Azərbaycanı heç nə kino qədər azərbaycanlılaşdıra bilməz!

 

Bu gün kino Azərbaycanca danışmalıdır!

 

Ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi kurs nəticəsində dövlətimiz dünyada və regionumuzda gedən proseslərin qarşısında durmaq yox, proseslərə təsir etmək imkanı qazanıb. Selin qarşısında durmaq yox, selin istiqamətini dəyişmək lazımdır.

 XX əsrə belə düşüncə tərzi hakim idi. Millətlərin təbii seçim prosesində tərəqqisi (yüksəlişi) və tənəzzülü, onların mədəni və mənəvi qüdrətindən daha çox onların iqtisadi qüdrətinə uyğun olaraq baş verirdi. Özünü qoruyub-saxlama mədəni və mənəvi qüdrətdən daha çox iqtisadi qüdrətlə bağlı idi.

XXI əsrdə inkişaf etmiş dövlətlərin əldə etdiyi nəticələr baş verən mədəni və mənəvi aşınma bu baxışı, (düşüncəni) dəyişdi. İnkişaf etmiş dövlətlərdə birtərəfli inkişaf, iqtisadi tərəqqi mənəvi aşınma yaratdı. Çünki mədəniyyət və mənəviyyat vasitəyə çevrildi. Bu cəmiyyətlər daxili mənəvi problemlərini başqa cəmiyyətlərə ötürməyə başladılar. Bu ötürmə özünü daha çox incəsənətdə göstərdi. (seriallarda və filmlərdə) İndustrial cəmiyyətdə özünü qoruyub-saxlama və yenidən təşkil etmə daha çox mədəniyyət və mənəviyyatla bağlıdır. Bu gün iqtisadi müstəmləkəçiliklə bərabər mədəniyyətlərin müstəmləkəçilik prosesi gedir. Bu proses qloballaşmadır. Qloballaşma mədəniyyətlərin mübarizəsidir. Bu prosesdən uğurla çıxmaq üçün daha çox cəmiyyətin mənəviyyatının müqavimət sistemi gücləndirilməli, və milli mədəniyyət təbliğ edilməlidir. Mədəniyyətin yaradıcısı millət, onu təbliğ və ifadə edənlər böyük şəxsiyyətlərdir!

Bu gün Azərbaycanda aparılan dövlət siyasətinin  məqsədi iqtisadi inkişafla bərabər həm də, milli mədəniyyətin inkişafıdır.

 Azərbaycan modeli - İqtisadi inkişafla mədəni inkişafın vəhdəti gələcək tərəqqinin qapısıdır!  

Azərbaycan Respublikasının prezidentinin məqsədyönlü  siyasəti və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bu yöndə mühüm əhəmiyyət kəsb edir.

Millətimizin müəyyənləşdirdiyi məqsədlər və məqsədlər toplusunun həyata keçirilməsində dövlətimizin müəyyənləşdirdiyi vasitələrdən biri də kino sənətinin inkişafıdır. Kino və teatr sənətinin inkişafı və tarixi filmlərin çəkilməsi üçün Azərbaycan Respublikası Prezidentinin verdiyi sərəncamlar çox dəyərlidir.

Sənət sözünün mənası, anlamı nəyinsə ikincisi deməkdir. Həyatda nə varsa, sənət onun ikincisini yaradır və yaratmalıdır. Sənətkar həyatda olanın, gördüyünün sürətini çıxarmamalıdır. Necə ki, rəssam insan portreti çəkəndə fotoqraf dəqiqliyinə qaçmamalı, portretdə hansısa insan qrupunun, hissəsinin ümumiləşdirilmiş cizgilərini mənalandırmalı və təsvir etməlidir. İncəsənətin obyekti universaldan, ümumidən ibarət olan hissələrdir.

Həyatda iki eyni şey yoxdur. Necə ki ağaclar bir-birinə oxşayır, amma eyni deyil. Sənət orijinalın (həyatda olanın) özü deyil. Sənət əsəri də orijinala (həyatda olana) oxşayandır. Sənət əsəri sənətkarın yaratdığı orijinaldır.

Tarixi anlam konteks anlamıdır. Hər millət, dövlət tarixdə, keçmişdə baş vermiş hadisələrə öz konteksindən baxır. Hər kəs özünü haqlı çıxarır, günahı başqasında görür. Bugünkü milli dövlət maraqları, mənafeləri tarixdə, keçmişdə baş vermiş hadisələrə baxışı dəyişir. Həqiqət heç kimə lazım olmur. Dünyanı həqiqət, həqiqi baş verənlər maraqlandırmır. Dünya hadisələrə ikili standartla yanaşır, baxır. Biz də tarixə, keçmişə, hadisələrə öz kontekstimizdən baxmalıyıq və çəkməliyik.

