Kitabları su kimi içirdim

 

Həyatda qazandıqlarımda kitabların çox böyük rolu olub. Ta uşaqlıqdan oxuduğum nağılların qəhrəmanları həyatımın formalaşmasında əl ağacım olub. Sonralar Azərbaycan və dünya ədəbiyyat nümunələri yol yoldaşıma, tale sirdaşıma çevrildilər.

Orta məktəbdə oxuyanda məktəb kitabxanasında oxumadığım kitab qalmamışdı. Hətta eləsi var idi ki, dönüb-dönüb oxuyurdum, lakin yenə də doymurdum. Kitabları oxumurdum, onları demək olar ki, su kimi içirdim, gözlərimlə ürəyimə hopdururdum. Kitablara qarşı məndə bir hərislik yaranmışdı. Bir kimsə məndən cox oxusa ağlayırdım.

Yadımdadı doqquzuncu sinfi bitirib onuncu sinfə kecəndə qarşıma məqsəq qoydum ki, üç ay yay tətilində yüz dənə kitab oxuyacam. Az qala günə bir kitab düşürdü. Oxudum da.

Dərslərin başlanmasına üç-beş gün qalmışdı, amma oxuduğum kitabların sayını yüzə catdıra bilməmişdim. Gecələr yatmadım, gündüzlər anam tapşırdığı ev işlərini görməmək ücün gizləndim. Gah evimizin damında oxudum, gah da həyətdəki böyük tut ağacına cıxıb anam görməsin deyə yarpaqların arasında gizlənərək oxudum. Və məqsədimə catdım.

Sentyabrda dərslər başlayanda ədəbiyyat müəllimi yay tətilində kimin hansı kitabı oxuduğunu soruşdu. Biləndə ki, mən yüz dənə kitab oxumuşam Qoca müəllimin dəhşətdən gözləri bərəldi, bir xeyli susdu. Sonra məndən oxuduğum kitabların adlarını sorusdu. Mən sadaladıqdan sonra üç kəlmə söz dedi: "çoxu cəfəngiyatdır, otur". Cox sonralar müəllimimin cəfəngiyat adlandırdıqlarının bəzilərinin doğrudan da bədii ədəbiyyat nümunəsindən çox, söz yığını olduğunun fərqinə vardım...

Maksim Qorki deyib: "Kitab bilik mənbəyidir, onu sevin". Gerçəkdən kitabı necə sevməmək olar? Təbii ki, mən bu sualı özümə verirəm. Və bəzilərinin, bəlkə də çoxlarının kitabı nədən sevmədiklərinin, mütaliə etmədiklərinin, bədii ədəbiyyata maraq göstərmədiklərinin səbəbini tapmaq üçün yüz cür fikir də ağlıma gəlir. Kitabı sevməyənlər, hətta ona nifrət edənlər var, əlbəttə. Onu lazımsız əşya hesab edənləri də görmüşəm. Hətta elələrini görmüşəm ki, kitabdan bəzək əşyası kimi istifadə ediblər. Keçmiş sovet varlılalrının bəziləri - kitabdan qanmayanlar, onun necə bir xəzinə olduğunu anlamayanlar - yalnızca cildləri evin mebelləri ilə, divar kağızları ilə həmrəng olan kitabları rəflərə düzürdülər. Yəni "desinlər ki, Xaçaturun da xançalı var". Meşşan idilər...

Tez-tez belə sualla rastlaşırıq: "Biz bu gün niyə kitab oxumuruq"? Bəlkə də sualın qoyuluşu bir qədər ritorik səslənir. Niyə oxumuruq ki, oxuyuruq... amma nə oxuyuruq, hansı kitabları oxuyuruq, kimə üz tuturuq? Bax, əsas məsələ budur, bunu düşünmək lazımdır. Sovet dövrünün öz ədəbiyyatı var idi. Ədəbiyyat kommunist partiyasına, sovet ideologiyasına, sinifsiz cəmiyyətin üstünlüklərinə, onun təntənəsinə xidmət edirdi. Hər bir ideologiyanın əsas bazalarından biri də kitabdır. 70 illik sovet rejiminin ideologiyası rejimə xidmət edən yazarların kitablarında əks olunur və bu, kütləyə çatdırılırdı. Sovet ədəbiyyatının vəzifəsi bu idi, bu ideologiyadan kənara çıxmaq olmazdı. Azca "yolunu azanlar"ın da aqibəti pis olurdu, ən yaxşı halda dissident kimi xaricdə yaşamağa imkan tapa bilirdi. Dünya ədəbiyyatından da Azərbaycan dilinə tərcümə olunmuş əsərlər bir növ sovet ideologiyasına yaxın olanlar, yaxud da bilavasitə kapitalizmi ifşa edən kitablar idi. Biz bu kitabların hamısını fərqinə varmadan oxuyurduq - həm orta məktəbdə, həm də ali məktəbdə. Rusdillilər üçün isə meydan çox geniş idi. Tərcümə olunmamış dünya ədəbiyyat nümünələrini rus dilindən rahatlıqla oxuyurdular.

