ÖMRÜM ÖMRÜNÜN DAVAMI...

 

Mən bu haqqı yaşayıram

 

Çoxdandır ki, ürəyim qəribə duyğuların, hisslərin əlində qalıb. Nə qədər çalışsam da o duyğuların, o hisslərin əlindən təkcə ürəyimi deyil, bütövlükdə yaxamı da qurtara bilmirəm. Çünki onlar o qədər doğma duyğular, hisslərdi ki, onlardan qurtulmaq üçün bircə yol var: o da özümdən qurtulmaqdır. Təbii ki, özümdən qurtulmağın yolu da təkcə dünyaya əlvida demək deyil, həm də bu dünyada səninlə olan, sənin olan və sənin olduqlarının bununla razılaşmasıdır. Deməli, ən sonuncu hökm, ən sonuncu qərar RUHundu!

Bəli, mən şaman deyiləmg Bəli, mən sufiliyi də əvvəlindən sonuna qədər zərrə-zərrə, yəni bütünlüklə qavramamışam. Özüm bildiyim qədər, özüm anladığım qədər sufi olmuşam. Ona görə də deyəcəklərim sizə qəribə gəlsə də, onu deməyə bilmərəm. Axı mən nə isə yazmaq istəyəndə o yazının təkcə formasını, məzmununu düşünmürəm, həm də o yazını özümün can köynəyimə çevirirəm, onu əynimə geyinirəm. Əgər yazının içində özümü rahat hiss edirəmsə, onda rahatlıq tapıram. Yox, əgər köynək əynimi sıxırsa, deməli yazı istədiyim kimi alınmayıb. Deməli, yazı hardasa mənim deyil, mənim ola bilməyib, ya da mən o yazıya hopmamışam, o yazıya çevrilməmişəm

Bax, bu təqdim etdiyim son pıçıltıların içərisində demək istədiyim mətləbin üzərinə gəlirəm. Xatırladıram ki, şamanlığı da sevirəm, sufiliyi də. Onlardakı vəhyi özümə daha doğma bilirəm. Çünki o vəhy məni havalandırırg məni yerdən qoparırg məni mənim içimdən alıb mənim olmayan yerlərə aparır. O yerlərə ki, orada yalnız sən varsan. Mən sənə qonaq gəlirəmg mən səninlə danışmaq, səninlə dərdləşmək, sənə olanları çatdırmaq üçün gəlirəm. Bilirəm ki, sən onsuz da bütün bunlardan xəbərdarsan. Çünki sən məndən ayrılıb heç yerə getməmisən, gedə bilməzsən dəg sənin getməyə gücün də çatmazg çünki sən mənim özümsən. Mənim özümsə elə sənəm! Odur ki, bir-birimizdən ayrı qala bilmərik, necə də ki, qalmırıqg

Mən o vəhyin içərisində sənin ruhunu görürəm, sənin ruhuna sarılıram. Və ruhunun istiliyi, hərarəti məni bütün olanları bir-bir xatırlamağa, bütün vərəqləri bir-bir çevirməyə vadar edir. Özüm özümdən xəbərsiz çevirirəm həmin vərəqləri və

...Hə, onda əl boyda uşaq idimg onda dünya mənə güllü-çiçəkli, barlı-bərəkətli, bülbül səsli, şeh nəfəsli görünürdü. Elə bilirdim ki, dünya ancaq səndən və məndən ibarətdir. Elə bilirdim ki, özümü uşaq saymağım heç kimin, xüsusilə sənin qəlbinə toxunmayacaq. Axı sən məni nəvazişlə, sevgi ilə öz övladını, öz qızını qoruyan, böyüdən bir varlıq kimi saxlayırdın, böyüdürdün, yaşadırdın. Sən məni dünyanın ən xoşbəxt varlığına çevirmişdin. Ona görə də mənə səndən doğma, səndən əziz, səndən yaxın, səndən güclü, səndən savadlı, səndən qabiliyyətli, səndən şəxsiyyətli, səndən böyük, səndən müdrik bir kimsəni tanımırdım. Sən yaxşıların yaxşısı, sən layiqlilərin layiqlisi idin və mən də yalnız sənin üçün doğulmuşdum!

