"Sahibkarlığın inkişaf etdirilməsi bizim strateji yolumuzdur"

 

Ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafında rolu danılmazdır

 

Bu danılmaz bir faktdır ki, Azərbaycanın bugünkü inkişafı, regionda lider dövlətə çevrilməsi məhz ümummili lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş verib. 1990-cı illərdə hələ məktəbli olan zaman səhər tezdən yuxudan ayılıb çörək növbəsində durduğum anlar gözümün önünə gələndə bugünkü günümüzə min şükür edirəm. Hələ bir epizod heç yadımdan çıxmaz. Çörək növbəsi zamanı yaşlı bir kişi öz növbəsində çörəyi aldı və ikinci dəfə çörək almaq üçün növbəyə dayandı. Elə bu zaman ciddi etirazla üzləşdi. Qeyd edim ki, həmin zamanlar 1 nəfərə 2-dən artıq  çörək satılmırdı. Yaşlı adam özü də növbəyə ikinci dəfə baş vurmasından xəcalət çəkirdi. Ancaq çarəsi nə idi? Zaman keçdi. O illərdən bu illərə axan zaman selində Azərbaycanın iqtisadi qüdrəti artdı. Bu gün artıq nə çörək növbəsi var, nə də hər hansı ölkədən iqtisadi asıllığımız. İndi biz azad və suveren Azərbaycan Respublikasının gəncləri olaraq İndoneziya, Fələstin və digər ölkələrin gəncləri kimi aclıq və səfalət içində yaşamırıq. Bu sözləri qürurla söyləməyimizin təbbi ki, bir əsası var. O da ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun uğurla davam etdirilən siyasi kursudur. Artıq əminliklə demək olar ki, Azərbaycanın iqtisadi potensialı biz gəncləri gələcəyə daha da ümidlə baxmağımıza zəmin yaradır. Bütün bunların fonunda onu qeyd etmək olar ki, bu gün Azərbaycan iqtisadiyyatı təməli sarsılmaz dayaqlar üzərində qurulub. Hətta dünyada iqtisadi, qlobal maliyyə böhranı baş verən zaman Azərbaycan iqtisadiyyatında artım müşahidə olundu. Bu bir sıra beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapdı. Bir sıra ölkələr məhz indi-indi başa düşüb ki, Azərbaycan iqtisadiyyatından model kimi istifadə etmək lazımdır. Nədir bu model. Əslində Azərbaycanın inkişaf modeli fərqlidir. Bu gün sözügedən model barəsində danışarkən ümummilli lider Heydər Əliyevin iqtisadi sahədə gördüyü işlərin bir qismini, daha doğrusu sahibkarlığın inkişafı istiqamətində atdığı mütərəqqi addımlar barəsində danışacağıq.

 Məlum məsələ idi ki, Azərbaycan 1990-ci illərdə keçmiş SSRİ-nin tərkibindən ayrılıb müstəqil dövlət kimi formalaşan bir dövrdə iqtisadi göstəricilər olduqca aşağı səviyyədə idi. Yuxarıda qeyd etdiyim kimi ölkədə ərzaq çatışmamazlığı, eyni zamanda bir sıra müəssisələrin bağlanması səbəbindən işsizlik və ümumilikdə vətəndaşların sosial-iqtisadi vəziyyəti acınacaqlı hal almışdı. Məhz ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sadalanan bu kimi problemlər öz həllini tapmağa başladı. İlk öncə cəmiyyətin onurğa sütununu təşkil edən orta təbəqə, sahibakarlıq ordusu yaradıldı. Bunun üçün dövlət tərəfindən lazımi dəstək göstərildi. Ölkəyə xarici investorların axını, yerli sahibkarlara bir sıra güzəştlərin edilməsi ümumilikdə sahibkarlıq mühitinin formalaşdırılması baxımından tədqirə layiq hal kimi qəbul olunur. 1993-95-ci illərdə "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi" proqramında nəzərdə tutulan tədbirlər nəticəsində  sahibkarlığın hüquqi bazasının yaradılmasında zəruri səviyyəyə nail olundu, cəmiyyət üzvlərinin sahibkarlıq fəaliyyəti hüququ Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit edildi. Sahibkarlıq mühitinin formalaşması üçün vacib olan "Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr haqqında", "Səhmdar cəmiyyəti haqqında", "Haqsız rəqabət haqqında", "Əmtəə birjası haqqında", "Lizinq xidməti haqqında" qanunlar və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar qəbul olundu. Eyni zamanda həyata keçirilən dövlət proqramı çərçivəsində sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi və həvəsləndirilməsi üçün zəruri normativ sənədlər hazırlandı. Ümummilli lider Heydər Əliyevin biravasitə səyi nəticəsində həyata keçirilən tədbirlər nəticəsində sahibkarlığın bazar infrastrukturunun formalaşdırılması, təhsil sisteminin və informasiya təminatlarının yaradılması istiqamətində müəyyən nəticələr əldə edildi. O zaman Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın inkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzləri yaradıldı. Proqramın davamı kimi həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda sahibkarlıq mühiti formalaşdırıldı, əhalinin sahibkarlıq potensialının gerçəkləşməsi genişləndi. Yaradılan əlverişli mühit nəticəsində sahibkarlar səmərəli istifadəyə və sağlam rəqabət tələblərinə uyğun fəaliyyətləri ilə ölkə iqtisadiyyatında xüsusi çəkiyə malik oldular. Bu gün artıq sahibkarlıqla məşğul olmaq istəyən hər bir vətəndaş dövlətin onlara diqqət və qayğısını hiss edir. Eyni zamanda sahibkarlar üçün dövlət tərəfindən güzəştli vəsaitin verilməsi, onların hüquqlarının qorunması yönündə atılan addımlar bir daha onu deməyə əsas verir ki, bu sahə dövlətin diqqət mərkəzindədir.

