"Dolu"nu əsgəri xidmət kimi qəbul elədim

 

Bugünkü qonağımız çox istedadlı insan, bir neçə uğurlu filmlərin, eləcə də Qarabağ müharibəsi haqqında çəkilmiş ən yaxşı filmlərdən biri olan "Dolu" filminin  rejissoru Elxan Cəfərovdu.

- Elxan bəy, sizi ilk dəfə kinoya gətirən məhz aktyorluq məharətiniz olmuşdur. Lakin sonradan rejissor kimi fəaliyyət göstərdiniz. Aktyorluğu rejissorluğa dəyişməyiniz necə baş verdi?

- Mən 1984-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsinə daxil olmuşam. Sonra elə oldu ki, hərbi dəniz donanmasına hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra yenidən həmin institutun aktyorluq şöbəsinə qayıtdım. Çox maraqlı əsgərlik həyatım olmuşdu. Ümumiyyətlə əsgərlik həyatı ekstremal vəziyyətlərin yaşandığı bir məkan olduğu üçün bu mənim üçün çox vacib bir zaman kəsiyi olmuşdu. Əsgərlikdən qayıtdıqdan sonra psixoloji olaraq mən bir qədər hadisələri daxildən yox, kənardan izləməyə, modullaşdırmağa başladım.

Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra, rəhmətlik Vaqif İbrahimoğlunun yanına gəldim. O vaxtı "Yuğ" teatrının ilkin təməlini qoyan on beş, iyirmi nəfərdən biri bə mən idim. 1992-ci ildən orda fəaliyyətə başladım. O zaman da klip, reklam bazarı Azərbaycanda hələ təzə-təzə başlayırdı. Daha sonra  Dövlət Teleradio Verilişləri Şirkətinin nəzdində "Proloq" studiyası yaradıldı. Mən də həmin studiyanın rəhbəri oldum. Həmin studiyada mən və mənim kimi bir çox kino sahəsinin adamları müxtəlif vertlişlər çəkməyə başladıq. Çəkilən verilişlərimizi də bir növ bədiiləşdirməyə, film kimi hazırlamağa can atırdıq. Bu da çox vaxtı alınırdı. Beləlikə, ilk rejissorluq addımlarımı həmin studiyada atmağa başladım. Sonradan gördüm ki, fikrimdə yanılmamışam. Çünki, mən hadisələrin içində cərəyan edici kimi yox, cərəyan etdirməyi daha yaxşı bacarıram. Bir məsələ də var ki, mən psixolji olaraq insanlarla sıx təmasdan çəkindiyim, utancaq insan olduğum üçün də sırf psixoloji nöqteyi-nəzərdən rejissorluğu seçdim.

- Elxan bəy, bir çox rejissor işləriniz var. Amma səhv etmirəmsə,  tammetrajlı iki filminiz var.

- Bəli, ilk qısametrajlı filmim "Məhbus" olub. Həmin filmi biz 1995-ci ildə Ramiz Həsənoğlunun bədii rəhbərlik etdiyi "Sabah" studiyasında çəkmişik. Yeri gəlmişkən, onu da bildirim ki,  Ramiz Həsənoğlu mənim yaradıcılıq işimə inanan ilk insanlardan biri olub. Allah ona can sağlığı versin. Daha sonra 2010-cu ildə "Əlavə təsir" filmi oldu. Ən nəhayət isə 2012-ci ildə "Dolu" filmi oldu.

- Bir rejissor kimi filmlərinizdən razısınızmı?

- Mən sizə bir söz deyim ki, həmin filmlərimdən razı olmasaydım onları ümumiyyətlə ortalığa çıxartmazdım. Amma bir məsələ də var ki, həyat özü bir yoldu. O necə ki, nağıllarda arxaya baxmadan getmək məsələsi var. Bax eləcə də həyatda atdığın hər addımdan sonra arxadakı addımlar artıq səndən geridə qalır. Bu baxımdan da mən həmişə irəli getməyi, yeni nailiyyətlər əldə etməyi sevən bir insanam.

