Sərkərdənin ölümü,
döyüşdən qaçan "Rembo", qırıq
pulemyotun yandıran hekayəti...
Qarabağ
müharibəsinin gerçək hekayətlərini Lent.az-a və
"Ədalət"-ə kəşfiyyatçı Rey Kərimoğlu
yazır
Layihə: "Kəşfiyyatçının
xatirələri"
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...
Bu da mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim
bir gündəliyin bir səhifəsi. İndi bu səhifənin
bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib.
Amma hələ gec deyil, nə qədər ki, biz - bu qanlı
səhnənin gerçək şahidləri varıq, bu səhifələri
bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala gəlmədən...
***
Yeni Qaralarda möhkəmlənəndən sonra Ş.Mirzəyev alayın sağ qalan döyüşçülərinin dərhal toplayıb yoxladı. Bizə isə Əliağalı rotasının və digər dəstələrdən 15-20 nəfər qoşaraq Ballıqaya-Kiçan istiqamətində kəşfiyyata göndərdi. Biz həm də döyüşdə yaralı qalmış uşaqları da, əlbəttə əgər sağ qalıblarsa, tapıb çıxartmalıydıq. Eyni zamanda Ş.Mirəzyev tapşırmışdı ki, düşmənin arxasında onun əmrini gözləyək. O, batalyonu yenidən əks hücuma hazırlayırdı. Biz yola düzəldik. Yeni qaralardakı "Hidayətin blindajı"ından keçib "Dıqqının yalı" deyilən balaca dağın yanından Qazançı tərəfdən-Sarı qaznaq istiqamətə hərəkət etdik.
İyunun 18-də rabitəçi qız kodlarla bizi geri çağırdı. Mən ona bildirdim ki, biz tapşırılan yerdə əməliyyatın davamı üçün 301-in (301 rabitə vasitəsi ilə Ş.Mirzəyevin kodu idi) əmrini gözləyirik, necə yəni geri qayıdaq?
Rabitəçi qız ağlaya-ağlaya açıq mətnlə bunları dedi:
- Rey, elə
301-in əmridir, təcili geri qayıdın!
"Deməli,
nəsə baş verib", - deyə düşündüm.
Ürəyimə yüz fikir gəldi, amma bu əsla gəlmirdi...
Şirin Mirzəyevin ölümü
25-ci
yazı
Gecə geri qayıtdıq. Səhər saatlarında Yeni
Qaralardakı "Hidayətin blindajına"
çatdıq...
İlk qarşıma çıxan Baxşeyiş oldu -
Baxşeyiş Abbasoğlu. O, Qaraların girəcəyində
yolun sol tərəfindəki yamacda oturmuşdu... Çox yorğun və kədərli idi. Yaxınlaşanda Babayev Yavərin avtomatını
gördüm. Lüləsi əyilmişdi.
Qoruyucusunun üstünə qırmızı fosforlu ox
işarəsi çəkilmiş kağız
yapışdırılmışdı...
- Baxşeyiş,
Yavərə nolub?! - səsim titrədi.
Başını
ağır-ağır qaldırıb, üzümə
baxdı:
- Nə
Yavər ey, Şirin Mirzəyev də həlak oldu!
Elə
bil məni tok vurdu!
- Necə
yəni Şirin Mirzəyev həlak olub? Elə
şey olar? Harada? Nə
vaxt?
İlk dəfə Şirin Mirzəyevin ölüm xəbərini
hadisənin təfərrüatını da elə
Baxşeyişdən öyrəndim.
Ş.Mirəzeyiv həmin günü bizimlə əlaqə
saxlamaq istəyib. Amma alınmayıb. Rabitədə
problem olub. Sonra deyib ki, Qaralarda tanklar
dayanan yerə gedib qayıdandan sonra əlaqə yaradarlar.
Baş leytenant Fəxrəddin Rəcəbov deyir ki, öndə
Şirin Mirzəyevin ardınca da onlar "Uaz"la, ondan sonra
isə yanacaq daşıyan avtomobil "Hidayətin
blindajı"nın yanından keçərək tanklar
dayanan mövqeyə gediblər.
