Alim ömrü, müəllim ömrü

 

Alim ömrü bambaşqadı, müəllim ömrü başqa. Yalnız həyatda ən uğurlu, ağıllı insanlar bu iki ömrü birləşdirir, vəhdət şəklində yaşaya bilir. Daha doğrusu, bir alim ömrünü yaşamaq naminə gərək bir insan ömrünü girov qoyasan. Alim - həm hərfi mənada, həm də elə böyük anlamda müəllimdi, eyni zamanda öyrətmək eşqiylə daim ürəyini çılçırağa döndərən əsl pedaqoq-müəllim də alimdir. Onlar arasında məsafə fərqi azdır.

Yaxşı filoloq-alim, tədqiqatçı-araşdırıcı kimi çoxdan tanıdığım eloğlum, həmyerlim Elman Quliyev elmə müəllimlikdən gəlib. Özü də orta məktəbdən, lap həyatın dibindən. Yaxşı yadımdadır, mərhum Xeyrulla Məmmədov həmişə Elmanı tərifləyir, onun zəhmətsevərliyini, savadını, potensialını yüksək dəyərləndirir, mütləq yaxşı alim kimi yetişəcəyini çəkinmədən deyir, nümunə göstərirdi. Budur, o, çoxsaylı əsərləri ilə həm çalışdığı pedaqoji universitetdə ustadı Xeyrulla müəllimin yarımçıq əməllərinin mənəvi davamçısına çevrildi, həm təcrübəli pedaqoq kimi gənc kadrların hazırlanmasında sözünü dedi, həm də sanballı tədqiqatlarını ümumiləşdirib vacib dərs vəsaitləri yazıb nəşr etdirdi.

Mən "çoxdan tanıdığım" ifadəsini sözgəlişi işlətmədim. Elman üzdə olan, bütün cənub bölgəsində tanınan adlı-sanlı bir nəslin ləyaqətli nümayəndəsi və davamçısıdır. Bir zaman atası Hilal Quliyev Lerikdə müxtəlif vəzifələrdə çalışıb, camaatın hörmətini qazanıb. Vaxtilə atam Hüseyn Həsənov da kolxoz sədri olub, o, həmişə sərhədyanı kəndlərə baş çəkərkən Kələxana gedir, Elmanın doğma əmisi, bütün bölgənin "Ağa dayı" çağırdığı Ağa Quliyevlə maraqlanırdı. Ağa dayı Zuvand kəndlərinin köçürülməsi, el-obanın represiyaya məruz qalması ilə əlaqədar müharibədən sonrakı o çətin vaxtlarda cəsarəıtlə Stalin - Bağırov rejiminə qarşı çıxmış, sakinləri etiraza çağırmış, mübarizəni dayandırmamış, doğma kəndindən bir addım kənara atmamış, türmələrdə məhkum həyatı yaşamışdır. O, dəfələrlə tutulmuş və ağlı-dərrakəsi, məntiqi sayəsində günahsızlığını sübuta yetirmiş, azadlığa buraxılmışdır. Bax, Elman belə müdrik şəxsiyyətlərin himayəsində böyümüş, ərsəyə yetmişdir. Şübhəsiz, nəcib ailə ənənəsinin insanın inkişafında rolu danılmazdır.

Ötən yüzilliyin 70-ci illərinin ortalarında Elman Hilal oğlunun böyük qardaşı Araz müəllimlə Lerikdə çıxan "Bolluq uğrunda" qəzetində çalışmışam. Həddən ziyadə istiqanlı, adamlara qaynayıb-qarışan, emosional, təmiz ürəkli Araz yerə-göyə sığmır, böyük arzularla yaşayırdı. O, səxavətli və mehriban idi, ailənin kiçik üzvü Elmanın ədəbiyyatı sevdiyini həvəslə danışırdı. Araz çox qohumpərəst, qohumcanlı idi, aylar-illər ötəndən sonra balaca qardaşı Elmanın hər uğuruna sevinir, rast gələn kimi təzə məlumatlar verirdi. Qardaşı idealıydı və ona böyük ümidlər bəsləyirdi. Təəssüf ki, Araz az yaşadı və Elman müəllimin alimliyini  görsə də, indiki möhtəşəm sanbalını, həqiqətən öz sahəsində parladığını, bütün türk və şərq dünyasına səs saldığını görmədi...

