Mühasirədən
qurtuluş, ağacdan sallanan cəsəd, 301-in son əmri...
Layihə: “Kəşfiyyatçının
xatirələri”
Dost-tanış yaxşı bilir, Qarabağ
savaşında döyüşçü gündəliyi
yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm.
Əvvəllər belə bir fikrim olub, amma
gündəliklərlə bağlı baş verən bir
neçə xoşagəlməz hadisələr bu işdən
daşındırıb məni. O günlər elə
hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin
yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr
mütləq yazılmalıdır. Həyat əsl
gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə
məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim
bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin
bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib.
Amma hələ gec deyil, nə qədər ki,
biz - bu qanlı səhnənin gerçək şahidləri
varıq, bu səhifələri bir yerə toplayıb o
günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala gəlmədən...
Artıq gec idi, biz erməniləri məhv edə biləcəyimiz
fürsəti əldən vermişdik. Taxıllıqda
bizim kiçik bir qrup ermənilərin qarşısını
almağa çalışırdı. Amma
alınmadı, onlar itki verə-verə geri çəkildilər.
Çox ağır vəziyyət
yaranmışdı. İlk dəfə idi
ki, Şirin Mirzəyevi belə görürdüm. Rəngi qaçmışdı, sifətinin əzələləri
titrəyirdi. Qəfil əmr verdi:
-
Uşaqlar, tələsin!
Komandir qardaşı oğlu Mübarizi də bizə
qoşdu. Biz mina təmizləyənlərlə birgə
Qazançı tərəfə hərəkətə
keçdik.
24-cü yazı
Mühasirə...
Arxada isə
əsgərlərimiz kiçik dəstələrə
bölünərək düşmənlə üz-üzə
döyüşürdülər, göydən od
tökülürdü. Üç tərəfdə
möhkəmlənən ermənilər arxa cinahımıza tərəf
irəliləyirdilər. Dörd tərəfimizdə
ağır döyüşlər gedirdi. Ermənilərin
yaratmaq istədikləri mühasirəyə düşməmək
üçün uşaqlar ölüm-dirim savaşına
girmişdi...
Briqadadan
vəd edilən köməkdən isə xəbər yox
idi...
Biz - kəşfiyyatçılar
və mina təmizləyən dəstənin uşaqları, o
cümlədən Mübariz Qazançı yolu istiqamətində
hərəkət etdik. Kəşfiyyat dəstəsinin
uşaqları üç kiçik qrupa
bölünmüşdü. Bir qrup mina təmizləyənlərin
önündə, digər iki qrup isə sol və
arxalarında onları qoruyurdu. Yolu təmizləyə-təmizləyə
Qazançıdan Əliağalıya gedən döngəyə
gəlib çıxdıq.
“Tyaqaç”ımız minaya
düşdü
Minatəmizləyən uşaqlar əllərindən gələni
edirdilər ki, yolda mina qalmasın. Gəlib çatdığımız
döngə sıx meşəliklə əhatə
olunmuşdu. Döngənin solunda
böyük bir ağac da var idi.
Əvvəllər burda xeyli döyüş getdiyindən
tank və BMP-dən atılan müxtəlif çaplı
pulemyot güllələrinin gilizləri yerlə bir idi. Yağışdan
və qardan sonra yoldan keçən texnika bu gilizlərin əksəriyyətini
torpağın altına yeritmişdi. Mina təmizləyən
detektor dəmirə reaksiya verdiyindən dayanmadan siqnal verirdi.
Bu da uşaqlara minaları tapmağa mane olurdu.
Oradan bir neçə tank əleyhinə mina tapıb zərərsizləşdirildi. Ermənilər ara-sıra buranı atəşə
tuturdu. Vəziyyət çətinləşdikcə,
mina təmizləyənlərin komandiri “Desant” Allahverdi ilə
aramızda gərginlik yaranırdı.
