Pisliyə, yaxşılıqla cavab verən insanam

 

Bugünkü qonağımız görkəmli xanəndəmiz, respublikanın xalq artisti Səkinə İsmayılovadı

 

- Səkinə xanım, sənətdə həmişə seçilən, sevilən başqa həmkarlarınızdan fərqlənən bir xanəndə olmusunuz. Bir sənətkar kimi bu qədər sevgiyə, məhəbbətə necə nail olmusunuz?

- Sənətdə fərqli olmaq, sevilmək üçün insan mütləq fərqli işləri sənətini sevərək həyata keçirməlidi. Mən hələ orta məktəbin  səkkizinci sinfində oxuyanda "Oxu tar" müsabiqəsində artıq ilk diplomumu almışdım. Teatrşünas İlham Rəhimli hələ o vaxtlar "Kommunist" qəzetində mənim çıxışımı və qalibiyyətimi haqqında bir yazı da yazmışdı.

Məni ilk dəfə kəşf edən, bu sənətə gəlməyimə istiqamət verən insan böyük alimimiz, mənim müəllimim Vidadi müəllim olub (akademik Vidadi Xəlilov-S.Ə.). Məktəbdə mən hər zaman əlaçı şagird olmuşam. Arzum da hüquqşünas olmaq idi. Vidadi müəllim də mənə hər zaman deyirdi ki, sən gözəl hüquqşünas, həkim ola bilərsən. Amma səsi allah hər kəsə vermir. Səs mütləq seçilən insanların qismətinə yazılır. Görünür ki, mənim də ailəmdən aldığım tərbiyə, böyüyə qulaq asmaq, onlarınn fikirlərinə hörmət etmək mədəniyyəti məni Vidadi müəllimin sözünü dinləməyə vadar etdi. Çünki, Vidadi müəllim musiqini dərindən bilən, duyan, musiqi alətlərində gözəl çalmağı bacaran bir insan idi. Mən də bilirdim ki, əgər o, mənim istedadımı görüb, mənim gələcəyimə inanırsa, deməli onun fikirlərinə inanmaq və güvənmək lazımdır. O, həm də çox həssas insan idi. Təssəvvür edin ki, mən xalq artisti adını alanda o, mənə uşaqlıq səsim yazılmış bir disk hədiyyə etdi. Həmin hədiyyə bu günə qədər mənim aldığım hədiyyələrin ən gözəli oldu. Yəni insanlar tərəfindən seçilib, sevilməyim artıq yaşımın çox erkən dövrlərindən başlamışdı. Sonralar orta məktəbi bitirib Asəf Zeynallı adına muğam məktəbinə daxil oldum. Elə ordan da Opera Teatrına dəvət aldım.

- Səhv etmirəmsə, ilk rollarınızdan biri də "Leyli və Məcnun" operasında Leyli oldu?

- Bəli, düz buyurdunuz. İlk rolum "Leyli və Məcnun" operasında Leyli oldu. Daha sonra "Əsli və Kərəm" də Əsli, "Gəlin qayası"nda Gülbahar, "Aşıq Qərib"də Şahsənəm, "Vaqif"də xanəndə qız və s. Yəni bütün muğam operalarının baş qəhrəmanlarını canlandırmışam. Həmin illərdə mənə daha bir xoşbəxtlik nəsib oldu ki, mən böyük sənətkarımız Rəşid Behbudovun diqqətini çəkdim.

Təbii ki, həmin dövrlərdə böyük sənətkarlar, şəxsiyyətlər istedada, sənətə qiymət verirdilər. O zaman Rəşid Behbudov məni Mahnı Teatrına dəvət edib, bildirdi ki, onun Fransa, Belgiya səfərlərində mahnı teatrının tərkibində mən də iştirak edim. Elə bir sənətkarla bir səhnəni paylaşmaq, səfərlərdə olmaq, onun məktəbini keçmək mənim üçün çox şərəfli və məsuliyyətli bir iş idi. Yəni onun danışığı, baxışı, duruşu sözün əsl mənasında bir məktəb idi. Mən uzun illər opera teatrında işlədim. Və mütəmadi olaraq Rəşid Behbudov tərəfindən dəvətlər alıb, onun mahnı teatrı ilə birgə qastrol səfərlərində iştirak etdim. Onun axırıncı Hindistan səfərində də mən onunla bir ay müddətində eyni səhnəni paylaşdım.

