BİR SƏSƏ QOŞULUB GƏLDİM

 

Bəsti xanım Sevdiyevanın doğum gününə

 

Bu yazını beş il bundan öncə yazmışam. Daha dəqiq desəm, 2008-ci il aprel ayının19-da. Yazı "...Uzaqdan, lap uzaqlardan həzin bir səs ruhumu oxşayır və mənə elə gəlir ki, bu həzin səs sehrli bir gücə malikdir" cümləsi ilə başlayırdı. İndi aradan keçən beş il ərzində mən o səsin sahibi ilə bir az da doğmalaşdım, o səsə bir az da artıq könül verdim və bir də gördüm ki, mən bu yerdən, bu torpaqdan qopub ayrılmışam... O səs məni özünə elə hopdurub, öz aurasına elə daxil edib ki, ondan kənarda qala bilmirəm...

İnana bilməyəcəksiniz... Heç sizi inanmağa da məcbur etmək fikrində deyiləm. Amma dünyada, həyatda elə şeylər var ki, ona mütləq inanmaq lazımdır. Çünki həmin o qeyri-adi, gözlənilməz, gözə görünməz olan varlıqmı deyim, möcüzəmi deyim, sirmi deyim, hər nədisə bilmirəm, o, insana Allahın hökmü, Allahın iradəsi ilə özünü göstərir və məcbur edir ki, həmin hökmlə, həmin iradə ilə özünü unudasan, özündən çıxıb gedəsən, bu dünyanın adamı olmayasan, bu dünyaya qayıtmaq istəməyəsən. Çünki sənin rahatlığın, sənin dincliyin, sənin xoşbəxtliyin, lap elə sənin özün o getdiyin yerdə, o olduğun yerdə hamıdan xoşbəxtsən, hamıdan rahatsan, hamıdan yüksəksən. Məgər dünyada bundan gözəl, bundan qiymətli, bundan zəruri başqa nə isə varmı? Axı biz hamımız ömür boyu hər şeyin yaxşısına, hər şeyin gözəlinə doğru can atırıq... ən rahat yeri axtarırıq... ən sakit guşəyə üz tuturuq və çalışırıq ki, hər şeyin yaxşısı, hər şeyin gözəli bizim olsun. Bunu da bizə Allah verir!! Sadəcə, bunu görəndə, bunu duyanda, dərk edəndə, özünü buna həsr edəndə sən istəyinə çatırsan... sən yerdən qopub ayrılırsan...

Bütün bu yazdıqlarım heç də gözəl, bəlağətli sözlər deyil. Bütün bunlar mənim yaşadıqlarımdı, mənim duyduqlarımdı. Bütün bunlar həm də məni öz qoynuna alıb həmin o rahatlığa, o ucalığa qovuşduran qeyri-adiliyin təsdiqidi, ifadəsidi...

Çoxları kimi mən də musiqinin dəlisiyəm. Doğrudu, heç bir musiqi alətində ifa etmək qabiliyyətim yoxdu. Səmimi etiraf edim ki, bunu bacarmıram. Ancaq ailəmdə, çevrəmdə musiqini bilən, musiqi ilə məşğul olan kifayət qədər insanlar olub, indi də var. Digər tərəfdən doğulduğum torpaq məni musiqiyə bir az da yaxın edib. Bu yaxınlığı, həsrətini çəkdiyim yurd-yuvam, gecə-gündüz yuxumdan çıxmayan Qarabağ acısı artırıbdı.

Ən çox darıxanda və bir də içimdə ağlamaq istəyəndə bir kənara çəkilirəm, musiqi dinləyirəm. Mənim ifasını əvvəldən axıra kimi dinlədiyim barmaqsayı musiqiçilərimiz var. Dünya başıma dar gələndə, torpaq ayağımın altından qaçanda, dərd belimi bükəndə Qədiri dinləyirəm... İslamı dinləyirəm... Dədə Süleymanı dinləyirəm... Akif İslamzadəyə qulaq asıram... Rübabəyə, Şövkət xanıma pənah aparıram... Floranın səsinə söykənirəm və bir də onu dinləyirəm. İnanın, onu dinlədikcə içimdəki köz alovlanır... onu dinlədikcə qolumun, dizimin taqəti artır... onu dinlədikcə ruhum təzələnir... onu dinlədikcə sanki əlini uzadıb məni dərdin, ağrının içindən çəkib bir kənara qoyur... onu dinlədikcə ümidim artır... onu dinlədikcə Qarabağa bir az da yaxınlaşıram, həsrətimə bir az da ürəklə, cəsarətlə meydan oxuyuram.