Artıq mühasirədən sağ çıxan əsgərlərimiz
hərbi təcili tibbi yardım maşınlarında, bəzən
isə əllərində əvvəlcə yaralılarımızı,
ardınca isə həlak olanların cəsədini gətirməyə
başladılar. Onları bizim olduğumuz yerə gətirdilər.
Daha sonra Xıdırlı rotasının
“Tyaqaç” dediyimiz dəmir zirehli maşını və
minaatanlar dəstəsinin “KAMAZ”ı gəlib çatdı.
Mühasirədən sağ-salamat çıxan
əsgərlərimiz yol boyu səpələnmişdi. Şirin Mirzəyev üzündə hüzn, kədər
lap arxada gəlirdi.
“Desant”
Allahverdi bundan artıq iş görə bilməyəcəklərini
deyirdi. Onun fikrincə, yol artıq təhlükəsiz idi. İlk olaraq Xıdırlı rotasının
uşaqlarını aparan “Teqaç” təmizlənmiş
zonadan keçməyə cəhd göstərdi. Birdən partlayış oldu. Maşın
minaya düşmüşdü. Tank əleyhinə
mina o boyda “Tyaqaç”ı uşaqlar qarışıq
arxası üstə çevirdi. Tüstü,
toz-dumandan bir müddət heç nə görə bilmədik.
Yalnız uşaqların bağırtıları gəlirdi...
Tüstü, toz-duman çəkildikcə
gördüyüm mənzərədən yerimdə donub
qalmışdım. İnsan ayaqları, qolları bədəndən
kənarda qalmışdı. Ayaqsız,
qolsuz əsgərlər ayaqlarının və
qollarının kəsilmiş yerlərini qucaqlayıb
bağırırdılar.
Əvvəlcə “Desant” Allahverdinin üstünə yeridim. Baş
vermiş hadisə məni özümdən
çıxarmışdı. Allahverdini məsuliyyətsizlikdə
günahlandırır, yolu təmizləməzsə, bir daha
belə hadisə olacağı təqdirdə...
Sonra ciblərimdəki ilkin tibbi yardım dəstlərini
çıxardım, əvvəlcə onların arasından
“jqut”u (qanaxmanın qarşısını almaq məqsədi
ilə bədənin müxtəlif yerlərindən
bağlanan rezin bağ) götürdüm və yarasından
axan qanı kəsmək üçün uşaqlardan birinin
ayağını baldırından bağladım. İkinci
“jqut”um olmadığından ciblərimdən
çıxardığım hazır tənziflərlə
yaralarını sarımağa başladım.
Heç kəsi sifətdən tanıya bilmirdim. Mina partlayan
zaman yaranan tüstü-his onların üz-gözlərini
tamam tanınmaz hala salmışdı. Xıdırlı
rotasından bir yaralının his-pasdan qapqara olmuş sifətində
parıldayan iri gözləri indi də yadımdadır.
Üstündən bir il keçəndən
sonra onu Ağdamda gördüm, gözlərindən
tanıdım.
İmkanı olanlar yaralılara bu şəkildə
kömək edirdi. Uşaqlardan birinin cəsədi ağacın
başında qalmışdı...
Lap arxada isə əsgərlərimiz bir neçə
kiçik qruplarla müdafiə oluna-oluna bizə tərəf
geri çəkilirdilər. Vəziyyət
çox ağır idi. Artıq bu döngədən
keçmək təhlükəli idi. Amma
ayrı yol da yox idi. Uşaqlar partlayan
“Tyaqaç”ı sürüyüb yolun kənarından bir qədər
qırağa gətirdilər. Mina təmizləyənlər
yenidən iş başına keçdilər. Yenə bir mina
tapdılar, yenə “təmizdir” raportu verildi...
Bu dəfə
minaatanlar dəstəsinin istifadəsində olan “KAMAZ”ı həmişə
“Rıjıy” çağırdığımız Əli
adlı əsgəri sürərək döngəyə gətirdi.