Mənim muğam müəllimim Nəriman Əliyev olub. Niyazi, Rauf Adullayev, Kazım Əliverdibəyov, Gülxar Həsənova, Bəhram Mənsurov, Tamara Eyvazova kimi ustadlarım olub. Opera teatrında bütün qadın baş qəhrəmanlarının rollarını oynamışam. Yeddi əsas muğamı, eləcə də qadınların oxumadığı "Cahargah", "Şüştər", "Rast", "Humayun" muğamlarını da ifa etmişəm. Fikirləşmişəm ki, qadın xanəndə adını daşıyırsa, bu adı çiyinlərinə götürübsə, çətinliklərini də gözə alıb bunları etməlidi. Təbii ki, onun istedadı və səsi bunlara imkan verirsə.

- Siz həm də ilk dəfə qavalla səhnəyə çıxan, eləcə də ilk qadınlardan ibarət üçlük yaradan qadın xanəndələrdən birincisisiniz.

- Bəli, ilk dəfə qavalla səhnəyə çıxmışam. Daha sonra 1990-cı il xanımlardan ibarət tarzən, kamança və xanəndə üçlüyü ilə səhnəyə çıxan ilk qadın xanəndə olmuşam. Simfonik orkestrdə "Şur", "Rast" muğamlarını ifa etmişəm.

- Səkinə xanım, siz indi muğama gələn gənclərdən hansı yenilkiləri gözləyirsiniz?

- Təbii ki, mən bugünkü gənclərdən çox şeylər gözləyirəm. Çox istərdim ki, onlar da muğama yeni nəfəs gətirsinlər. Onların da adları ilə bağlı yeni işlər olsun. Lakin bir məsələ də var ki, bütün bunları etmək üçün təkçə səslə kifayətlənmək doğru deyil. İstedad, zəhmətsevərlik və ağıl bu sahədə çox önəmlidir. Əgər bunlardan biri olmasa, uğur əldə olunmayacaq. Bizim sənətin əsas prinsiplərindən biri də maddiyyata bağlı olmamaqdır. Yəni bu gün kimsə bir muğam hissəsi öyrənirsə, fikirləşməsin ki, mən tez gedim harasa şouya xidmət edən işlər görüb pul qazanım. Pul hər kəsə lazımdı. Bunu danmaq olmaz. Hər bir sənətkarımızın da zaman-zaman ehtiyacları olub. Amma onlar ən çox sənəti üstün tutublar. Mən opera teatrında səksən manat maaşa işləmişəm. Özü də heç bilmirdim ki, nə vaxtsa, bugünkü mərtəbəyə gəlib çıxacam. İstəyirəm ki, gənclərimiz həm də bunu öyrənsinlər. Maddiyyatı fikirləşməsinlər. Öz üzərlərində çoxlu işləsinlər, əsas sənəti öyrənsinlər. Zamanı gələndə bu sənət onların sənətə verdiyi zəhməti özlərinə qaytaracaq. Dövlət də öz qayğısını göstərəcək. İndi qabında heç nə olmayanlar hamıdan nələrsə umur.  Hamı çox şey istəyə bilər. Amma insan özü fikirləşməlidir ki, mən bu sənət üçün nə etmişəm?!

İllərimi sərf etmişəm bu sənətə. Bilirsinizmi, otuz üç il elə-belə rəqəm deyil. Səksəninci ildə operaya gəlmişəm. Səksən birinci ilin may ayında opera teatrında mən ilk premyeramı Leyli rolu ilə etmişəm. Rübabə Muradova, Zeynəb Xanlarova və Nəzakət Məmmədovadan sonra həmin obrazları yaratmaq asan məsələ deyildi.

- Həmin sənətkarlardan sonra, onların qarşısında o rolların öhdəsindən necə gəlirdiniz? Həyəcan sizə mane olmurdu?

- Əlbəttə, çox həyəcanlı olurdum. Ancaq mən çox zəhmətsevər idim. Öz qabımda nə olduğunu artıq anlamış bir yaşdaydım. Həm də ki, ustad müəllimlərdən dərs almağım, onların mənə olan köməyi imkan vermirdi ki, mən hardasa büdrəyim. İndi bir çox ifaçılar var ki, teatra ömürlərinin orta hissəsindən gəliblər. Amma mən Asəf Zeynallı adına musiqi məktəbini bitirən kimi səhnəyə çıxmağım çox çətin idi. Bəzən elə hallar olurdu ki, Rübabə xanım xəstələnirdi, Zeynəb xanım səfərlərdə olurdu. Amma afişalarda onların adı olurdu. Mən onları əvəz etməli olurdum. Heç vaxt demirdim ki, niyə? Əksinə fərəh hissi keçirirdim ki, o cür sənətkarların yerinə çıxıb səhnədə oxuyacam. İndiki gənclərdə bir az özlərindən razılıqlar var. Görürəm, fikir verirəm ki, hələ heç bir iş görməyiblər, amma efirdən elə uzun-uzadı danışırlar... Bu cür hallar insanı geriyə aparır, irəli yox.