Alim var, zor-xoş bu müqəddəs ada çatmaq üçün xahiş-minnətə düşmüş, qapılar dalında ömür çürütmüş, kitabları ilə deyil, kimlərinsə himayədarlığı və kölgəsi sayəsində cərgəyə qoşulmuşdur. Alim də var, arxası - biliyi, savadıdır, heç kəsə ağız açdırıb tapşırılmayıb, şəxsiyyətinə sıxışdırmayıb ki, hansı məmurasa boyun əysin, vüqarı sınsın. Elman müəllim ikinci tip alimlərdəndi və daim öyrənib, günlərini kitabxanalarda keçirib. Ölkənin görkəmli, nüfuzlu elm xadimləri ilə daim ünsiyyət saxlayıb, zərrə-zərrə, qətrə-qətrə mənimsədiklərindən faydalanıb. Qardaş Türkiyə Cümhuriyyətində, İran İslam Respublikasında simpoziumlarda, seminar və yığıncaqlarda iştirak edib, məruzələrlə həmişə diqqət mərkəzində olub, Azərbaycana fəxri diplomlarla, dəyərli mükafatlarla qayıdıb. Və qətiyyən "yoruldum" deməyib, elmin böyük okean olduğunu dərindən dərk edib, ardıcıllar, davamçılar yetişdirib. Güney Azərbaycanında  doğulan nəhəng şairimiz Məmmədhüseyn Şəhriyar təkcə müasir farsdilli ədəbiyyatın deyil, həm də çağdaş Azərbaycan şeirinin fəxridir. O, İranda nə qədər sevilirsə, ölkəmizdə də, türk dünyasında da bir o qədər sevilir, təqdir olunur. Elman müəllim Şəhriyarın ədəbi irsini dönə-dönə oxumuş, tədqiqat işlərindən qətiyyən soyumamış, mütəfəkkir şairin yaradıcılığından bəhs edən xeyli sayda məqalə yazıb ortaya qoymuşdur. Şəhriyar irsi alimin doktorluq dissertasiyası olmuşdur. Elman Quliyevin şairə həsr olunan kitabları bu gün onun yaradıcılığını öyrənənlər üçün ayrıca bir mənbədir, töhfədir. Eyni zamanda həmin dərslikləri gənc ədəbiyyatçılar, filoloqlar öyrənir. Alim söhbətlərində deyir ki, Şəhriyar şeiri tükənməz xəzinədir, ədəbiyyatımızın saf, büllür bulaq suyudur, ana dilimizin şipşirin həzin laylasıdır. Və o, Şəhriyardan soyumaq bilmir, müxtəlif aspektlərdə şairin yaradıcılığından uğurlu tədqiqatlarını davam etdirir.

Bəzən görürsən, ən yaxşı alim müəllim adını doğrulda bilmir, tələbə auditoriyasına girərkən özünü itirir, hətta əzbər bildiklərini gənc nəslə çatdırmaqda çətinlik çəkir. Elman Quliyev səriştəli, tam hazırlıqlı müəllimdir, mühazirə-seminar salonlarında pörtüb qızarmır, əksinə daha sərbəst surətdə tələbələrlə ünsiyyət qurur, onların sevgisini qazanır. "Mən Elman müəllimin tələbəsi olmuşam". Bir dəfə bədii yaradıcılıqla məşğul olan cavan bir qız uşağının fəxrlə söylədiyi bu sözlərdən mən də qürur duydum. "Pedinstitut" - indiki universitet Azərbaycana saysız-hesabsız müəllim kadrı bəxş edib və indi cəsarətlə demək olar ki, həmin "ordunun" inkişafında, püxtələşməsində həmyerlimizin də rolu var.

Elman Quliyev yaxınlarda mənə qalın cildli bir kitab göstərdi: dərslik nümunəsi idi. Səhv eləmirəmsə, "Şərq xalqları ədəbiyyatı" adlanırdı. Kitabda farsdilli, türkdilli və ərəbdilli xalqların ədəbi nümunələri sistemləşdirilmiş, klassik irs öndə ardıcıllıqla verilmiş, müasir ədəbiyyatın seçmə əsərləri yığcam şəkildə daxil edilmişdir. Bəs bu kitabın əhəmiyyəti nədədir? Əvvəla, alimin seçib dərsliyinə saldığı əsərlər indiyəcən pərakəndə halındaydı və yazarlarımız tərəfindən dilimizə çevrilərək mətbuat səhifələrində dərc olunmuşdur. Elman müəllim onları gərgin zəhməti sayəsində arıtlayıb, ələkdən keçirmiş, ən yaxşılarını toplamış, çoxminli oxucusuna maraqlı, dəyərli kitab yadigar qoymuşdur. Indi gələcəyin müəllimi gedib kitab dükanlarını axtarmaz və ya kitabxanalarda saatlarla vaxtını əritməz, "Şərq xalqları ədəbiyyatı"nı əldə eləsə, "bir dam altda cəmləşən" mənəvi xəzinə ilə qısa müddətdə tanışlıq imkanı tapar.