...Mən əl boyda qızcığaz idim... Atam Məmməd İsa oğlu, anam Səriyyə Həsən qızı 1948-ci il may ayının 10-da Dərələyəz bölgəsində dünyaya gəlişimi ürəkdən qeyd edə bilmədilər. Çünki yurd-yuvamızdan didərgin düşdük. Dadını-tamını bildiyimiz, havasını, suyunu qanımıza, canımıza hopdurduğumuz qaim - qədim ellərimizdən Şimali Azərbaycana, onun Muğan bölgəsinin bir parçası olan Saatlı rayonuna pənah gətirdik. Mən burda o əl boyda qızcığazın uşaqlığını yaşadım. 6 yaşında orta məktəbə ayaq basdım. Yaşıdlarımdan fərqli olaraq Ana sözünü, Vətən sözünü rus dilində yazası oldum. Çünki rus bölməsində təhsil alırdımg

...Mən əl boyda qızcığaz idim. Oxuduğum məktəbdə də bəxtim gətirmədi. Saatlıda yaşayan ruslar köçüb getdikləri üçün məktəbin rus bölməsi fəaliyyətini dayandırdı. Atam məcbur olub məni o vaxtkı Xanlar, indiki Samux şəhərinə apardı. Qohumların himayəsində orta məktəbi başa vurdum

...Mən əl boyda qızcığaz idim. Samuxdan Saatlıya qayıdıb valideynlərimin xeyir-duasını almaq, təhsilimi davam etdirmək istəyirdim. Birdən səninlə qarşılaşdımg Birdən elə bil ki, kimsə mənim ürəyimdəki həmin o oxumaq arzumu, istəyimi ovcuna götürdü. Bir əlinin içində saxlayıb, ikinci əli ilə də ürəyimin o boşalmış yerinə sənin sevgini qoydug Nağıllarda olduğu kimi, sanki birdən-birə ömrümün sirdaşı, ömrümün ikinci parası, cismimin ikinci yarısı mənimlə üz-üzə dayandı. Nə edəcəyimi, nə deyəcəyimi qərarlaşdıra bilmədim. Çünki mənim əvəzimə də sən danışdın, sən qərar verdin. Tək bircə kəlmə dedin:

- Sona, narahat olma, ailə quraq, özüm səni oxudacam!

Bəli, mənim əvəzimə elə mənim istədiyimi dedin. Sən də öz dediyindən dönə bilmədin, dönməyə gücün də çatmadı, heç bu barədə fikirləşmədin də. Oxumaq üçün xeyir-dua almağa gəlmişdim. Onunla qovuşmağımın xeyir-duasını aldım. Adımız qoşalaşdı: - Sona və Çərkəz!

Mən sözünü tutdum. Elə sən də sözünü tutdun. 1966-cı ilin payızında Saatlıda bir toy çalındı. Yenə nağıllarda olduğu kimi bu toyun səs-sorağı hər tərəfə yayıldı. Pərən-pərən düşmüş həmyerlilərimiz, doğmalarımız toy evinə üz tutdu. Valideynlərimizə göz aydınlığı verib bizə Tanrıdan xoşbəxtlik dilədilər. Doğrudan da biz xoşbəxt olduq. Bunu ilk dəfə sən sözünü tutan gün hiss etdim. Çünki sən demişdin ki, "Sona, səni özüm oxudacam". Özün qoluma girib məni o vaxtkı M.F.Axundov adına Dillər İnstitutuna gətirdin. Sənədlərimi verib rus dili ədəbiyyatı fakültəsinə qəbul olundum. Bu sevincin ardınca, yəni beş ay sonra ilk övladımız dünyaya gəldi. İkimiz bir damın altında, bu böyük Bakı şəhərində işlədik, oxuduq, uşaq böyütdük. Tələbə ananın qayğıları başdan aşanda böyük bir elm ocağında dərs deyən, tanınan, sayılan, xatiri əziz tutulan ata ona yardımçı oldug körpənin beşiyinin yanında oturdug yüyrüyünü yellətdi. Beləcə, bir ailə möhkəmləndig beləcə övladlar böyüdü.

Mən bir söz adamı kimi, bir yazı-pozuya könül vermiş insan kimi oxuyub, artıq az da olsa məzmunundan xəbərdar olduğunuz yazımın ilk hissəsini vəhylə yazdım - Sona xanımın dilindən yazdım...