- Sonuncu filminiz yazıçı və millət vəkili  Aqil Abbasın eyni adlı romanı əsasında çəkilmiş "Dolu" filmi oldu. Bu filmin yaranması necə baş verdi?

- "Dolu" filminin çəkilməsi mənə təklif olunanda, açığı mən daxilən bir az buna hazır deyildim. Çünki, "Dolu" filmindən əvvəl mən "Qarabağdır Azərbaycan" adlı sənədli film çəkmişdim. Və öz-özlüyümdə fikirləşirdim ki, Qarabağla bağlı vizual düşüncələrimin bir çoxunu həmin filmdə artıq həyata keçirtmişəm. Həmin filmin operatoru olan Aleksey Berkoviç Almaniyada fəaliyyətdə olan çox aktiv bir Avropa operatorudu. Onu "Cinealliance" şirkətinin rəhbəri Əliağa Məmmədov bura dəvət etmişdi. O, bura gələndə mənə dedi ki, - "döyüş səhnələrinə o qədər də üstünlük vermə. Çünki, bunu çəkə bilməyəcəksən". Mən də ona bildirdim ki, "axı biz müharibə keçmişik. Nə qədər müharibədən müharibəsiz şeylər çəkəcəyik?! Bizim də gənclərimiz müharibənin ab-havasını hiss eləməlidilər. Onlar da vətənpərvərlik, vuruşqanlıq əzmində tərbiyə olunmalıdılar". O, yenə də etiraz etdi. Lakin mən həmin döyüş səhnələrini çəkdim. Sonunda Berkoviç gəlib o filmə baxanda öz razılığını bildirmişdi. Yəni bu baxımdan fikirləşirdim ki, döyüş səhnələri barədə mən bütün gücümü həmin filmdə qoymuşam.

Lakin buna baxmayaraq, mən "Dolu"nu əsgəri xidmət kimi qəbul elədim. Sonra biz Aqil Abbasla görüşdük. Çox böyük məmnuniyyətlə filmin çəkilişlərinə razı oldum. Olduqca məsuliyyətli və ağır bir vəzifəni boynuma götürdüyümü bilirdim. Yəni burda nə maliyyə, nə mənəvi baxımdan söhbət getmir. Sadəcə olaraq, döyüş filmi çəkmək çox ağırdı. Yəni Azərbaycan filmi bu sahədə hələ ilk addımlarını atır. Lakin "Dolu" filmi bu barədə orta industrial tələblərə cavab verirdi.  Bir tərəfdən də belə deyərdim ki, Allah üzümüzə baxdı ki, filmdə baş verən o döyüş səhnələrində bir nəfərin belə xəsarət görməməsi, zədə almaması, böyük bir xoşbəxtlik oldu. Bunu da mən ilk növbədə Aqil Abbasın içdən gələn səmimiliyinə, ürəyi təmizliyinə, eləcə də mənim bu işə olan münasibətimə və filmin ətrafına yığışan insanların ümumi əhval-ruhiyyəsinin təmiz və səmimi olmalarına bağlayıram. Çünki, yenə də vurğulayıram, industrial nöqteyi -nəzərdən biz hələ belə filmlərə tam hazır deyildik. Bu gün artıq bu təcrübə var.  Amma yenə də qorxulu təcrübədi.

- Elxan bəy, film çəkilişi zamanı rejissor və ssenarist mübahisələri, çəkişmələri qaçılmaz olur. "Dolu" filminin çəkilişlər zamanı necə belə problemlər yaşandı?

