Ümummilli lider Heydər
Əliyev və Azərbaycan əhalisinin sosial
müdafiəsi
Azərbaycan
xalqının tarixində və taleyüklü məsələlərin
həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,
görkəmli siyasət və dövlət adamları
çox olub. Bunlar zaman-zaman gördükləri böyük
işləri və əməlləri ilə yadda qalıb və
unudulmayıblar. Belə tarixi şəxsiyyətlər
içərisində Azərbaycan xalqının ümummilli
lideri adını qazanmış görkəmli dövlət
xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin
xüsusi rolu var. Çünki dövlət xadimlərindən
ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə
yüksəlib.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına,F həmkarlarına nisbətən daha güclü idi. Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən, şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək, fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu özü xalqımız üçün böyük şərəfdir. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən, hörmət bəslənilən ümummilli lideri olub.
Heydər Əliyevin çoxşaxəli fəaliyyəti içərisində onun Azərbaycan əhalisinin sosial müdafiəsi sahəsində gördüyü işlərlə bağlı araşdırma apararkən məlum olur ki, dahi şəxsiyyət, uzaq görən siyasətçinin siyasətinin ana xəttini vətəndaşların sosial müdafiəsi, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitində yaşamasının təmin edilməsi olub. Bu yöndə qəbul olunan dövlət proqramı, verilən sərəncam və fərmanlar fikirlərimizin təsdiqini tapmasında bizə yardımçı olur. Yaxın keçmişə nəzər salanda aydın olur ki, məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların sosial müdafiəsi ilə bağlı davamlı işlər görülüb. Sözügedən nazirlik bu işlərin həyata keçirilməsində beynəlxalq təcrübədən ciddi yararlanıb. Məsələn, 1996-1998-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqının TACİS Proqramı ilə birgə "Azərbaycan Respublikasında məşğulluq xidmətində islahatların aparılması və inkişaf etdirilməsinə kömək göstərmək" layihəsini həyata keçirib. 1997-1998-ci illərdə Nazirlik BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə "Təhsil və özünüməşğulluğun inkişaf proqramı", 1998- 2000-ci ilin yanvar-noyabr aylarında Nazirlik BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığı və BMT-nin İnkişaf Proqramı ilə birgə "Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerlərdə məskunlaşması" layihələri həyata keçirilib ki, bu kimi layihələr vətəndaşların sosial müdafiə sisteminin inkişafı istiqamətində mühüm töhfələr verib. Yuxarıda qeyd olunan layihələrin kəmiyyətini bura qeyd etsək, onda yazı bütünlüklə bu layihələrlə bağlı olacaq. Bunu qeyd etməkdə məqsədim ondan ibarətdir ki, ümumilikdə Heydər Əliyev fenomeni üçün Azərbaycan Respublikasının vətəndaşlarının sosial rifah halı hər zaman prioritet olub. Ulu öndər istər ölkə daxilində, istərsə də ölkədən kənar bütün tədbirlərdə Azərbaycan vətəndaşlarını yüksək dəyərləndirib. Hər bir azərbaycanlıya öz səmimiyyətini ifadə edən Heydər Əliyev Azərbaycan vətəndaşlarının yüksək rifah halında yaşamalı olduğunu hər zaman bəyan edirdi.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Ulu öndərin Azərbaycan əhalisinin sosial müdafiəsi sahəsində gördüyü işləri belə xarakterizə edir: "Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində respublikada səmərəli dövlət idarəçiliyinin olmaması bütün sahələrdə böhranın dərinləşməsini labüdləşdirmişdi. İqtisadi sahədə yaranmış çətinliklər, maliyyə çatışmazlığı sosial-iqtisadi vəziyyətin sabitləşdirilməsi üçün real addımların atılmasını tamamilə məhdudlaşdırmış, sosial müdafiəni təmin edən proqramlar həyata keçirilməmiş, beləliklə cəmiyyətdə təbəqələr arasındakı uçurum getdikcə böyümüşdü. Bu isə sağlam, demokratik və inkişaf edən dövlətlərin təməl prinsipi olan orta təbəqəni dağıtmışdı. Ona görə də, həmin ərəfədə siyasi səriştəsizliyini pərdələmək məqsədilə o zamankı hakimiyyət populist "sosial müdafiə siyasəti" həyata keçirməyə başlamışdı. Əlbəttə, məntiqi olaraq bu fəaliyyət öz səmərəsini vermədi". Millət vəkili qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verdi: "Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Fərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzaladı. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə Ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilirdi ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Beləliklə də, ölkədə bu istiqamətdə hüquqi bazanın möhkəmləndirilməsi və təkmilləşdirilməsi məqsədilə ardıcıl addımlar atıldı". H.Rəcəbli onu da vurğulayıb ki, 2001-ci ilin əvvəllərində sosial təminat sisteminin əhatə etdiyi çox geniş əhali qrupunun bir çox güzəşt və imtiyazlarının ləğv edilərək, konkret ünvanlı pul kompensasiyası ilə əvəzlənməsi ünvanlı sosial yardıma keçiddə çox mühüm və cəsarətli bir addım oldu. Komitə sədri onu da vurğulayıb ki, əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu yeni sosial siyasət konsepsiyası 2003-cü ildən başlayaraq, Ulu öndərimizin siyasi varisi Prezident İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə davam etdirildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət rəhbəri seçildikdən dərhal sonra imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın təsdiq edilməsi haqqında fərmanlar ölkəmizdə iqtisadi və sosial sferalarda yeni inkişaf dövrünün başlanğıcına yeni bir təkan verdi.