Hamımız həyəcanlıydıq ki, birdən bu da
minaya düşər... Əli “KAMAZ”ı
sağ-salamat döngədən keçirtdi. Ardınca içərisində yaralı və cəsədlər
olan hərbi təcili yardımlar keçdi. Bir qədər gəlmişdik ki, yenə avtomobillər
dayandı.
Körpüsalanlar...
Qarşıda yolun bir hissəsini, təxminən 2 metrini
yağış yuyub aparmışdı. Vaxt yox idi.
Şirin Mirzəyevin tapşırığı
ilə dərhal bu yarğanı bağlaya biləcək
ölçüdə və sayda ağaclar qırdıq.
Onları uzununa və eninə düzüb üstünə
qalın budaqlardan döşədik. Üstünündən
də torpaq tökməyə başladıq. Kimi bel ilə, kimi əsgər yemək qabı, kimi
isə əllə torpağı ağacdan
saldığımız “körpünün” üstünə
tökürdü. Bu işə hətta
Ş.Mirzəyev də qoşulmuşdu.
İyun ayının istisi, həyəcan, toz-torpaq. Adamın dili
ağzında quruyurdu. Su indi bizim üçün ən qiymətli
nemət idi. Su ehtiyatımız
qurtarmışdı deyə, komandir Qırımxan Novruzovla bir
nəfəri dağın dibindəki bulaqdan su gətirməyə
göndərdi. Amma bulaq quruduğundan
uşaqlar əliboş qayıtdı. Kimdəsə
bir qumquma (kəmərdən asılan yarım litrlik hərbi
su qabı) su qalmışdı. Hərəyə
bir qurtum almaqla o suyu içdik. Maraqlı o oldu ki, o bir
qumquma su bütün uşaqlara bəs etdi...
İlk keçən avtomobil hərbi təcili tibbi
yardım oldu.
Onun ardınca digər təcili tibbi yardım və
“KAMAZ” çıxdı. Yaralıları
daşıyıb avtomobillərə qoyduq və “körpüdən”
keçirdib sağ-salamat hospitala çatdırdıq.
Biz geri çəkilərkən ermənilər Yeni
Qaralara qədər gələ bildilər. Hətta onlar
bir neçə saat Yeni Qaralar kəndinin bir hissəsini öz
nəzarətlərində saxladı. Lakin
bizim əsgərlərimiz erməniləri oradan
çıxardı və etibarlı bir müdafiə qurdular.
Çox ağır itkilərimiz
oldu...
Çox böyük itki vermişdik. Bu,
batalyonumuzun ən ağır itki verdiyi döyüş
olmuşdu. Səhv etmirəmsə, qırxa yaxın
itkimiz var idi...
Sonralar uzun zaman Qarabağ Əlillər Cəmiyyətinin
Ağdam rayon şöbəsinin rəhbəri olmuş Mahir
Rzayev də bu döyüşdə yaralandı. Ermənilər
BMP ilə vurmuşdular onu. Mahir
ağır yaralanmışdı, bir ayağını
itirmişdi. Mahir dediyinə görə,
sonradan həmin BMP-ni minaatanlar dəstəsinin əsgəri
Şamil Əbilov vurmuşdu.
Bu döyüşdə yenicə təyin olunmuş
batalyon komandiri Natiq Camalovu da itirdik.
Natiqin
ölümü ilə bağlı iki versiya
danışılırdı:
Birini onun yanında olan “Malış” ləqəbli rabitəçi
danışırdı. Deyirdi ki, Natiq döyüşdə
ağır yaralanıb, “Malış” onu çıxarmaq istəyəndə
Natiq qoymayıb. Rabitəçiyə tapşırıb
ki, geri çəkilsin, özü gələcək... Amma “Malış” Natiqdən bir qədər
aralanmış komandir özünü əl qumbarası ilə
partladıb.
Digərini isə Qiyaslı rotasından olan
tankçı Səyyaf danışıb. Səyyaf
uşaqlara deyib ki, ermənilər Kiçana girəndə
Natiqi vurublar, o, şəhid olub.
