ŞƏRƏFLİ
ÖMÜR YOLU
Orta
məktəbdə dəqiq elmləri yaxşı bilsəm də,
IX sinifdə birləşmiş şagird və müəllim
ilk komsomol təşkilatının katibi seçiləndən
sonra birdən-birə hüquqşünas olmaq həvəsinə
düşdüm. Bu həvəs məni Azərbaycan Dövlət
Universitetinin (hazırkı BDU-nun - İ.A.) hüquq fakültəsinə
gətirib çıxardı. 1966-1971-ci illərdə həmin
fakültədə təhsil aldım. O zamana qədər mən
Seyfulla Əkbərovu tanımırdım. Hüquq fakültəsində
oxuduğum illərdə Seyfulla Əkbərovu tanıdım.
Həmin vaxtlar o, keçmiş Azərbaycan SSR Ali Məhkəməsinin
üzvi olmaqla, hüquq fakültəsində keçirilən
bir sıra tədbirlərdə iştirak etmişdi.
Həmin
illərdə fakültədə respublika hüquq-mühafizə
orqanlarının rəhbər işçiləri ilə
görüşlər keçirilir və respublika
hüquq-mühafizə orqanlarının işçiləri,
əsasən də rəhbər işçiləri ilə tələbələr
qarşısında çıxışlar edir, tələbələrin
suallarına cavablar verirdilər. Belə görüşlərin
biri də Seyfulla Əkbərovla keçirildi. Seyfulla Əkbərov
hüquqşünans tələbələr
qarşısında çıxış etdi və onun
çıxışı tələbələrin
böyük marağına səbəb oldu.
Əlbəttə,
həmin görüşlərdə mən də iştirak
etmişəm. Belə görüşlər biz tələbələrin
dərin marağına səbəb olurdu. O zaman bizə dedilər
ki, Seyfulla Əkbərov 1959-1963-cü illərdə Respublika
Prokuroru vəzifəsində də işləmiş, ona
keçmiş SSSR Ali Soveti Rəyasət Heyətinin 25
sentiyabr 1959-cu il tarixli Fərmanı ilə II dərəcəli
Dövlət Ədliyyə müşaviri xüsusi rütbə
dərəcəsi verilmişdir.
Seyfulla Əkbərov keçmiş Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Lakin bu dövrdə mənim onunla şəxsi tanışlığım yox idi. Bir tələbə kimi mən də həmin görüşdə iştirak edirdim. Tələbələrlə görüşdə bizə elan etdilər ki, Seyfulla Əkbərov hazırda respublika Ali Məhkəməsinin üzvüdür. Təbii ki, görüşdə, tələbə kimi, iştirak etmək hələ Seyfulla Əkbərovla tanış olmaq demək deyildi.
1994-cü ildə mən respublika prokurorluğunun Mərkəzi Aparatına işə gəldim və 1995-ci ilin mart ayında respublika prokurorluğunun Təşkilat-nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edildim. 1995-ci ilin sonları olardı. Həmin vaxt rəhbərlikdən bizə bildirdilər ki, vaxtı ilə respublika prokuroru vəzifəsində işləmiş Seyfulla Əkbərov dünyasını dəyişmişdir. Onu da dedilər ki, Seyfulla Əkbərov hüquq-mühafizə orqanlarının hörmətli işçilərindən biri olmuşdur. Ona görə respublika prokurorluğunun bir qrup rəhbər işçisi ilə birlikdə mərhum Seyfulla Əkbərovun mənzilinə gəlib, onun ailə üzvləri və yaxınlarına başsağlığı verdik.
Mərhum Seyfulla Əkbərovun mənzili respublika prokurorluğunun yaxınlığında idi, o zaman ki, Bunyakski küçəsi (indiki Şeyx Şamil küçəsi-İ.A.) ilə Lermontov küçəsinin kəsişdiyi yerdə qədim binada yerləşirdi.
Orada bizə aydın oldu ki, mərhum Seyfulla Əkbərov 1976-1980-cı illərdə keçmiş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş, sonra isə yenə də keçmiş Azərbaycan SSR Ali Məhkəməsinin üzvi vəzifəsinə seçilmişdir. Həmçinin, o da bizə məlum oldu ki, mərhum Seyfulla Əkbərov 1985-1987-ci illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir.
Tale belə gətirdi ki, mən 2001-ci ilin may ayında Azərbaycan Respublikası Baş Prokurorluğundan köçürülmə qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xidmətə keçdim və Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzi direktorunun elmi-tədqiqat işləri üzrə müavini vəzifəsinə təyin edildim. Həmin vaxt Hüquq Tədris Mərkəzi direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində İlham Əkbərov işləyirdi. Həmin vaxt əməkdaşlarla tanışlıq zamanı mənə aydın oldu ki, İlham Əkbərov mərhum Seyfulla Əkbərovun oğludur. Mən bu tanışlıqdan çox məmnun oldum. İlham Əkbərovla söhbətlərimiz təbii ki, həm də onun mərhum atası haqqında olurdu və bu söhbətlər zamanı mənə Seyfulla Əkbərovun xarakteri daha dəqiq məlum oldu.
