Heydər Əliyevin yubileyi
MTN-də qeyd olundu
Ziya Yusifzadə: "Azərbaycanın
dövlətçiliyini qurub-yaradan ulu öndər Heydər Əliyevi
böyük siyasətə aparan yol təhlükəsizlik
orqanlarından başlanmışdır"
Milli
Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında
Azərbaycan xalqının böyük oğlu, dünya
şöhrətli siyasi xadim, təhlükəsizlik
orqanlarının əbədi fəxri rəhbəri Heydər
Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki
konfrans keçirilmişdir. Bu barədə Trend MTN-nin
İctimai Əlaqələr Mərkəzinə istinadən məlumat
verib.
Əvvəlcə
ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilmiş və dövlət himni səsləndirilmişdir.
Heydər
Əliyev adına Akademiyanın rəisi, general-leytenant Ziya
Yusifzadə çıxış edərək bildirmişdir
ki, 90 illik yubileyini bütün elliklə təntənəli
şəkildə bayram etdiyimiz, xalqımızın taleyində
misilsiz rol oynayan, müstəqil Azərbaycanın dövlətçiliyini
qurub-yaradan ulu öndər Heydər Əliyevi böyük
siyasətə aparan yol təhlükəsizlik orqanlarından
başlanmışdır.
Heydər
Əliyev zəngin həyatının 25 ilini Azərbaycanın
xüsusi xidmət orqanlarına həsr etmiş, sıravi əməkdaşdan
Təhlükəsizlik Komitəsinin sədri, leytenant rütbəsindən
general rütbəsinə yüksəlmiş və bu orqanlarda
öz məktəbini yaratmışdır. Heydər Əliyevin
Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərliyi
zamanı bu strukturda əvvəlki dövrlərdən
köklü surətdə fərqlənən ab-hava
yaranmış, əməliyyat fəaliyyətinə və
onun səmərəli təşkilinə yaradıcı
baxış formalaşmış, Azərbaycanın milli
maraqları ön plana çəkilmişdir. Heydər Əliyev
hələ sovetlər dönəmində mövcud
qadağalara baxmayaraq, cəsarət və uzaqgörənliklə,
öz şəxsi karyerasını təhlükə
altında qoyaraq, təhlükəsizlik orqanlarının
milliləşdirilməsi siyasətini böyük
ustalıqla, mərhələ-mərhələ həyata
keçirmiş və müstəqillik illərində tam
başa çatdırmışdır.
Akademiyanın
rəisi bildirmişdir ki, 1969-1982-ci illər tariximizə
sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın
inkişafı, milli ruhun, milli-mənəvi özünüdərkin,
mədəniyyətin yüksəlişi, millətdə
dövlətçilik ideyalarının güclənməsi,
ölkəmizin gələcək müstəqilliyinin təməlinin
qoyulması dövrü kimi daxil olmuşdur.
Mərkəzin
Dağlıq Qarabağda yeritdiyi ikiüzlü siyasətə
və 20 Yanvar qırğınına qarşı etiraz səsini
ucaldaraq, Moskvanın bütün təqib və təzyiqlərinə
baxmayaraq, 1990-cı ilin iyulunda Vətənə
qayıtmış Heydər Əliyev yalnız onun özünə
xas olan qətiyyət və dönməzliklə qurtuluş
mübarizəsinin önünə keçmişdir. Heydər
Əliyevin siyasi fəaliyyətinin Naxçıvan
dövrü xüsusilə əlamətdardır. 1990-cı il
noyabrın 17-də muxtar respublikanın ali qanunvericilik
orqanı ulu öndərin təşəbbüsü ilə
Azərbaycanın üçrəngli bayrağının və
həmin bayrağın bütövlükdə Azərbaycanın
rəsmi dövlət rəmzi kimi tanınması
üçün ölkə rəhbərliyi
qarşısında vəsatət qaldırdı.
Qeyd
olunmuşdur ki, 1993-cü ilin iyununda xalqın
çağırışı və zamanın hökmü
ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev
xalqın dəstəyi, öz şəxsi qətiyyəti və
iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində
qurtuluş missiyasını şərəflə yerinə
yetirdi və beləliklə, yenicə müstəqilliyini
qazanmış ölkəmizi xaosdan, vətəndaş
müharibəsindən, parçalanmadan, dövlətçiliyini
itirmək təhlükəsindən xilas etdi.
Heydər
Əliyevin siyasi iradəsi sayəsində 1994-cü ilin
sentyabrında Bakıda "Əsrin müqaviləsi"
imzalandı və onun həyata keçirilməsi Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında geniş surətdə reallaşdı.
