Türk dünyasının lideri
Dünya
xalqları, mədəniyyətləri arasında nizam yaratmaq
missiyasını hələ yaradılışın ilkin mərhələsindən
əbədi tale kimi qəbul edən türklər bu taleyin
cızdığı yolda əsrarəngiz tarix
yaratmışlar. Türklərin tarix boyu dünyaya
açıq olmaları, dünya ilə fəal münasibətləri
yer üzünün bütün nöqtələrinə səpələnmiş
bu əzəmətli xalqın nümayəndələri
arasında böyük mütəfəkkirlərin, qüdrətli
dövlət xadimlərinin yetişməsinə şərait
yaratmışdır.
Türk
dünyasının fəxrinə çevrilmiş
ümummilli lider Heydər Əliyev də XX əsrdə Azərbaycan
tarixinin yetirdiyi böyük sərkərdə, xaqandır. Bu
münasibət ümummilli liderin türk dünyasına,
türk kimliyinə və mədəniyyətinə
yanaşmasında da özünü daim büruzə
vermişdir. Böyük öndər Heydər Əliyevin
dünya ilə ilk tanışlığı türk
düşüncə tərzinin hələ üstün
mövqeyə malik olduğu, "türk"
sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin
20-ci illərinin sonu 30-cu illərinin əvvəllərindən
başlamışdır. O zaman türkçülük
ideyaları, əsasən, yeganə müstəqil türk
dövləti olan Türkiyəyə, bu coğrafiyada
yaradılan mədəniyyət nümunələrinə
böyük maraq üzərində qərarlaşmışdı.
Ulu öndərin o dövr haqqında xatirələrində
oxuyuruq: "Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə
böyük hörmətim, məhəbbətim var idi...
Türkiyənin tarixini öyrənirdim, şairlərini
öyrənirdim. Gənc ikən indi mənim yaşımda
olan adamlar ola bilər ki, bunu xatırlasın, məsələn,
Rəşad Nuri Güntəkinin "Çalıquşu"
romanı bizim hamımızı heyran edən bir əsər
idi... Mənsə "Çalıquşu"nu 13-14
yaşımda oxumuşdum. O məni heyran etmişdi".
Başlanğıcda,
sadəcə, öz kökünə bağlı, milli
duyğulu bir gəncin həyəcanlarından ibarət olan bu
hisslər gələcək dönəmlərdə artıq
böyük strateqin apardığı siyasi mübarizəyə
istiqamət verən, onu milli savaşa ruhlandıran tükənməz
enerjiyə çevrilmişdir. Bu mənada, ulu öndərin
ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycanda
hakimiyyət rəhbərliyinə gəlişi repressiya
qılıncının xofu qarşısında illər boyu
kimliyindən uzaq düşmüş Azərbaycan
türkünün - böyük hökmdar Bilgə Xaqanın
qövmünə müraciətində
vurğuladığı kimi, yenidən Özünə,
öz böyüklüyünə qayıdışı
olmuşdur.