Bu vəhyi mənə təkcə öz xatirələrim gətirmədi, bu vəhyi mənə həm vaxtdan bəri stolumun üstündə olan "Bəxtimə düşən dünya" adlı məktublar toplusu bağışladı. Mən o məktubların təkcə imzalarını gözdən keçirəndə öz müəllimlərimin qədər böyük, əzəmətli, namuslu, vicdanlı, həm işıqlı əsl azərbaycanlı olduqlarını sanki bütün çılpaqlığı ilə yenidən kəşf etdim. Tam səmimi deyirəm, bu məktublar toplusuna qədər Çərkəz müəllimi, Sona xanımı yalnız universitet dəhlizlərində, auditoriyalarda gördüyüm kimi yadımda saxlamışdım, yaddaşıma köçürmüşdüm. Amma məktublar toplusunu oxuduqca onları daha fərqli, daha müxtəlif prizmalardan gördüm hər iki əziz müəllimimin barəsində bu qədər az bildiyimə görə həqiqətən üzüldüm! Elə ona görə həmin topludakı bir-birindən səmimi fikirlərin işığına bürünüb yenidən onlara üz çevirdim. Köməyimə Azərbaycanın tanınmış söz, sənət adamlarının, mətbuat işçilərinin, ziyalılarının fikirləri, pıçıltıları çatdı. Xalq şairi Bəxtiyar Vahabzadənin, görkəmli alimlərimiz Tofiq Hacıyevin, Nizami Cəfərovun, millət vəkili Rəbiyyət Aslanovanın, professor Kamil Vəli Nərimanoğlunun, Mehriban Vəzirin, Telli Pənahqızının, Nüsrət Kəsəmənlinin daha neçə-neçə dəyərli insanların Sona xanıma ünvanlanmış kövrək ürəkdən gələn işıqlı fikirləri məni qoynuna aldı. Həmin o işığın altında Sona xanımın mənə bağışladığı kitabdakı şəkilləri bir-bir gözədən keçirdim. Baxdığım şəkillərin yaratdığı ovqatı ifadə etmək mənim üçün çətindir. Çünki bu şəkillərin hər biri təkcə ömrün bir anı deyil. Bu şəkillərin hər biri həm bir ömrün silsiləsidir, zəncirvari şəkildə uzanıb gedir. o şəkillər özü ilə birlikdə Çərkəz müəllimi, Sona xanımı tanıyan hər kəsi götürüb aparır - uşaqlıq illərinə, tələbəlik illərinə, universitet illərinə, evdə böyüyən körpələrin qığıltısına, bir sözlə, 1994-cü ilin iyun ayının 3-nə qədər yaşanmış ən doğma günlərə, aylara, illərə qədər.

Düşünməyin ki, ömür qısa olub, xoşbəxtlik barmaqsayı günlərdə yaşanıb. Yox, mən sizinlə razılaşmıram. Çünki mənim tanıdığım Çəkəz müəllimlə Sona xanımın birlikdə olduqları günlərin hər biri gecəli-gündüzlü təkcə 24 saata bərabər deyildi. O günlərin hər biri mənim inancıma görə ən azı 50 il, 100 ilə bərabər idi. Çünki həmin günlər başdan-başa sevgiyə, məhəbbətə, etibara, sədaqətə, səmimiyyətə, halallığa, qarşılıqlı inama, bir-birinə güvəncə, bir-birinə dayaq durmağa, bir-birinin olmağa həsr olunmuşdu. Deməli, bütün bunları həmin günün dəqiqələrinə, saatlarına vuranda görün zamanın ölçüsü boyda olur.

Deməli, rəhmətlik Çərkəz müəllim bu dünyada bir müəllim, bir alim kimi sayılıb-seçildiyi kimi, bir şəxsiyyət, bir ömür-gün yoldaşı kimi çox şərəfli, çox samballı, çox qiymətli tale payı yaşayıb. Özü hamının həsəd aparacağı tale payı!

Deməli, Sona xanım bu dünyada təkcə müəllim, alim, yazar kimi yox, həm bir qadın, bir ana kimi dünyanın ən böyük sevgisinə, etibarına, sədaqətinə, səmimiyyətinə sahib olub. Bax, bu cütlüyün, bu qoşa qanadın birgə həyatları sözün bütün mənalarında həm gözəl bir sevgi dastanı, həm gözəl bir ailə nümunəsi, həm gözəl bir ziyalı ocağı, həm gözəl bir sədaqət rəmzidir. Bu isə az-az adama nəsib olurg bunu az-az sevənlər yaşaya bilərg bunu Allah ancaq sevdiyi insanlara bəxş edir!

Mən bu yazımı təkcə müəllimliyinə, xanımlığına deyil, həm bütöv şəxsiyyətinə, dözümünə, sədaqətinə bir çəkdiyi ağrıların yükündən sınmadığına görə, böyük ehtiram bəslədiyim dəyərli Sona xanımın ad gününə hədiyyə etmək istəyi ilə qələmə aldım. Bilmirəm necə alındı? Amma inanın ki, bu ailə ilə bağlı yaşantılarımı çox ələdim, yaddaşımın süzgəcindən çox keçirdim. İstədim ki, Çərkəz müəllimin ruhuna, onun Sona müəllimlə birgə yaşayan xatirələrinə bir tələbə ehtiramı ortaya qoyum. Bilmirəm, bacardım, yoxsa yox, amma sonda həmişə könül verdiyim, həmişə özümə sirdaş saydığım, dərdlərimə ünvanladığım bir şeirimi bu yazıya əlavə edirəm.

 

Qollarımı açmışam

Dolan, boynuma dərdim!

Canı-dildən deyirəm-

Bəlan boynuma, dərdim!

Üzüyola uşağam

Arx üstündə başağam!

Çox qısnama, çaşaram-

Yalan boynuma dərdim!

 

Min illərdi köç ötür

Yüyrək ötür, gec ötür!

Sən yaxşını seç, götür-

Qalan boynuma, dərdim!

 

 

Əbülfət MƏDƏTOĞLU

abulfatm@box.az

 

Ədalət.-2013.-20 aprel.-S.8.