O, XALQ ÜÇÜN DOĞULDU

 

Xalq üçün də yaşadı

 

Azərbaycan tarixinin bütün səhifələrində maraqlı, yaddaqalan və xalq üçün yaşayan insanların izlərinə rast gəlmək mümkündür. Lakin bu tarixdə elə bir şəxsiyyət yaşayıb-yaratmışdı ki, onun həyatının hər bir anı xalqımızın bütün tarixinin səhifələrində özünü ifadə edibdir. Yəni hakimiyyət sükanı arxasında olduğu bütün zamanlarda o, xalq üçün yaşayıb, xalq üçün işləyib, xalq üçün qurub-yaradıbdır.

Doğum tarixinin 90 illiyini qeyd etməyə hazırlaşdığımız Ulu Öndərimiz Heydər Əliyev cənablarının özünündediyi kimi, bütün həyatını xalqımıza həsr etmişdi. Belə ki, istər sovetlər dönəmində, istərsə də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdığı və müstəqil Azərbaycanın memarına çevrildiyi zaman ərzində də həyatımızın elə bir sahəsi olmadı ki, orda bu böyük şəxsiyyətin göstərişlərini, tapşırıqlarını, xidmətlərini hiss etməyək. Bu fenomen şəxsiyyət təkcə dövlət quruculuğunun deyil, həm də insanlığın, vətəndaşlığın qurucusu, memarı olmaqla öz əməli fəaliyyətində birmənalı nümunə idi. Ona baxıb ondan öyrənmək, ondan dərs almaq asan olduğu qədər də çətin idi. Çünki o, qarşıya bir məqsəd qoymuşdu:

- Yalnız Azərbaycan üçün, yalnız Azərbaycan xalqı, Azərbaycan dövləti üçün yaşamalı, işləməli!

Təbii ki, Ulu Öndərimizin bu tələbini yerinə yetirə bilməyənlər, bu tələbin səviyyəsinə qalxa bilməyənlər onun həyatının mənasını da anlaya bilmədilər. Ona görə də bu cür insanlarla Ümummilli liderimizin həyat yolu həmişə ayrılıb və xalqın əbədi sevgisini qazanmış Heydər Əliyevin haqq səsi, haqq tələbi həmişə qalib olurdu.

Hələ sovetlər dönəmində hüquq-mühafizə orqanlarına, ədliyyə işçilərinə vətəndaşlara qarşı daha diqqətli olmağı, onların hüquqlarını daha yüksək səviyyədə qorumağı tələb edən ümummilli liderimiz vətəndaşlarla, eləcə də ədliyyə işçiləri ilə hər bir görüşündə insan faktorunu önə çəkirdi, qanunçuluğu daha mükəmməl öyrənməyi, qanunları daha sərrast tətbiq etməyi tövsiyə və tələb edirdi. Ona görə də adama elə gəlirdi ki, ümummilli liderimiz insanların nəyə çox ehtiyac duyduğunu, onların baxışlarından, onların hərəkətlərindən bir andaca oxuyur, bir andaca görür. Məhz bu mənada ondan ən kiçik bir qanun pozuntusunu da, nöqsanı da, qüsuru da gizləmək mümkün deyildi. Çünki o, hər şeyi hamıdan yaxşı bilirdi. Onun müdrik, tələbkar baxışlarından heç nəyi gizlətmək mümkün deyildi.

Bu fenomen insan istər təhsil, istər səhiyyə, istər nəqliyyat, istər hüquq-mühafizə, istər idman, hətta elm sahələrində şərh edərkən, bu sahələrə münasibət bildirərkən, bu sahələrdə çalışan insanlardan tələb edərkən öz böyük məntiqi ilə, öz kamil biliyi ilə hər kəsi heyran qoyurdu. Çünki o, alimin də, hüquqşünasın da, müəllimin də, həkimin də, fəhlə-kəndlinin də, torpaq adamının da, hətta məktəblilərin də dünyasını gözəl bilir, onlarla da məhz həmin o mükəmməl səviyyədə münasibət qururdu. Ona görə də hamı onu sevirdi, hamı onu özünün doğması, ağsaqqalı, əzizi bilirdi. Bax, bu insani duyğular Ulu Öndərimizi bizlərə sevdirdi, bizlər onun simasında dünya şöhrətli bir şəxsiyyətin sevgisini qazandıq.

