söhbətlərimizin birində Oqtay müəllimin
çapa yeni nəsr hazırlayıb-hazırlamadığını
da soruşdum. O da yaxınlarda mənə yeni kitabın əlyazmasını
təqdim edəcəyini və fikirlərimi bilmək istədiyini
dedi.
Budur,
həmin o yeni kitab əlimdədir. Bir neçə
gündür ki, 3 bölümdən ibarət olan bu kitabı demək olar ki, son
nöqtəsinə qədər gözdən keçirmişəm.
Doğrudur, burada əvvəllər mətbuatdan oxuduğum
tanış esselər də, satirik yazılar da var. Necə
deyərlər, "köhnə tanışlarla"
qarşılaşdığım məqamlar da az deyil. Amma
toplum halında bu kitabda özünəməxsus bir nəfəs
var. Çünki çox yığcam, konkret olan bu esselər,
hekayələr, satirik yazılar, deyimlər, məqalələr
adamı yormur. Sanki bir esse ilə ikincisinin, bir hekayə ilə
növbətinin arasında dayanıb düşünməyə,
dərindən nəfəs almağa müəllif oxucu
üçün bir imkan yeri qoyubdu. Həmin o imkan da oxucunu
daxilən rahatlayır, onun oxuduğu həmin o kiçik esse
barəsində və yaxud hekayə barəsində
öz-özü ilə danışmaq, öz-özü ilə
sual-cavab etmək fürsətini verir.
Digər
tərəfdən bütövlükdə bu kitabda bir
gerçəklik var. Müəllifin bütün bədii təxəyyülünə
baxmayaraq, adama elə gəlir ki, Oqtay Əliyevin təqdim
etdiyi qəhrəmanlar, qurduğu süjet onun gözlərinin
önündədi, onun tanıdığı insanlardı,
onun müşahidə etdiyi mənzərədi. Bu da zənnimcə,
yazı adamı üçün son dərəcə müsbət
göstəricidi.
Yeni kitabda daha bir maraqlı
məqam müəllifin
dilidi. Şəxsən
mən bu kitabın üzərində
müəllifin adını
görməsəm, kitabın
anotasiyası ilə tanış olmasam, onun içərisindəki
istənilən bir məqaləni, hekayəni,
esseni oxumaqla burada Qarabağ ruhu tuta bilərəm
və mübağiləsiz
əsərin dilinin Qarabağ bölgəsindən
qidalandığını birmənalı
ifadə edə bilirəm.
Yeni kitabda oxuculara təqdim olunan hər bir essenin,
hər bir satirik yazının arxasında həm də yaşadığımız
bu gün var. Bu da müəllifin zamanını, dövrünü,
cəmiyyətdə baş
verən hadisələri
görmək, onu çəkinmədən öz
prizmasından təqdim
etmək imkanını
ortaya qoyur. Oxucu görür ki, müəllifin satirik qələmlə təqdim etdiyi və bir az da bədiiləşdirdiyi
qəhrəmanlar, hadisələr
bu günün, bu anın içərisindən
çıxır. Kimlərsə
onu görməsə də, kimlərsə də görüb deməkdən çəkinsə
də, Oqtay Əliyev özü öz xarakterinə, öz üslubuna xəyanət etmədən
gördüyünü, du yduğunu, yaşadığını bədii
sözün imkanlarından
istifadə etməklə
oxucuya çatdırır.
Mən bu yeni kitabda gördüyüm
işıqlı tərəflərin
bəzilərini bu kiçik yazımda ifadə etməyə çalışdım. Özü də
heç bir nümunə gətirmədən,
heç bir essenin, hekayənin, satirik yazının adını çəkmədən.
Çünki bu yazılar
bir-biri ilə ruh bağlılığı,
təması qurublar.
Onları bir-birindən
ayırmaq mənim üçün bir az insafsızlıq
olardı. Ona görə də
mən bütöv halında, bütöv gördüyüm bir kitabın oxucusu kimi Oqtay müəllimi
təbrik edir, ona yeni kitabı
ilə birlikdə yeni və daha
böyük oxucu auditoriyası arzu edirəm. Tam əminliklə bildirirəm
ki, bu kitab
Oqtay Əliyev yaradıcılığının mükəmməl bir ifadəsidi.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2013.-16 aprel.-S.8.