Amaliya Pənahova:
"Bütün seriallarımızın dili qüsurludur"
Xalq artisti Amaliya Pənahova ilə
müsahibəsi
- Amaliya
xanım, Azərbaycan tamaşaçısı sizi professional
kino və teatr aktyoru kimi tanıyır. Bir aktrisa olaraq Azərbaycan
mədəniyyətində gördüyünüz işlər,
göstərdiyiniz xidmət misilsiz və danılmazdır. Səhv
etmiriksə, "Məhkumlar" bədii televiziya
serialında canlandırdığınız Amaliya obrazı
karyeranız boyu bir serialda həyat verəcəyiniz ilk roldur.
-
Düzdür, rəsmən bu mənim bir televiziya serialında
ilk işimdir. Ancaq xatırlatmaq istəyirəm ki, bir neçə
il bundan öncə Türkiyə və Azərbaycanın
müştərək istehsalı olan dörd seriyalı bir
filmdə çəkilmişəm. Nəzərə alsaq ki,
"Məhkumlar"ın 10 seriyasında iştirakım
planlaşdırılıb, əlbəttə, müqayisədə
buradakı işim daha iri həcmlidir. Ümumiyyətlə, mən
"Məhkumlar" başda olmaqla bu gün çəkilməkdə
olan bütün seriallara uğurlar arzulayıram. Nöqsanlar,
qüsurlar ola bilər. Çünki bu, bir
başlanğıcdır. İstənilən yeni işin əvvəlində
müəyyən səhvlər ola bilər və bunu
böyük bir faciə tək yox, tam təbii bir hal kimi qəbul
etmək lazımdır. Hər şey zamanla yoluna qoyulacaq,
bütün çətinliklər,
çatışmazlıqlar tədricən arxada qalacaq. Unutmaq
lazım deyil ki, inkişafın yolu, təcrübədən,
təkamüldən keçir. Yadda saxlayaq ki, hazırkı mərhələ
bir sınaq dövrüdür. Biz böyük
ölçüdə istədiyimizə, məhz bu sınaq mərhələsi
yekunlaşdıqdan sonra çata biləcəyik.
Amma bu
proses boyu əsas qazanclarımızdan biri də yeni
adların, yeni simaların - rejissorların, aktyorların,
operatorların, prodüserdən tutmuş işıqçıya
qədər müxtəlif istedadlı gənclərin meydana
çıxması olacaq. Sanki bu bir ələkdir, kimlərsə
bu ələkdən ələnəcək, kimlərsə
özünü, istedadını təsdiqləyərək
üzdə qalacaq. Sözün həqiqi mənasında,
hazırkı mərhələnin çox böyük əhəmiyyəti
var. Bir daha vurğulamaq istəyirəm ki, məhz bu zaman kəsiyində
bir çox gənc istedadlar aşkarlanacaq, cəmiyyətdə
tanınacaq, seviləcək. Bu mənada,
düşünürəm ki, dövlət tərəfindən
milli teleserialların çəkilməsinə verilən
böyük maddi və mənəvi dəstək yalnız
müsbət nəticələrə gətirib
çıxaracaq. Nə qədər dünya təcrübəsindən
öyrənməyə cəhd etsək, bəhrələnsək,
bir o qədər tez uğura yaxınlaşa, qarşıya
qoyulmuş məqsədə nail ola bilərik. Şübhəm
yoxdur ki, bir neçə ildən sonra bizdə də
Rusiyadakı, xüsusilə də Türkiyədəki kimi
geniş tamaşaçı auditoriyasının rəğbətini
qazanmış keyfiyyətli işlər ortaya qoyulacaq.
- Siz
böyük təcrübəyə malik ustad bir sənətkarsınız.
Buna görə də bir qədər konkret
danışmağınızı istərdik: bizim seriallarda
çatışmayan nədir? Tamaşaçı sevgisini və
uğur qazanmaq üçün ilk növbədə nə etmək,
hansı addımları atmaq lazımdır?
- Bizim
serialların çatışmayan əsas cəhətlərindən
biri professionallara az müraciət olunmasıdır.
Şübhəsiz, professinallar olan yerdə keyfiyyət də
yüksək olur. Və istər-istəməz bu profesionallarla,
ustadlarla işləyən gənclər də onlardan öyrənir,
əsl sənət məktəbi keçməli olur. Bu,
çox mühüm amildir və bizim serial çəkilişləri
ilə məşğul olan həm prodüserlərimiz, həm
də rejissorlarımız bu məqama xüsusi diqqət və
həssaslıqla yanaşmalıdırlar.
- Hal-hazırda
çəkildiyiniz "Məhkumlar" bədii televiziya
serialı ilə bağlı münasibətinizi bilmək
maraqlı olardı.
- Mən "Məhkumlar"ın təqdimat
mərasimində də, bildirmişdim ki, bu çox effektli bir
layihə, uğurlu bir başlanğıcdır.