Hələ orta məktəbdə, sonra isə ali məktəbdə oxuduğum illərdə xalqımızın həyatında günəş kimi doğulmuş bu insanın ədalətin zəfər çalması üçün atdığı addımlar ona olan sevgimi birə-beş artırdı. Mən anladım ki, bu böyük şəxsiyyət həmişə xalqını bəlalardan xilas edəcək, bir mayak kimi Azərbaycanın sabahlarına olan yolunu işıqlandıracaqdı. Zaman hamımızın qəlbindən keçən bu duyğunu bir daha təsdiq etdi. Azərbaycanı dünyaya tanıdan, Azərbaycan bayrağının dünyanın ən böyük təşkilatlarının qarşısında dalğalanmasına nail olan Ulu Öndərimiz özünün böyük iqtisadi-siyasi kursu ilə ölkəmizin üzünü yeni dünyaya çevirdi, qapılarımız böyük dünyaya açıldı.

Hüquq-mühafizə sahəsində, xüsusilə məhkəmələr və hakimlər məsələsində onun qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar dünya standartları səviyyəsinə yüksəldi. İndi hər kəs gördü və dərk etdi ki, müstəqil Azərbaycan demokratik bir dövlətdi. Bu dövlətdə qanun şahdı! Hər kəs qanunları öyrənir, ona riayət edir və dövlət də qanunla idarə olunur.

Ümummilli liderimizin iqtisadi-siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da imzaladığı sərəncamlarda, qəbul və təsdiq etdiyi qanunlarda həmin o böyük ideyalar günün tələbləri səviyyəsində yeniləndi və inkişaf etdirildi. Bu günbiz hər gün yeniləşən, inkişaf edən Azərbaycanın vətəndaşları kimi öz həyatımızda demokratik bir quruluşun təntənəsini hiss edir və yaşayırıq.

Ölkə həyatının digər sahələri kimi, vətəndaşlara notariat xidmətinin göstərilməsi sahəsində də edilən yeniliklər və bu xidmətin dünya standartları səviyyəsində qurulması da məhz Ulu Öndərimizin və onun davamçısı olan möhtərəm prezidentimizin xidmətlərinin nəticəsidir. Bizim hər birimiz dövlətimizin və xalqımızın xidmətindəyik. Ona görə də çalışırıq ki, bizim üçün yaradılmış şəraitdən, bizim üçün qurulmuş dövlətdən bizxalq üçün, dövlət üçün göstərdiyimiz xidmətlərlə fərqlənək, sevinək və hər kəs görsün ki, Azərbaycan hüquqi dövlət kimi ön sırada olmağa layiqdir.

Bəli, bu gün biz müstəqil Azərbaycanın vətəndaşı olaraq böyük qürur və fəxr hissi ilə öz tariximizə nəzər salırıq, öz keçdiyimiz yolu gözdən keçiririk. Və birmənalı olaraq görürük ki, bu tarixin ən böyük, ən şanlı səhifəsi Ulu Öndərimizin adı ilə bağlıdır.

Digər tərəfdən keçdiyimiz yolun da işıqlı və aydın olması, qələbələrə qovuşması da məhz ümummilli liderimizin fəaliyyətinin nəticəsidir. O, yorulmaq bilmədən böyük əzmkarlıqla Azərbaycanı xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. O, xalqı birləşdirdi. O, Azərbaycanı təkcə regionun deyil, həm də dünyanın sayılan, nüfuzlu dövlətlərinin sırasına çıxardı. Bu gün də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın dəvət olunduğu möhtəbər mərasimlər bir daha sübut edir ki, indi bu dövləti hər kəs tanıyır, hər kəs dəyərləndirir və onunla hesablaşırlar. Təsadüfi deyil ki, artıq bütün dövlətlər birmənalı olaraq Azərbaycanın ərazi bütövlüklərini tanıdıqlarını, Qarabağ probleminin ədalətli həllində Azərbaycanın yanında olduqlarını ifadə edirlər. Bunlar isə birmənalı olaraq Heydər Əliyev kursununonun uğurlu davamının nəticəsidir.

İllər ötsə də Azərbaycan xalqı öz böyük oğlunu həmişəkindən daha artıq coşqu ilə sevir, xatırlayır və öz qəlbində yaşadır. Çünki xalqla onun adı, Azərbaycanla onun varlığı eyni mənanı ifadə edir. Xalq özünün Ulu Öndərini bundan sonra da gələcək illərə, gələcək tarixlərə aparacaqdır. Buna heç kəsin şübhəsi olmasın.

 

 

Bakı şəhəri, 2 saylı Dövlət Notariat kontorunun böyük notariusu, Ədliyyə müşaviri

 

 

Zəminə ABDULLAYEVA

 

Ədalət.-2013.-24 aprel.-S.3.