Şeir təhlilləri
VII yazı
Mirzə Ələkbər Sabir
Ata nəsihəti
Bəsdir,
ey oğul, boş yerə bu elmə çalışma,
Qanın
tələf oldu!
Gündüz,
gecə səy eyləyibən dərsə alışma,
Canın
tələf oldu!
Bu
şəhridə çoxdur, görürəm, elm oxuyanlar,
Onlar
nə tapıblar?
Divanədilər
malını bu yolda qoyanlar,
Guya
ki, yatıblar.
Çoxdur
zərəri adəm üçün elm oxumağın,
Sən
say və deyim mən:
Əvvəl
bu ki, məktəbdə olur təlx damağın,
Ey
dideyi-rövşən!
Bir də
gözünün nuru gedib kur olacaqsan,
Canın
da sağ olmaz;
Rəngin
saralıb axırı rəncur olacaqsan,
Bağrında
yağ olmaz.
Axırda,
tutaq, ölməyib onversətə getdin,
Qurtardın
özün də;
İnsaf ilə söylə, bu işi yaxşımı
etdin?
Bir dur bu
sözündə!
Sən də
deyəcəksən sasalım, ya ki demorqat,
Bilməm
necə dersiz;
Xalqın
evini yıxdı çıxıb bir neçə bədzat,
Ax, ax, a
beyinsiz!
Hər
bir gəda bir az oxuyub adəm olubdur,
Zakonu bəyənməz;
Çoban-çoluq
oğlu bəy ilə bahəm olubdur
Hamunu bəyənməz;
Gahi
şaha bir tənə vurar, gahi vəzirə,
Bax, bax, səni
tanrı!
Gah
ocağa şəkk eliyər, gahi də pirə,
Kafir olu barı.
Bundan sonra
qıl tövbə dəxi, məktəbə getmə,
Bircə
usan, oğlum!
Ta baxma
müəllim sözünə, ta əməl etmə,
Axır
utan, oğlum!
Çıx
dağa-daşa, yol kəsibən qarətə başla,
Axırda
qaçaq ol;
Sal bir
beşatan boynuna, bu adətə başla,
Həmmali-yaraq
ol,
Xalqa
dadanaq ol,
Hər
işdə sayaq ol,
Ver cana ziyanı -
Qeyrətdən
uzaq ol!
Şeirin mövzusu, məzmunu və
ideyası
Şeirin
mövzusu Sabirin ardıcıl müraciət etdiyi tərbiyə,
təhsil, məktəb mövzusudur! Məktəbə,
təhsilə, elmə nifrətlə yanaşan satirik qəhrəman
bizə Sabirin digər satiralarından tanışdır.
Digər şeirlərdə qatı inkar,
qarğış, vurub dağıtmağa
çağırış yolu tutan bu elm, təhsil, məktəb
düşməni bu şeirdə adından
göründüyü kimi nəsihətə əl
atmışdır. Nəsihət, məsləhət
klassik poeziyada və xalq şeirində ardıcıl müraciət
olunan müsbət yüklü bir motivdir. Sabir
də yeri gəldikcə bu motivdən yararlanmışdır.
Nəsihət-məsləhət onun bir çox
şeirlərinin həm məzmununu təşkil edir, həm də
satirik üslubunda poetik fiqur kimi ortaya çıxır.
Onun "Küpəgirən qarının nəsihəti",
"Məsləhət", "Olmur, olmasın", "Təhsili-elm",
"Kişi" və sairə satiralarında nəsihət-məsləhət
şairin mənfi qəhrəmanının daxili
dünyasını, düşüncə tərzini, xarakterini
ortaya çıxaran bir vasitəyə çevrilir. Bu tip
şeirlərində şairin özü görünmür,
mövqeyi hansısa söz, ifadə ilə bəlli olmur,
şair sadəcə olaraq tipin özünü
danışdırır, onun mahiyyətini tipin verdiyi nəsihətlərdə,
məsləhətlərdə açır, ifşa edir. Nəsihətdən
istifadə edərək nəsihət verənin - satirik qəhrəmanın
iç üzünü açmaq haqqında
danışdığımız şeirdə də ön
plandadır.
