Tariyel Vəliyev - bir ilin ağrısı
Günlər, aylar, illər elə-belə getmirlər. Gedəndə özləri ilə yaxından-uzaqdan tanıdığımız,
ətrafımızda görməyə
alışdığımız insanları da özləri ilə aparırlar.
Tariyel Vəliyev də ötən il
belə günlərin
birində, belə günlərin birinə qoşulub getdi. Bir ildir ki,
ailədə, çalışdığı
telekanalda, dərs dediyi ali
məktəbdə yeri
görünür.
Rəsmi
tarixi qaynaqlar deyir ki, əməkdar
incəsənət xadimi
Tariyel Təyyar oğlu Vəliyev
1944-cü il fevralın 24-də İmişlidə
anadan olub. Müsahibələrinin birində "Mən
televiziyaya nağıllar
aləmi kimi baxırdım" - deyən
Tariyel Vəliyev bu nağıllar aləminin real, canlı əfsanələrindən birinə
çevrildi. Gələcəkdə Azərbaycan televiziyasının
tarixini araşdıranlar
Tariyel Vəliyev faktından yan keçə bilməyəcəklər.
O, milli televiziyamız tarixində ilk serialın quruluşçu rejissorudu.
Aslan Qəhrəmanlının
qələmə aldığı
"Səni axtarıram",
"Bağışla", "Səndən xəbərsiz"
trilogiyasına verdiyi quruluş o zaman inanılmaz populyarlıq qazandı. Seyid Hüseynin "Məhəbbət
macərası", İlyas
Əfəndiyevin "Sən
həmişə mənimləsən",
Anarın "Ötən
ilin son gecəsi",
May Bayciyevin "Duel", Əzizə
Əhmədovanın "Pəncərədə
işıq"... əsərləri
əsasında mükəmməl
teletamaşalar hazırlayıb.
Uzun illər
pedaqoji fəaliyyətlə
məşğul olub. Mədəniyyət və İncəsənət
Universitetində əvvəlcə
müəllim, "Kinoşünaslıq"
kafedrasının müdiri
olub. 2007-ci ildən
ömrünün sonuna
kimi isə həmin ali
məktəbdə "Televiziya
rejissorluğu" kafedrasına
rəhbərlik edib.
"Sizsiz mənim ölümüm..."
Tariyel Vəliyevin yoxluğundan bir il ötür. Dostları bir ildi ki, bu ağrını
yaşayırlar. Şair Tofiq
Abdin mərhum Tariyel Vəliyevlə bağlı ürək sözlərinə bir zamanlar yazdığı
""Ölməyin məndən
qabaq" şeirindən
sitatla başladı:
gedirsiniz...
kiminizi ürək çökdürür
bir arkadaşın düyün sonrası
bu bəlkə bir alın yazısı
kiminizi
təzə bir ölüm tərcihi
bir polis zopası
gedirsiniz...
bu dünya ilə tənha buraxıb məni
gedirsiniz...
sizsiz mənim ölümüm
yaraşıqsız olacaq
sizi araya-araya
qapalı gözlərim
açıq qalacaq
Yazıçı Aslan Qəhrəmanlı deyəndə, mən həmişə Tariyel Vəliyevi də düşünmüşəm və mənə elə gəlir ki, bu sənətkarların
hər ikisi bizim hər birimizdən, şəxsən
məndən şanslı
yaradıcı olublar.
Aslan ilk seriallar
yazan yazarlarımızdan
biridi, Tariyel bəy də onu seriallaşdıran sənətkarlardandı. Onların
bu işbirliyi haqqında Aslan müəllim həmişə
mənə danışırdı
və hər danışanda da bir şeyi vurğulayırdı
ki, Tariyel özünə baxan adam deyildi.
Bu özünə baxmaqda
mən iki düşüncə içində
olardım: bir var geyiminə-keçiminə
baxmaq və bir də var
səhhətinə baxmaq.