- Bilirsiniz, burda yenə də bayaq o dediyim Aqil Abbas səmimiyyətindən söhbət gedir. Mən, ümumiyyətlə, o insana həmişə böyüq qardaş kimi baxmışam. Həmişə də abi deyə müraciət etmişəm. Bu öz yerində. O ki, qaldı çəkiliş zamanı baş verənlərə. Mən elə  ilk anlardan hiss etdim ki, o, insan mənim sözlərimə qulaq asmaq istədi. Təbii ki, bir az çılğın, emossianal insandı. Və bizim yaradıcılıq anlamında mübahisələrimiz olub. Lakin bir məsələ də var ki, həmin mübahisələr olmasa, hər hansısa bir işin müvəffəqiyyət qazanması da sual altında qalar.  Onu da deyim ki, mən özüm ondan çox şeylər öyrəndim. Onun təkidi ilə çəkilmiş bir neçə kadrlar var ki, mən sonradan anladım ki, nə yaxşı  Aqil bəy o hadisələri bizə danışdı. Biz də həmin hadisələri kadra köçürtdük. Məsələn, mən indi sizə kiçicik bir sirr açım ki, bir çox mübahisələrə səbəb olan erməni qızının əsir götürülmə səhnəsi ümumiyyətlə bizim planımızda yox idi. Aqil Abbas bir gün çəkiliş meydançasına gəldi və dedi: "Elxan, bu epizod mütləq olmalıdı". Həmin gün biz dincəlməliydik. Amma biz o günü iş günü elan edib, o kadrları çəkdik. İndi də fikir verirsinizmi, ən çox mübahisələr də elə həmin kadrlar üzərində gedir. Çünki, insanların qəlbinə toxunmuşdu. Və nələr ki, insanların qəlbinə toxunub, təsir edir, demək o haqda da müzakirələr və mübahisələr yaranır. Bu günləri biz o epizodları azərbaycanlı kimi müzakirə ediriksə,  ancaq Azərbaycandan bir addım kənrara çıxanda, həmin kadrlar azərbaycanlı simasının,  obrazının başqalarının düşüncəsində yaranmasında, formalaşmasında çox vacib və labüd rol oynayır. "Dolu" filmi bir çox ölkələrdə nümayiş olundu. Biz həmin nümayişlərdə də iştirak etdik. Həmin erməni qızının azad olunması səhnəsi moskvalılar üçün çox ləzzət edən bir məqam idi ki, deməli, azərbaycanlılar belə olublar. Bir sözlə, bu məhz plakat filmidir, şüardır. Aqil Abbasın ssenarisidi. Mən onun belə deyək də, yalnız görüntü hissəsini tamamlamışam.

- Elxan bəy, Aqil Abbas bir neçə dəfə roman haqqında danışanda bildirmişdi ki, romanı yazarkən dəfələrlə qəhərləndiyi, ağladığı məqamlar olub. Siz necə çəkiliş vaxtı belə hallar yaşadınız?

- İlk dəfə mən ssenarini oxumuşam, daha sonra romanı. Və elə ilk səhifələrdən də dərhal səmimlik gördüm. Çünki, biz elə öyrəşmişik  ki, Qarabağ haqqında hər yazıda mütləq plakat, pafoslu sözlər, cümlələr olsun. "Dolu" da isə mən ilk növbədə gördüm ki, Qarabağ haqqında bizim düşündüyümüz stereotip düşüncədən fərqlidi.  Ssenarini də səhər sübh vaxtı oxuyub Pələngin ölüm səhnəsini ağlaya-ağlaya bitirdim. Xasiyyətcə də bir az kövrək insanam. Onun səhəri günü də biz Aqil bəylə görüşəndə mən özünə də dedim ki, Pələngin ölüm səhnəsi məni göz yaşlarına qərq etdi. Əlbəttə ki, filmin çəkilişləri zamanı, montajı zamanı belə mənim təsirləndiyim kövrəldiyim məqamlar çox oldu. Çünki, bu işə hər birimiz öz ürəyimizi qoymuşuq. Ürək olan yerdə isə kövrəlməmək, təsirlənməmək mümkün deyil.

- Elxan bəy, hərbi hissələrdə, əsgərlər arasında "Dolu" filmini nümayiş etdirməyi düşünürsünüzmü?

