YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

 

ABDULLA KİŞİNİN OĞLU: AZƏR ABDULLA - 1

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

Yazar dostum Azər Abdulla mənim çox sevdiyim altmışıncılardan biridir və onu da ona görə sevmirəm ki, altmışıncılar sırasında ədəbiyyata gəlsə də, heç zaman onların sırasında adı çəkilmədi, yox, bu sıra o qədər sıx və vəzifəli adamlar tərəfindən elə zəbt edilmişdi ki, artıq ora pərçimlənmək qeyri-mümkün idi və indinin özündə də onun adı arada-bərədə o illərdən yaddaqalan bir isim olsa da, tam o sıraya yerləşə bilməyib.

Yerləşə bilməmənin də bir çox səbəbi var, bunu buraxaq zamanın axarınag

Zamanın axarı heç zaman insafla axmadığı kimi, bunu da Azər Abdulla çox dərin bir duyğu ilə hiss etdiyindəndir ki, hər zaman dediyini dedi və Azərin də bu insanlar qarşısında üzünün ağlığı məhz bu zamanın axarına qoşulub axmamağında olduğu üçün indi xudmani bir məhəllədə (Mərkəzi nəşriyyatın doqquzuncu mərtəbəsində) məskən salmış və hər gün mühüm bir işə gedirmiş kimi evdən çıxır, ora gəlir və orada, adı olub özü olmayan "OĞUZ ELİ" deyilən bir qəzetin yeni əlavəsini hazırlamaq üçün qapını açır və hər dəfə də müjdəli bir telefon zəngi gözləyir, o zəng də hər zaman müjdəli olmur.

 

Ulu Nazim burda nə demiş, Abdullanın oğlu Azər

bir məktub gözləyirəm müjdəli

bəlkə öldüyüm gün gəldi

mütləqa gələcək amma...

 

Azərdə gəncliyindən bəri həqiqətən dəhşətli bir namus, bir əxlaq və bir sevgi odu var ki, indi onlardan çox az hissəsi onun bədənində və hafizəsində qalıb.

Günah onda deyil. Azərin də dözmədiyi anlar olub. Bəzən zamanın axarına düşməyə çalışsa da (bəlkə də bəzən düşüb, amma tez çıxıb ordan, bunu izah etmək üçün daha bir yazı yazmaq gərəkir) düşə bilməyib və o doğduğu torpaqlardan aldığı yaralardan başqa, bir şey ala bilməyib və burada da mən bir məntiq görürəm ki, bunu Azərin alın yazısı ilə izah etmək mümkündür. Hər ORALININ bəxti gətirmir və hər YAZAN ORA YAXIN OLA BİLMƏZ.

Və bütün bunların üstündən bir az öncələr Azər Abdullaya bir dedim ki, filan şey lazımdı, iki dedim ki, filan şey lazımdı, Azər şübhələndi: mənim haqqımda yazmaqmı istəyirsən? İşdi yazsan, həqiqəti yaz. Amma hansı həqiqəti?

Əlində yazmaq və çap etdirmək imkanı olan, bizdən çox cavan bir yazar keçənlərdə yazar Azər Abdullanın mənim haqqımda olan (xahiş edirəm əvəz əvəz formulası yadınıza düşməsin) yazısını çox təriflədi və "mən son vaxtlarda belə portret yazısı oxumadım" deyib göylərə qaldırdı və əlavə elədi: "mən onun başqa yazılarını oxumamışam, - dedi, oxumaq istərdim".

Bir də təkrar edirəm: adam yazını çox bəyənmiş (bütün təriflər Azər Abdullaya aiddir) və onun haqqında bir neçə kəlmə şirin söz yazıb çap etdirməyə gücü və imkanı da var. Amma susur, bunları mənə çayxanada deyirg

Təbii, bu onun işi. Adam Azərlə şəxsən tanış deyil və bu şəxsi tanışlıq, bəzən şirinlik gətirsə də, bəzən acılıq da gətirir və bu cavan yazarlarla oturub-durduğum üçün bir çox zaman mən qınaq sahibi də oluram, bu sevdam bəzən mənə hətta çox baha başa gəlir. O gün məndən cavan bir şair, bir iki yüz içəndən sonra düppələndüz üzümə dedi: bizi bir-birimizə mənəvi heç nə bağlamır, MADDİ bağlar var aramızda.

