Fransız
ədəbiyyatının əfsanəsi
Emil Ajar (Romen Qari) və onun "Həyat
irəlidədir" roman
Keçən əsrin
70-ci illərində ünlü
fransız yazıçısı
Romen Qari ciddi tənqidlərə tuş gəldiyi ərəfədə Fransada
hər kəs ədəbiyyatda uğurlu
addımlar atan Emil Ajardan danışırdı. Emil Ajar fransız
ədəbiyyatında qəfildən
peyda olsa da, tez bir
zamanda parlamağı,
oxucuların sevimlisinə
çevrilməyi bacardı.
1975-ci ildə qələmə aldığı
"Həyat irəlidədir"
romanı oxucuların
və tənqidçilərin
diqqətini tez bir zamanda özünə
çəkdi, satış
rekordları qırdı.
Heç kəsin tanımadığı yazıçı
Emil Ajar roman çap olunduğu
il ədəbiyyat
sahəsində nüfuzlu
mükafatlardan biri hesab olunan "Qonkur"u qazandı. Mükafatın təqdimetmə mərasiminə
gəlməyən Emil Ajar vəkili
vasitəsi ilə mükafatdan imtina etdiyini bildirdi. Fransız ədəbiyyatının yeni
ulduzu Emil Ajar artıq
hamı üçün
sirli əfsanəyə
çevrilmişdi.
Emil Ajar
imzası əsərlərini müxtəlif imzalarla
çap etdirməyi sevən Romen Qarinin növbəti
imzalarından biri idi.
Fisko Sinibaldi, Şatan Boqa imzaları ilə
əsərlərini yayımlayan Roman Qari üçün ən
uğurlu imza Emil Ajar oldu.
Bu imza sayəsində o ədəbiyyat
tarixində bir ilkə imza
ataraq "Qonkur"
mükafatını iki dəfə qazanan yeganə yazıçı kimi tarixə düşdü.
Emil Ajar
imzasının Roman Qariyə məxsus olduğu isə onun intiharından
sonra bilindi. İntihar məktubunda Emil
Ajar imzasının ona
məxsus olduğunu yazan
Romen Qari məktubu
belə tamamlamışdı: "Salamat
qalın, dostlar, çox
yaxşı əyləndim".
Romen Qari 1914-cü ildə, Vilnüsdə
yəhudi ailəsində doğulmuş, sonradan ailəsi ilə birlikdə Fransaya köçmüşdü.
1956-cı ildə Romen Qari
imzası ilə çap olunan
"Səmanın kökləri" romanı "Qonkur" mükafatına layiq
görüldü. Fransa
prezidenti Şarl de Qolla dostluq
münasibətləri olan Qari
uzun müddət diplomatik korpuslarda
çalışıb. 1959-cu ildə Amerikanın sevilən
aktrisası, özündən 24 yaş kiçik Cin Siperqlə
tanış olan Romen Qari elə bu qadına
görə də intihar edərək həyatına
son verir.
"Həyat irəlidədir"
Emil Ajar imzası ilə
yazılmış, müəllifə ikinci dəfə
"Qonkur" mükafatını qazandırmış "Həyat
irəlidədir" romanı hələ ki dilimizə tərcümə
olunmayıb. Tərcümə sahəsində bizdən xeyli
öndə Türkiyədə isə bu roman çoxdan
yayımlanıb. Roman türk dilinə Vivet Kanetti tərəfindən
"Onca yoksulluk varken" adı ilə tərcümə
olunub. Roman, həyatını
faşist ölüm düşərgələrində
keçirmiş, uzun müddət fahişəlik etmiş və
fahişələrin uşaqlarına baxmaqla pul qazanan yəhudi
qadınla onun himayəsindəki müsəlman oğlanın
həyatından bəhs edir. Uzun müddət fahişəlik
edən Madam Roza adlı yəhudi qadın artıq
yaşlandığı üçün fahişəlik edə
bilmir və öz evində fahişə uşaqlarına
baxmaqla dolanışığını təmin edir. Əsərin
əsas qəhrəmanı Momo-Məhəmməd isə ərəb
əsilli müsəlmandır. Müəllif təkcə Madam
Roza və Momonun həyatını yox, Fransada yaşayan
mühacirlərin həyat hekayəsini ustalıqla qələmə
alıb. Yoxsulluqdan əziyyət çəkən bu
insanların əslində mənəvi cəhətdən zəngin
olması, bir-birinə dəstək verərək həyatla
mücadilə aparmaları əsərin ana xəttini təşkil
edir.
Tənha və fədakar obrazlar
Əsərdəki
bütün obrazlar tənhalıqdan əziyyət çəkir.
Fahişəliyə məcbur olan mühacir qadınların
uşaqlarına baxıcılıq edən Madam Roza daim qorxu
ilə yaşayır. Gəncliyini alman ölüm düşərgələrində
keçirən Madam Roza fahişə uşaqlarına
baxmaq üçün pul alsa
da, müəllif əslində Madam Rozanın pul
üçün bu işi görmədiyini izah etməyə
çalışır. Kiçik Momo ilə Madam Rozanın
münasibətlərindən bunu çox aydın şəkildə
başa düşmək mümkündür. Momonu bir müsəlman
kimi yetişdirməyə söz verən Madam Roza verdiyi
sözü tutur və Momoya İslamı, Quranı öyrədir.