Çox qəribə səsi var. O səsi ilk dəfə dinləyənlər ifaçını tanımaqda mütləq çətinlik çəkəcəklər. Bu hissi mən yaşamışam, bu məqam mənim üçün doğmadı. Çünki ilk dəfə mən onu dinləyəndə o, rəhmətlik İslam Rzayevin ansamblı ilə televiziyaya gəlmişdi. Səsi eşidib televizor olan otağa keçdim və gördüm ki, mənim təsəvvür etdiyim ifaçı deyil. Oxuyan gözəl-göyçək, xanım-xatın bir azəri qızıdı. Amma səs Ərəbzəngi səsidi... amma səs o qədər qaltanlıdı ki, onun məlahəti dinləyicini çaş-baş salır. Özümdən asılı olmadan mən bu ifaçını səhnəmizdə Ərəbzəngi rolunda təsəvvür etdim və gördüm ki, həmin o rolun ən yaxşı ifaçılarından biri olacaq bir səviyyədədir bu səsin sahibi.

Elə həmin gündən yaddaşıma yazıldı... elə həmin gündən ürəyimin qapısından içəri keçdi - bu səs də, onun sahibi də. Arayıb-axtarıb təzə-təzə meydana çıxan audio maqnitafonlar üçün olan kasetlərdə onun səsini əldə etdim. Bir könül dostum da, bir səs dostum da artdı. Sonra həyat elə gətirdi ki, sənətimlə bağlı onunla görüşdüm. O səsin sahibi ilə üzbəüz oturub həmsöhbət oldum. Yenə açığını deyəcəm. Mən onunla həyatdan, musiqidən, təhsildən, səhnədən söhbət edəndə bir az da çaşdım. Çünki bu xanımın yanaşmaları tamam fərqli idi. O, hər şeyə öz nəzər nöqtəsindən diqqət yetirirdi... o hər şeyi gördüyü kimi, qəbul etdiyi kimi təqdim edir və onu həmsöhbətinə rahatca çatdırırdı. İkinci suala, əlavə sorğuya yer qalmırdı. Bax onda inana bilmədim ki, bu cür ifaçı səsinin sahibinin bu qədər həlim və bir az da adi həmsöhbət səsi var. Deməli, Tanrı ona xanəndə səsi ilə, ifaçı səsi ilə yanaşı, həm də bir qadın, bir ana, bir müəllim səsini də bağışlayıb. O da dinləyicisi üçün, tamaşaçısı üçün birinci səsin gözəlliklərindən istifadə edir, ailəsində, çevrəsində, görüşdüyü adamların, tələbələrinin yanında isə ikinci səslə.

Doğrudan da maraqlıdı və maraqlı olduğu qədər də qeyri-adi imkandı. Demək, hamının dinləyəcəyi səsi qorumağın üslubunu, qaydasını da Allah ona bəxş edib. Bu xanım xanəndəmizin özünəməxsus səsi ona görə də hər gün cilalanır, hər gün gözəlləşir və hər dəfə də dinləyəndə o cilalanmış, o gözəlləşən səs adamı yerdən qoparıb aparır. O yerə aparır ki, orda o səsi dinləyirlər... orda o səsi gözləyirlər. Dünyada bundan gözəl nə isə ola bilər: - Səsin dinlənilir! Səsin gözlənilir!!!

Hə, barəsində danışdığım, daha doğrusu, ürəyimdə olanları kağıza köçürdüyüm bu xanım xanəndəmiz mənim səsinə baş əydiyim Respublikanın Əməkdar Artisti Bəsti Sevdiyar qızı Sevdiyevadır. O, Azərbaycan Dövlət İncəsənət Universitetində çalışır. Baş müəllimdir. Kifayət qədər pedaqoji təcrübəsi və gözəl tələbələri var. Üstəlik, Bəsti xanım həm də Azərbaycan musiqisinin, Azərbaycan muğamlarının nəsillərdən nəsillərə keçməsində, yaşamasında kifayət qədər xidmətləri olan sənətkarlarımızdan biridir. Hər dəfə onunla həmsöhbət olanda özündən daha çox muğamlarımızdan, musiqilərimizdən, tələbələrindən danışır. Bu gün orduda xidmət edən tələbələrinin adını xüsusi bir sevgi ilə, hörmətlə çəkir. Onlar üçün keçirdiyi narahatlığı dərhal səsindən tutmaq, duymaq olur.

Barəsində yazmaq fikrinə düşəndə müxtəlif bilgilərə, yəni elektron və yazılı KİV- lərə üz tutdum və öyrəndim ki, Bəsti xanım Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda da çox böyük məharətlə, ustalıqla təbliğ edir. Onun təkcə ötən il Türkiyədə, Kıprısda verdiyi möhtəşəm konsertlər, eləcə də bu il aprelin ilk günlərində Muğam Mərkəzindəki solo konserti böyük tamaşaçı auditoriyası ilə, onların alqışları ilə yadda qalıb. Çünki muğamsevərlər belə bir ifanı, belə bir konserti səbirsizliklə gözləyirlər. Bəsti xanımın həmin solo ifası da milli musiqimizin azarkeşləri, pərəstişkarları, xiridarları üçün əsl töhfə olub.

