Mərahim Fərzəlibəyov: "Bu gün müasir
dramaturgiyaya ehtiyac var"
Tanınmış rejissor, Xalq
artisti Mərahim Fərzəlibəyovun müsahibəsi
- 32 il
çalışdığınız Akademik Milli Dram
teatrından niyə getdiniz?
-
Bildiyiniz kimi hazırda bütün sahələrdə
islahatlar aparılır. Teatrlarda da islahatlar aparmaq
lazım idi. Akademik Milli
Dram Teatrı böyük
teatrdır, potensiallı
rejissorlar, aktyorlar burada tamaşa qoymağa, rol almağa can atırdılar.
Baxmayaraq
ki, onlar başqa teatrda çalışırdılar. Əvvəllər bizim teatrda tamaşa qoymaq, rol almaq
çox çətin
məsələ idi.
Bu problemi aradan qaldıraraq çox gözəl islahat apardılar. Ştatda olan rejissorlar müqavilə ilə çalışmağa başladılar.
Onlar bir növ müstəqil oldular. Bizim əyalətlərdə yaxşı
tamaşalar hazırlayan
rejissorlar bir-bir teatra dəvət olundu. Rayon teatrlarının
baş rejissoru və yaxud adi
rejissorlar istədikləri
əsərləri, istədikləri
aktyorlarla səhnələşdirdilər.
Akademik Milli Dram teatrında çalışdığım
30 il müddətində
belə demokratik ab-hava olmamışdı.
Bu islahatı dəstəkləyirəm.
Teatra can atan rejissorların potensialı
üzə çıxır.
Artıq əsər tamaşaya qoymaq istəyən istedadlı gənclərin arzusu reallaşdı və bununla da rejissorlarımızın
potensialı göründü.
Əlbəttə Akademik
Milli Dram Teatrı çalışacaq ki, özünü göstərən
rejissorlara yeni tamaşalar həvalə edilsin. Bir sözlə,
teatrda yeniləşmə
gedir. Rejissorlar onları qane etməyən aktyorları
başqa aktyorlarla əvəz edə bilirlər. Əvvəllər
belə bir şey yox idi.
Bu da birbaşa islahatlarla bağlıdır.
Yəni, rejissor deyir ki, mən
filan teatrdan filan aktyoru dəvət
etmək istəyirəm.
- Ordan çıxarılmağınızı düzgün hesab edirsiniz?
- Bu gün müstəqil rejissor kimi yaxşı
tamaşa hazırlaya bilirəmsə məni çağıracaqlar, pis
tamaşa hazırlayan
rejissoru dəvət etməyəcəklər. Demək
olar ki, mən işdə sayılıram.
- İndi tamaşa hazırlayırsınızmı?
- Bəli, hazırlayıram.
Daha çox müqavilə yolu ilə işləyirəm.
Artıq müqavilə
ilə bir tamaşa səhnəyə
qoymuşam, ikinci tamaşa üzərində
də çalışıram.
Bizdə tamaşaçı
qıtlığından danışılır.
Tamaşaçı qıtlığı
sözü ilə razı deyiləm. Hazırda teatrda Qərb, Şərq və Azərbaycan ədəbiyyatına aid əsərlər
tamaşaya qoyulur. Hər bir əsərin
öz tamaşaçısı
olur. Teatra axın var. İndi teatrlarda mərkəzləşmiş
kassalar yaranıb, reklamlar gedir. Çox yaxşı işdir ki, Mərkəzləşmiş kassalar
yaranması çox yaxşı işdir. Kassalarda monitor vasitəsilə
teatrların reklamına
baxmaq olur, bu, tamaşaçı problemini nisbətən həll edir.
- Teatrdan çıxandan bəri neçə tamaşa səhnələşdirmisiniz?
- İlyas Əfəndiyevin
"Qarabağnamə" tamaşasını
yeni quruluşda səhnəyə qoymuşam.
