POEZİYA -
2011-2012
ƏDƏBİ
HƏYAT
I
Bu
gün-bu maddiləşmiş dünyada əsrlər boyu mənəvi
sərvət kimi anılan və sevilən poeziyanın durumunu
düşünəndə səni bir az bədbinlik hissi
çulğalayır. Fikirləşirsən ki, indi keçən
əsrdə olduğu kimi şeiri sevmirlər, oxumurlar və
şeir ötən əsrdəki kimi təbliğ olunmur. Amma
çox tezliklə bu hisslər səni tərk edir.
Böyük "nikbinliklə" düşünürsən
ki, artıq üzvlərinin sayı 1500-ü keçən Azərbaycan
Yazıçılar Birliyi şair sarıdan heç bir
qıtlıq çəkə bilməz. Bu 1500-ün ən
azı 1000-i şairdir, hələ üstəlik məmləkətimizin
rayon, şəhər və kəndlərində Birliyin
üzvü olmayan, amma şair kimi tanınan və
tanıdılan ən azı 2000 müəllif yaşayır və
onların şeir kitabları da düzü-dünyanı
bürüyüb. Deməli, istedadının dərəcəsindən
asılı olmayaraq məmləkətimizdə 3000 şair
yaşayır. Amma bu reallıq əsl həqiqəti ifadə
eləmir. 3000 şairin içərisində əsl POEZİYA
yaradanlar var ki, onların sayı 100-ü keçəmməz.
Təxminən bundan iki dəfə, üç dəfə
artıq sayda müəlliflər də var ki, onlar heç də
pis yazmırlar, amma böyük poeziya yarada bilmirlər.
Qalır böyük sayda müəlliflər ordusu...gOnlar sadəcə
nəzmkarlıqla məşğuldurlar.
Yazdıqlarının içində bircə obrazlı fikir
tapa bilməzsən, amma onların yazılarında sanki hər
şey yerli-yerindədir. Qafiyə də, vəzn də, nəsə
bir məzmun da..
II
İlk
növbədə, böyük nikbinliklə qeyd etməyə
dəyər ki, müasir Azərbaycan poeziyası çoxəsrlik
yaşarı ənənələrə sadiqlik nümayiş
etdirir.
Həyatda,
cəmiyyətdə, ictimai aləmdə, ümumən
dünyada ciddi, qlobal dəyişikliklər baş versə də,
sənət aləmində, xüsusilə poeziyada bir çox
dəyərlər hələ də öz gözəlliyini
itirməmişdir. Bu dəyərlər əbədidir,
poeziyanın mahiyyətini ifadə edir və zamanın hər
bir təlatümündən, sınağından keçə
bilir. Həmişə ənənə ilə novatorluğu
özündə əks etdirən bu poeziya XXI əsrdə də
öz mahiyyətinə, məna və məntiqinə sadiq
qalmışdır. Azərbaycan poeziyasından söz
açanda, ilk növbədə, həmin dəyərləri
özündə əks etdirən nümunələrdən
danışmalıyıq.
III
Böyük
rus tənqidçisi V.Q.Belinski yazırdı: "Şairin
yaradıcılıq fəaliyyətinin mənbəyi onun
şəxsiyyətində ifadə olunan poetik ruhundadır,
buna görə də onun əsərlərinin ruhunun və
xarakterinin izahını birinci növbədə, şairin
şəxsiyyətində axtarmaq lazımdır.gƏgər
siz şairin şəxsiyyətini ciddi, qərəzsiz və ədalətlə
tədqiq edib öyrənmiş və şairi düzgün
başa düşmüsünüzsə, o halda siz, küləyin
gücünə, öz şıltaq fantaziyanızın
göylərində, haraya gəldi, baş alıb getmirsiniz,
yerdə ayaqlarınız üzərində möhkəmcə
dayanırsınız; siz daha şairdən
özünüzün arzu edə biləcəyiniz şeyi tələb
etmirsiniz, indi siz onun özünün sizə verdiyini qiymətləndirirsiniz;
siz özünüzü və başqa şəxsiyyətləri
onunla qarışdırmırsınız. İndi siz onun
özünü olduğu kimi, necə varsa, eləcə də
görürsünüz, siz daha öz fikir və rəyinizi
ona sırımır, onun öz ideya və
anlayışlarını götür-qoy edir, onların
haqqında düşünürsünüz. Bu halda siz
şairlə doğmalaşırsınız".
Müasir
Azərbaycan poeziyasında artıq
yaradıcılığının kamillik zirvəsinə
çatan, "necə varsa, eləcə də görünən"
şairlər sırasında Xalq şairi Sabir Rüstəmxanlını
da öndə görürük və onun bizimlə-oxucularla
doğmalaşmasının sübuta heç bir ehtiyacı
yoxdur.