Yaxın günlərin söhbətidi. Qəzetlərin birində çap olunmuş bir müsahibə diqqətimi çəkdi. Həmin yazıda mənim üçün maraq doğuran bir neçə məqam var idi. Ona görə də tənbəllik etmədən respublika radiosuna telefon açdım. Bir faktı dəqiqləşdirmək istədiyimi bildirdim. Sağ olsunlar, sualıma məmnuniyyətlə cavab verdilər və mən bildiyim, ancaq şübhəli qaldığım faktın təsdiqini onların dilindən aldım. Öyrəndim ki, Bəsti xanım Sevdiyeva böyük sənətə "Rast"la gəlib. O, ömrünün gənclik çağlarında oxuduğu bu "Rast" muğamı ilə kişi sənətkarlarımızı, xüsusilə Əlibaba Məmmədovu, İslam Rzayevi, Arif Babayevi, Süleyman Abdullayevi və digərlərini heyrətləndirib. Çünki mərhum sənətkarımız Həqiqət Rzayevadan sonra "Rast"ı oxuyan ilk qadın müğənni məhz Bəsti xanım idi. Bu da maraqlıdı ki, həmişə səsinin həsrətini çəkdiyim, yanğısı ilə yanğımı artıran mərhum Rübabə xanımdan sonra da "Humayun" muğamını da Bəsti xanım ifa edib. Onun hər iki ifası radionun "Qızıl Fond"unda ayı, günü, saatı göstərilməklə bu gün də saxlanılır. Təəssüf ki, bəzən kimlərsə gerçəyi ya görmür, ya görmək istəmir, ya da sadəcə yanından ötüb keçir. Amma bu halın heç biri tarixə düzəliş edə bilmir. Çünki tarix bir dəfə yazılır.

Mən Bəsti xanımı operamızın səhnəsində də izləmişəm. Onun böyük Üzeyirin "Leyli və Məcnun"unda Məcnunun anası rolunu necə məharətlə ifa etdiyini, necə alqışlandığını da görmüşəm. İndi xatırladığım bu adda-budda məqamlar Bəsti xanımın həyatında, musiqidə, və bütövlükdə sənətdə keçən ömürünün çox qısa bir görüntüsüdü. Böyük anlamda bu gözəl ifaçımız musiqi yarışmalarında da münsiflik edib. Təkcə bu ilin aprelin ilk on günündə respublika universitetləri arasında Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqəni xatırlamaq bir pedaqoq kimi Bəsti xanımın gördüyü işlərin böyük əhatəsini də bir növ diqqətə çatdıra bilər.

Gözəl bir ailənin xanımı olan, gözəl övladları ilə öyünən və müəllim-pedaqoq fəaliyyətinə böyük önəm verən Bəsti xanım bu maddi dünyada heç vaxt maddilik səviyyəsinə enməyib. Mən onu tanıdığım illər ərzində bir dəfə də olsun bu xanımın kiminləsə maddiyyat barəsində söhbət etdiyini, maddiyyatı xatırlatdığını nə hiss etmişəm, nə də eşitmişəm. Bunu də təbii qəbul etmişəm. Çünki böyük Yaradan onu hamıdan fərqləndirib, onu hamıdan seçib və bu cür qeyri-adi bir səsi ona bağışlayıb, bu cür istedadı ona verib, bu cür ailəyə sahib olub, bu cür dinləyici, tamaşaçı auditoriyası var. Milli - mənəvi dəyərlərə hörmət və bağlılıq onun canındaır. Ən vacibi isə o, xanım sənətçi, xanım xanəndə kimi səsini, ifasını gözləyən dinləyici sevgisini qazanıb. Bu, hər adama nəsib olmur. İstəyir fərmanla xalq artisti ol, istəyir göstərişlə ən böyük titulun sahibi. Bu fərmanlar, bu titullar sevgi demək deyil, dinləyici, tamaşaçı demək deyil. Onu fərmansız, ancaq ifa və sənətlə qazanmaq mümkündür. Bunu da Bəsti xanım qazanıb.

Yazın bu cağında sənətini və səsini çox sevdiyim, Bəsti xanım haqqında qələmə aldığım bu yazını ona ithaf etdiyim bir şeirlə başa çatdırıram. Düşünürəm ki, söz adamının sənət adamına bu hədiyyəsi yəqin ki, anlayışla qarşılanar.

 

İçimdən keçib getdi

Dönmədi, geri o səs!

Yandırdı asimanı-

Titrətdi yeri o səs...

 

Ərzi nura boyadı

Unutdurdu soyadı...

Dupdurudu, sayadı-

Diridi, diri, o səs...

 

Yurd deyib inlədiyi

Ruhumda çinlədiyi...

Allahın dinlədiyi-

Səslərdən biri, o səs!

 

 

Əbülfət MƏDƏTOĞLU

abulfatm@box.az

 

Ədalət.-2013.-27 aprel.-S.8.