İlk misralardan
sakit bir tərzdə oğlunu məktəbdən, elm yolundan
uzaqlaşmağa çağıran, elm qazanmaq yolunda
malını, varını xərcləyənlərə irad
tutan ata elm və təhsilin zərərli olması barədə
dəlillərini sadalayır: məktəbdə nəşənə
acı qatılacaq, gözünün nuru gedib kor olacaqsan,
canın sağ olmayacaq, rəngin saralacaq, xəstə
düşəcəksən, bağrında yağ
olmayacaq. Bunlar fiziki təhlükələrdir.
Ata oğlunun mənəvi-əxlaqi planda hansı təhlükələrlə
üzləşəciyini sadalamaqla narahatlığını
söyləməyə davam edir: axırda universitet oxuyub
sosializm, demokratiya, bərabərlik deyəcəksən,
qanunları bəyənməyəcəksən, hakimiyyəti
qəbul etməyəcəksən, ocağa, pirə şəkk
gətirəcəksən. Atanı ən
çox narahat edən də bu sonunculardır, mənəvi-əxlaqi
aləmdə, ictimai düşüncədə baş verən
dəyişikliklərdir. Bu narahatlıq
onun işlətdiyi "Ax, ax", "bax, bax"
nidalarından bəlli olur. Cəmiyyətdə
"sasalım" (sosialist), "demorqat" (demokrat) sözləri
işlənir, mövcud qanunu (zakonu) bəyənmir,
çoban-çoluqla bəy arasında bərabərlik tələb
edir, şaha, vəzirə tənə vurur, onları tənqid
edir, elm öyrənib cəmiyyətə faydalı olmağa
çalışırlar - bütün bunların səbəbkarı
isə məktəb, onversətə (universitet), elm, müəllimdir.
Satirik tipin qəzəbi onlara qarşı
yönəlib. Elm öyrənməyin, dərs
oxumağın ziyanlarından danışıb fikrini əsaslandırmağa
çalışan, yaxşıya pis, pisə yaxşı deyən
ata şeirin sonunda əsl məqsədini bildirir: Oğlum, get
qaçaq ol, quldurluq et, xalqı tala, qeyrətdən
uzaq ol. Şeirin ideyası nadanlığın, tərbiyəsizliyin,
quldurluğun dərs oxumaqdan, elm qazanmaqdan, xalqa yararlı
olmaqdan üstün tutulduğu bir dünyanın tənqidi və
bu dünyaya əks olan bir aləmin arzu edilməsindən
doğur
Şeirin iştirakçıları
"Ata nəsihəti"
satirasının iki iştirakçısı var: nəsihət
verən ata və nəsihət olunan oğul. Şeirdə fəal
olan atadır: danışır, irad tutur, tənqid edir,
lağa qoyur, nəsihət verir. Şeirdə
oğul passivdir, dinləyici rolundadır, danışmır,
fikir bildirmir, mətndə birbaşa görünmür. Satirik tipin nəsihətamiz monoluqundan, giley və
qeybətlərindən, həyəcanlı sözlərindən
oxucu anlayır ki, oğul köhnə qaydalarla yaşamır,
dərs oxuyub, elm qazanıb müasir insan olmaq istəyir.
Hər kəsi fərəhləndirməli olan
bu keyfiyyət Sabirin satirik qəhrəmanını qəzəbləndirir.
Ona görə də dolayısı yolla, cəmi
iki cümlə ilə gəncləri elmə, məktəbə
təşviq edənlərə nifrətini bildirir, tənə
vurur.