Mənim
tanıdığım Tariyel
bəy hər zaman çox səliqəli geyinən, işində də, sənətində də bu səliqəni yaradıcı surətdə
gözləyən bir
insan idi.
Sevimli Tariyel bəy haqqında çox şeylər danışa bilərəm. Tariyeli bir
insan, bir sənətkar kimi uzun illər müşahidə etmişəm.
Yazıla biləsi o qədər məqamlar var ki...
Tariyel bizləri
çox sevirdi və bizlərə simpatiya ilə yanaşan bir yaradıcı idi. Elə buradaca
bir məsələni
aydınladım. Bizləri, yəni,
kimləri? Biz rayon uşaqlarını. O zamanlar
biz hər kəsdən
bir istilik, bir doğma baxış axtardığımız
illərdə Tariyel kimi sənətkarların
bizlərlə, məsələn,
məndən başqa
Kamal Abdullayevlə işləməsi onun qəlbinin ən çarpıcı tərəflərindən
idi.
Bu gözəl və
unudulmaz rejissor-pedaqoq Tariyel Vəliyev mənim çox sevdiyim, böyük simpatiya bəslədiyim sənət adamı idi. Və üstəlik də
gözəllik aşiqi
idi. Həyatda da, sənətdə
də. Bu isə davam edən bir söhbətin
mövzusudu. Nə
qədər canımızda
can var, deməli Tariyel Vəliyev haqqında düşüncələrimiz
davam edəcək".
"Ucadan danışmayan zirvədəki
Tariyel"
Müsahibələrinin birində Tariyel Vəliyev televiziyadakı həyatını
belə xarakterizə etmişdi: "Televiziya mənim həyatımın
əsas hissəsidi. Özümü başqa sahədə
təsəvvür edə
bilmirəm".
"Azərbaycan Televiziya
və Radio Verilişləri"
Qapalı Səhmdar Cəmiyyəti Həmkarlar
Komitəsi sədrinin
müavini Mübariz Süleymanlı uzun illər Tariyel Vəliyevlə bir kollektivdə çalışıb. Mərhum
rejissorla bağlı işıqlı xatirələri
qalıb: "Tariyel Vəliyevin adı çəkiləndə gözlərim
önünə böyük
bir ziyalı, mədəni və təvazökar bir insan obrazı gəlir. İş otaqlarımız eyni mərtəbədə
olduğundan hər gün görüşür,
söhbətləşirdik. Yaşca məndən böyük olsa da, bunu
heç vaxt hiss etdirməz, özündən
cavanlarla tez ünsiyyət qurardı.
Qarşısındakı insana hörmət
və ehtiramla yanaşardı. Yəqin elə
ona görədir ki, kollektivdə hamı onun xətrini istəyirdi.
İnanmıram kimsə
Tariyel müəllim haqqında nəsə xoşagəlməyən bir
söz desin. Sənətin zirvəsində olmağına
baxmayaraq bir dəfə də ucadan danışmadı.
Əmirhüseyn Məcid, Kərim Kərimov, Nazim Abbas, Ramiz Həsənoğlu
kimi tanınmış
televiziya işçiləri
ilə xüsusi münasibətləri var idi. Sanki televiziya ilə nəfəs alırdı və övladlarına da bunu aşılamaq istəyirdi. Onları
tez-tez iş yerinə gətirərdi. Bu gün atasının
yolunu layiqincə davam etdirməyə çalışan oğlu
Vüqar gözümüz
önündə böyüyüb.
Ölümündən təxminən 10 gün qabaq Həmkarlar Komitəsinin sədri Sərhəd Qasımovun kabinetinə gəlmişdi,
görüşüb söhbətləşdik. Çox şən
görünürdü. Nə biləydik ki..."
"Bir gözümüz gülür,
bir gözümüz ağlayırdı"
Tariyel Vəliyev
öz peşəsini mükəmməl bilən
və bildiklərini gənclərə həvəslə
öyrədən istedadlı
pedaqoq idi. Mədəniyyət və İncəsənət
Universitetində onu yalnız xoş sözlərlə anırlar.
