YENİ
PROYEKTİMİZ: ALTMIŞINCILAR
ABDULLA
KİŞİNİN OĞLU: AZƏR ABDULLA – 2
"Altmışıncılar"
dedikdə adətən yazıçıları nəzərdə
tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər
zaman onların başında olur. Bunun nədən olduğunu
mən araşdıran deyiləm, amma bunu bilirəm ki,
ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin
bütün sahələrində özlərini göstərməkdə
idi. Və mənə elə gəlir ki, dünyamızın
altmışıncı illəri təkcə bizim məmləkətdə
deyil, başqa məmləkətlərdə də eyni anlamda
intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn,
sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR
adıya bir dərnək də var. Həmişə
könlüm keçib belə bir təşkilat və ya dərnək
bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə
ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət
adamları sonrakı nəsil tərəfindən heç də
könül xoşluğu ilə qarşılanmayıb. Bir
ucu da gəlib yetmişlərə və səksənlərə
çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə
onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.
Əslində
Azər Abdulla bu yazarlar üçün bir tarix yaradır (bax:
bir öncəki yazımız) və bu tarix bir kitabxana kimi bir
şeydir. Hər zaman əlinin altındadır bu sözlər,
bu fikirlər, bu yazılar və Azər bu fikirləri toplamaq
üçün çox çətinlik çəkir, bunu mən
gözəl bilirəm, çünki qəzetçilik və
bir zamanlar sorğu almaq durumundan anlayıram ki, bir yazar
haqqında neçə-neçə adamın (daha doğrusu?
hər dəfə otuz, qırx, bəzənsə əlli
adamın, bu sayı ondan bilirəm ki, bir zaman Azər mənim
haqqımda da bir xüsusi buraxılış hazırlamaq
sevdasına düşmüşdü və bunu həyata
keçirmək üçün bir zaman yaxın olduğum,
indi böyük vəzifələr sahibi bir insanın ona
yardım edəcəyini düşünüb bu işin
altına girmiş və sevda-sevda olaraq qalmış) fikrini
yığmalıdır, bu siyahıya baxanda adamın gözləri
qaralır. İndi gəl sən bu adamların
"saqqalının altından keç", onlardan bir kəlmə
al görüm necə alırsan. Haqqında yazılan
yazarı birisi sevir, birisi sevmir. Gəl anla görüm. Bəzən
sərt şeylər deyənlər də olur. Mən bilən
Azər bütün bunları udur və "Oğuz
Eli"nin əlavəsi olaraq, dostu, yazar Əli Həsənli
ilə bizim yazarlarımız haqqında çox gözəl
və məzmunlu əlavələr hazırlayır ki, bu əlavələr
gələcək tədqiqatçılar üçün
gözəl bir qaynaqdır.
PƏRÇİM. BİR BAŞQA
YAZIDAN:
-Heç zaman öz əsərlərinin
təbliği ilə maraqlanmadın. Lap gəncliyindən bəri
bunu eləmədin. Bu yaxşıdımı, pisdimi və indi
də bir kitabın çapdan çıxanda
sıxıla-sıxıla deyirsən ki, bəlkə bu kitab
haqqında, bir qəzetdə, "525-də", məsələn,
bir xəbər yazılsın. Sən bilən, yazılsa nə
olacaq?
-Təbliğ
olunmaq üçün ya gərək çoxlu pulun, yaxud
yüksək vəzifən, ya da tanınmış arxa-köməyinlə
birgə, həm də iddialı olmalı, bir az da
yarınmağı bacarmalısan. Bunların biri də məndə
olmadığından, dediyin kimi təbliğ olunmaq
haqqında düşünməmişəm. Mənimlə
müqayisədə sən öz təbliğinlə daha
çox məşğul olmusan, ara vermədən hər həftə
iki qəzetin hərəsində bir səhifəni yazıyla
doldurmaq asan məsələ deyil, bunu zəhmətinin,
çalışqanlığının hesabına etmisən,
publisist yazılarını bir kitaba yerləşdirmək
olsaydı, o kitabının qalınlığını
ölçmək üçün metr gərək olardı,
bəzən ədəbiyyata dəxli olmayan televiziya
verilişlərində görünür, yadda qalmağa
çalışırsan, yetmişi haqlasan da əməkdar mədəniyyət
işçisi adından başqa nə qazanmısan... Halbuki sənə
neçə illər öncədən, ən azından əməkdar
incəsənət xadimi adı verilməliydi. Çünki əlin
qələm tutandan bu günəcən incəsənətimizi,
mədəniyyətimizi təbliğ eləmisən, bunu
umduğunu da hiss edirəm.(?????????? suallar mənimdi T. A.)