Buna da
diqqət yetirmək lazımdır ki, ata öz oğlu ilə
münasibətdə ehtiyatlıdır, ona
"dideyi-rövşən" (gözüm nuru) deyə
müraciət edir, fiziki güc, zorakılıq üsulu ilə,
təhqirlə danışmır, nəsihət yolu tutur,
oğlunu yolundan döndərmək üçün öz
ağlınca, öz düşüncəsinə görə
məntiqi dəlillər, sübutlar gətirir. Atanın
dəlilləri gülüş doğurur, satirik qəhrəmanın
düşüncəsinin, qəbul etdiyi, arxalandığı
dəyərlərin nə qədər çürük
olduğunu göstərir. Oğluna nəsihətdə
öyüdverici sözlər seçən, ona qarşı
davranışlarında yumşaq tərz nümayiş etdirən,
oğlunu qılıqlayan ata oğlunu məktəbə, elmə
təşviq edən adamlardan danışanda sərt sözlər
seçir, istehzalı danışır ("divanə
olublar", "hər bir gədə", "ax, ax, a
beyinsiz") köhnə qaydalara, inanclara qarşı
olanları ittiham edir.
Satirik qəhrəmanın - atanın dediklərindən,
mülahizə və dəlillərindən o da aydın olur
ki, həyat artıq onun dediyi və arzuladığı kimi
deyil. Burada Sabirin yaşadığı zəmanədəki
müsbət təmayülü, yenilik və
oyanışı bir sənətkar qüdrəti ilə nə
qədər aydın şəkildə gördüyü və
göstərdiyi diqqət çəkir. Bu yenilik və
oyanış ondan görünür ki, şikayətlənən
artıq zavallı, köməksiz, məktəb həsrətilə
alışan, amma məktəbə buraxılmayan uşaq yox,
məktəbdən, müəllimdən, oğlunun dərs
oxumağa meyl göstərməsindən əndişə
keçirən geridə qalmış, nadan atadır. Maarifçi realistlər məktəbin
yoxluğundan, ataların övladlarını məktəbə
buraxmamalarından şikayətçi idilərsə, indi
şikayətlənən, gileylənən məktəbin,
elmin həyata nüfuz etməsindən narazı qalanlardır.
Əgər satirik qəhrəman şikayət edirsə,
gerçəkliyi qəbul etmirsə, deməli, həyatda
köhnə düşüncə ilə yaşayan,
çürük dəyərlər sistemindən əl
çəkə bilməyən insanları qane etməyən
müsbət təmayüllər, yenilik havası var. Sabir
dühasının bir əlamət və cəhəti də
bu müsbət tendensiyaları, milli oyanışın əlamətlərini
görməsində və satirik tipin dili ilə olsa da,
onları göstərə bilməsindədir.
Şeirin üslub və dil
xüsusiyyətləri
Şeirin süjeti sadədir, yüksələn bir xətt
üzrə inkişaf edir. Oğlunu elm öyrənməkdən,
dərs çalışmaqdan çəkindirmək istəyən
ata addım-addım, ehtiyatla əsl məqsədini
açıqlamağa doğru gedir. Bu tipin
xarici görünüşü, peşəsi haqda şeirdən
bir məlumat ala bilmirik. Şairin satira
projektoru satirik qəhrəmanının daxili aləminə,
düşüncələrinə yönəlmişdir. Daha dəqiqi, şair tərəfindən
danışdırılan tip bir başqasının müdaxiləsi
olmadan özü-özünü tanıdır, kimliyini bəlli
edir.
Şeirdə parlaq təşbehlərə,
mübaliğələrə, mürəkkəb məcazlara
rast gəlmirik, ancaq bunların yoxluğu şeirin bədii təsir
qüvvəsini qətiyyən azaltmır. Şair sadə ifadələrlə,
adi sözlərlə təsirli, aydın, yaddaqalan səhnələr
yarada bilmiş, danışdırdığı tipin iç
aləmini ustalıqla açmışdır. Mürəkkəb
bədii təsvir və ifadə vasitlərindən imtina etməyi
Sabirin ayrı-ayrı misra və şeirlərində
davamlı müşahidə edirik. Lakin bu
Sabirin şeir texnikasının, bədii istedadının zəifliyi
kimi deyil, şairin düşünülmüş şəkildə
istifadə etdiyi bir üslubi məqam kimi qiymətləndirilməlidir.