Ümummilli
lider Heydər Əliyev xalqın uzun illərdən bəri
sükunət halında toplanıb hər hansı formada təzahür
üçün məqam gözləyən
yaradıcılıq enerjisini gözlənilməz sərbəstliklə
hərəkətə gətirmişdir. Məşhur
qırğız yazarı Çingiz Aytmatovun təbirincə
desək, öz simasını itirərək manqurtlaşmaq təhlükəsi
ilə üz-üzə dayanmış yeni türk nəslini
oyatmış, düşüncəsini silkələmiş,
pozulmaqda olan ictimai əxlaqını dindirmişdir. Azərbaycan
və türk tarixini, türk xalqlarının ədəbi dil
normalarını, milli ədəbiyyatını, folklor
nümunələrini, külliyyatlar, müntəxabatlar,
antologiyalar halında sabitləşdirən, abidələşdirən
nüfuzlu alimlərimiz məhz həmin dövrdə dövlət
mükafatları ilə təltif edildilər. Bakı o
zamankı sərt buxovlar şəraitində türkologiya
elminin əsas mərkəzinə çevrilməyə
başladı. Həmin dövrdə Bakıda
türkçülüyü tədqiq edən sanballı
"Türkologiya" jurnalının nəşrə
başlaması isə, sözün əsil mənasında,
böyük əzmin, fədakarlığın, türk
dönməzliyinin və böyüklüyünün nəticəsi
idi. Bu nəşrin qapanmasına yönələn
bütün cəhdlər uğursuz olmuş, beləcə,
1926-cı ildə Bakıda keçirilmiş Birinci Beynəlxalq
Türkoloji Qurultaydan sonra öləziyən
türkçülüyə yeni nəfəs verilmişdi. Həmin
qurultayın əksər nümayəndələrinin 37-ci ilin
repressiya maşınında məhv edildiyini, Bəkir
Çobanzadə, Hənəfi Zeynallı, Vəli Huluflu, Əmin
Amid, Ruhulla Axundov kimi millətsevər insanların sonradan bəraət
aldığını, lakin mərkəzin yenə də Azərbaycana
milli məsələlərdə aman vermədiyini gözəl
bilən Heydər Əliyev SSRİ rəhbərliyindəki
şəxsi nüfuzundan istifadə edərək, milli
oyanışın qığılcımlarını ədəbi
nümunələrdə, tariximizin salnamələrində
qoruyurdu. Osmanlı türkcəsində "Peyğəmbər",
"Şeyx Sənan" kimi əbədi nümunələr
yaratmış, Tofiq Fikrətin, Akif Ərsoyun ideya təsirindən
çıxa bilməməkdə günahlandırılaraq
pantürkist damğası ilə Sibirə sürgün
edilmiş dahi ədib-dramaturq Hüseyn Cavidin nəşinin həmin
illərdə Sibirdən Azərbaycana gətirilməsi də
Heydər Əliyevin milli təfəkkürün, milli bədii
dəyərin qorunması sahəsində atdığı ən
böyük addımlardandır.
Ötən
əsrin 80-ci illərinin əvvəllərində ulu öndər
Heydər Əliyev öz şəxsiyyəti ilə
türkçülük düşüncəsini,
türkçülük faktını SSRİ kimi nəhəng
imperiyanın ən ali iyerarxiyasına qədər gətirib
çıxarmışdı. Təsadüfi deyil ki, SSRİ
boyda nəhəng imperiyanın əsas rəhbərlərindən
biri kimi Moskvada çalışdığı illərdə
dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla
tanıyırdı: "Kremldə ucalan türk
bayrağı". 80-ci illərin ortalarında Heydər Əliyev
sovet dövləti rəhbərliyində yalnız Azərbaycan
xalqının deyil, ümumilikdə, ittifaq tərkibində
yaşayan çoxminli türk xalqlarının lideri kimi
mübarizə aparır, türk dünyasının həm
strateji, həm də taktiki problemlərinin həlli
missiyasını şərəflə yerinə yetirirdi.
Şovinistlərin ulu öndərə qarşı
apardıqları təbliğatın əsasında dayanan
amillərdən biri də elə bu idi.
Azərbaycan
1991-ci ilin oktyabrında dövlət müstəqilliyini əldə
etdikdən sonrakı mərhələdə də ümummilli
lider türkdilli xalqlarla münasibətlərin genişləndirilməsi
vacibliyini böyük uzaqgörənliklə, müdrikliklə
önə çəkmişdir. Hələ Naxçıvan
Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi
dövrdə böyük öndərin ələlxüsus
Türkiyə ilə ən müxtəlif sahələrdə əlaqələrin
genişləndirilməsi istiqamətində atdığı
addımlar bunu bir daha təsdiqləyir. O ağır illərdə
ulu öndərin bilavasitə təşəbbüsü ilə
inşa edilən, Heydər Əliyevin "ümid
körpüsü, ümid yolu" adlandırdığı
körpü də türk dünyasından Türkiyəyə
doğru uzanan yollardan biri idi.