Bu gün isə tam fərqli mənzərə yaranıb. Kitab bolluğudur. Ədəbiyyat müəllimimin dediyi cəfəngiyatdan tutmuş ən gözəl, ən aktual əsərlərin sərgiləndiyi söz dünyasında mütaliə üçün seçim imkanları çox böyükdür. Di gəl ki, bu imkanlardan geninə-boluna istifadə edilmir. Niyə? Yoxsa elmi-texniki tərəqqinin imkanları mütaliənin əl-qolunu bağlayıb? Məncə, yox. Əvvəla, orta statistik azərbaycanlının oxuması üçün kitab seçimi bir problemdi. Çünki klassik Azərbaycan və dünya ədəbiyyatının yaradıcılarından bixəbər olan belə bir adam üçün kitab oxumaq vaxt öldürmək kimi bir şeydir. Və o bu bolluqda seçim edə bilmir. Ya nə gəldi başdansovdu oxuyur, ya da ki, kitaba yaxın düşmür. Ziyalı təbəqənin nümayəndələri isə daha çox internetdən istifadə edir, burdan oxumağa üstünlük verirlər. O da hamısı yox, əlbəttə. Mən elə ziyalı tanıyıram ki, deyir 20-25 ildi əlinə bir dənə də olsun bədii kitab alıb oxumayıb. Son illərin çək-çeviri, zəmanənin dəyişikliyi bu adamı fərqli düşünməyə vadar edib. Nə yazıq ki, gündəlik problemlərin onun üstünə gəldiyini və bundan qaça bilmədiyini söyləyən həmin ziyalıya adi məişət problemləri kitabı tamam unutdurub...

Bir məsələ də var ki, indi az qala hamı kitab oxumaqdan çox, kitab yazır. Sanki kitab yazmaq yarışına giriblər. Amma fikirləşmirlər ki, onların yazdıqlarını oxuyan varmı? Fikirləşmirlər ki, bir qəpiklik məna və məzmun dəyəri olmayan, amma bir ətək pul verib nəfis tərtibatda, bahalı kağızlarda çap olunan bu kitabların üzünə belə baxan yoxdur. Kitab dükanlarında, lap elə qəzet köşklərində belə cızma-qaralar nə qədər istəsəniz var. Dəfələrlə olub ki, həmişə qəzet aldığım köşkün satıcısı bu cür kitablardan almağımı təklif edib. Təbii ki, satıcının özünün marağı var bu təklifdə-satacağı kitabdan ona qalan müəyyən məbləğ xatirinə müştərilərinə kitab almağı da məsləhət görür. Mənim azdan-çoxdan başım çıxır ki, nəyi oxuya bilərəm, nəyi oxumağa ehtiyacım yoxdu. Amma hər kəs belə deyil ki...

