Şeir təhlilləri
VIII yazı
Filologiya üzrə
fəlsəfə doktoru
Cəfər Cabbarlı
Azərbaycan bayrağına
Buraxınız,
seyr edəyim, düşünəyim, oxşayayım,
Şu
sevimli üç boyalı, üç mənalı
bayrağı.
Mələklərin
qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun
yarpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl
otlar topasımı?
Xayır,
xayır! Çiçək solur, otlar yerdə
tapdanır.
Fəqət
bizim bayrağımız ucaları pək seviyor
Yıldızlardan, hilaldan da yüksəklərdə
fırlanıyor.
Kölgəsində
ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə
uçmada.
Şu
görünüş bir ananın şəfqətinə
oxşayor,
Düşündükcə zövqlərimi,
vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə
belə söyləmək:
Bu göy
boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir
türk oğlu olmalı!
Yaşıl
boya islamlığın sarsılmayan imanı,
Ürəklərə
dolmalı!
Şu al
boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz
uclu şu yıldız da səkkiz hərfli OD YURDU
Əsarətin
gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur.
Şu
hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu
qucmuşdur!
Allah, əməllərim
edib şu bayrağı intiqal,
Birər-birər
doğru olmuş, bir ad almış:İSTİQLAL!
Yürəyimdə
bir dilək var, o da doğru kəsilsin,
O gün
olsun bir göy bayraq Turan üstə açılsın.
Şeirin
yazıldığı
dövr
və tarixi şərait
"Azərbaycan bayrağına" şeirinin təhlilinə
keçməzdən əvvəl onun yazıldığı
dövr və tarixi şəraitə qısaca da olsa, diqqət
yetirmək lazımdır. Çünki hər
bir əsər yarandığı ictimai-siyasi, sosial-iqtisadi, bədii-estetik
şərtlərin nəticələrini özündə
daşıyır. İlham qaynağı
yazıldığı dövrün hadisələri olan
"Azərbaycan bayrağına" şeiri də həmin
dövrdə müəllifinin yaşantılarının, həyəcanlarının,
düşüncələrinin məhsulu olaraq ortaya
çıxmışdır. Şeirin
yazıldığı dövr hər tərəfdən onu
parçalamaq, əsarət altında saxlamaq üçün
diş qıcıyan düşmən qüvvələrin əhatəsində
olmasına baxmayaraq Şərqdə ilk dəfə demokratik
bir dövlət qurmuş, öz milli varlığını
dünyaya elan etmiş, bayrağını qürurla
dalğalandırmış bir millətin sevinc, təntənə
içərisində yaşadığı bir zamandır. Azərbaycan Demokratik Respublikasını qurmaq,
himnini, bayrağını, gerbini, hökumət təsisatlarını
yaratmaq Azərbaycan xalqına heç də asan başa gəlməmişdi.
Həm I Dünya müharibəsində məğlub
olması, həm də daxildəki üsyan və vətəndaş
müharibəsi Rusiya imperiyasını taqətdən
salmışdı. Vaxtilə işğal
edilmiş, zorla çar Rusiyasının hakimiyyəti
altına alınmış xalqlar, o cümlədən Azərbaycan
türkləri vəziyyətdən istifadə edərək
öz istiqlal və azadlıqlarını elan etmək
üçün səy göstərirdilər. Bir tərəfdən qonşuları və Avropa
dövlətləri vəziyyətdən istifadə edərək
Azərbaycana, onun zəngin torpaqlarına sahib çıxmaq
istəyirdilər. Digər tərəfdən
bolşevik Rusiyası varisi olduğu çar Rusiyasının
əsarətində olan millətləri və torpaqları əlində
saxlamaq üçün hər cür fitnəkarlığa əl
atırdılar. Bolşeviklər tərəfindən dəstəklənən,
qızışdırılan, təşviq edilən ermənilər
tərəfindən sağalmaz yaralar vurulmuş, hər
cür idarəetmədən məhrum olan, hər an yox olmaq təhlükəsi ilə üzbəüz
qalmış bir millətin halını göz önünə
gətirin. Belə bir ağır zamanda Müsavat partiyası
və M.Ə. Rəsulzadə öndərliyində Azərbaycan
Xalq Cümhuriyyəti qurulmuş, 1918-ci ilin 9 noyabrında
üç rəngli Azərbaycan bayrağı qəbul
edilmiş və ölkənin hər yerində əzəmətlə
dalğalanmağa başlamışdı. Azərbaycan
Dövlət bayrağının yaratdığı sevinc və
qürur hissi ədəbiyyat, incəsənət
adamlarının yaratdığı əsərlərdə vəsf
edilirdi. Gənc və istedadlı Cəfər
Cabbarlı da Azərbaycan bayrağına sevgisini ifadə etməkdən
kənarda qalmır. 1919-cu ilin 25 avqustunda "Azərbaycan"
qəzetində onun bayrağımıza həsr etdiyi
"Sevdiyim", cəmi dörd gün sonra isə elə həmin
qəzetdə "Azərbaycan bayrağına" şeirləri
çap olunur.