- Səkinə xanım, opera sənəti həm də xanəndədən aktyorluq tələb edən bir sənətdir. Görünüşünüzdə də qəhrəman qadın obrazlarını andıran cizgilər var. Nə vaxtsa, arzuladığınız qəhrəman qadın obrazı olubmu onu bu gün də oynamaq istəyəsiniz?

- Sən  lap sarı simə toxundun. Çünki, çox gənc yaşlarımda "Nizami"  filmində Afaq rolunu oynamağa dəvət almışdım. Amma o zaman mənə icazə vermədilər. Mən də məcbur olub, o təklifdən imtina elədim. Bu hər dəfə yadıma düşəndə çox təəssüflənirəm. Amma nə vaxtsa, səhnədə və yaxud da filmdə bir tarixi qadın rolunu canlandırmaq istəyirəm.

- Kimi canlandırmaq istərdiniz?

- Xurşudbanu Nətavan, Heyran xanım obrazlarını yaratmağı çox istərdim.

- Hələ qədim dövrlərdən qadınların mədəniyyətlə, incəsənətlə məşğul olmalarına güclü qadağalar qoyulub. Siz də Bakı məhəllələrinin birində boya-başa çatmısınız. Sizin səhnəyə gəlişinizə qadağalar qoyulmuşdumu?

- Əlbəttə, ailəmizdə çox narazılıqlar oldu. Bu sənəti seçməyimə heç kim sevinmirdi. Bu gün hər şey çox fərqlidi. İndi ata, ana öz uşaqlarının əlindən tutub gətirir. Əgər oğlandırsa, valideyn deyir ki, Xan Şuşiniskidi, qızdırsa, Şövkət Ələkbərova. Yəni belə böyük iddialarla öz uşaqlarını gətirirlər. Amma mənim valideynlərim qətiyyən razı deyildilər, heç istəmirdilər də. Çox əziyyətlə, çox zülümlə bu sənətə gəldim. Sənətə gəlişimlə də, ailə qurmağım eyni vaxtlara təsadüf etdi. Öz qohumumla ailə qurdum. Məni bu günə qədər də dəstəkləyən mənim ailəm, həyat yoldaşım oldu. Bilirsinizmi, bu sənətdə ailə varsa, çətinliklər də hökmən olacaq. Kimsə deyirsə ki, yox mənim heç bir narahatlığım olmayıb. Bu yalandı.

- Bəzən tale özü də insanlara yol açır. Elə deyilmi?

- Mütləq.  Allahın sənin üçün yazdığı bəxt gec-tez özünü göstərir. Yəni elə bu ondan başladı ki, mən operaya gəldim. O cür böyük sənətkarların əhatəsinə düşüm. Bir də məlum həqiqətdi ki, iki böyük sənətkar Rübabə Muradova və Nəzakət Məmmədovanın təxminən üç, dörd ay ara ilə həyatdan köçmələri səhnəni boş qoydu. İki il mən muğam operlarının səhnədə tək ifaçısı oldum. Bir gün Leylini, səhəri gün Şahsənəmi, o biri gün Gülbaharı oynayırdım. Aya iyirmi, iyirmi beş tamaşa ifa etdiyim vaxtlar olurdu. Bu da iki böyük sənətkarın vaxtsız gedişi ilə bağlı oldu. Sonralar artıq Qəndab Quliyeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva və başqaları səhnəyə gəlməyə başladılar. Masştab böyüdü. Amma o ərəfələrdə ki, mən tək oldum, həmin zamanlarda mən tam püxtələşdim. Və bugünkü gündə ilk dəfə mən Heydər Əliyev adına sarayda iki dalbadal muğam konserti ilə çıxış etdim. İki min insanı iki, üç saat muğamla zalda saxlamağa müvəffəq oldum. Dəfələrlə Filarmoniyada konsertlər elədim. İlk dəfə Türkiyədə böyük alim İhsan Doğramacının dəvəti ilə Süleyman Dəmirəlin ad günündə "Leyli və Məcnun" tamaşası ilə çıxış etmişəm. Bu həm də mənim üçün çox qürurverici haldı ki, operanın tarxində ilk xarici səfər idi. Həmin doğum dünündə iki böyük dövlətin prezidentləri Heydər Əliyevin və Süleyman Dəmirəlin qarşısında Alim Qasımovla, mən "Leyli və Məcnun" tamaşasını hazırlayıb, çıxış etdik. Daha sonra mənim üçün çox böyük şərəfdir ki, mənə qismət oldu, dövlət başçısı öz xanımı Mehriban Əliyeva ilə gəlib mənim muğam konsertimdə iştirak etdi. Bu hər xanəndəyə nəsib olmur. Bütün bunlar sözsüz ki, taleyimin də mənə bəxş etdiyi bir alın yazısı, bir naxış idi.