Doğrudur,
67 yaşlı Sabir Rüstəmxanlı 30-40 yaşlı Sabir
Rüstəmxanlı deyildir. Böyük vətənpərvərlik
duyğularını ifadə edən və Azərbaycançılıq
missiyasının poetik təcəssümünə çevrilən
"Vətən", "Ana dilim", "Cavad xan",
"Bütövlük" kimi şeir və poemalar
dövrü arxada qalıb. Bəziləri iddia edir ki,
şairin 90-cı illərdə daha çox publisistikaya meyl
etməsi və ictimai-siyasi hadisələrdə
iştirakı onun poeziyasına mənfi təsir göstərmişdir.
Amma bu, yanlış fikirdir və S.Rüstəmxanlı
publisistikaya daha çox meyl etsə də, hətta bir
neçə sənədli romanın müəllifi olsa da,
fasiləsiz olaraq Milli Məclisə deputat seçilsə də,
bütün bunlar onun poetik istedadına xələl gətirməmişdir.
2011-ci ildə çap olunan ("Azərbaycan" jurnalı,
№ 5) şeirləri də bunu bir daha sübut edir. Onun son illərdə
yazdığı şeirlər də mövzuca Azərbaycanla,
böyük Türk dünyası ilə bağlıdır,
yenə də Təbriz, yenə də Yardımlının
uzaq bir dağ kəndi, analı duyğular, milli-mənəvi
dəyərlərimizin təbliği Sabirin şeirlərinin
başlıca leytmotivini təşkil edir.
Bu
sabitlik və dəyişməzlik onun həyata, gerçəkliyə
münasibətində də öz əksini tapır. Budur,
ömrünün 62 sinnində şair, ona doğma olan kənd
yolunda yapa-yalqızdır:
Hər
mənzil başında bir yeni dünya,
Sarısı,
qarası başıma döndü.
Verdim
milyonlara ürək sözümü,
Qayıdıb
başımın daşına döndü.
Mən
Vətən adına sevinc yazırdım,
Ancaq
o gözümün yaşına döndü.
Sevgi
də cəzaymış, xidmət də cəza,
Yenə
kənd yolunda yapa-yalqızam.
Meşə
saraldıqca çöllər göyərir,
Saralan
da mənəm, yaşıl da mənəm.
Qartalın
dönüşü yuvasınadı,
Bir
bax, o qayalar qaşında mənəm.
Nə olsun, bir yolun
sonu yetişdi,
Yenə bir cığırın başında mənəm.
Yollara
can verdim yol aza-aza,
Yenə
kənd yolunda yapa-yalqızam!
"Kənd yolunda yapa-yalqız" qalan şair bu dəyişməzliyi
dağlara baxanda da görür: "Sonuncu ümidim, ünvanım kimi Şükür ki bu dağlar öz yerindədir".
S.Rüstəmxanlı poeziyası üçün
səciyyəvi olan müqəddəsliyin vəsfi
XXI əsrdə də
davam edir və yeni çalarlarla
diqqəti cəlb edir. Payızın sarılığında
körpə zəmilərin
yaz rəngini görən şair, "əlində ölməzlik
çələngi" bu
dünyanın nəşəsinə
qoşulur: " Sən də badəyə dön, ay əlçim bulud, Qaldırım başımı
göylər eşqinə!"
Doğrudan da, yaşın bu çağlarında belə bir nikbinliyə
heyrət etməmək
olmur. Dünyanın gözəlliyinə, təbiətin
ona bəxş etdiyi zövqi-səfaya heyranlıq hissi tükənmədiyi üçündür
ki:
O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə,
lap nəfəs kəsəsi
olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız
de, əvəzi olsun!
Elə sehir var ki,
bu ucalıqda
Ürəyi dəyişər, vaxtı
çaşdırar.
Dağlar
ad günümə hədiyyə
kimi
Ruhumu yenidən
cavanlaşdırar.
"Ruhun cavanlığı"
həyata, insana, gözəlliyə nikbin münasibətdən irəli
gəlir. Ümumiyyətlə,
şairlərimizin və
şeirlərimizin "ağlar"
günlərində Sabir
Rüstəmxanlı kimi
şairlər həmişə
"ruhun cavanlığını"
və nikbinliyi qoruyub saxlamışlar. Təbii ki, bu nikbinlik
heç də həyatdakı, cəmiyyətdəki,
dünyadakı fəsadları,
sosial bəlaları inkar eləmir, əksinə, şair, eyni nikbinliklə Şəri, mənfiliyi, antigözəlliyi rədd
edir. Daha böyük anlamda (Millət, xalq): "Türkün ata yurdunda Ermənistan qurulmuş, İştahının
sonu yox, içdiyi qan az deyir, Cəlladlar
püsqudadır!.. Türk xalqı "olmaz" deyir!. Millət "Qarabağ" deyir, bunlar "petrol", "qaz"
deyir, Sivil canavarlara türk xalqı "olmaz!" deyir!" Ayrı-ayrı fərdlər timsalında:
Alver eləmə Kəlbəcər
kəlməsiylə,
Nə Şuşa söyülə,
nə Laçın-
Qapının arxasında boynubükük
durursa
Bir şəhid anası, bir uzun saçlı...
Əyri
gözlə baxdınsa
bir əsgər ailəsinə,
namussuz sözü azdır sənə!