Tarixi filmlər həyatın kopyası (surəti) olmamalıdır. Tarix yeni təfəkkürdə, yeni tərzdə, yeni formada, özünəməxsus rejissor quruluşunda təqdim olunmalıdır. Tarixi filmlər kino əsaslarına və qayda-qanunlarına uyğun daha peşəkar səviyyədə çəkilməlidir. Tarixi filmlərin kino dilində peşəkar təqdimatı xarici tamaşaçıda bu filmlərə sənət əsəri kimi baxmağa maraq oyadacaq. (Dünya sənət adamlarını və tamaşaçılarını bizim tarix yox, filmin rejissor quruluşu və həlli maraqlandırır.) Xarici tamaşaçılar bu filmlərə sənət əsəri kimi baxdıqda həm də bizim tarixə baxmış olacaqlar.     

Kino ideoloji silahdır.

Bu gün dövlətlər həyata keçirdikləri siyasəti kino vasitəsi ilə mesajlarla cəmiyyətə ötürürlər. İnkişaf etmiş ölkələr başqa millətlərin mənəviyyatının müqavimət sistemini zəiflətmək üçün öncə rejissorlardan və filmlərdən istifadə edirlər. (Ən azı bizə tanış olan türk kanallarında göstərilən serialları və filmləri nəzərdən keçirdin. "Kurtlar Vadisi" serialı vasitəsi ilə cəmiyyətə dərin dövlət anlayışı gətirildi və sonrakı mərhələdə bir çox proseslər və əməliyyatlar həyata keçirildi.) Heç də təsadüfən deyilməmişdir: Amerikanı Hollivud qurub.

Bu gün Azərbaycanda fəaliyyət göstərən rejissorların çoxu xarici ölkələrdə təhsil almışlar. Kino fizika, riyaziyyat, kimya deyil. Kino elm deyil. Kino sənətdir. Biz sənət insanlarımızı (rejissorları) özümüz hazırlamalıyıq, yetişdirməliyik. Bu xüsusi dövlət proqramı tələb edir. Bizim yetişdirmədiyimiz, təhsil vermədiyimiz rejissorlar bizim deyil. Başqa ölkələrdə rejissorları xüsusi hazırlayırlar. Azərbaycanda bugünkü rejissorların çoxu milli düşüncədən, milli adət-ənənələrdən, dəyərlərdən, milli dövlət maraqlarından qoparılmış, uzaqlaşdırılmış insanlardır. Bu gün "azərbaycanlı rejissorlar"ın çoxunun qarnı bizi başları isə başqalarını düşünür, təbliğ edir. Bu gün xarici ölkələrdə təhsil almış "bizim rejissorlar"ın çoxluğu həmin ölkələrin, millətlərin düşüncə tərzini, maraqlarını, dəyərlərini çəkdikləri filmlərdə təbliğ edirlər.

Rejissorlar hərbi paltar geyinməyən hərbçilərdir. Torpağı, vətəni, dövləti, sərhədi qoruyan, milli mədəniyyəti, düşüncəni təbliğ edən uniformasız hərbçilər. Torpağı, vətəni, dövləti qorumağı başqa, bizim olmayan dövlətin hərbçisinə tapşırmaq olar? Bizim torpağı, vətəni, dövləti qoruyan hərbçini (rejissoru) başqa, bizim olmayan dövlət hazırlaya, yetişdirə bilər?

Kino bu gün həm də kommersiyadır, industriasyadır. Başqaları bizə kinonu axıra qədər, lazım olduğu qədər öyrədər? Onlara nə lazımdır onu bizə öyrədirlər.

Hər bir millət, dövlət öz hərbçisini (rejissorunu) hazırlamaq üçün özünə məxsus, öz maraqlarına uyğun tədris planı hazırlayır, yaradır. Öncə insan hazırlayır, vətənpərvər yetişdirir, sonra hərb sənətinin incəliklərini öyrədir. Rejissor sənəti də hərb sənətidir. Öncə xüsusi tədrislə insanı hazırlamaq, yetişdirmək, sonra kino sənətinin əsaslarını öyrətmək lazımdır. Dünyanın əksər ölkələrində rejissor fakültəsinə qəbul olmaq üçün ən azı bir ali təhsilin olmalıdır. (Yəni ali təhsilli olmayan insanı rejissor fakültəsinə qəbul etmirlər. Birinci ali təhsilin nə olduğunu isə özümüz fikirləşək.) Bu da rejissor sənətinin nə qədər əhəmiyyətli olduğunu, nə qədər çətin, lazımli peşə olduğunun bir göstəricisidir. Axı rejissorlar dünyanın ən çətin insanlarıdır.