- Muğam musiqinin çox kədərli və daha ağır janrıdı. İfanızı dinlədikdən sonra, insanlardan hansı enerjini, hansı münasibəti hiss etmisiniz?

- Muğam elə  bir musiqidir ki, onu təsirsiz dinləmək qeyri-mümkündür. Təbii ki, əvvəllər də, elə indi də çoxlu tamaşaçı məktubları alıram. Müstəqilliyimizi qazandıqdan sonra yollar açıldı. Türkiyə, İran kimi qonşu dövlətlərə gediş-gəliş asanlaşdı. Bütün bunlardan sonra nə qədər insanlar mənim görüşümə gəlirdilər. Mənimlə görüşmək, danışmaq, əlimi tutmaq üçün yüzlərlə insan göz yaşı axıdırdı. İnanın ki, indi İranda bəlkə də hər ailədə mənim arxivim var. O vaxtı qadının səhnəyə çıxmasına qadağa qoyan rejim yıxılandan sonra ilk dəfə yeddi, səkkiz minlik səhnədə çıxış etmək dəvətini də mən almışdım.  Qırxdan artıq dövlətdə olmuşam. Amma məhz İrandakı bacı-qardaşlarımızın muğam zövqü heç vaxt dəyişmir. Türkiyədə də belədi. Mən səhnəyə çıxanda ordakı tamaşaçı "Sona bülbüllər", "Apardı sellər Saranı", "Qaragilə"ni oxumağımı istəyir. Bu uğurlarımı muğam sənətimizin adı ilə bağlayıram. Çünki, mən muğama olan sevginin daşıyıcısı və təqdimatçısı olmuşam.

- Bu gün kitab oxumayan, muğam dinləməyən, teatra getməyən bir gənclik yetişib. Bu sizi narahat edirmi?

- Əlbəttə, bu sadaladıqlarınız məni də narahat edir. Amma mən indi deyim ki, bütün bunların öhdəsindən təkbaşına gəlməyi bacararam. Bu doğru olmaz. Mən sadəcə olaraq dərs dediyim auditoriyamda, muğam ocaqlarında, milli konservatoriyadakı tələbələrimdən elə ilk gündən öz tələblərimi edirəm. Deyirəm ki, gedin opera teatrındakı tamaşalara baxın, xalq musiqilərini, muğamları sənətkarların ifasında dinləyin. Peşəkarların ifasında kər kəsi dinləyin. Musiqinin, muğamın tarixi haqqına məlumatlanın, bilik öyrənin ki, mən də sizə dərs keçəndə, üstünə bilmədikləriniz əlavə olunsun. Öz öhdəmə düşənlərin hamısını mən öz tələbələrimə başa salmağa, çatdırmağa çalışıram.

Birdə bilirsinizmi, muğama sevgi ailədən, atadan, anadan başlayır. Birdən-birə muğama sevgi başlamır.

Bu yaxınlarda bir təsnif oxudum. Əlibaba Məmmədov mənə dedi ki, bu mənim təsnifimdi. Sən bunu hardan eşitmisən? Dedim ki, mən bu mahnını uşaq olanda efirdən eşitmişəm. Halbuki, Əlibaba müəllim bu mahnını heç lentə də yazdırmayıb. O, mənim hafizəmə təəccübləndi ki, mən o təsnifi bu günə kimi yadımda saxlaya bilmişəm. Bütün bunları mən ailəmdən görüb, sevib gəlmişdim. Atamın, bibimin çox gözəl səsi olub. Əmim çox istedadlı, ədəbiyyatı sevən insan olub.