Tankı vurulan Səyyaf özü də o
döyüşdə avtomatına sarılaraq sona qədər
döyüşüb və şəhid olub. Yenicə
yaradılan Mərzili batalyonunun qurucusu Allahyarı da o
döyüşdə itirdik. Allahyarla
birlikdə onun sürücüsü, mənim həmkəndlim
Rəmiyəddin Məhərrəmov da həlak oldu. Təchizat rotasından Şirini də itirməyimizi
xatırlayıram. Digərlərinin
adı yadımda qalmayıb. Əslində, adını
çəkdiyim və çəkmədiyim əsgərlərdən
çoxunun taleyi
dəqiq məlum olmadı, bilmədik, həlak
olublar, ya əsir düşüblər.
Həmin döyüşlə bağlı bir məqamı
da qeyd edim. Heç bir siyasi qruplaşmaya qoşulmayan, məqsədi
yalnız torpaqlarımızın müdafiəsi olan Şirin
Mirzəyevi o vaxtlar bir çoxları sevmirdi. Adına müxtəlif şayiələr
çıxarırdılar onun, amma Şirin Mirzəyey
heç birinə məhəl qoymurdu torpaqlarımızın
müdafiəsi üçün əlindən gələni
edirdi.
Sonralar deyildi ki, heç kəsin adamı olmayan Şirin
Mirzəyevi zərərsizləşdirmək və onun rəhbərlik
etdiyi alayı dağıtmaq üçün bu əməliyyatı
qurublar.
Bəlkə də həqiqət deyil, amma bu iddia bu
gün də aktualdır və hadisələrin sonrakı
inkişafı da belə düşünməyə əsas verir. Şirin Mirzəyevin
cavabsız sualları, batalyonun çatışmayan silah və
sursatın siyahısı olan xeyli sənədlər də var
əlimizdə. Öz əli ilə yazdığı
qeydlər var ortalıqda...
Bu döyüşün ən ağır vaxtlarında
belə Ş.Mirzəyev briqada komandiri, Müdafiə Nazirliyi ilə
əlaqə saxlaya bilmədi. Saxlayanda da kömək
əvəzinə ona yalnız boş vədlər verilirdi.
301-in son əmri
Yeni Qaralarda möhkəmlənəndən sonra Ş.Mirzəyev
alayın sağ qalan döyüşçülərini dərhal
toplayıb yoxladı. Bizə isə Əliağalı
rotasının və digər dəstələrdən 15-20 nəfər
qoşaraq Ballıqaya-Kiçan istiqamətində kəşfiyyata
göndərdi. Biz həm də
döyüşdə yaralı qalmış uşaqları, əlbəttə
əgər sağ qalıblarsa, tapıb
çıxartmalıydıq. Eyni zamanda
Ş.Mirzəyev tapşırmışdı ki, düşmənin
arxasında onun əmrini gözləyək. O, batalyonu
yenidən əks-hücuma hazırlayırdı. Biz yola düzəldik. Yeni
Qaralardakı “Hidayətin blindajı”ından keçib
“Dıqqının yalı” deyilən balaca dağın
yanından Qazançı tərəfdən - Sarı qaznaq
istiqamətə hərəkət etdik.
İyunun 18-də rabitəçi
qız kodlarla bizi geri çağırdı. Mən ona bildirdim ki, biz tapşırılan yerdə əməliyyatın
davamı üçün 301-in (301 Ş.Mirzəyevin rabitə
kodu idi) əmrini gözləyirik, necə yəni geri
qayıdaq?
Rabitəçi
qız ağlaya-ağlaya açıq mətnlə bunları
dedi:
- Rey, elə
301-in əmridir, təcili geri qayıdın!
“Deməli,
nəsə ciddi bir hadisə baş verib”, - deyə
düşündüm. Ürəyimə yüz fikir gəldi,
amma bu əsla gəlmirdi... Əsla...
Ardı var...
Qarabağ müharibəsinin
gerçək hekayətləriniLent.az-a kəşfiyyatçı
Rey Kərimoğlu yazır
Ədalət.-2013.-16 aprel.-S.6.