- Hüquqi tərəfdən mən düşünürəm ki, bu mütləq olacaq və olmalıdır. Digər tərəfdən biz bu filmi bir neçə hərbi hissədə göstərmişik. Eyni zamanda da bu artıq dövlət qurumlarının ideoloji vəzifəsidi. Və bunu mütləq etmək lazımdı. Çünki, buna tək nə mənim, nə də Aqil müəllimin qüvvəsi çatar. Yəni bu film artıq bizim əlmizdə var. Bu gün hər bir gənci tərbiyə edə biləcək şeylər bu filmin içərisində var. Bunun üçün də hesab edirəm ki, bu film mütləq nümayiş olunmalıdı.

- Elxan bəy, bir müsahibənizdə özünüz hansı mövzular haqqında filmlər çəkmək istəyirsiniz sualına təxminən belə cavab vermisiniz. "Özüm hansı mövzular haqqına çəkmək istəyirəm. Bu barədə azad şərait olanda fikirləşəcəm. İndi hələ ki, yalnız çəkmək istəyirəm".  Yaradıcı insan üçün bu fikir sizcə nə dərəcədə doğru və məqsədlidi. Belə çıxır ki, hələ azad film çəkmək şəraiti yoxdu?

- Bilirsinizmi, kommersiya filmində həmin dediyimiz o azad şərait ümumiyyətlə yaranmır.  Mən düşünmürdüm ki, "Dolu" filmini çəkəcəm. Amma taleyin qisməti elə gətirdi ki, bu film təklif olundu və mən dərhal iş prosesinə başladım. Bu gün başqa bir iş təklif olunub. İndi onun üzərində işləyirəm. Yəni, işdən imtina etmək səlahiyyətim hələ ki, yoxdu. Özüm hələ nə barədə çəkmək istəyirəm? Bu barədə də fikirləşməmişəm. Amma əgər nə isə çəkmək istəyirəmsə, hələ o azadlığı qazanmaq lazımdı ki, sonra da çəkə bilim. Yəni hər hansısa imtinanı edə bilmək üçün nəyəsə nail olmalıyam. Hələ ki, o həddi aşmamışam ki, nədənsə imtina edim.

- Qarabağ haqqında uğurlu bir filmə imza atan sənət adamı kimi sizin Qarabağ haqqında fiirləriniz maraqlı olardı. O torpaqlara qayıtmağımıza ümidlisinizmi?

- Ümumiyyətlə bizim o torpaqlara qayıtmağımız haqqında ümidsizliyimiz azərbaycanlı olmaqdan imtinaya bərabərdir. Aqil Abbasın da  bu barədə yaxşı bir sözü var ki "əgər kimsə buna inanmırsa, getsin özünü assın". Yəni biz bu fikrə inanmasaq, deməli torpaqlarımız da qayıtmayacaq. Digər tərəfdən də həmin inamı qoruyub, saxlamaq lazımdı. Çünki, inamsızlıqdan torpaq gedəcək, necə ki, gedibdir. Biz inanmırdıq ki, gəlib bizim torpaqlarımızı əlimizdən ala bilərlər, bizi öldürə bilərlər, bizə qarşı çıxa bilərlər və s. İndi inanmaq lazımdır ki, hər şey ola bilər. Bunun üçün də həmin inamı yaratmaq və daxilən tərbiyə etmək lazımdır. Çünki, inanan insan mütləq qalib gəlir! Bir də ki, mən inanıram ki, dünyada mədəniyyətlərin qüvvədə olacağı bir vaxt gəlib çıxacaq. Biz də öz böyük mədəniyyətimizlə böyük əraziləri fəth etmiş olacağıq. Bizim üçün döyüş hələ bitməyib. O torpaqlar  da azad olunmadığı müddətdə həmin döyüş davam edəcək.

 

 

Samirə Əşrəf

 

Ədalət.-2013.-26 aprel.-S.6.