Şeirin mövzusu, məzmunu və
kompozisiyası
Bayraq mənsubu olduğu millətin
azadlığının, istiqlalının, kimlik və
xarakterinin bir simvolu və ifadəsidir. "Azərbaycan
bayrağına" şeirinin mövzu və məzmununu təşkil
edən, haqqında ən çox danışılan əsas
dəyər bayraqdır. Cabbarlı ən
məhrəm, ən isti, sevgi və heyrət bildirən
sözləri bayrağımızın vəsfindən əsirgəməmiş,
şeirini ilk misrasından son misrasına qədər
bayrağımızın tərənnümünə həsr
etmişdir. Şair
bayrağımızı vəsf edərkən müxtəlif
bədii təyinlərdən (göy yarpaqlı, al
çiçəkli, yaşıl otlar), təşbehlərdən
(bayrağın mələklərin qanadına bənzədilməsi),
mübaliğələrdən (yıldızlardan, hilaldan da
yüksəklərdə fırlanıyor) və başqa məcazlardan
yararlanmışdır. O, Allaha xitabən
bayrağımızın aparılan mübarizələrin,
görülən işlərin nəticəsi olaraq ortaya
çıxdığını söyləmiş, Azərbaycan
istiqlalının, bayrağının göydən
düşüdüyünü, təsadüf nəticəsində
əldə edildiyini iddia edən müasir opponentlərinə
o illərdən belə cavab vermişdir:
Allah, əməllərim edib
şu bayrağı intiqal,
Birər-birər doğru olmuş,
bir ad almış: İSTİQLAL!
Şeiri şərti olaraq üç hissəyə
bölmək olar. Birinci hissədə, şair bayraq
haqqında duyğularını, həyəcanlarını,
ona olan münasibətini, sevgisini ifadə etmişdir. İkinci hissədə bayrağın təsvirini
verməklə, onun rənglərinin, üzərindəki
ay-ulduzun mənalarını şeirin obrazlı dili ilə
söyləmişdir. Üçüncü hissədə
isə Cabbarlı arzusunu bildirmişdir: şair Turanın
qurulmasını və göy rəngli bayrağın
Turanın üzərində dalğalanmasını
arzulayır. Şeir möhkəm, yığcam
bir kompozisiyaya malikdir. Şeirin mətni
öz içərisində parçalara ayrılsa da, bu
parçalar bir-birindən qopuq, dağınıq, nizamsız
deyildir. Onların arasında məntiqi
bağlılıq və ardıcıllıq vardır. İlk misralar şeirə giriş hesab edilə bilər.
Sonrakı hissələrdə fikir, duyğu
inkişaf etdirilərək məntiqi sonluqla, şairin daha
böyük arzusu ilə sona
çatdırılmışdır.
"Azərbaycan bayrağına" şeiri sentimental,
daxili dünyaya yönəlik, pıçıltıyla
söylənilməli bir şeir deyil. Bu istiqlalını qazanmış,
bütün çətinliklərə, təhlükələrə
baxmayaraq "heçdən bir bayraq yapmış" bir millətin
bağrından qopan, ruhundan daşan hiss-həyəcanın
şeirdir, millətə, dünyaya səslənişdir! Bəlkə kiməsə şeirin ahəngindəki
pafos, yüksək tərənnüm ruhu süni, qeyri-təbii
görünə bilər, amma şeirin
yazıldığı dövrü, Azərbaycan
bayrağının hansı şərtlər altında
qaldırıldığını düşünsək, gənc
Cabbarlının səmimiyyətinə hər hansı
şübhə yeri qalmaz.
Şeirin
dili, sənətkarlığı və forma xüsusiyyətləri
"Azərbaycan bayrağına" şeiri
"buraxınız" çağırışı ilə
başlayır. Sözsüz ki, "buraxınız"
sözü burada əsas mənasında - "qadağan etməyin"
mənasında işlənməmişdir. "Buraxmaq" çoxmənalı sözdür.
"Azərbaycan dilinin izahlı lüğəti"ndə
bu felin 28 mənada işləndiyi göstərilmişdir.
Sözün 4-cü mənasında göstərilir
ki, bu söz "yol vermək, imkan vermək, qoymaq" mənası
daşıyır. 28-ci mənasında isə göstərilir
ki, əmr şəklində "burax" (bir şeydən
daşındırmaq üçün işlənir) -
"baş qoşma, bənd olma, məşğul olma, əl
çək, fikir vermə, onunla işin olmasın" mənalarında
işlənir. Şeirin ümumi məzmunundan
anlaşılır ki, Cabbarlı "buraxınız"
sözünü bu iki mənada (4-cü və 28-ci mənalarda)
işlədə bilərdi. Fikrimicə, şair bu
sözü 4-cü mənada işlətmişdir: "imkan
verin, yol verin seyr edim, düşünüm, əzizləyim!"