Dövlətin
xarici siyasəti milli maraqlara və uzaqgörən siyasi
perspektivlərə əsaslanan xətlə inkişaf etməyə
başladı, dünyanın aparıcı dövlətləri
və beynəlxalq təşkilatları ilə
qarşılıqlı münasibətlər quruldu. Heydər
Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli
addımlar sayəsində diplomatiyamızın fəal
mövqeyi formalaşmış, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə dünya
ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin
suverenliyi və ərazi bütövlüyü bütün
beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini
tapmışdır.
Heydər
Əliyev demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu sahəsində ardıcıl siyasət yeridərək,
ölkədə insan hüquq və azadlıqlarının
başlıca prinsiplərini bərqərar etmişdir. 1995-ci
ilin noyabrında ümumbəşəri demokratik dəyərləri
özündə əks etdirən Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi, hüquq
normalarının və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması məhz Heydər Əliyevin
adı ilə bağlıdır.
Ümummilli
lider bütün mənalı həyatını xalqına
qurban verməklə kifayətlənməmiş, xalqın gələcəyini
düşünmüş, müdrik siyasəti davam etdirəcək,
xalqın mənafelərini etibarlı şəkildə təmin
etmək kimi şərəfli və məsuliyyətli vəzifəni
öz üzərinə götürəcək yeni lideri - Azərbaycan
Respublikasınin Prezidenti İlham Əliyevi, böyük siyasi
nüfuzu olan bir şəxsiyyəti öz siyasi məktəbində
yetişdirmişdir.
Bu
gün möhtərəm Prezidentimiz İlham Əliyevin
müdrik, inamlı, cəsarətli daxili və xarici siyasəti
nəticəsində ölkəmiz bütün sahələrdə
dinamik şəkildə inkişaf edir, əhalinin sosial
müdafiəsi istiqamətində ardıcıl addımlar
atılır, Vətənimizin siyasi-iqtisadi nüfuzu
dünyada getdikcə güclənir. Son illərdə əldə
edilmiş misilsiz nailiyyətlər təbii ki, Heydər Əliyev
kursunun və strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsinin nəticəsidir. Azərbaycanın
haqq sözü artıq bütün dünyada eşidilir. Onu
göstərmək kifayətdir ki, 155 ölkənin birmənalı
dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik
Şurasının üzvü seçilmiş və bu ali təşkilatın
kürsüsündən öz sülhməramlı siyasi
missiyasını dünya ictimaiyyətinə
çatdırır.
Azərbaycan
Cənubi Qafqazda ən qüdrətli və lider dövlət
olmaqla bərabər, iqtisadi və siyasi parametrlərinə
görə inkişaf etmiş dövlətlərlə bir
sırada inamla addımlayır və gələcəkdə
daha böyük uğurlara imza atmaq əzmindədir.
Bu
gün ümummilli lider Heydər Əliyevin amalları,
bütün həyatını həsr etdiyi, canından
artıq sevdiyi, qurub yaratdığı Müstəqil Azərbaycan
yaşayır və daim inkişaf edir. Heydər Əliyevin 90
illiyini təntənəli şəkildə bayram edən Azərbaycan
xalqı ulu öndərin ölməz xatirəsinə hədsiz
ehtiram bəslədiyi kimi, onun siyasi varisi sevimli Prezidenti
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilən azərbaycançılıq siyasətinə
də böyük inam bəsləyir və onu ürəkdən
dəstəkləyir.
Yusifzadə
bildirmişdir ki, bizim və gələcək nəsillərin
Heydər Əliyevin ruhu qarşısında müqəddəs
borcu ulu öndərin həyatı bahasına
qurub-yaratdığı və xalqımıza miras qoyduğu
müstəqil Azərbaycan dövlətinin daha da
çiçəklənməsi və qüdrətlənməsi
naminə cənab Prezident İlham Əliyevin ətrafında
sıx birləşərək, fədakarlıqla
çalışmaq, milli birliyimizə və həmrəyliyimizə
sədaqətlə xidmət etməkdir.
Tədbirdə
çıxış edən professor, polkovnik C.Qasımov,
polkovnik-leytenant A.İsmayılov, baş leytenant B.Abdullayev,
kursantlar E.İsgəndərov və M.Tağıyev
ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində
Azərbaycanın öz müstəqilliyini qoruyub
saxlamasından, müasir dövlət quruculuğundakı
rolundan, gənclərə göstərdiyi diqqət və
qayğıdan danışmış, Heydər Əliyev irsinə
və amallarına daim sadiq olacaqlarını, Vətənin
müstəqilliyini göz bəbəyitək
qoruyacaqlarını, Prezident İlham Əliyevin ətrafında
bundan sonra da sıx birləşəcəklərini, vətənimizin
daha da qüdrətlənməsi üçün səylərini
əsirgəməyəcəklərini bildirmişlər.
Tədbirin
sonunda ümummilli lider Heydər Əliyevə həsr
olunmuş sənədli film nümayiş etdirilmişdir.
Ədalət.-2013.-26 aprel.-S.4.