Ş.Mirzəyevlə
birgə avtomobildə alayın xüsusi təyinatlı dəstəsinin
komandiri Yavər Babayev, tankçıların komandiri (səhv
etmirəmsə, adı Tahir idi) və Şirin Mirzəyevin
qardaşı oğlu Mübariz, əmisi nəvəsi Araz da
tankları yanacaqla təmin edəndən sonra geri
qayıdıblar. Elə bu zaman da Ş.Mirzəyevin
olduğu avtomobil minaya düşüb.
Bütün bunlar komandirin olduğu "UAZ"ın
arxasınca gələn F.Rəcəbovun gözləri
qarşısında olub. F.Rəcəbov deyir ki, minanın
partlayış dalğası komandiri bir neçə metr kənara
atıbmış. O, dərhal Ş.Mirzəyevi öz
avtomobili ilə hospitala aparmaq istəyib, lakin komandir yarı
yolda keçinib. Açıq yarası olmayan
Ş.Mirəzyevin bütün daxili orqanları
partlayıbmış. Bu səbəbdən də o,
hospitala çatana qədər dünyasını dəyişib...
Ağır yaralıymış deyə, rabitəsiz halda nəsə
deyirmiş... Bu Şirin Mirzəyevin - Azərbaycan
ordusunun təməlini qoyan bir sərkərdənin
ömrünün son anları olub.
Ş.Mirzəyevin sürücüsü Mübariz Əliyevdən
başqa avtomobildəki bütün zabit və əsgərlər
şəhid olub. Mən sonralar komandirin minaya düşən
həmin "UAZ"ını gördüm.
Üstündən tankla keçib əzmişdilər...
Elə o vaxt da, indi də Ş.Mirzəyevin qəsdən
öldürülməsi ilə bağlı müxtəlif
versiyalar irəli sürülür. Bəli, həmin əməliyyatın
Ş.Mirzəyevin hərbçi kimi, heç bir siyasi
qruplaşmaya aid olmayan güc kimi ləğv edilməsi məqsədilə
təşkil olunduğu şübhəsi var və həmişə
də olacaq. Amma Ş.Mirzəyevin kimlər
tərəfindənsə əvvəlcədən qoyulmuş
minaya salınaraq öldürülməsi heç cür
ağlabatan deyil. Çünki həmin ərazidən
bir neçə avtomobil keçib, sadəcə komandirin
olduğu "UAZ" minaya toxunaraq partlayıb.
Bəs bizim nəzarətimizdə olan ərazidə
minalar haradan peyda olmuşdu? Bu minalar biz iyunun 12-də
Ballıqaya-Kiçana hücum edərkən yoldan
çıxardığımız minalar idi. O minalar
Qaralarda yolun kənarındakı arxın içərisinə
yığılmışdı. Partladıcı
detonatorları da üzərində. Ermənilər
əks hücuma keçəndə Qaraları
almışdılar və onlar orada qaldıqları müddətdə
həmin minalardan bir neçəsini yola
basdırmışdılar.
Şirin Mirzəyevin ölümündən bir ay
keçmiş mən olduğum BRDM də o ərazidə
minaya düşdü. Tale elə gətirdi ki, mən sağ
qaldım. Ağdamın Şotlanlı kəndindən
Şirinov Söhbət və əslən ermənistanlı
olan Möhübbət adlı bir əsgərimiz də
çox ağır yaralandılar. Mina
Söhbətin bir ayağını qoparmışdı,
Möhübbət baş və əl nahiyəsindən
yaralanmışdı.
Ş.Mirzəyevin həlak olduğunu eşidəndən
sonra batalyona qayıtdım. Ağdamın Tərnöyüt
kəndində hər üç şəhidə - Şirin,
Mübariz və Araz Mirzəyevlərə yas mağarı
qurulmuşdu. Əfsanəvi komandirlə
vidalaşıb batalyona qayıtdım. Ş.Mirzəyevlə
Mübarizi Şəhidlər xiyabanında dəfn etmək
üçün Bakıya apardılar... Uşaqların
bir hissəsi dəfn mərasimində iştirak etmək
üçün Bakıya getmişdi.