Şeirin dili tamamilə sadə, xalq dilinə yaxın
bir dildir. Yalnız bircə yerdə klassik şeirdən gələn
tərkibə ("dideyi-rövşən"), bir dənə
bugünkü oxucu üçün anlaşılmayan sözə
(xəstə mənası verən "rəncur"
sözünə) müraciət edilmişdir. Əvəzində satirik qəhrəmanının
özünü müasir, savadlı (əslində
savadsızlığını) göstərmək istəyindən
doğan ifadə və sözlərə yer verilmişdir.
Təhrif edilmiş şəkildə deyilən, bir növ
ictimai həyatda yeniliyin atributları kimi işlənən
"sasalım", "demorqat", "onversətə"
kəlmələri o dövrün savadsız adamlarının
dilinin əzbəri idi ki, Sabir də onları həm məişət
dilində işləndiyi tərzə uyğun, həm də
satirik tipin savadsızlığını göstərmək
üçün işlətmişdir. Ata bu sözlərin tələffüzündə
yanlışlığa yol verdiyini də sövqü-təbii
duyur və xalqdan gələn bir ifadə ilə
özünü sığortalayır: "bilməm necə
dersiz;"
Şair xalq dilindən gələn ifadələrə
yeni bir rəng verməklə fikrini daha təsirli etməyə
çalışmışdır. Xalq dilində "ürəyində
yağ qalmamaq", "ürəyinin yağı ərimək"
kimi mənfi yüklü, əzab çəkmək bildirən
ifadələr var. Hətta bir folklor nümunəsində
deyilir ki, qonşuda qız sevən oğlanın ürəyində
yağ olmaz! Sabirin satirik qəhrəmanı da elmə həvəs
göstərən, məktəbə sevgi bəsləyən
oğlunu qorxutmaq üçün xalqdan gələn bu ifadəni
dəyişdirərək belə ifadə edir:
"bağrında yağ olmaz". "Bağır"
sözü dilimizdə, qara ciyər, sinə, köks və
ürək mənalarında işlədilir. Göründüyü kimi Sabir
"bağır" sözünün ürək mənasını
alaraq xalq ifadəsini öz satirik üslubuna uyğun bir şəkildə
işlətmişdir. Və yaxud xalq dilində "evi
yıxılmış", " evin
yıxılsın" kimi qarğış bildirən deyimlərə
rast gəlirik. Sabir bu ifadəni satirik tipin dili ilə bu şəkildə
işlədir: "Xəlqin evini yıxdı
çıxıb bir neçə bədzat". Bununla da şair satirik qəhrəmanının
düşüncə tərzini, yeniliyə, dəyişikliyə,
oyanışa olan münasibətini daha təsirli şəkildə
ifadə etmişdir.
Şeirdə
vəzn və qafiyə xatirinə cümlədə söz
sırasının pozulması halı da var. "Sən say və
deyim mən" cümləsi normalda "Mən deyim, sən
say" şəklində olmalıdır. Amma cümlənin
öz dediklərinə inanan, öz ağlından,
düşüncəsindən sonsuz dərəcədə
razı, savadsız bir nadanın dilindən söyləndiyini
nəzərə alsaq, bu Sabirin qüsuru sayılmamalı,
tipin xarakterini açan bir "yanlışlıq" kimi dəyərləndirilməlidir.
"Ata
nəsihəti" şeiri Sabirin 1906-cı ildə "Molla
Nəsrəddin"də çap olunan ilk qələm
nümunələrindəndir. Satira
yaradıcılığının ilk illərində
müşahidə etdiyimiz yuxarıdakı yeniliklər, zamana,
həyata baxış, satirik tip yaratma və onu ifşa
üsulları şairin sonrakı illərdə
yazdığı əsərlərdə kamilləşmiş,
bütöv, mükəmməl bir yaradıcılıq
konsepsiyasına çevrilmişdir.
VURĞUN ƏYYUB,
Filologiya üzrə fəlsəfə
doktoru
Ədalət.-2013.-20 aprel.-S.5.