Bu gün Azərbaycanın efir məkanında bizim milli dövlət maraqlarımıza, milli adət-ənənələrimizə zidd mesajlarla dolu filimlər göstərilir. Bunların qarşısı alınmalıdır. Televiziyada göstərilən xarici filmlər mütləq senzuradan keçməlidir.

Hər dövrün öz ifadə formaları, simvolları olduğu kimi kino sənətinin də ifadə formaları dəyişmiş, modernləşmişdir. Kinonun özünəməxsus dili var. Müasir dövrdə  kino sənətində söz dramaturgiyasından az, təsvir dramaturgiyasından daha çox istifadə edilir. Necə ki Mövlanə söyləmişdir: "Gözün bir anda gördüyünü dil yüz il söyləsə də, anlada bilməz!" (kino ilk yarananda səssiz olub). Bu da ona görədir ki, fərqli dillərə, düşüncələrə mənsub olan tamaşaçılara təsir edə bilsinlər. Kino dərk edənə də, etməyənə də eyni təsir edir. (Dərk edənin şüuruna, dərk etməyənin şüuraltına ).  Kino insanlara daha çox rasional olaraq yox, irrasional olaraq təsir edir. Bu təsirin nəticəsində alt qatda gedən irrasional proses yuxarı qatda gedən şüurlu təfəkkürü müəyyənləşdirir. (şüur altına toxum yerləşdirilir, bir müddətdən sonra şüurda meyvəsini dərirlər).         

Bu gün kino Azərbaycanca danışmalıdır. (Necə ki böyük Üzeyir Hacıbəyov musiqini Azərbaycanca danışdırdı.) Söhbət dialoqların Azərbaycan dilində olmağından getmir. Film dialoqlardan yox, epizodlardan ibarətdir. Film süjetlərin və epizodların ardıcıllığı və vəhdətidir.  Kino daha çox gözün, üzün, əlin, rəngin, geyimin, detalın dili ilə danışır. (Necə ki xarici filmlərin Azərbaycan dilinə tərcüməsi heç də bu filmlərin Azərbaycanca danışması deyil.) Filmdə sözdən çox bu dillər danışır, səssiz-səmirsiz. Filmdə mesajlar cəmiyyətə daha çox bu dillərlə verilir, ötürülür.

Kinoda rejissor quruluşundan, aktyor oyunundan tutmuş, montaj təfəkkürü, (montaj sıxlaşdırılmış fikir daşıyır) hər şey Azərbaycanca ifadə olunmalıdır. Bu ifadə bizim filmlərə dünyada marağı artıracaq. Dünyanı daha çox bizim nə çəkdiyimiz (düşündüyümüz) maraqlandırır, onları yamsılamaq, təkrar etmək yox.

Öncə söz bizim daxilimizdə yaranır. Ağzımızı açmaqla, danışmaqla daxilimizdə söylədiyimizi ucadan tələffüz etmiş oluruq. (Lal insanın daxilindəki söz əl hərəkətləri ilə ifadə olunur. Lal insanın əli danışır). Rejissor da daxilində yaratdığı özünəməxsus quruluşu, aktyor oyununu kinolent vasitəsilə xaricləşdirir. Film rejissorun ruhunun, düşüncəsinin, xarakterinin, həyat tərzinin kserokopyasıdır (surətçıxarmasıdır). Rejissor xarakter insanı və böyük şəxsiyyət olmalıdır. (Elm istedad ilə ötüşə bilər, amma incəsənət böyük şəxsiyyətsiz mümkün deyil). İstedad ilə böyük şəxsiyyətin vəhdəti sənətdə tarix yaradır. Sənət fərdin arzu-istəklərində yox, ümuminin tələbatından və məqsədlərindən yaranmalıdır (doğmalıdır).