Bu yaxınlarda eşitdim ki, "Əli və Nino" kitab dükanının qarşısında "Qanun" nəşriyyatı "2 manata kitab" aksiyası keçirib. Kitablar endirimlə satılıb. 10-15 manatlıq kitablara 2- 3 manat qiymət qoyulub. Beləcə kitabların bir hissəsi satılıb. Yadıma ötən illərim düşdü. Rayonumuzda böyük bir kitab mağazası var idi. 70-80-ci illərdə hər kəsin mütaliə etdiyi, kitab mağazalarında növbəyə durduğu bir zamanda bu mağazadan kitab almaq əməlli-başlı problemə çevrilmişdi. Satıcının adını hələ də unutmamışam: Şəhri. Orta məktəbdə oxuyurdum, amma bu qadından yaman çəkinirdim, həm də qorxurdum. Çünki kobud, acıdil qadın idi, alıcılarla çox nəzakətsiz və qaba rəftar edirdi. Bu qadından kitab almağa getmək mənim üçün biyara getmək qədər işgəncə idi. Amma başqa yolum da yox idi. Rayonda ikinci bir kitab mağazası yox idi. Məcbur idim, çünki kəndimizdən 7 kilometr aralı bir məsafədə yerləşən rayon mərkəzinə gedirdim. Əgər əliboş qayıtsa idim bir də anam mənə kitab almaq üçün pul verməyəcəkdi. Şəhri hər bir bədii kitabın üzərinə iki-üç dənə siyasi ədəbiyyat nümunəsi qoyurdu. Necə deyərlər, "bülbül... yanında da fil". Çünki bu kitablar alınmırdı. Satıcı da bu üsulu "icad etmişdi". Məcbur olub alırdıq bu kitabları və Leninin, Marksın, Brejnevin, digər ciyasi büro üzvlərinin bu kitablarını, partiya qurultaylarının materiallarını oxuyurduq. Vallah oxuyurduq. Zaman o zaman idi ki, bunları oxuyub öyrənməsək həyatda addımlaya bilməzdik, gələcək mövqeyimizi, yerimizi müəyyənləşdirə bilməzdik. Nə isə, bu başqa bir mövzudur. Sözümün canı odur ki, biz o zaman Şəhrinin bizə sırıdığı cəfəng broşüraları oxumaq istədiyimiz başqa əsərlərin xatirinə alırdıq və oxuyurduq - ağına,bozuna baxmadan. (Amma vaxt gəldi ki, Şəhri məndən qorxmağa başladı. Bilirsinizmi niyə? Universitetin 3-cü kursunda oxuyanda rayon qəzetində təcrübə keçirdim. Bir gün mağazaya getmişdim. Baxdım ki, ən görkəmli bir yerdə "Kitabi-Dədə Qorqud" qoyulub. Kitabı almaq istədiyimi bildirdim. Şəhri "Kitabi-Dədə Qorqud"un üstünə 3-4 dənə balaca siyasi braşüra, lazımsız kitabçalar qoyub mənə verdi. Etiraz etdim... amma həmişə olduğu kimi etirazım qəbul olunmadı. Mən də qəzetdə "Bülbül yanında da fil" başlıqlı bir yazı yazıb Şəhrini tənqid etdim. O dövr üçün Tovuzda məşhur olan, az qala hər kəsin çəkinə biləcəyi bir mağaza sahibi olan bu qadını tənqid etmək böyük cəsarət hesab olunurdu. Özlüyümdə Şəhridən hayfımı belə çıxmışdım... Bundan sonra ondan kitab alanda bir daha mənə satılmayan mallarını sırımadı).

Əslində kitab oxumaq vərdişi ailədə qazanılmalıdır. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir". Kitab oxumaq vərdişi, mütaliəyə güclü maraq genlə, qanla da keçir. Mən anamın bətnində olarkən o, kitabxanada işləyirmiş. Bütün günü kitab oxuyarmış, kitabxanada kitab qalmayıbmış, eləsi varmış ki, təkrar-təkrar oxuyurmuş. Hamiləliyi yüngül keçsin deyə çox oturmazmış. Yeddi ay kitabları ayaqüstə - gəzişə-gəzişə oxuyub. Anam bu hadisəni mənə danışanda anladım ki, kitablara nədən bu qədər həris olmuşam. Anamın bu vərdişi mənə keçmişdi. Orta məktəbdə oxuyanda şeirləri gəzişə-gəzişə əzbərləyirdim. Anamın oxuduğu kitabların təsiri altında keçirdiyi hisslər, onun hərəkətləri dünyaya gəlməmiş - ana bətnindəykən mənə keçibmiş.

Anam 92 yaşında gözlərini əbədi yumdu. Dünyasını dəyişdiyi son saatlara qədər mütaliəsindən qalmadı. O deyirdi ki, Allahdan sonra ikinci müqəddəs varlıq SÖZdür. Bizim ailədə SÖZ həmişə qiymətli olub, yüksək dəyərləndirilib. Və bu dəyər mənim əlimdən tutub, anamın südü ilə, qanı ilə varlığıma hopan müqəddəs SÖZün fonunda həmişə işığa can atmışam. Bu işıqda kimləri görməmişəm, özümü kimlərə bənzətməmişəm?! Oxuduğum kutabların qəhrəmanları həyat yolumu müəyyənləşdirib, taleyimi istiqamətləndirib. Bədii əsərlər düşüncələrimin formalaşmasında, həyata və dünyaya baxışımda böyük rol oynayıb. Kitablar vasitəsi ilə özümü ifadə edə bilmişəm. Elə bir kitab olmayıb ki, ondan nəsə öyrənnməyim. Mənə elə gəlir ki, alın yazımı, Allahın bəxş etdiyi taleyimi kitablarda tapmışam. Bilmirəm, bəlkə də yanılıram. Hər halda belə düşünürəm və bu düşüncəmdə özümü haqlı sayıram.

Ona görə də həyatda qazandıqlarıma görə bu gün kitablara da çox borcluyam - əgər belə demək mümkünsə...

 

 

Züleyxa NADİR

 

Ədalət.-2013.-24 aprel.-s.5.