Həsən Həsənovun
"Qürbətdən gələn
məktublar" əsərinin
adını çəkə
bilərəm. Hazırda
bir roman üzərində
səhnələşdirmək üçün işləyirəm.
İstəyirəm ki,
bu tamaşaçılar
üçün sənət
sirri kimi qalsın. Məşqlərə
başlayanda sizə məlumat verəcəyəm.
- Demək istəyirsiniz ki, Azərbaycan teatrında tamaşaçı problemi
həll olunub?
- Mən ancaq onu deyə bilərəm
ki, bu dəqiqə
Akademik Milli Dram Teatrının tamaşaçısı
var. Bu gün teatra gələnlər görə
bilər ki, tamaşalar anşlaqla keçir. Elçin müəllim görkəmli aktyorumuz Hüseyn Ərəblinski haqqında "Sənətkarın
taleyi" adlı çox gözəl əsər yazıb. Onun premyerası da anşlaqla keçdi.
- Premyera adətən dəvətnamə ilə
olur axı, yəqin ona görədir...
- Elçin son 10-15 ildə ancaq dramaturgiya ilə məşğul olub. Bu çox önəmli işdir. İlyas Əfəndiyev dünyasını dəyişəndən
sonra müasir əsərlər yazılmadı.
Çox gözəl haldır ki, Elçin dövlət adamı olsa da əsərlər yazır. İnamla deyə bilərəm ki, bu gün
müasir əsərlərin
yazılmasında Elçin
müəllimin çox
böyük xidmətləri
var. Başqa müəlliflər
də yaxşı əsər təqdim ediləndə səhnəyə
qoyulur. Bizim qocaman yazıçımız
Əfqan teatra "Oliqarx" komediyasını
təqdim etdi. Komediyanı Mədəniyyət
Nazirliyi oxudu və əsər səhnəyə qoyuldu. Teatrın qapısı bu gün gənc
dramaturqlar üçün
də açıqdır,
əsər verə bilərlər. Mən istəyərdim ki, Elçin səviyyəsində
yazıçılar daha
çox dram əsərləri
yazsınlar. Bu gün
müasir dramaturgiyaya ehtiyac var. Düzdür, klassiklərimizin əsərləri
tamaşaya qoyulur, ancaq müasir yazıçıların da
əsərlərinə ehtiyacımız
var. Tam səmimiyyətimlə deyirəm ki, müasir dramaturgiyada olan boşluğu Elçin müəllim doldurur. Onun "Teleskop" əsəri çox maraqlı əsərdir.
- Siz Elçinin hansı əsərlərini səhnəyə
qoymusunuz?
- Mən Elçin müəllimin əsərlərini
texniki səbəblərdən
səhnəyə qoya
bilməmişəm. Çünki
o, həmişə başqa
rejissora əsər verib. Bu sual mənə ilk dəfə
verilir (gülür). İlyas Əfəndiyevin
9 əsərini səhnəyə
qoysam da, Elçin müəllimin əsərlərini tamaşaya
qoymağa imkanım olmayıb. Ancaq istərdim ki, Elçin müəllim Abbasqulu ağa Bakıxanovun həyatından
yazsın. Onu səhnəyə qoyardım.
Bakıxanov bizim böyük yazıçımız,
diplomatımız olub.
Belə bir şəxsiyyət haqda yazmağa Elçin müəllimin qüdrəti
çatar.
- Müstəqil olduğunuzu dediniz, nə əcəb başqa teatrlarda əsərlər hazırlamırsınız?
- Vaxtilə Sumqayıt Teatrında xidmətlərim
olub. Gənclik illərimdə "Sən
həmişə mənimləsən"
tamaşasına baxanda
aktyor olmaq istəyirdim, sonra rejissor olmaq istədim. Azər Paşa Nemətov tamaşanı uğurla hazırlamışdı. Bu əsəri
Sumqayıt Teatrında
qoydum.
Ramilə QURBANLI
Ədalət.-2013.-25 aprel.-S.7.