-Bəyəm
sənin umacağın yoxmu, heç kim də bilməsə,
mən bilirəm, 1996-cı ildən bu yana bir yerə qol
çəkib maaş almadan hər gün nizam-intizamla
"Oğuz Eli " qəzetinin redaksiyasına gedib hansı
inam, hansı sevgiylə qəzetin "YAZIÇI"
adında ayrıca buraxılışlarını
hazırlayırsan, iyirmi ildən bəri məzuniyyətin -
istirahətin nə olduğunu, müalicəyə gedə bilmədiyini,
dərmanlar almağa imkanın olmadığını mənə
demisən. İndi mənimlə niyə belə qeyri-səmimi
danışırsan, sənin umacağın yoxdursa, niyə mənə
giley-güzar edirdin?..
-Tofiq, söhbətimizdən
ŞOU qoxusu gəlir. Fərdi təqaüd, ad almaq istəyən
artistlərin, müğənnilərin
danışığına bənzəyir. Suallarına bir
şərtlə cavab verirəm, müsahibəni, yəni elədiyimiz
söhbəti çap elətdirmə, arxivində qalsın,
yaxşımı?
YAZIYA DAVAM
Mən
bilmirəm, Azərin hazırladığı o əlavələr
daha hansı dəyərlərə malikdir, amma bu əlavələr
çox dərdli hazırlandığı üçün (
yəni Azər bu yaşında neçə-neçə
adama telefon açır, bayaq dediyim kimi) dəyərsiz
şeylərdir. Bunun nə demək olduğunu bilənlər
bilir və Azər hər zaman öz zövqüylə oturub
durmur, bəlkə də zorlanıb istiqamətini dəyişir.
Bu da bəzən onun özündən asılı olmadan
ortaya çıxır.
Onun
hazırladığı bir çox əlavələr mənim
əlimin altındadır və mən onları zaman-zaman
oxuyuram və Azərin özünün bu əlavələrə
yazdığı yazılar həqiqətən daha
etibarlı, daha sanballı, daha məntiqli, daha səlis və
açıq olur. Doğrudur, yaradıcı adam heç zaman
özünü tam ifadə eləyə bilmədiyi
üçün Azər də bəzən
"içinin" dərinliklərinə enə bilmir, buna
heç ehtiyac da yoxdur. Belə məqamlarda özünü
qınasa da yeganə təsəllisi zamandır və zaman
ayarında onun yazılarının ağırlığı
məhz onun özünə məxsusdur.
Bu
sayılarda yazarlarımızın xarakteri və onların
yaradıcılıqlarının xarakteri son dərəcə
ustalıqla açılır və Azər hər dəfəsində
bir ayrı yazarın tam portresini yaratmaqla çox zaman da təkrardan
çıxmağa çalışır və hətta tərtibatlarda
da Azər aparıcı olduğu üçün rəngarəngliyə
də fikir verir
Yox,
Azər Abdulla çox sağlam və çox gərəkli
bir iş görür. Nazim Hikmət, Rəsul Rza, Ənvər
Məmmədxanlı, Sabir Əhmədli, İsa Muğanna,
Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu,
Çingiz Aytmatov, Şəhriyar, Oljas Süleymenov, Ramiz
Rövşən, Zəlimxan Yaqub, Vaqif Bayatlı Odər,
Şahmar Hüseynov, Paşa Qəlbinur, Məmməd Oruc... və
neçə-neçə yazar haqqında olan
buraxılışlar (bu vaxtacan 63 sayda) hər bir
yazıçının kitabxanasını zənginləşdirəcək
qədər maraqlıdır.