Artıq batalyonda qərargah rəisi mayor Sabir Abbasov əməliyyatlara
rəhbərlik edirdi. O, kəşfiyyat dəstəsinin əsgərlərini
Qaralar kəndindəki mövqelərimizə göndərdi. Səhv etmirəmsə, iyunun 19-da, günün ikinci
yarısı ermənilər Qazançı və Sırxavənd
istiqamətindən PDM-lərin müşayiəti ilə
hücuma keçdilər. Daxili qoşunların öndə
olan gənc əsgərləri geri çəkildi... Biz
altı nəfər - İdris Hümbətov, onun oğlu
Vüqar Hümbətov, mən, Nazim adlı Əliağalı
döyüşçü, əsgərlər arasında
"Rembo" kimi tanınan (Əslində özü-
özünə bu adı vermişdi) "qranatamyotşik"
- tank əleyhinə qranat atan, altıncının
adını unutmuşam - "Hidayətin blindajı"
istiqamətində mövqe tutub dayandıq. Ermənilərin
qarşısını kəsə bildik. Ermənilər
bizim mövqeyimizi minaatanlardan və toplardan atəşə
tutdular. Ardınca PDM-lərlə atəşə
başladılar. Çox çətin vəziyyət
idi. Bizim isə Ağcabədi rayonundan olan
İlqar adlı əsgərin idarə etdiyi cəmi bir PDM-miz
var idi. Onun isə mərmiləri
qurtarmışdı. Sadəcə
pulemyotundan atəş açırdı.
"Rembo" qaçdı...
Biz ermənilərin PDM-lərini yaxına buraxıb sonra
vurmaq istəyirdik. Ona görə də "Rembo"ya dedim ki, PDM-lər
100 metrliyimizə çatana qədər atəş
açmasın, gözləsin. Biz sakitcə
mövqelərimizdə uzanıb gözləyirdik. Səngərimiz çox yaxşı idi. Ona görə son ana qədər etibarlı
müdafiə oluna bilərdik.
Elə bil 1941-45-ci illərin Böyük Vətən
müharibəsindən çəkilmiş kinoya
baxırdıq. Ermənilər 5-6 cərgə
düzülərək PDM-lərin arxası ilə irəliləyirdilər.
Lap öndə 3 PDM gəlirdi. Onlar 100
metrlik məsafəyə çatanda İdris kişi
"Rembo"ya səsləndi ki, atəş! Səs
çıxmadı. Dönüb səngərə
baxdıq. "Rembo" yox idi... Tank əleyhinə
qranatatanı da götürüb, aradan
çıxmışdı.
İdris kişi dedi ki, axıra qədər
dayanmalıyıq! Əvvəlcə avtomatlarla
müqavimət göstərməyə başladıq.
Amma bu az idi...
Səngərimizdə erməni PDM-indən
çıxarılmış iri çaplı bir pulemyot da var
idi. Bizdən əvvəl kimsə istifadə edirmiş,
amma indi başsız qalmışdı səngərdə.
Tətiyi olmayan bu ağır silahı yalnız
hər iki baş barmağınla arxasında yerləşdirilmiş
kibrit qutusu boyda dəmir lövhəyə basmaqla atmaq olurdu.
Bir az atan kimi onsuz da yapışmağa
yöndəmsiz olan pulemyot istidən adamın əlini
yandırırdı. Adamı elə silkələyirdi ki, nişan da ala bilmirdin. Kimsə tənzif
dolamaqla lülənin ortasından əllə tutmaq
üçün yer düzəltmişdi.