"Səhnə danışığı"
kafedrasının müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Zülfiyyə Eldarqızının yaddaşında
Tariyel müəllim belə qalıb: "Tariyel müəllimin istedadlı televiziya rejissoru olduğunu bilirdim. Çünki quruluş verdiyi
teletamaşalara maraqla
baxmışdım. Amma onunla
heç vaxt təmaslarım olmamışdı.
Tariyel müəllim bir zamanlar çalışdığım
kafedraya müdir təyin olunanda səhhətimlə bağlı
işə çıxmırdım.
Evdə hər gün düşünürdüm ki,
görən necə adamdı, işləmək
mümkün olacaqmı?
Kafedrada
ilk görüşümüzdəcə bütün suallara cavab tapdım. İnsana xas olan bütün
müsbət keyfiyyətlər
Tariyel müəllimdə
cəmləşmişdi. İstedadlı olduğu qədər
də sadə idi. Bəzən elə adamlara
rast gəlirsən ki, heç bir istedad yoxdu,
lakin bütün günü özünü
tərifləyir. Azərbaycan televiziyası
tarixində çox böyük yaradıcılıq
işlərinə imza
atan Tariyel müəllim isə heç vaxt özünü öyməz,
təriflənməsini də
istəməzdi. Mədəniyyət və İncəsənət
Universitetinin tədbirlərinə
aparıcılıq edəndə
onun bütün rəsmi titullarını sayardım. Hər dəfə tədbirdən
sonra yaxınlaşıb
"Lazım deyil, elə sadəcə Tariyel Vəliyev kimi təqdim etsən kifayətdi" -
deyərdi. Heç bir
tədbirdə, yığıncaqda
özünü göstərməyə
çalışmazdı. Amma Tariyel müəllimin orada olmağı mərasimə bir sanbal qatırdı.
İstedadlı rejissor, pedaqoq olmaqla yanaşı, həm də gözəl psixoloq idi. Kafedra əməkdaşlarını, tələbələrini bir
baxışdan hiss edirdi,
sanki ürəyimizi oxuyurdu. Yaşlı bir əməkdaşımız
var idi. Evə getməyə hazırlaşanda
Tariyel müəllimin
nə işi olursa-olsun, tez özünü çatdırar,
həmin xanımın
paltosunu tutardı.
Biz ondan çox
şey öyrənirdik.
Sonra
iş elə gətirdi ki, Tariyel Vəliyev yeni yaranan
"Televiziya rejissorluğu" kafedrasına müdir təyin
olundu. Buna baxmayaraq, bütün bayramlarda zəng edir, diqqət
göstərirdi. Tədbirlərin birində
çıxışım deyəsən xoşuna gəlmişdi.
Zəng edib təbrik etdi və dedi ki, səninlə
bağlı planlarım var. Bir neçə dəfə
çalışdığı kafedraya getdim, hər dəfə
də söhbət etmək mümkün olmadı, dedi
qalsın başqa bir vaxta. Mənimlə bağlı fikirlərini
öyrənə bilmədim. Hər dəfə yadıma
düşəndə özümü qınayıram, gərək
soruşaydım.
Çox
mülayim insan idi. Yəqin ki, xəstəliyinin də xətrinə
dəymək istəmədi. Doğrudan da günlər
ildırım sürəti ilə ötür. Elə bil
dünən idi, Tariyel müəllimin vəfatı xəbərini
eşidəndə hamı şoka düşmüşdü.
Həmin gün xanım əməkdaşlarımızdan
birinin toyu idi. Həmin toyda bir gözümüz gülür,
bir gözümüz ağlayırdı".
Tariyel Vəliyevin vəfatından bir il ötür. Bir neçə gündən sonra təqvimdə yenə aprelin həmin günü gələcək. Tariyel müəllimin getdiyi gün...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-20 aprel.-S.14.