AZƏR ABDULLANIN ÜSYANI
"Yazıçılar,
sənət adamları, dünyaya ona görə gəlirlər
ki, xalq üçün nəsə yaratsınlar, xalq da
onları dəyərləndirsin. Bəzi yazıçılar
var, onları görmürlər. Mən siyasətçi
olsaydım, bu tədbirə yığışanların
hamısını Prezident aparatının qabağına
aparıb piket keçirərdim ki, Sara xanımı
görsünlər və bilsinlər ki, o, bu yaşında
kirayəçi yaşayır. Mən səlahiyyətli
adamların yerinə xəcalət çəkirəm.
Onların ünvanına qınağımı göndərirəm."
Bu da Azər Abdulladır.
Sitat
"Politika" qəzetinin 12-18 aprel tarixli sayısından
yazar Ceyhunun reportajından götürülmüşdür. Reportaj
Nizami adına İnstitutda Yazar Sara Oğuza həsr olunmuş
kitabın tanıtımı barədədir.
PORTRE CİZGİLƏRİ
Təbii,
Azər Abdulla da bir yaş həddinə gəldi. Onun
haqqında yenə də eşidirəm ki, O DÜZƏLMƏZ.
Bu doğru. Amma mən onun əyriliyində də bir şeylər
görmədim.
Azər
Abdullaya deyirəm; "Sən mənim haqqımda gözəl
bir portre yazdın. Hətta kiminsə sənə söylədiyi
bəzi şeyləri də ora əlavə elədin. Və mən
hələ də onu oxumadım. Sənsə buna inanmadın.
Bax, mənə də icazə ver sənin haqqında ədalətsiz
olduğun məqamları yazım. Nədən o saat əsəbiləşirsən
və söyüş söyürsən. Məsələn,
illər öncə "Ədalət" qəzetinin baş
redaktoru Aqil Abbasın kiçik qonaqlığında mənə
ƏCLAF deyə bağırdın. Halbuki o anda mən buna
tuş deyildim.
Azər
Abdulla, bir çox məqamlarda sənin işlərinin gətirmədiyini
bilirəm. (Bunu sənə deyim ki, çoxları sənin
işlərinin mənimkindən daha irəli olduğunu da
deyirlər.) Amma Allahın verdikləri ilə razılaşman
gərəkdir. Bax, o gün məni Nəşriyyatda
otağına dəvət elədin. Əfəndim, mübarək
bu otağın. Və otağının qapısını
üstündəki "OĞUZ ELİ" sözü qədər
ömrün olsun.
Salyanı
su basdı deyirsən. Bunun da suçunu aparıb rayonun
başçılarına yükləyirsən. Kür boyunca
divar çəkmək olardı deyirsən... Əlli il bundan
qabaq da Kürün daşıb Salyanı, Neftçalanı
basdığını eşitmişdim. İldə Kür
boyunca yüz, iki yüz metr hasar çəkməyə hər
rayonun gücü çatmazdımı? Hələ Fövqəladə
Hallar Nazirliyini demirəm, deyirsən...
-Ola bilər. Amma deprəm kimi, zəlzələ
kimi su daşqını da Allahın yazısı kimi bir
olaydır. "Zəngəzuru itirmək,
Mığrını itirmək Allahın yazısı
deyil" dediyimdə nədən gözümü
çıxarırsan?"
Azər
Abdulla 2002-ci ildə Türkiyədə keçirilən Nazim
Hikmətin 100 illik yubileyində iştirak etmək
üçün seçilən yaradıcılardan biri idi. Pasport da aldı, bilet
də aldı, amma son anda gedə
bilmədi. Nədən? Səbəbini bu gün də bilmir. Bax, buna deyərlər
bəxtin gətirməməyi!
Mən bu yazını hazırladığım günlərdə
( 23 aprel 2003) Azər otağıma gəldi və bir bilet göstərdi;
"Türkiyəyə gedirəm.
Ədəbiyat günlərinə".
URA!!!!!!!! URA!!!!!!!!!!