Eşitmişdim ki, Seyfulla Əkbərov işində həmişə ciddi olmuş, ictimaiyyət arasında özünü qanunpərəst bir hüquqşünas kimi tanıtmışdır. Bir dəfə söhbət zamanı İlham Əkbərov mənə belə bir hadisəni danışdı. İlham Əkbərov söhbətində dedi ki, Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdi, bir nəfər universitet müəlliminin oğlu ilə birlikdə təyinatları respublika Daxili İşlər Nazirliyinə (keçmiş İctimai Asayışı Mühafizə Nazirliyinə-İ.A.) vermişdilər. İlham Əkbərovun söhbətindən aydın oldu ki, atası Seyfulla Əkbərov o zaman Daxili İşlər Nazirinə zəng edir, oğlunun böyük vəzifəyə deyil, zabitlər üçün uyğun olan ən aşağı vəzifəyə təyin edilməsini xahiş edir. Nazir telefon danışığında bildirir ki, bizdə zabit üçün aşağı vəzifə milis sahə müvəkkilidir, sizin oğlunuzun daha yüksək vəzifəyə təyin edilməsi imkanı var. O zaman Seyfulla Əkbərov Nazirə deyir ki, oğlunu elə sahə müvəkkili vəzifəsinə də təyin etsin. Elə də olur, İlham Əkbərovun atası Respublika Prokuroru vəzifəsində olduğu halda ali təhsilli oğlunu milis sahə müvəkkili vəzifəsinə təyin etdirir.
Bu faktın özü də respublika prokuroru vəzifəsində işləmiş Seyfulla Əkbərovun nə qədər sadə insan olmasına, vəzifəsindən heç vaxt sui-istifadə etməməsinə dəlalət edir. İlham Əkbərov isə uzun illər Daxili İşlər Orqanlarında xidmət edir və təqaüdə çıxdıqdan sonra respublika Ədliyyə Nazirliyi yanında Hüquq-Tədris Mərkəzi direktorunun təsərrüfat işləri üzrə müavini vəzifəsində işləyir.
İlham Əkbərovun söhbətlərindən aydın olurdu ki, atası Seyfulla Əkbərov Böyük Vətən müharibəsinin iştirakçısı olmaqla, 416-cı Taqanroq Diviziyasının təşkilatçılarından biri olmuş, həmin diviziyanın siyasi rəhbəri vəzifəsində işləmiş, 1942-ci ilin axırlarında Mazdok şəhəri uğrunda gedən vuruşlarda ağır yaralanmış, müalicə alandan sonra isə arxa cəbhəyə-Bakı şəhərinə göndərilmişdir.
Seyfulla Əkbərov 1931-1937-ci illərdə Bakıda Neft-Kimya İnstitutunu bitirmiş və Böyük Vətən müharibəsindən əvvəl Bakıda neftayırma sənayesində bir sıra mühüm vəzifələrdə işləmiş, rayon Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir. Böyük Vətən Müharibəsindən sonra isə o, respublika prokurorluğunun qısa müddətli hüquq kursunu bitirərək, respublika prokurorluğunun Mərkəzi Aparatında ümumi nəzarət şöbəsinə işə qəbul edilir, sonralar Bakı şəhərinin keçmiş Orconikidze (indiki Suraxanı-İ.A.) rayonunun, Gəncə şəhərində (keçmiş Kirovabad şəhəri-İ.A.) rayon prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifələrində işləmişdir.
Seyfulla Əkbərov 1948-ci ildə Moskva qiyabi Ümumittifaq Hüquq İnstitutunu bitirmişdi.
Hüquq-mühafizə orqanlarında səmərəli işinə görə Seyfulla Əkbərov "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü. O, həyat yoldaşı Soltan xanım Mustafa qızı ilə birlikdə özü kimi sadə, mehriban dörd oğul, beş qız övladı tərbiyə etmişdir.
Seyfulla Əkbərov onu tanıyanların qəlbində prinsipial, qanunpərəst, savadlı, vicdanlı hüquq-mühafizə orqanının işçisi kimi yadda qalmışdır.
Allah Seyfulla Əkbərova qəni-qəni rəhmət etsin.
İlham Abbasov,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının prorektoru-
hüquq üzrə fəlsəfə
doktoru
Ədalət.-2013.-25 aprel.-S.6.