Əsərdəki hadisələr demək olar ki, kiçik
Momonun dilindən nəql edilir. Momonun köhnə xalça
alverçisi yəhudi əsilli Müsyö Hamillə etdiyi
söhbətlər əsl insanlıq dərsidir. Romanın
kiçik qəhrəmanı Momo deyir: "Viktor Hüqo kimi
olmaq istərdim. Müsyö Hamil deyir ki, sözlərlə
insan öldürmədən çox şeylərə nail
olmaq mümkündür. Vaxt tapan kimi, bunu yoxlayacağam. Məncə
silahlı insanlar uşaq vaxtı diqqətdən kənarda
qaldıqları üçün silah gəzdirir. Demək
onlar uşaq ikən heç kəsin diqqətini çəkməyiblər".
"Fransız olmayan zaman...
Günlər
keçdikcə Madam Rozadan başqa heç kəsi olmayan
Momo, yəhudi qadının qocalmasından, öləcəyindən
qorxur. Başa düşür ki, Madam Rozadan başqa heç
kəs ona sahib çıxmayacaq. Tənhalıqdan qorxan
kiçik Momunun düşüncəsi, həyata
baxışı, fəlsəfəsi oxucunu sarsıdır:
"Özümü zamanın axışına buraxdım.
Asta-asta hərəkət edən, fransız olmayan zamanın
axışına. Müsyö Hamil zamanın dəvə
karvanı ilə səhradan gəldiyini deyirdi tez-tez. Əbədiyyəti
daşıdığı üçün tələsmirmiş.
Bu fikrin deyilişi gözəldir, amma hər gün nəyini
isə itirən yaşlı bir adamın üzündə bunu
müşahidə eləmək çox ağırdır. Mənə
qalsa, zamanı oğruların yanında axtarmaq
lazımdır".
Müəllif
mühacirlərin Fransada yaşadığı ağır həyatı,
yəhudilərin faşizm dönəmində çəkdiyi əziyyətləri
peşəkarlıqla qələmə alıb. Yenə də
kiçicik Momonu danışdırır müəllif:
"Dünyada ən güclü şey polislərdir. Əgər
bir uşağın atası polisdirsə, demək digər
uşaqlardan ikiqat artıq atası var".
Emil Ajarın (Romen
Qari) qəhrəmanları olduqca mərhəmətli, mehriban,
fədakar və səmimidir. Meşədə fahişəlik
edən transseksual Madam Lola fahişəlikdən
qazandığı pullarla həm özünü
dolandırır, həm də Madam Rozaya və Momoya köməklik
edir. Müsyö Hamil və Doktor Katz da bu kimsəsiz insanlara
kömək etməyə, dəstək olmağa
çalışır. Madam Roza yaşlandığı
üçün həm digər uşaqlara, həm də Madam
Rozaya Momo baxır. Müxtəlif vasitələrlə pul
qazanıb Madam Rozaya kömək etməyə
çalışır. Doktor Katz xəstəlik səbəbi
ilə Madam Rozanı xəstəxanaların birinə göndərmək
istəyir. Ancaq Madam Roza öz evində, rahat bir şəkildə
ölmək istəyir. Momo Madam Rozaya söz verir ki, onu xəstəxanaya
aparmağa imkan verməyəcək. Momo böyük çətinliklə
Madam Rozanı özü üçün
hazırladığı sığınağa aparır və
günlərlə onun iylənmiş cəsədi ilə
birlikdə yaşayır.
Oxunması vacib olan roman
Müəllif Momonun
insanın qanını donduran fikirləri ilə əsəri
yekunlaşdırır: "Qoxunun hardan gəldiyini öyrənmək
üçün qapını sındırıb məni Madam
Rozanın cəsədinin yanında uzanmış halda tapanda
"kömək edin", "necə böyük faciədir"
deyib bağırmağa başladılar. Amma daha öncə bağırmaq
ağıllarına gəlməmişdi, çünki həyatın
qoxusu yoxdur".
Əsərdə bəzi
məqamlar oxucunu güldürməyi bacarsa da, bu
gülüş müvəqqətidir. Oxucu güldüyü
yerdə qəfildən gözlərinin
yaşardığını hökmən hiss edir. Əsərdəki
hər komik səhnənin içərisində böyük
bir faciə gizlənib.
Roman Qarinin Emil Ajar imzası ilə
yazdığı və 80-ci illərdə satış
rekordları qıran bu roman
XX əsrin ən gözəl romanlarından biridir.
Təbii ki, bu
mənim subyektiv fikrimdir.
Ümid edirəm ki, bu əsəri əldə edib
oxuyandan sonra sizlər
də bu fikirlə
razılaşacaqsınız. İstənilən halda bu romanı bütün ədəbiyyatsevərlərə
cəsarətlə tövsiyə edirəm və oxunması vacib olan əsərlərdən
biri hesab edirəm.
Cəlil Cavanşir
Ədalət.-2013.-18 aprel.-S.5.