TELEFONLA KİÇİK SORĞU
-Azər, sən ədəbiyyata şeirlə gəldin, mən bilən, nədən sonradan bəs nəsrə keçdin? Təbii, bir çox
yaradıcının başında
bu var. Amma indiki məqamda səninlə söhbət
edirik. Nədən bu belə oldu?
-Nəsr ağır şeydir, Tofiq!
-Tamam, bunu bildik, bax,
sən nəsr əsərləri yazdın,
bəs onda təzədən nədən
şerə qayıdırsan,
bu nədir, məni bu maraqlandırır?
-Qayıtmısan deyəndə
ilham ki, gəldi ikisi də olur.
-Bax, sən şeir yazırsan, nəsr yazırsan, sonra publisistik yazıların da olub zamanında,
indi məni başa sal görüm,
bu janrlardan hansında sənin adın çəkiləndə
içində bir rahatlıq, bir razılıq olur?
-Mənə elə gəlir, yazıçılıq
sözünün tutumu
daha böyükdür.
Avropada, Amerikada şairlərin qatarı
artıq ötüb keçib, şairlik öz sanbalını, əski qüdrətini itirmək üzrədir. Amma hələ bizdə şairlik böyük nüfuza malikdir, bu hələlik bizdə belə görünür. Amma,
bir həqiqət var, kimə şair deyirsən o daha çox məmnun olur
-Bax, Azər, elə yazarlar olub, onlar yazar kimi
artıq daşlaşmışlar,
yazar kimi də bu xalqın
tarixində qalacaq və bir də
görürsən onlar
da keçib şeir yazıblar. Onları bu şeir yazmağa
şövqləndirən nədir?
Axı, nədir?
-Əslində bunu
daha açıq belə demək olar: elə mövzular var, onları yalnız nəsrdə yazmaq olar, elə mövzular da var, şeirlə yazmaq olar. Mən bunu belə də izah edə
bilərəm: bu yaşla bağlı da ola bilər. Nəsr çox fiziki
güc tələb edir və ona
görə də onlar keçirlər daha çevik bir janra, şerə.
Nəsr çox ağır şeydir, çox ağır, bunu sən də bilirsən. Amma bunu da unutmaq
olmaz ki, gözəl, qüdrətli
şeir yazmaq çətin məsələdir...
-Demək belə çıxır ki, şeir məzələnmə
kimi bir şeydir. Şairlər öz oxucuları
ilə məzələnirlər.
Keyf eləyirlər ki, biz şeir yazırıq. Siz də bundan ləzzət alıb keyf eləyin, yəni belə çıxır ki, şairlər bizi dolayır?
***
Gün aydın Tofiq!
Sabahların xeyrə açılsın. Necəsən?
Yəqin ki, səhərin gözü açılmamış
bilgisayarın arxasına
keçmisən. Yaxşı, indi de görüm yetmişinci illərdə
"jiquli"nin sükanı arxasında özünü xoşbəxt,
gözəl, ilhamlı
sayırdın, yoxsa bu hissiz, həyəcansız,
tiyəktəkin cazibədar
bilgisayarın? Hayf, hayf
Tofiq bəy, hayf sənin yetmişinci illərdəki
unikal poetik duyğularını məhv
etdi bilgisayarlar, maşınlar səndəki
əlçatmaz duyğuları,
əsəbiləşmə Tofiq bəy. Söhbət
məndən yox, səndən gedir. Bu dünyada çox
şeyləri bəlkə
hamıdan tez və öncə sən bildin. Ancaq günlərin bir günündə öləcəyinə,
bir də dünyada heç bir şeyin gizli qalmayacağına, hər şeyin ömrə yazıldığını
və haçansa bunların nöqtəsindən
vergülünədək oxunub
aşkarlanacağına - faş
ediləcəyinə inanmadın.
Belə-belə işlər
Tofiq bəy! Mən ölüm Tofiq bəy, düzünü de, bu yaşında aşiq olmaq gözəldir, yoxsa bilgisayar arxasında əyləşmək?...
Xoşca qal.
Sayğılarımla, Azər
Abdulla.
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-27 aprel.-s.15.