Çünki ümumilikdə, "Məhkumlar" serialının
yaradıcı və texniki heyəti profesionallardan ibarət
bir komanda olaraq formalaşıb. Ən əsası da, bax, elə
budur. Elə bu vacib amil keyfiyyəti də, uğuru da təmin
edir. Düşünürəm, məhz elə bunun nəticəsidir
ki, "Məhkumlar" tamaşaçıların sevgisini və
rəğbətini qazanıb.
- Siz hazırda "Məhkumlar"da
Amaliya obrazını canlandırırsınız. Bu obrazla
bağlı mülahizələrinizi, fikirlərinizi
oxucularımızla bölüşmənizi istərdik.
- Bu yeni Amaliyayla əlaqədar ilk təəssüratlarım
çox xoşdur. Nəzərinizə catdırım ki, mən
bu obraza hələ 10 seriya əvvəldən çəkilməliydim.
Amma gah digər işlərimlə bağlı ölkədə
olmadım, gah səhhətimdə müəyyən problemlər
yarandı və mənim çəkilişlərə
qatılmağım bir qədər yubandı. Amma bu müddət
ərzində serialın rejissoru Yaşar Əhmədov və
ssenaristi Vüsal bəy mənimlə mütəmadi olaraq əlaqə
saxlayırdılar. Görünür, qismət bu günəymiş.
Çəkildiyim Amaliya maraqlı bir obrazdır və mən
də çalışacağam ki, nəsə fərqli bir
iş ortaya qoyaq. Çünki şəxsən mənim
özüm üçün də müasir dövrün
biznes-ledisini, işgüzar qadınının xarakterini
canlandırmaq çox maraqlıdır. Ümid edirəm ki,
yaxşı bir iş alınacaq.
- "Məhkumlar" komandası əsasən
gənclərdən təşkil olunub. Bu günki gənclərlə
işləmək sizdə hansı təəssüratları
yaradır?
- Mən hər zaman gənclərlə
işləməyi xoşlamışam və tam səmimiyyətimlə
deyirəm ki, çox vaxt da özüm buna can atmışam.
Bildiyiniz kimi rəhbəri olduğum Bakı Bələdiyyə
Teatrı 20 ildən artıqdır ki, fəaliyyət göstərir
və bu gündə onun kollektivinin səksən faizini gənclər
təşkil edir. Mən həmişə istedadlı gənclərə
böyük etimad göstərmişəm, Allaha
şükürlər olsun ki, onlar da hər zaman mənim
etimadımı doğruldublar. "Məhkumlar"ın
çəkilişləri davam etdikcə, şahidi oluram ki, bu
komandaya əsasən bacarıqlı, peşəsinə ürəkdən
bağlı olan istedadlı gənclər toplaşıblar. Hər
birinə sənətdə uğurlar arzulayıram.
- Karyeranız boyu əsasən
tammetrajlı bədii filmlərdə çəkilmisiniz. Bu,
bir həqiqətdir ki, tammetrajlı filmlərlə seriallar
arasında bir sıra fərqli cəhətlər var. Bu fərqli
məqamlarla bağlı düşüncələriniz hər
kəs üçün maraqlı olar.
-
Xüsusi vurğulamaq istəyirəm ki, serialların
çoxluğu naminə nə gəldi, hansı mövzu oldu
çəkmək qətiyyən düzgün deyil. Məqsəd
sənətin səviyyəsini yüksəltmək, mənəviyyata
xidmət etmək olmalıdır. Bacardıqca bayağı
mövzulardan qaçılmalı, düşündürücü,
problematik mövzulara üstünlük verilməlidir. Belə
olan təqdirdə, tamaşaçı da kinodan, sənətdən
uzaq düşməz, sevə-sevə ekran qarşısında
oturar. Əsas məqsəd gənclərimizin problemlərini
işıqlandırmaq, adət-ənənələrimizi,
tariximizi yaşatmaq olmalıdır. Yadıma
düşmüşkən, daha bir məqama diqqət çəkmək
istəyirəm. Bu da seriallarımızın diliylə
bağlıdır. Televiziya rəhbərləri bu məsələyə
xüsusi həssaslıqla yanaşmalıdırlar. Bu gün yayımlanan bütün
seriallarımızın dili qüsurludur. Biz heç bir
güzəştə getmədən dilimizim
saflığını qorumalı, ədəbi dilimizi
yaşatmalı, inkişaf etdirməli, layiqli şəkildə
gələcək nəsillərə ötürməliyik. Ən
böyük arzum isə tarixi mövzuda serialların çəkilməsidir.
Düzdür, bunun üçün çox vəsait
lazımdır, amma şərəfli tariximizi yaşatmaq, gənclərimizə
təbliğ etmək və gələcək nəsillərə
catdırmaq naminə bu çox vacibdir.
Ədalət.-2013.-16 aprel.-S.8.