İnsan öz bədənində yeni orqanlar yarada bilmədiyi üçün bunun əvəzində orqanlarının sürətlənmiş davamı olan müxtəlif alətlər və silahlar yaradır. Maşın ayağın, qılınc əlin davamıdır. İnsan necə yeriyirsə, elə də maşın sürür. Rejissor necə həyat tərzi keçirirsə, elə də çəkir. Rejissor çəkdiklərinin şəxsi həyatda ifadəçisi olmalıdır. (Rejissor başqasını ağlatmaq üçün ən azı  ağlamsınmalıdır).

Qalib gəlmiş üslub, forma həmişə qalib gəlmir. Zaman, dövr həmin formanı dəyişir. Bu gün Azərbaycan kinosu müasir ifadə, yeni düşüncə tərzi, yeni sifətlər, yeni davranış qaydaları, yeni münasibətlər və əməkdaşlıq formaları tələb edir. Biz  olmaq istədiyimizdən fərqli ola bilməyəcəyik.

Tarixini bilməyən millətin coğrafiyasını düşmən cızar. Düşmən bizim böyük tariximizdən, keçmişimizdən qorxur. Buna görə əsrlər boyu tariximiz saxtalaşdırıldı. Həqiqi, gerçək yaşanan tarixlə yazılan tarix fərqli oldu. Gerçək tarixi bilməməyimiz yaşadığımız faciələri təkrarladı. Biz keçmiş tariximizi yenidən yazmalı  öyrənməliyik. Ən azı ona görə ki, biz keçmişdəki səhvlərimizi və doğrularımızı bilək. Düşmən şüuraltı tariximizin şüura keçməsindən qorxur. Ümummilli liderimiz Heydər Əliyevin "Bir millət - iki dövlət" şüarı və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin "İndiki İrəvan torpaqları qədim Azərbaycan torpaqlarıdır." bəyan etməsi, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində gördüyü böyük işlər, millətin şüuraltı keçmişini, tarixini şüura qaytardı. Bu böyük şəxsiyyətlər vətən sərhədlərinin səmada, göydə, kosmosda daha böyük olduğunu göstərdilər.

Bizim keçmişimizi düşmən ona görə dəyişib və dəyişməyə çalışır ki, öz gələcək  arzularını, istəklərini və məqsədlərini həyata keçirsin. Bu dəfə düşmən uda biləcəyindən daha böyük dişləyib.  Millətimizin ruhu bu dəfə dişlədiyini uda bilməyəcəyini düşmənə və dünyaya göstərəcək. Düşmən udduqların qaytaracaq.

Ruhu olan millətin ordular və silahlar vasitəsilə torpağını işğal etmək, evini yandırmaq, var-dövlətin əlindən almaq mümkündür, lakin bu millətin ruhunu ordular və silahlar vasitəsi ilə işğal etmək, yandırmaq, əlindən almaq mümkün deyil.

İşıq rəngi göstərir. İşıq olmasa rəngləri görmək olmaz. Ruh da işıq kimidir, millətin kimliyin göstərir.  Qara buludlarla günəşi gizlətmək olmaz. Bizim ruhumuz qara buludlar arxasında qalmış günəş kimidir. Bir gün yenidən doğacaq! Güclü külək alovu söndürər, lakin külün içində qalan köz yenidən alovlanacaq! Bu millətin ruhu onu yenidən itirdiklərinə qovuşduracaq! Ruh hər nəsildə yenidən cücərən toxum kimidir.

 Yıxılmayan qalxmaz!

Volter demişdir: "Fransanı heç   kitab qədər fransızlaşdıra bilməz!" Əgər O, XVIII əsrdə yox, XXI əsrdə yaşasaydı, bu fikri kino haqqında deyərdi. Ən pis filmin tamaşaçısı, ən yaxşı kitabın oxucusundan çoxdur.     

Azərbaycanı heç nə kino qədər azərbaycanlılaşdıra bilməz!

Ulu öndərimiz demişdir: "Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz!"

Azərbaycan kinosunun  bugünkü əsas məqsədi:

Dövlətçilik, azərbaycançılıq ideologiyasını təbliğ etmək.

Gənclərimizdə vətənpərvərlik ruhunun, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə əhval-ruhiyyəsini gücləndirmək.

Milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizi hifz etmək.

Azərbaycan kino sənətini inkişaf etdirmək.

Kino məqsəd yox, vasitədir.

Biz bugünkü müstəqil demokratik Azərbaycanımızı qorumalıyıq, yaşatmalıyıq.

Bugünkü Azərbaycan böyük, güclü, dünyaya günəş kimi doğacaq Azərbaycanın mənbəyidir!

 

 

Rza Rzayev

 

Ədalət.-2013.-19 aprel.-S.6.