ŞAİRİN
İLK KİTABI, TUTARLI QƏLƏMİ
Mən, əlimə hər hansI bir yazarın ilk dəfə işıq üzü görmüş bir kitabını götürüb kitabla ilk tanışlıq üçün onu vərəqləməmişdən əvvəl xeyli həyəcan keçirirəm. Ürəyimdə dua edirəm ki, bu kitab bir oxucu kimi həm mənim, həm də bütün kitabsevərlərin könlünü oxşayıb, etimadını doğrulda... Bu yaxın günlərdə ünsiyyətdə olmağa başladığm bir kitab barədə - hörmətli şair və yazar Bayram müəllim Qaralovun ilk kitabı - müxtəlif yaradıcılıq dövrlərındə yazdığı seirlər və publisistik yazılardan nümunələr toplanmış "Bülbülü gülə tapşırın" kitabı barədə öz təəssüratlarımı dəyərli oxucularla bölüşmək istədim... Kitabın ön söz müəllifi və rəssamı incə təbli, geniş ürəkli, yaradıcılığını oxucularının ürək çırpıntısı ilə izlədiyi şair Məmməd Dəmircoğlu, məsləhətçısı tanınmış alim-filoloq Rüstəm Kamaldır...
Bayram müəllimin ilk kitabı bu yaxın günlərdə araya-ərsəyə gəlsə də, müəllifin yaradıcılığını izlədikcə onun deyim tərzindən, qələminin püxtəliliyindən, yaradıcılığına hopdurduğu humanist baxışlardan, vətənpərvərlikdən, yurd sevgisindən, haqsızlıqlara qarşı yumoristik etirazlardan aydın dərk olunur ki, o, ilk qələm təcrübələrini tez-tələsik, çəkisini, dəyərini saf-çürük etmədən kitab halında çap etdirənlərdən deyildir. Bayram müəllim qələminin ağsaqqallıq yaşı, kökü-bünövrəsi, dəyəri, sanbalı var. Bu kök, bu bünövrə hər şeydən əvvəl şairin qəlbinin dərinliklərindən rişələnib, dünyaya göz açdığı müqəddəs Borçalısının dilbər guşələrindən olan Başkeçidin əzəmətli dağlarından, məğrur qayalarından, müqəddəs torpağından-daşından və dünyaya qədəm basdığı, gülləri bülbüllərini, bülbülləri güllərini çağıran, şirin pıçıltıları ilə ana laylası oxuyan zümrüd meşəli Ormeşən kəndındən şaxələnib, qol-budaq atıb, borçalılığını iftixarla tərənnüm edib... Yaxın olsun, uzaq olsun, hansı məkanda olursa-olsun şair könlü, övladlıq borcu, yurd təəssübü Bayram müəllimi doğma Borçalısının hər an müqəddəs cazibəsində yaşadır...
Başkeçid dağları baş-başa durur,
Sarvanda
gözəllər min busat qurur,
Alın
yazısıdır - əzəmət, qürur,
Açılan
sabaha dandı Borşalı.
Ormeşən-qoynunda
bir cənnət guşə,
Darvazın
dörd yanı yamyaşıl meşə,
Bayramın
könlünü gətirir cuşa,
Canında
ömürlük candı Borçalı.
Bayram müəllim təkcə
Borçalıya yox, ümumiyyətlə Azərbaycana, millətinə
ürəkdən, sıx-sıx bağlanmış bir
insandır. Şeirlərində Bəhmən, Akif Səməd,
Dədə Əmrah, Aşiq Kamandar, Hüseyn Saraclı kimi sənətin
nəhənglərini, cavan və istedadlı
aşıqlarımızdan Şəhriyar Qaraxanlını tərənnüm
edir, onlara xeyir-dualarını verir...
Sözün açığı, müəllifin nəsr əsərləri diqqətimi daha çox cəlb elədi. Qələmindəki yığcamlılığı, mənası-məntiqi, xüsusilə yığcamlığı qədər geniş məna-məzmun kəsb edən "Nekroloq", "Dan ulduzu" hekayələrini, "Bənövşə duruşlu söz qibləsi" publisistik yazısını məmnuniyyətlə oxudum. "Nekroloq" hekayəsi əslində sovet dönəmlərində mətbuat səhifələrinə çıxmağa can atan, lakin mətbuat qapiıları üzlərinə sıx-sıx bağlanmış ədəbi gəncliyin nekroloqudur. Gəncliyimdə mən də bu zümrəyə xas adamlardan olmuşam. İki-üç bəndlik bircə şerimi çap etirmək üçün nə qədər məşəqqətlərə məruz qalmışam. 1986-cı ilin söhbətidir. ÜmumTurk dünyasında aşıq sənətinin məşhur korifeyi Aşıq Kamandar haqqında öz ürək sözlərimi qələmə alıb Ustada həsr etdiyim bir neçə şerlə birlikdə o vaxtkı "Sovet Gürcüstanı" qəzetinə göndərdim. İllərlə heç bir cavabın sahibi olmadım. Sovet hakimiyyəti devrildikdən sonra "Sovet Gürcüstanı" "Gürcüstan" qəzeti oldu. 1999-cu ildə Ustad, Bakıya yolu düşmüş oğlu Əflatunla "Gürcüstan" qəzetinin bir nömrəsini mənə göndərmişdi. Qəzetin səhifələrini vərəqləyəndə gözlərimə inanmadım. Aşıq Kamandara yazdığım ürək sözlərim də, şeirlərim də heç bir redaktəyə ehtiyacı olmadan, "Arxiv saxlancımızdan" rubrikası altında, "Hardasan, ay İsmayıl" başlığı ilə qələmimdən necə çıxmışdısa, eləcə də dərc olunmuşdu. Bu yazılarımın qəzetin arxiv "təcridxanasında" 13 il məşəqqətlə növbə gözləməsinin səbəbi də belə aşkarlanmışdı ki, məktubuma: "Şifahi cavab veridi", -deyə dərkənar qoyulub arxivə göndərilmişdır. Fürsətdən istifadə edib həmin yazılarımı üzə çıxarıb dərc elətdirən, həmin illərdə "Gürcüstan" qəzetinin redaktor müavini işləyən, Borçalının qeyrətli oğlu İslam müəllim Əliyevə minnətdarlığımı bildirirəm.
Hörmətli Bayram müəllim, sizin dərin məna kəsb edən, gözəl "Nekroloq" hekayənizi oxuyanda bir təəssüf hissinə də qapıldım; axı niyə mənə bu gözəl hekayəni o vaxtlar oxumaq qismət olmamışdı ki, redaksiyalara göndərdiyim yazılarımın arxivlərdə bu qədər işgəncələrlə qatlaşmamasına çarə tapa biləydim. Bayram müəllimə uzun ömür, can sağlığı arzulayıram. Yaradıcılıq yollarında mökəm və qəti addımlar, iti qələm, coşqun ilham diləyirəm. Ümidvaram ki, Bayram müəllimin daha geniş, irihəcmli kitabları ilə tez-tez görüşlərimiz olacaq.
İsmayıl
İLMƏZLİ
Ədalət.-2013.-17 aprel.-S.6.