Evində
səslənmirsə türkcə
layla,
Sənə nə fərqi getmiş dağ, itmiş yayla!
Yuxuna girirsə hər gün
düşmən qohumlarının
turşumuş üzü-
danışma Xocalı
qırğınından.
Xəyalından keçməsin Cıdır
düzü!..
Yamaqlı çadırlarda
uşaqları acdırsa
qardaşının,
taleyi sənlik deyil
soyuq səngər daşının...
IV
Müasir poeziyamızda torpaqla, təbiətlə bağlı
poetik düşüncələr
yeni deyil və zamanın bütün dönəmlərində
şeirimiz bu düşüncələrlə zəngin olub. Lakin etiraf edək ki, son iyirmi ildə şeirimizdə təbiətin səsini az eşidirik.
Bircə Musa Yaqubdu ki, təbiətin
pozulmuş nizamı şeirlərində əks-səda
tapır, viran olmuş bağlar, cah-cəlalı əldən
getmiş meşələr
haray çəkir, təbiətin də cəmiyyət kimi harmoniyasızlığa uğraması,
antigözəlliyin meydan
sulaması ağrıya
çevrilir.
Hanı
bu meşənin yaşıl qatları,
Dəmir
ağacları, şah
palıdları...
Sapı
özümüzdən olan
baltalar
Yaman kəsdi
bizi, oğradı bizi.
Alıb özümüzdən doğradı
bizi.
Palıdı, çinarı siftə
doğradı,
Bizi kötüyümüz üstə
doğradı,
Sapı özümüzdən olan
baltalar.
Cəmiyyətdə baş verən xaos, hərc-mərclik təbiətdə də öz izini buraxdı. Vaxtilə təbiətin
talanına, meşələrin
qırılmasına, çayların
qurumasına, ceyranın
ovlanmasına qarşı
hüquq-mühafizə orqanlarından
daha artıq fəallıq göstərən
poeziyadan indi həyəcan siqnalını
eşitmirik. Səbəb nədir?
Çox səbəblər aramaq olar. Biz bunların səbəblərini izah etmək fikrində deyilik, ona görə
ki, cavabını poeziyada axtaracağıq.
Bu baxımdan Ağasəfanın
yaradıcılığı, xüsusilə, onun son illərdə qələmə
aldığı şeirlər,
poemalar üzərində
dayanmaq olar. Bu o Ağasəfadır ki, hal-hazırda öz doğma kəndi-Xızının
Qarabulaq kəndində
yaşayır. Asfalt
yolun olmadığı,
nəqliyyatın çox
çətinliklə ayaq
basdığı, az qala müasir
sivilizasiyadan uzaq olan bu kəndin
iki fərqləndirici
xüsusiyyəti var.
Biri odur ki, Qarabulaq kəndi
asfalt yoldan, müasir kənd üçün vacib olan atributlardan məhrum olsa da, öz təbii
gözəlliyi ilə
bu çatışmazlıqların
hamısını unutdurur.
Biri də odur ki, bu
kənddə ürəyi
sözlə dolu bir şair-bir kənd müəllimi yaşayır. Bu, o Ağasəfadır
ki, onun poeziyasının mayeyi-cövhəri
elə bu kəndin dağları, çölləri, bulaqları,
gülləri, çiçəkləridir.
Şimşəklərin bənzəri var qılınca,
Ağ buludu oxşatdım ağ balınca,
Qara bulud ağ
buludun dalınca
Bu zirvədən o zirvəyə
at çapır.
Ağasəfanın "Göydələndən baxan
uşaq" poeması
müasir dövrün
çox ağrılı
bir probleminə toxunur, amma olsun
ki, bu ağrılı
problemi hamı eyni dərəcədə,
eyni həssaslıqla qəbul eləməsin.
Çünki Bakıda göydələnləri
ucaldan bir milli, ya qeyri-milli
iş adamı üçün Ağasəfanın
və bizim bir çoxumuzun keçirdiyi hisslərin, duyğuların heç bir əhəmiyyəti yox... Poema dəyişən dünyanın sürətli
ritminə, ahənginə
dözə bilməyən
və dözmək istəməyən təbiət
və torpaq adamının düşüncələrini
ifadə edir. Bu torpaq və təbiət adamı ayağını yerdən
üzüb göydələndə
yaşayanların torpaqdan,
isti təndir çörəyindən, yaşıl
zəmilərdən, sərin
bulaqlardan, yaşıl
meşələrdən, əsən
küləklərdən uzaq
düşdüyünü faciəvi bir hal kimi qəbul
edir:
Bizim bu Yer kürəsi
Tanrının arabası.
Bütün bu göydələnlər
Şeytanın yelləncəyi.
Hələ qabaqda imiş
İnsanın görəcəyi.
Göylər
cənnət qapısı,
Cəhənnəm
girəcəyi.
Göydələndən
görünmür
Bəşərin
gələcəyi...
En
torpağa, en, qayıt!
Dön
torpağa, dön, qayıt!
(ardı gələn şənbə
sayımızda)
Vaqif YUSİFLİ
Ədalət.-2013.-20 aprel.-s.13.