Anamın məndə  bir lent yazısı var. Onu qarmonda müşayiət etmişəm, anamsa "kəsmə şikəstə" oxuyub. İnanın ki, bu gün hələm-hələm özündən deyən xanəndə o şikəstəni oxuya bilməz. Sadəcə olaraq, onların sənətə gəlmələrində də qadağalar olduğu üçün üzə çıxa bilməyiblər. Mənim sənətə gəlişim isə bizim nəsildə bir yenilik, inqilab olmuşdu. İndi bizim də əlimizdən nə gəlirsə, gəncliyin inkişafı naminə onları etməyə çalışırıq.

- Bu gün muğama gələn gənclər çoxdurmu?

- Həddən artıq çoxdur. Götürək elə üç böyük televiziya muğam müsabiqəsini ki, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib. Görün ordan nə qədər gənc ifaçılar kəşf elədik. Təyyar Bayramov, İlkin Əhmədov, Babək Niftəliyev, Vəfa Orucova, Bəyimxanım Mirzəyeva, Aytən Məhərrəmova və s. Bu gün onlar səsi bir çox xarici ölkə səhnələrindən gəlir. Yenə də muğama axın var. Bilirsinizmi niyə? Bizim dövrümüzdə bizi də sevirdilər, çox hörmət edirdilər. Amma sonumuzun nə olacağını bilmirdik. Bu gün isə fərq ondadır ki, muğam sənətinə dövlətin xüsusi qayğısı var. Sənət adamlarına diqqət və qayğı göstərir. Bu diqqət, qayğı gənclərə iki qat olunur. O vaxtlar bir gəncin tanınması üçün iyirmi, otuz il zaman keçməliydisə, bu gün artıq qısa zaman ərzində dövlət istedadlı gəncləri qabağa çəkir, onlara diqqət göstərir.

- Səkinə xanım, bir çox ölkələrdə olmusunuz, çoxlu uğurlara imza atmısınız. Amma xasiyyətiniz, görkəminiz, ifanız dəyişməyib. Buna  necə nail olmusunuz?

- Bilirsinizmi, Rəşid Behbudov deyirdi ki, sən əsl Azərbaycan xanımısan. Əvvəllər mən bu sözün dərinliyini anlamırdım. Amma sonralar başa düşdüm ki, bu çox müdrük  sözlərdi. Bizim səhnəyə gəlişimizdən tutmuş ifamıza qədər hər şey Azərbaycan haqqında məlumat verməli, təsəvvür yaratmalıdı. Səhnəyə necə çıxırsansa, o cür də təəssürat yaradıb, sözünü deyirsən. Bütün bunlar artıq mənim içimdə bütləşib. Fərqi yoxdu, ya səhnə olsun, ya da ki, gündəlik həyat tərzi. Fərqi yoxdu mən ya balaca bir səhnəyə çıxım, ya dünya səhnəsinə. Mən gəlişimlə artıq öz sözümü deməliyəm.

Mən heç vaxt illərlə qazandığım üstün keyfiyyətlərimi heç nəyə qurban verib dəyişmək istəməmişəm. Bu gün tələbələrimə də bunları deyirəm. Ola bilsin ki, onlar məni hardasa, yamsılayırlar. Amma eybi yoxdu. Zamanı gələndə, onlar da özlərini tapıb, özləri kimi olacaqlar.

- Səkinə xanım, məşhur insanlara qarşı həyat bəzən öz sərt sifətini də göstərib. Onlara qarşı  haqsızlıqlar, ədalətsizliklər olub. Siz  necə belə hallarla rastlaşmısınız?

- Bilirsinizmi, elə məsələlər var ki, onun qarşısını heç bir qüvvə durdura bilmir. Məsələn, təbiətdə baş verən təbii fəlakətlərin qarşısını heç nə ala bilməz. Həyatdakı kəşməkəş də təbii fəlakət kimi bir şeydi. Alın yazında, qismətində nə baş verməlidirsə, gec-tez o da olur. Sadəcə olaraq, insan hər zaman öz amalında, öz əqidəsində olmalı və həyat yoluna da eləcə davam etməlidi. Təbii ki, bu yol hamar deyil. Enişi var, yoxuşu var. Yıxılacaqsan, duracaqsan, döyüləcəksən, əziləcəksən. Amma bir məqsədin varsa, gedəcəksən.

- Bir çox şairlərin qəzəlləri üstündə muğamlar oxuyursunuz. Həmin qəzəllərin və muğamların yaratdığı ağır, qalıcı təsirdən sonra necə xilas olursunuz?

