POEZİYA -
2011-2012
ƏDƏBİ
HƏYAT
Ağasəfanın
"Göydələndən baxan uşaq" və "Bir dəqiqəlik
sükut" poemalarında onun şairlik təbiətinin
başqa bir xüsusiyyəti də diqqəti cəlb edir. Bu da
onun ictimai mövqeyidir, şair rastlaşdığı,
üz-üzə gəldiyi, müşahidə etdiyi həyat
hadisələrinə, neqativ hallara münasibətini bildirir, bəzən
ironiya ilə, bəzən lap açıq şəkildə tənqidə
keçir.
"Bir
dəqiqəlik sükut" ("Azərbaycan", 2012, №1)
poeması 20 Yanvar olayı ilə bağlı
düşüncələri əks etdirir. Bu mövzuda onlarla
poema, yüzlərlə şeir yazılıb və əksəriyyəti
də kədərli əhval-ruhiyyə ilə diqqəti cəlb
edir. Təbii ki, bu kədər hissi bundan sonra yazılacaq
şeirlərdə, poemalarda da öz əksini tapacaq,
çünki nə yazırsan-yaz, 20 Yanvar şəhid
qanı ilə, anaların fəryadı ilə yoğrulub.
Ancaq illər keçdikcə, bu hadisəyə yeni
baxış bucaqları formalaşır. Ağasəfanın
poemasında "bir dəqiqəlik sükut" bir çox mətləblərə
baş vurmağa kömək edir. Bu "bir dəqiqəlik
sükut"da məzar başında lal olan Şəhid
anasını görürük, Vətənə arxa, gələcəyə
ümid şəhid balası ilə
görüşürük. Belə bir etiraf səslənir ki:
"Mən şəhid olan deyiləm. Mən qorxağın
birisiyəm. Mənim burda yerim yox, Mənim burda üzüm
yox. Mən qorxağın biriyəm, Göz yaşıma
inanma, Vətən, sən məni unut". Əlbəttə,
bu məqamda biz müəlliflə razılaşmırıq,
Şəhidlər Xiyabanında qorxaqlıq barədə etiraf
nəyə xidmət edir? Burada ruhi ucalıqdan söz
açmaq lazım idi, ruhun sönməsindən yox. Axı, bu
etirafdan sonra müəllifin "siyasət meydanında Quyruq
bulayan kişi"yə sərt ittihamları gəlir.
Özü də haqlı ittihamları.
Qorxaqlığını etiraf edən kəs bu sayaq ittihamlar
söyləyə bilərdimi?
Sualıma
cavab ver:
Varlı
kimdir, kasıb kim?
Vətəni
qoruyan kim?
Barınan,
yarıyan kim?
Sən
düşmən qabağında
Hansı dağı yıxmısan?
Hansı
üzlə fırlanıb
O
kürsüyə çıxmısan?
Sənə
son sualım bu:
Kiminkidir bu torpaq.
Azərbaycan-Ana yurd?
Niyə
cavab vermirsən,
Ay ac qurd
Yalavac qurd?
V
Yenə də V.Q.Belinskiyə üz tuturam. O, A.S.Puşkinin
yaradıcılığından söz açan məqalələrinin
birində yazırdı: "Puşkin poeziyasına xas olan və
onu keçmiş ədəbi məktəblərə məxsus
şairlərdən fərqləndirən başlıca məziyyətlərdən
biri odur ki, Puşkinin əsərləri tamdır, bitkindir,
kamil və səlisdir. Puşkinin əsərlərində
heç bir zaman artıq və ya çatışmayan bir
şey olmur, hər şey öz həddində, dərəcəsində
və yerində olur, şeirin axırı əvvəli ilə
həmahəng gəlir və onun şeirini oxuyarkən hiss
edirsən ki, nə ondan atılası, nə də ona
artırılası bir şey yoxdur".
XIX əsrdə söylənməsinə baxmayaraq
V.Q.Belinskinin bu fikirləri sanki bu gün üçün
deyilib. Yəni "kamil şeir necə olur?" sualına
cavab axtarsaq, elə bu fikirdən yapışmalı olarıq.
Sən gəlmədin,
yerinə
Qara kağızın gəldi.
Əlçə
boyda kağızın
Ömründən uzun gəldi.
Sən
yoxdun, yoxluğunda
Soyuq vardı, qar vardı.
Aldığım
qan puluqda
Qazanc
umanlar vardı
Sənsiz
nə çəkdiyimi
Barı bir kərə bilsən.
Aşılmaz
yollar aşıb,
Yuxuma girə bilsən.
Yaşın
yetmiş birində
İlin-günün
bu vaxtı
Yuxuma da gəlmirsən
Yolun çoxmu uzaqdı?!
Sənsiz
gedim həyatla
Necə, yola bilmədim.
Övladım
oldu, amma
Ata ola bilmədim.
Günəşlə
görüşmədi,
Günüm gecəydi, ata.