Ümummilli lider Heydər Əliyev sahibkarlara hər zaman diqqət və qayğı ilə yanaşıb. Ciddi iş qrafikinin olmasına baxmayaraq hər zaman sahibkarlarla görüşə zaman ayıran dahi lider sahibkarlığın inkişaf etdirilməsini dövlətin prioritet sahəsi kimi dəyərləndirirdi. Ümumilli lider qeyd edirdi ki, "sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur".  Ulu öndər çox gözəl bilirdi ki, sahibkarlığın inkişafı problemlərinin bir-biri ilə əlaqədar olması, onların həllinin müəyyən bir sistemin daxilində reallaşmasını zəruri edir.

İqtisadçı ekspertlər hesab edir ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan mühit şəffaf və eyni zamanda dünya standartlarına cavab verir. Ekspertlər qeyd edir ki, dünya iqtisadi təcrübəsi göstərir ki, sahibkarlığın zəruri iqtisadi mühitinin formalaşmasına yönəldilmiş tədbirlərin xüsusi sistem çərçivəsində reallaşması məqsədəuyğundur. Bu baxımdan Azərbaycanda da sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar qarşıya qoyulmuş strateji məqsədə çatmağı təmin edir: "Ölkəmizdə sahibkarlığın inkişafı üzrə qəbul edilmiş Dövlət Proqramları bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sistemliliyini təmin etmiş, bu tədbirləri vahid strategiyanın həyata keçirilməsinə yönəltmişdir. Sahibkarlığın dövlət müdafiəsinin bu və ya digər variantının seçilməsi ölkənin inkişaf səviyyəsi, hazırkı sosial-iqtisadi şərait, inkişafın müasir mərhələsində qarşıya qoyulmuş vəzifələr və digər amillərin təsiri ilə şərtlənir. Bu amillərin təsiri nəzərə alınaraq, ölkəmizdə sahibkarlığın müdafiəsi və inkişafı dövlət sistemi daxilində əlaqələndirilmiş, Azərbaycan modeli yaradılmışdır". Ekspertlər qeyd edir ki, dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplərin müəyyənləşdirilməsi sahibkarlığın inkişafında kefiyyətcə yeni mərhələ açıb: "Dövlətin uzunmüddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri əsasında sahibkarlığın inkişafı keyfiyyətcə yeni təsərrüfatçılıq münasibətləri sisteminin formalaşmasına əsaslanır. Göstərilən prinsiplər dövlətin sahibkarlığın inkişafında üzərinə götürdüyü öhdəlikləri və sahibkarın cəmiyyətə münasibətdə məsuliyyətinin əsas müddəalarını formalaşdırmışdır. Bu meyarlar dövlətin xüsusi mülkiyyətin və şəxsiyyət azadlığının toxunulmazlığının əsas dəyərlərə çevrilməsinə şərait yaradan sosial-iqtisadi mühitin yaradılmasına təminatı, eyni zamanda sahibkarın dövlətə münasibətdə özünün sosial və hüquqi məsuliyyətini dərk edərək onlardan irəli gələn vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur". Ekspertlər onu xüsusi vurğulayırlar ki, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması baxımından atılan addımlar təqdirə layıqdır: "Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi bu məqsədlə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkilini zərurətə çevirmişdir. Sahibkarlar artıq mövcud problemlərin həllində iştirak edir. Bu baxımdan yaradılmış mexanizmlər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Sahibkarlar Şurası, Biznes Tədris Mərkəzləri və s. dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynamaqdadır. Heydər Əliyevin sahibkarlığın inkişafı modelinin mühüm səciyyəvi xüsusiyyətlərindən biri həmin model çərçivəsində davamlı inkişaf üçün əsaslı zəminin formalaşmasıdır.

Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir. Dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması, sahibkarların maarifləndirilməsi və onların işgüzar əlaqələrinin inkişafı istiqamətində davam etdirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı 80%-dən çoxdur, məşğul əhalinin isə təqribən 70%-i bu sektorda cəmləşib".

 

 

Sübhan Mahmudlu

 

Ədalət.-2013.-25 aprel.-S.5.