Mən pulemyotu səngərin qarşısındakı
torpağın üstünə qoydum. İlk atəşdəncə
pulemyot əlimdən çıxdı, yerindən oynayıb
sağa sola çırpındı, sonra lüləsi göyə
tuşlandı. Növbəti dəfə
sağ ayağımı səngərin arxa divarına möhkəm
dirəyib atmağa başladım. Bu dəfə pulemyotu
ram edə bildim. Amma indi o bizim önümüzdəki otu-ələfi
biçib yerə tökürdü, torpağı göyə
sovurdu...
Ermənilər də yaxınlaşırdılar. Bu arada Nazim
adlı döyüşçümüz qolundan yaralandı.
Biz nə illah eləsək də, o, bizi tərk eləmədi. Sonra arxaya xəbər verməyə
adam göndərmək qərarına gəldik,
amma yenə də heç kəs səngəri tərk etmədi.
Axırda İdris kişi oğluna təpinərək
onu xəbər vermək üçün batalyona yolladı.
Mən pulemyotu yenidən səngərin
qarşısındakı torpağın üstünə
qoydum. Uşaqlardan biri hər iki əli ilə arxadan
çiynimdən tutaraq məni saxladı. Bu
dəfə pulemyotu düşmən tərəfə, təxminən
bir metr hündürlüyünə tuşlayaraq atəş
açmağa başladım. Güllələr
otu-ələfi, çiçəkləri biçib yerə
tökürdü. Ermənilərin piyada əsgərləri
bağırtı ilə yerə sərilirdi. Onlar yerə uzanaraq dayanmağa məcbur oldular.
Bizim PDM-imiz isə sağ tərəfimizi qoruyurdu. O olmasaydı ermənilər
sağdan arxamıza keçə bilərdi...
İdris kişi dedi ki, çalışıb PDM-i
nişan alım. Əslində pulemyot güllələri
PDM-ə heç nə etmir. Amma biz onun məsləhəti
ilə PDM nişan almağa
başladıq. Amma alınmırdı. Nişanı saxlaya bilmirdik, pulemyot oynayıb əlimdən
çıxırdı.
Lülənin tüstüsü istidən yanan tənzifin
tüstüsünə qarışıb mənə mane
olurdu. Pulemyotun növbəti güllə yeşiyi
işıqsaçan güllə çıxdı. Əslində artıq hava azacıq
qaraldığından dəqiq atəş açmaq
üçün bu bizim işimizə yaradı. Bu dəfə ermənilərin PDM-dən birini hədəfə
alıb onu işıq saçan gülləyə tutduq.
Harasına dəydisə bilmirəm, amma öndə
gələn erməni PDM-i dayandı. Bir qədər
sonra yavaş-yavaş geri qayıtdı. Erməni
əsgərləri də geri qaçmağa başladı.
Biz daha da ruhlandıq. İşıq
saçan güllələrlə erməniləri dayanmadan atəşə
tutduq.
Bir də onda özümə gəldim ki, əlim
dodaqlarım göynəyir. Pulemyotun lüləsi
sağ əlimi yandırıbmış. Həyəcandan,
qorxudan isə ard-arda caladığım qupquru filtrsiz
"Astra" siqareti sona qədər yanıb elə
dodağımda sönürmüş.
Gecə ermənilər tamam geri çəkildilər. Batalyondan isə
kömək gəlmişdi. O gün ermənilər
Qaralara girə bilmədi...
Qeyd: Əvvəlki
xatirələrimdə Cəlilabad rayonunda gəlmiş 25 nəfər
peşəkar tankçı haqqında məlumat vermişdim.
Bizim batalyon mühasirəyə düşən
əməliyyatdan-ermənilərin hücumundan yarım saat əvvəl
onlar Çıldıran istiqamətinə gediblər.
Sadəcə, o yerlərlə tanış
olmaq istəyirmişlər. Onlar ermənilərin
Çıldırandan bizim üzərimizə gələn
qüvvələri ilə qarşılaşıblar. Döyüşüb qəhrəmancasına şəhid
olublar. Məndə olan məlumata görə, onlardan cəmi
bir nəfəri sağ qalıb...
Rey Kərimoğlu
Ədalət.-2013.-24 aprel.-S.6.