Ümumilikdə aparılan araşdırmalar onu deməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin gərgin əməyi nəticəsində ölkədə sosial sistemin köklü surətdə yenilənməsi və daha doğrusu, yeni milli modelin yaradılması öz bəhrəsini verməkdədir. İqtisadçı ekspertlər hesab edir ki, ölkədə bu sahədə yeni modelin tətbiqi əhalinin sosial-rihaf halının yaxşılaşması ilə nəticələndi: "Heydər Əliyev hakimiyyətə gələndə ölkə iqtisadiyyatı olduqca ağır günlərini yaşayırdı. O zaman Azərbaycan yenicə müstəqillik qazanmışdı və demək olar ki, ağır və yüngül sənaye üzrə iqtisadi göstəricilər aşağı səviyyədə idi. Bu isə bir başa vətəndaşların sosial iqtisadi vəziyyətinə birbaşa təsir edirdi. Ümumilli lider məhz bu kimi problemlərin qarşısını almaq üçün yeni model üzərində iş aparması üçün tapşırıq və tövsiyələrini verdi. Aydın məsələdir ki, yeni model bu və ya digər spesifik cəhətlərlə yanaşı sosial sferada yüksək nəticələr əldə etmiş qabaqcıl ölkələrin ən son təcrübəsini də özündə birləşdirməliydi. O dönəmlərdə bu cür addım atmaq üçün həqiqətən də böyük cürət lazım idi. Bu isə ilk növbədə öz ölkəsinin parlaq gələcəyinə inamla baxan Heydər Əliyev nikbinliyindən qaynaqlanırdı. O inanırdı ki, zaman ötəcək və biz ən irimiqyaslı sosial layihələri gerçəkləşdirmək iqtidarında olacağıq. Lakin belə bir sistemin tam gücüylə çalışa bilməsindən ötrü ilk növbədə bəzi məsələləri həll etmək lazım idi. Birincisi - özünü maliyyələşdirən sığorta-pensiya modeli qurmaqdan ötrü pensiya təminatı mexanizmini modernləşdirməliydik. Bugünkü gün ölkəmizdə məcburi sosial sığorta haqlarının toplanması, pensiyaların təyinatı və ödənişi üzrə vahid bir sistem mövcuddur. Əmək pensiyaları haqqında yeni bir qanun qüvvədədir və bundan əlavə, sığortaolunanların avtomatlaşdırılmış fərdi uçot sistemi işə düşüb. İkinci önəmli məsələ - səhiyyə və təhsil sistemində islahatların aparılması ilə bağlı idi. Adıçəkilən sahələr üzrə çalışan obyektlərin özəlləşdirilməsindən imtina etməsinə rəğmən, dövlətimiz yeni özəl klinikaların, ali və orta məktəblərin və sairənin açılmasına dəstək verdi. Bunun nəticəsidir ki, əhalinin maddi imkanı aşağı olan təbəqələri pulsuz səhiyyə və təhsil xidmətlərindən yararlandılar. Bu isə adıçəkilən sferalarda rəqabət bazarını formalaşdırmağa imkan yaratdı. Ən vacib məsələlərdən biri isə əhalinin real gəlirlərinin artırılması ilə bağlı idi. Karbohidrogen mənşəli xammalın xaricə satılmasından əldə olunan maliyyə resurslarının bir an öncə sosial tələblərin qarşılanmasına yönəltmək bu ilin dövlət büdcəsinin tərtibində də birinci dərəcəli məsələ idi".
Ədil Ədilzadə
Ədalət.-2013.-20 aprel.-S.6.