Heydər
Əliyevin türk dünyasının problemləri ilə
ardıcıl şəkildə məşğul olmağa
başladığı mərhələ isə, əsasən,
1993-cü ildən - ümummilli lideri xalqın təkidli istəyi
ilə hakimiyyətə qayıdışından sonraya təsadüf
edir. Bu mərhələdən ulu öndərin türk
dünyasının gələcəyi ilə bağlı
baxışlar sistemi tarixin gələcək dönəmlərində
ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin
müdafiəsi, bütün mövcud imkanlar çərçivəsində
türk dünyasının birliyinin təmin olunması, həmin
birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə
xidmət etməsi kimi üç mühüm məqamı
özündə birləşdirirdi. Heydər Əliyev bu məqsədlərin
həyata keçirilməsində Türkiyənin rolunu həmişə
yüksək qiymətləndirmiş, hakimiyyətə
qayıdışından sonra Azərbaycan və Türkiyə
arasındakı strateji müttəfiqlik münasibətləri
ən yüksək pilləyə yüksələrək, əbədi
və dönməz xarakter almışdır.
Tarixi-siyasi,
dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə
münasibətlərinin bütün sahələrdə
sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın
sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir",
Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik"
tezisləri əsasında özünü doğrultmuşdur.
Heydər Əliyev türk dünyasını siyasi-iqtisadi
birliyinə doğru aparan yolun, ilk növbədə, ortaq
keçmişdən başladığını və ortaq gələcəyə
uzandığını böyük müdrikliklə
görürdü. Ulu öndər türk xalqlarının mənəvi
birliyinin təzahürü kimi onların ortaq mədəniyyət
abidələrinin, ortaq folklorunun da rolunu daim düzgün qiymətləndirirdi.
Son
20 ildə dünyanın siyasi mənzərəsini dəyişən
"Əsrin müqaviləsi", "Böyük İpək
yolu", TRASEKA, TASİS, TANAP kimi qlobal iqtisadi layihələrin
həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının, Türksoyun, Türk Yazarlar Birliyinin
yaranmasında Heydər Əliyevin müstəsna xidmətləri
olmuşdur. Məhəmməd Füzulinin 500, türk
dünyasının ana kitablarından olan "Kitabi-Dədə
Qorqud"un 1300 illik yubileyinin UNESKO səviyyəsində
keçirilməsi, türk dövlət
başçılarının zirvə görüşlərinin
təşkili, Azərbaycanda Atatürk Elmi Araşdırmalar Mərkəzinin,
nəhayət, türk dünyasında analoqsuz elmi təsisat
sayılan AMEA Folklor İnstitutunun yaradılması bilavasitə
ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır.
Eyni
siyasət son 10 ildə uğurla davam etdirilir - Azərbaycan
tarixin ən yeni mərhələsində bütövlükdə
türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət
ənənələrin daşıyıcısı olaraq,
onların vahid məqsəd və ideyalar ətrafında
konsolidasiyası prosesi əzmlə həyata keçirir. Prezident
İlham Əliyevin bu yöndə yürütdüyü siyasət
ulularımızdan miras qalmış zəngin irsin qorunaraq gələcək
nəsillərə əmanət edilməsinə, azərbaycançılıq
və türkçülük məfkurəsinin, əxlaqının,
baxışlar sisteminin bütün dünyada təbliğinə
xidmət edir.