Heç
üstümə düşmədi,
Kölgən necəydi, ata?
"Kölgən necəydi, ata" - bu şeirin müəllifi
Məmməd İsmayıldır. Poeziyada
atasızlıq kədərini ifadə edən onlarla, bəlkə
də yüzlərlə şeirlər yazılıb. Poemalar da qələmə alınıb. Amma Məmməd İsmayılın bu şeiri bütün
komponentləri ilə əsl poeziya nümunəsidir. Şeirdəki tamlığı, bitkinliyi, kamilliyi və
səlisliyi biz fikir və onun poetik ifadəsinin vəhdətində,
şeirin ayrı-ayrı bəndlərində diqqəti cəlb
edən bədii təsvir vasitələrinin təzəliyində,
metaforik ifadə tərzinin şeirin ruhuna çökməsində
görürük. Hiss olunur ki, bu şeir illər uzunu
atasızlıq bəlasını taleyində yaşadan bir
insanın tərcümeyi-halının bir
parçasıdır.
Ümumiyyətlə, kamil şeir anlayışı bir
qədər nisbidir və mənim Məmməd
İsmayılın şeirləri içərisindən
seçdiyim bu nümunə olsun ki, həm Məmməd
İsmayıla, həm də onun heyranlarına görə
kamil şeir kimi seçilməsin. Amma söhbət
2011-2012-ci illərin poeziya nümunələrindən gedir və
biz bu şeiri Məmmədin dillər əzbəri olan
neçə şeirinin sırasına qata bilərik.
Bəli, kamil şeir anlayışı nisbidir və məsələyə
bu baxımdan yanaşdıqda hər bir şairin
yaradıcılığında belə nümunələr
tapmaq olar.
Mən bir oxucu və tənqidçi kimi Vaqif Bəhmənlinin
şeirlərini çox xoşlayıram və onun
yetmişinci illərin "Azərbaycan" jurnalındakı
ilk şeirlərindən bu günə qədər
bütün yaradıcılığını izləmişəm. Açığını
deyim ki, son beş ildə o, çox məhsuldar
işləyir, şeirləri həm qəzet və jurnallarda dərc
edilir, həm də kitab halında çap olunur. Bu məhsuldarlığın ziyanı da olur,
görürsən ki, hisslərin, duyğuların hələ
poetik hisslər, duyğular kimi cilalanmadığı nümunələr
də diqqəti cəlb edir. Yaxud,
görürsən ki, müəyyən bir fikir səliqəli,
rahat şəkildə şeirdə ifadə olunur, amma bir
şey çatışmır - Vaqif Bəhmənlinin ən
gözəl şeirlərinə xas olan fikrin poetik ifadəsi.
Vaqifin
"Heyrət", "Belə", "Quyu",
"Xoşbəxt yalquzaq", "Cinli adam",
"Kişinin göz yaşı",
"Sağlığında cəza verin insanlara" şeirlərini
son iki ildə yazdığı ən yaxşı poeziya
nümunələri hesab edirəm. Bu şeirlərdə
yaşının bu çağında da axtarışdan
yorulmayan bir qələm əhlinin poetik uğurları ilə
qarşılaşırsan. Misal
üçün, götürək "Xoşbəxt
yalquzaq" şeirini. Burada lirika ilə epik xətt vəhdətdədir:
şeirdə şairin bağ səyahətindən söz
açılır: "Yaşıl yarpaq içində nar
qızarır köz kimi, qumluqda qarağatın kilkəsi
saçaq-saçaq. Uca boylu evkalipt naz eləyir qız kimi,
deyir: Boyun çatırsa, gəl, belimi quc, qoçaq!"
Sonra isə belə bir etiraf: "Beş addım o tərəfə,
beş addım bu tərəfə... Xoşbəxtliyin
özüymüş demə xırda bir bucaq. Məni yetirdin, Allah, gör nə boyda şərəfə
- Nə nazir var burada, nə arvad var, nə uşaq". Çox səmimi bir etirafdır. Bu etirafa görə şairi-lirik qəhrəmanı
qınamaq olmaz. O öz tənhalığına,
"xoşbəxtliyin özü olan" "xırda bir
bucağa" qovuşub. Burada yalquzaq səadəti
bir bucaq xoşbəxtliyin rəmzinə çevrilir.
Vaqifin "Kişi ağlayanda Allah ağlayır"
silsiləsindən "Kişinin göz yaşı"
şeiri isə artıq daşlaşmış bir inanca
("Ağlamaq arvad işidi") tamam əks bir mövqeni
ifadə edir.
Bu şeirdə fikir təzəliyi var. Şair
ailə-məişət söz-söhbətini o çərçivədən
çıxarır, bəşəriləşdirir.
Həvvadan
cehizdi Adəmə günah
Kişidə qabırğa, cinah ağrıyır.
Arvad
ağlayanda sevinir Allah,
Kişi ağlayanda Allah ağlayır.