- Həmin anda əlbəttə ki, ətrafında nə baş verir, versin, sən həmin muğamın təsirində olursan. Əvvəllər, gənc yaşlarımda daha çox olurdu ki, məsələn, Leyli rolunu oynayandan sonra tamaşa bitirdi. Amma mən həmin rola o qədər daxil olurdum, o qədər yaşayaraq oynayırdım ki, uzun müddət elə fikirlərşirdim ki, yenə nəsə etməliydim, amma edə bilmədim. Yenə də vurğulayıram ki, ilk addımlarımın həmin səhnədən başlanması, mənim sonrakı səhnələrdə olan addımlarımı asanlaşdırdı.

Təbii ki, konsertlərdən, çıxışlardan sonra həm mənəvi, həm də fiziki yorğunluq olur. Onu da yalnız ailəmdə, yaxın adamlarımın ətrafında istirahət edərək aradan qaldırıram.

- "Hərdən xatirinə dəysəm də sənin. Qayıdıb könlünü alan da mənəm".  Sizin oxuduğunuz mahnının sözləridir. Bilmək istərdim, Səkinə xanım həyatda böyük anlamda kimlərinsə xətrinə dəyibmi? Əgər dəyibsə, bunu sonra necə aradan qaldırıb?

- Məni yaxından tanıyan, bilən insanlar yaxşı bilirlər ki, mən çox həssas bir insanam. Heç vaxt insanların qəlbinə toxunmamışam. Bəlkə də elə buna görədir ki, Tanrı mənə iki dəfə Həcc ziyarətinə getməyi və həyatda qazandığım bu qədər uğurları nəsib edib. Heç vaxt heç kimin qəlbinə dəymərəm. Kimsə də mənə hansısa pisliyi edəndə onu da allaha tapşıraram ki, o bilən məsləhətdi! Hər zaman düşmənimi bağışlamağı bacaran, pisliyə, yaxşılıqla cavab verən insanam.

Heç kimə qarşı kin bəsləyib qəlbimi çirkləndirməmişəm. Mənim kinim, paxıllığım olsaydı, mən bu qədər uğurlar qazana bilərdim? Əsla! Qəlbimi həmişə qorumuşam, çünki, insanın qəlbi nə qədər ki, təmiz olur, onda insanın daxili də uşaq daxili kimi təmiz qalır.

Kəskin sözüm tələbələrimə ola bilər. Yeri gələndə onları ağladaram da. Amma o da onların yaxşı öyrənməsi namnə ola bilər ki, sonradan özləri də mənə yaxınlaşıb, haqlı oluğumu etiraf edərlər. İnsanları sevirəm, çünki, məni bu yerlərə gətirib çıxardan insanlardı.

- Bir az da son illərdə gördüyünüz və ya gələcəyə dair planlarınız barədə məlumat verərdiniz.

- Bu günlərdə iki tanınmış dövlətin, Azərbaycan və Hindistanın iki  tanınmış xanəndəsinin rast muğamının ifası, raqa ilə muğamın sintezi  olan "Muğam" layihəsi oldu. Azərbaycandan mən, Hindistandan isə Badrinatan Basumati xanımla bu məsuliyyətli işi həyata keçirdik. Bir neşə gün öncə biz Hindistanın Dehli və Kalkutta şəhərində konsertdən döndük. Həmin müğənni Bakıda keçirilən Beynəlxalq Muğam Festivalının iştirakçısı olmuşdu. Hindistanda çox tanınmış bir xanəndədir. O, özü bizim muğamımıza olan məhəbbətindən mənimlə əlaqə yaratdı, məhz mənimlə bir səhnəni paylaşmaq istəyində olduğunu bildirdi. Üç il ərzində hazırlanan bu layihə Hindistanda baş tutdu. Bu da çox böyük marağa səbəb oldu.

- Böyük, maraqlı, zəngin bir ömür yolu keçmisiniz. Missiyalarınız davam edir. Yoxsa, artıq dincəlmək istəyirsiniz?

- Bu sənət belədir ki, kimsə deyir ki, mən gəlib burda zirvə tutmuşam. Bu düzgün söhbət deyil. Muğam bir xəzinədir, bir dəryadı. Nə qədər sağamsa, yaşayıramsa, bu dəryadan bəhrələnib, yoluma davam edəcəm. 

 

 

Samirə Əşrəf

 

Ədalət.-2013.-18 aprel.-S.6.