Mən heç üstünü vurmadım, güman ki, araq təsir eləmişdi, ya da həqiqəti deyirdi özünə görə. Söz, doğrusu məni əzdi və üstündən çox zaman keçməsinə baxmayaraq haqq eləmədiyim o söz (yəni, mən şirkət sahibi deyiləm, mən milyonçu deyiləm, mən də bir çox yazar kimi qəzetlərə yazı yazıb beş-üç qəpik qazanıram, amma heç zaman ağlamıram) üstündən aylar keçməsinə baxmayaraq heç mənim yadımdan çıxmır və güman ki, çıxmayacaq.

Yazar Azər Abdulla bu cavanlara aşina olsa da mənim kimi bir o qədər ünsiyyətdə olmur, güman ki, elə bu şappadan deyilən sözlərin çəkisinə dözməyəcəyini qabaqcadan bilir və çox zaman onlardan uzaq gəzir. Bu onun şəxsi işdi və düşünürəm ki, yazar Azər Abdulla günün sıxıntıları içində çırpına-çırpına yaşayan bir yazardır və onun alacağı daha hansı haqları var, bunu mən bilmirəm, amma onun başında olan bəzi şeylər məni də ağrıdır və onun da taleyinin gətirməməsini mən bir az alın yazısı ilə bağlayıram. Təbii, mənim bu "taleyin gətirməməsi" ifadəmə etiraz eləyənlər olar, uğursuzluq hər zaman var və Azər də bu uğursuzluq içində çırpınan yeganə yazarımız deyil, Allah deyib: səndən hərəkət, məndən bərəkətg

 

 

PƏRÇİM: Bir başqa yazıdan:

- Azər, Boris Pasternakın iki misrasını mən həmişə xatırlayıram: Çeviridə belədi ki,

 

MƏN AZ İŞ GÖRMƏDİM

BU VƏTƏN ÜÇÜN,

GƏRƏK UNUTMASIN

BU VƏTƏN MƏNİ.

 

- Necə bilirsən, bu Vətənlə sənin bağlılığın nə qədərdi, bu Vətəndən bir umacağın vardımı? Amma, Allahı sevərsən, açıq söylə. Demirəm ki səmimi ol, amma təmiz düşüncəylə söylə.

- Əzizim Tofiq bəy, bu sualı gərək sən mənə verməyəydin. Aralarında pərdə olan iki doğma adamın bəzən sözü çəp gələndə onlardan biri qeyzlənərək - Mənim ağzımı açdırma ha!.. - deyir. Mənim yaşayış durumumun bəzi məqamlarını bir az öncə özün dedin. Bu yaşımdakı işim, gün-güzəranım elə gənclik dövründə "Qobustan" dərgisində işlədiyimiz vaxtlardakı yaşam tərzinə bənzəyir. Ayda, bəzən üç-dörd ayda hazırladığım "Oğuz eli" qəzetinin "Yazıçı" adda çap olunmuş ayrıca buraxılış sayını torbada sallada-sallada (çəkisi bəzən on, bəzənsə iyirmi kiloqram olur) mətbəədən redaksiyaya, oradansa iki marşrut dəyişməklə Yazıçılar Birliyinə aparıram. Əli torbalı qapıdan çıxanda nəşriyyatın qarşısında yan-yana düzülmüş "Cip, Prado, BMV, Mercedesdən tutmuş sovetdən qalma sınıq-salxaq Moskviçə qədər bir-birinin yanında sıx dayanmış maşınların arasından güclə, özü də utanıb-sıxılmadan keçirəm. Elə bildin həftədə, bəzənsə ayda bir dəfə çap elədikləri qəzetlərinin səhifələrini hakim dairənin şəkilləri, yaltaqlıq iyi verən yazılarla dolduran o maşın yiyələrinə paxıllığım tutur. Yox Tofiq, meşələri, gölləri, bulaqları, çimərlikləri zəbt eləmişlərin, rayonlarda, ölkə dışında tikdirdikləri villaların az qala sayını itirmiş hərislərin (hələ sevin ki, udulan hava-oksigen özəlləşməyib, bir də gördün ağız-burun üçün sayğac kəşf etdilər, alınan nəfəs üçün də limit qoydular...) yanında o binəva qəzetçilər kimlərdi ki?!. Birdən elə bilərsən onlara həsədimi aparıram?