Vaqif şeir mədəniyyətinə, necə deyərlər,
poetik texnologiyaya yaxşıca yiyələnən bir
şairdir. Qoşma da yazır, gəraylı da, hecanın
müxtəlif ölçülərində sınayır qələmini.
Xüsusilə, qoşmada müasir poetik təfəkkürün
ifadəsi ilə qarşılaşırsan. Bu qoşmalar XXI əsrin şeir mədəniyyətini
özündə əks etdirir qənaətinə gəlirsən.
Budur, bir nümunə:
Ömür
ki od aldı, əriyir şam-şam-
yağı-yalavaca paylanır cam-cam,
Fələyin
qolunda səhəngdi adam-
sonda
qopur qulpu, lüləyi belə...
Qafil o kəsdi
ki, çörəkdən qaçır,
Eşqin
yeri dardı, ürəkdən qaçır...
Mehdə
hünər hanı?-
Küləkdən
qaçır,
Şəlləmə
belinə küləyi beləəə...
Ürəyi
a tverdi..Allah, min, dedi-
Çapırsan...
Görmürsən
tər içindədi?-
Allahın
verdiyi yaman gündədi;
Adam əldən
salmaz ürəyi belə!
Sözün
şövqü dəyəsə qızıl qanayar,
Kəlməni
ləldən çək, qızıldan ayır!
Mürəkkəb
ayrı şey, qızıl qan ayrı-
Qandı
şax saxlayan lələyi belə..
Can ona
sadağa, baş ona peşkəş,
Xas
aşiq qul olmaz ötərgi eşqə!
Kimsəyə
dil vermə Tanrıdan başqa,
Buraxma
evinə mələyi belə!
VI
Söhbət ki, qoşmadan, gəraylıdan gedir, bu
xüsusda bəzi mülahizələrimizi də nəzərə
çarpdırmaq istərdik.
Vaxtilə belə bir fikir formalaşmışdı ki,
qoşma və gəraylı kimi şeir növləri
özünün intibah dövrünü XVII-XIX əsrlərdə
yaşamışdır, ən gözəl və klassik
nümunələri də elə həmin əsrlərdə
yaranmışdır. Əlbəttə, bu yanlış fikir
idi. Qəzəl və digər klassik
şeir şəkillərindən fərqli olaraq qoşma və
gəraylının inkişafı üçün həmişə
münbit zəmin olmuşdur. Bunu təkcə
ayrı-ayrı poetik şəxsiyyətlərin adlarıyla
bağlamaq doğru olmazdı. Xalqın
milli mentalitetiylə bağlı bir sıra amillərin də
burada mühüm rolu olmuşdur, etnik-mədəni amillər
xalqın təkcə adət-ənənə, təsərrüfat
həyatında deyil, söz sənətində də öz fəal,
aparıcı rolunu saxlamaqdadır. Ayrı-ayrı
poetik şəxsiyyətlər isə sadəcə olaraq,
burada həmin missiyanı uğurla yerinə yetirmişlər.
Məsələn, Hüseyn Arifi digər
şairlərlə müqayisə etsək deyə bilərik
ki, onun poeziyada xidməti xalq şeiri ənənələrini
qorumaq, saxlamaq, hifz etmək, həm də bu ənənələri
yeni biçimdə inkişaf etdirmək olmuşdur. Lakin xalq şeiri üslubunda qələm çalan,
qoşmaya, gəraylıya yeni poetik nəfəs bəxş edən,
bu qədim formalara XX əsrin poetik təfəkkürü
işığında yanaşan təkcə Hüseyn Arif
olmamışdır. Hüseyn Ariflə yanaşı
B.Vahabzadə, M.Araz, H.Kürdoğlu, M.Günər, M.Yaqub,
M.İsmayıl, Z.Yaqub, R.Rövşən, həmçinin
Ağamalı Sadiq, Akif Səməd, Məmməd İlqar, Zirəddin
Qafarlı, İslam Sadıq, Əliağa Aslan, Barat Vüsal,
Sabir Sarvan, Məmməd Dəmirçioğlu, İbrahim
İlyaslı da qoşma və gəraylının gözəl
nümunələrini yaratmışlar.
Kimin
üçünsə qoşma və gəraylıyla
bağlı bu söhbət maraqsız görünə bilər.
Deyə bilərlər ki, şeirdən söz açanda onun
hansı vəzndə və hansı formada
yazılmasının məsələyə bir elə dəxli
yoxdur. Amma biz deyirik ki, poeziya tarixini təkcə zamanın ədəbi-mədəni
gedişatı, ayrı-ayrı ədəbi şəxsiyyətlərin
yaradıcılığı, onların yaratdığı əsərlər
deyil, həm də janrların, formaların inkişafı da əks
etdirir. Bu baxımdan yanaşdıqda qoşma və gəraylının
da şeir formaları kimi inkişafını izləmək
vacibdir.
(ardı olacaq)
Vaqif YUSİFLİ
Ədalət.-2013.-27 aprel.-S.13.