Ikincisi, bu xidmət təbliğat xarakteri daşıyır. Axı, xalqları bir-birinə yaxından tanıtmaq üçün ədəbiyyatdan, mədəni irsdən ali inteqrasiya yoxdur. Düzdür, bu bağlılıq SSRİ hakimiyyəti dövründə məhdud dairədəydi. Çünki sovet ittifaqı realist ədəbiyyatın tərəfdarıydı, ideyaca üst-üstə düşməyən bədii nümunələrin çapına "xalqlar həbsxanası"nda icazə verilmirdi. "Qlavlit" deyilən xüsusi təşkilat ölkədə çap olunacaq kitabları qovluqlarda bitdə-bitdə oxuyur, məzmunu ilə tanışlıq imkanı əldə edir, ya kəsib-doğrayır, "təmizləyir", ya da ümumiyyətlə zərərli əsər adlandırıb qadağa qoyurdu. Heç Nobel mükafatı laureatları yaxına buraxılmırdı. Ona görə bu ziyanlı tendensiya və bəsit münasibət nəticəsində milyonlarla oxucu xarici ölkələrin bədii məhsullarından süni surətdə kənarda qalmışdı. Kitab dərs vəsaiti olmaqdan savayı, o boşluğu doldurmaq baxımından misilsiz əhəmiyyət daşıyır.

Məlumdur ki, türk-islam mədəniyyəti zaman-zaman təcrid olunmuş, bu mədəniyyətin dahi yaradıcılarının əsərləri it-bata düşmüş, əlyazma şəklində Avropanın muzeylərinə daşınmışdır. Professor Elman Quliyev çalışdığı ADPU-da şəxsi təşəbbüsü ilə hələ 2007-ci ildə "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzini yaradıb. Türkiyənin Azərbaycan Respubikasındakı o vaxtkı Fövqəladə və Səlahiyyətli səfiri Hulusi Kılıçla əlaqə quran görkəmli araşdırıcı xeyli əlavə vəsaitlər, maraqlı kitablar, qardaş ölkənin keşməkeşli şanlı tarixinə dair sənədlərin foto surətlərini, nadir şəkillər əldə edib mərkəzi zənginləşdirmişdir. Elman Quliyev türkoloq-alimdir. O, bunu son illərdəki fəaliyyəti ilə təsdiq etmişdir. Kitablarının adlarına diqqət yetirək: "Türk xalqları ədəbiyyatı", "Ümumtürk ədəbiyyatı", "Müasir özbək ədəbiyyatı tarixi", "Türkiyə türk ədəbiyyatı",  "Türk xalqları ədəbiyyatı", "Özbək ədəbiyyatı" və s. Bu kimi dərslik, dərs vəsaiti və proqram xarakterli nümunələr həm tələbə, həm bakalavr təhsili üçün, həm də magistrlər üçün nəzərdə tutulmuşdur. Alimin türk xalqlarının ədəbiyyatını səciyyələndirməsinin bir gözəl missiyası da bundan ibarətdir ki, indi azərbaycanlı gənc ədəbiyyatçı ümumtürk yazılı abidələrini kompleks şəklində öyrəndikdən sonra ədəbi nəhənglərin - C.Ruminin, Y.Əmrənin, N.Kamalın, Z.Göyalpın, Ə.Nəvainin, M.Fəraqinin, İ.Qaspiralının, Ç.Aytmatovun, O.Süleymanovun və başqalarının həyat və yaradıcılıqlarını öyrənir.

Elmi və pedaqoji fəaliyyətindəki uğurları ilə yanaşı Elman müəllim işıqlı insan, xeyirxah və təəssübkeş dostdur. Bəzən adamlar azacıq yuxarı qalxan kimi ətrafını görmür, tanışlarını belə saya almaq istəmir, təkəbbür və lovğalıqdan yaxa qurtarmaqda çətinlik çəkirlər. Elman olduqca sadə və təvazökardır. Həmyerlilərinin və dostlarının bütün xeyir-şər tədbirlərinə özünü çatdırır. Bir yaxşı cəhəti də ondan ibarətdir ki, doğulduğu Kələxan kəndini, qohum-əqrabasını, dağların qucağına sığınıb yaşayan mərd insanları unutmur. Əgər bir ayağı Bakıdadırsa, bir ayağı mütləq Lerikdə - kənddə-kəsəkdədir. Indi o, Zuvand mahalının ən tanınmış övladlarının cərgəsindədir və müəyyən daxili problemlərin həllində gənc ağsaqqal missiyasını ortaya qoyur, sözü keçir.

Ötən il Kələxan tərəfə yolum düşmüşdü. Alim dostumun kənddəki sadə dədə-baba ocağını qardaşı Qəhrəman müəllimlə ziyaərət elədim. Kələxanda rayon İH-nin yerli nümayəndəsi vəzifəsində çalışan Qəhrəman Quliyev istiqanlı və zəhmətkeş təsiri bağışladı. Elə bil Elmanla bir almadı, yarı bölünüblər, zahirən də, daxilən də bir-birinə çox oxşayırlar. Ürəyimdə fikirləşdim ki, nə yaxşı Qəhrəman kimi oğullarımız var və onlar ata-baba ocağının işığını sönməyə qoymur, el-obaya qahmar çıxır, arxa dururlar.

Həmin ocaqları kor qoymağa haqqımız çatmır, Elman müəllim! Çünki oralar bizim son güman yerimizdir.

 

 

Ağacəfər Həsənli

 

Ədalət.-2013.-26 aprel.-S.7.