Dövlət
başçısı müasir dünyada cərəyan edən
ziddiyyətli və mürəkkəb proseslər, "ikili
standartlar" fonunda türk xalqlarının birliyinin vahid
ümumbəşəri məqsədlər naminə təmin
edilməsi vacibliyini daim önə çəkməklə yanaşı,
konkret addımları ilə onun gerçəkləşməsinə
çalışır. Cənab İlham Əliyev
ümümtürk birliyinin möhkəmləndirilməsi xəttini
xarici siyasətdə mühüm istiqamətlərdən biri
kimi müəyyənləşdirmiş, təkcə strateji
müttəfiqimiz olan Türkiyə ilə deyil, Orta Asiyanın
türk dövlətləri ilə münasibətləri
gücləndirməyə üstünlük vermişdir.
Dövlət başçısının 2004-cü ildə
Türkiyə ilə yanaşı, Qazaxıstan və Özbəkistana
rəsmi səfərlərə getməsi, bütövlükdə
türk xalqları arasında mənəvi birliyin gücləndirilməsinin
fəal tərəfdarı kimi çıxış etməsi
bunun bariz təcəssümüdür. Avropa Birliyi tərəfindən
ciddi dəstək alan TRASEKA, Şərq-Qərb nəqliyyat dəhlizi,
Bakı-Tbilisi-Qars layihələri respublikamızın
Türkiyə və Orta Asiyanın türk xalqları
üçün geosiyasi önəmini daha da artırır.
Erməni
lobbisinə qarşı effektiv hücumun təşkili
baxımından "Biz müdafiədə deyil, hücumda
olmalıyıq!" deyən Prezident İlham Əliyevin təşəbbüsü
və səyləri ilə 2006-ci ildən etibarən Bakıda
təşkil olunmuş bir sıra tədbirlər - Dünya Azərbaycanlılarının
II və III qurultayları, Türk dövlət və cəmiyyətlərinin
XI dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayı, Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının
birinci Forumu, Türk dövlət və cəmiyyətlərinin
X dostluq, qardaşlıq və əməkdaşlıq
qurultayı, Türkdilli Ölkələrin Parlament
Assambleyasının birinci sammiti, habelə Naxçıvanda
keçirilmiş Türkiyə, Azərbaycan, Qazaxısan və
Türkmənistan prezidentlərinin IX zirvə
görüşü türk xalqları arasında münasibətlərin
keyfiyyətcə yeni mərhələdə intensiv
inkişafı, ümumi səylərin vahid məqsədlər
naminə səfərbər olunması baxımından
mühüm nəticələrdə yadda qalmışdır.
Müasir
dövrdə türk xalqlarının birliyi həm də bədnam
erməni lobbisinin saxta soyqırımı iddialarının zərərsizləşdirilməsi,
türk dünyanın geniş bir coğrafiyada real güc mərkəzi
kimi çıxış etməsi baxımından zəruridir.
Bu prosesin dərinləşməsində isə dövlətlə
yanaşı, vətəndaş cəmiyyəti
institutlarının, medianın da fəallığına
ehtiyac var. Mövcud istiqamətdə ardıcıl və
sistemli fəaliyyət göstərən qurumlardan biri olaraq
"Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM)
İctimai Birliyi qondarma "erməni soyqırımı"
kampaniyasına qarşı effektiv əks tədbirlər həyata
keçirir, cəmiyyət üçün faydalı olan
müxtəlif təşəbbüslərlə
çıxış edir. Türkdilli xalqlar arasında hərtərəfli
inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və
mədəni əməkdaşlığın dərinləşməsinə
çalışır.
Əzəmətli
keçmişə malik Türk qövmü Tanrının
sevgisindən yaranmışdır. Elə buna görə də
Türk düşüncəsi əbədi hərəkət,
zəfər, işıq rəmzi deməkdir. Əminik ki, yeni
yüzilliyin əvvəllərində özünə əlverişli
hərəkət çevrəsi axtaran dünyamızın hərəkət
mizanını da tarixin bütün qatlarında olduğu kimi,
yeni türklər müəyyənləşdirəcək.
XXI əsr gerçəkdən, böyük Türk əsri
olacaqdır.
Samir MUSTAFAYEV
Ədalət.-2013.-27 aprel.-S.9.