Vallahi, billahi yox. Yaşadığım taleyi Allahmı verib mənə, özümmü seçmişəm, bilmirəm. Sənin sualına dəxli olmasa da bir ayrıntı çıxacam. Səkkizmi, doqquzmu yaşımda ev uşağıydım. Eşitdim, kənd uşaqları hər kəs olanından (yumurta, pendir, lavaş, limonad) götürərək yığışıb kənddən azca aralıda "Dəhnə" deyilən yerdə kef eləməyə gedirlər. Məndən altı-yeddi yaş böyük olan qonşu oğlana etibar edib o kefə mənim də getməyimə evimizdə razılaşdılar. Gün batanacan uşaqların cürbəcür oyunlarına maraqla baxdım. Şər qarışanda nəhəng bir tonqal çatıldı.

Uşaqlar tonqaldan azca aralı dövrələmə oturub gətirdikləri azuqəni və elə ordaca iri tavada bişirilən qayğanağı ortalığa qoydular. Neçə-neçə əllər birdən hərisliklə tavaya uzandı. O illər camaatımız yoxsulluq içində yaşayırdı. Uşaqların içində aylarla, bəlkə də illərlə qayğanaq üzü görməyənlər varıydı. Qayğanağın bir andaca qurtaracağını görən yan-yana oturmuş üç qolu zorbalı oğlan (onlardan biri qonşumuz idi) qayğanağı adambaşına bərabər bölmək adıyla tavanı qabaqlarına çəkdilər. Qayğanağın az qala yarıdan çoxunu o üç nəfərə, qalanını qırıq-qırıq onmu, on ikimi uşaq arasında bölüşdürəndə ehtirazlar başlandı, limonad şüşələri sındı, alüminium qablar göydə fırlandı, yanmaqda olan kösövlər ətrafa tulazlandı, dartışma, süpürləşmə, didişmə, söyüşmə... Yanıb sönən tonqalın işığında o üç yaşlı oğlanın əllərini qaba uzadıb kəsdikləri qayğanaq parçalarını pələsənk ağızlarına aparmaları indigözümün qabağındadı. Mən qonşumun böyründə oturmuşdum, o məni tələsdirərək - Ye, ye - deyirdi. Tofiq, inanırsan, o qayğanaqdan götürdüyüm bircə loğma boğazımda ilişib qaldı. Ədalətsiz bölgüyə görə...

Təbii, Azər hər zaman hərəkətdədir, yəni həm fiziki, həm də qələmlə hərəkətdədir. Yazır və bu yazılar doğrudan da çox zaman diqqətdən kənarda qalır. Bu "diqqətdən qıraqda qalma"nın nə bəla olduğunu mən özüm də bilmirəm, amma bu adam bu qədər işin qabağında durub-durub hələ bir "töhmət" də alır. O gün əzablı bir işi üçün təşəkkür gözlədiyi halda birisi zəng eləyib Azərə deyib: sənin mənimlə düşmənçiliyin varmı: filan belə gəldi, beşməkan belə getdig

Azər indiki məqamda çox çətin bir işin içindədir ki, bunu əsl jurnalistlər gözəl bilir. "OĞUZ ELİ" qəzeti maddi çətinlikdən qapandıqdan sonra Azər bu qəzetin ona verdiyi haqla bizim yazarlar haqqında xüsusi buraxılışlar eləyir və bu buraxılışlar bəzən əndazəsini aşsa da, yəni hər zaman layiqli yazar tapmaq bir o qədər də asan iş deyil, amma bu bazar ortamında Azərin də gördüyü işin nə dərəcədə ağır və çətin olduğunu mən bilirəm. Artıq biz buna alışmalıyıq.

 

 

abdin41@mail.ru

www.tofigabdin.com

Tofiq Abdin

 

Ədalət.-2013.-20 aprel.-S.15.