Şeirin
ilk misrası ötkəmcəsinə səslənən,
oxucunu dərhal təsiri altına alan
dörd feldən ibarətdir: buraxınız, seyr edəyim,
düşünəyim, oxşayayım! Fellərin
belə düzülüşü təsadufi deyildir. Şeirin kompozisiyası üç felin-seyr edəyim,
düşünəyim, oxşayayım fellərinə
uyğun qurulmuşdur. Birinci parça
şairin bayrağı seyr etməsindən duyduğu həyəcan
və duyğuların anladılmasıdır. İkinci parça "düşünəyim"
felinə uyğun olaraq bayrağın rəngləri və
üzərindəki ay-ulduz haqqında şairin
düşüncələridir. "Oxşayayım"
felinə uyğun olaraq isə şair arzularını dilə
gətirmişdir.
Şeir dil baxımından sadə və
anlaşıqlıdır. Mətni təşkil
edən sözlərin tərkibinə baxsaq, onların nəinki
o zaman gündəlik həyatda danışılan bir dilə
uyğunluğunu, hətta bu günün oxucusu
üçün də aydın olan kəlmələrdən
ibarət olduğunu görə bilərik. Mətndə
bu günün oxucusu üçün anlaşılmaz söz
ancaq "təcəddüdün" və "intiqal" kəlmələri
olacaq ki, onların da "yeniləşmə" və
"çevrilmək, yaratmaq" mənası ifadə etdiyi
mətndən anlaşılır. Yerdə qalan
sözlər açıq, aydın Azərbaycan türkcəsindədir.
Yalnızca sözlərin orfoqrafiyası və tələffüzü
o zaman dəbdə olan Osmanlı türkcəsindədir.
Cabbarlı şeirində təşbeh, mübaliğə,
istiarə, məcaz, təkrir, bədii sual və sairə kimi
bədii təsvir və ifadə vasitələrindən
ustalıqla istifadə edərək, Azərbaycan
bayrağına olan sevgi, heyrət, fəxr etmə
duyğularını ortaya qoymuşdur. Üçüncü
misrada "Mələklərin qanadımı üzərimə
kölgə salan?" - deyə
verdiyi bədii sualda şair həm də təşbeh
yaratmışdır: bayraq mələklərin qanadına bənzədilmişdir.
Misradakı "kölgə" sözü də
müsbət anlamda işlənmişdir. Əsarət
alovlarında alışıb-yanan insanın kölgəlik
arzusu olduqca təbiidir və onun mələklərin qanadı
ilə müqayisə edilməsi şairin heyrətinin və
sevincinin təbii ifadəsi kimi ortaya
çıxmışdır. Şair təsvirlərində
obrazlı olduğu qədər, onların mənalandırmasında
da dəqiq və sadədir. Bayrağın
ortasındakı ay və ulduzun təsvirini verən şair
yazır: "Kölgəsində ay əyilib bir gözəli
qucmada, Qucaşaraq sevdiyilə yüksəklərə
uçmada". Burada həm təşbeh (Ay
oğlana, ulduz gözələ bənzədilib), həm də
istiarədən (ayın əyilib gözəli qucaqlaması və
ayparanın əyri olmasının ayın əyilməsi kimi
mənalandırılması) istifadə edilərək
qüvvətli və mürəkkəb bir məcaz
yaradılmışdır. Təşbeh və
istiarənin ustalıqla birləşdirilməsindən
yaradılmış digər bir məcaza "Əsarətin
gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə
uçmuşdur" misrasında da rast gəlirik. Əsarət qorxuncluğu, qaralığı ilə
gecəyə, Odlar yurdu uçmağı ilə quşa (yada
salaq ki, Azərbaycan xəritədə həm də uçan
bir quşa oxşayır) bənzədilmişdir. "Səhərlərə uçmuşdur" ifadəsində
("səhərlərə" sözü burada gələcəyi,
azadlığı, sərbəstliyi ifadə edir) isə
quşa məxsus hərəkət Odlar yurdunun üzərinə
köçürülərək istiarə sənətinə
müraciət edilmişdir.
Ədəbiyyatşünaslıqda şairin "birdən-birə
söylədiyi fikirdən dönüb tamamilə başqa bir
fikri müdafiə" (C.Xəndan) etməsi "rücu"
adlanır.
Bayraqdakı rəngləri yarpaq, çiçək və
yaşıl ot topasına bənzədən
Cabbarlı sonrakı misrada rücudan istifadə edərək,
əks fikir söyləyir və fikrini əsaslandırmaq
üçün həyati səbəbə və bədii məntiqə
söykənir.
Göy yarpaqlı, al çiçəkli, yaşıl
otlar topasımı?
Xayır,
xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət
bizim bayrağımız ucaları pək seviyor
Yıldızlardan,
hilaldan da yüksəklərdə fırlanıyor.
Bu
qısaca təhlildən də gördüyümüz kimi,
"Azərbaycan bayrağına" şeiri bir tərəfdən
Cabbarlının güclü poetik istedadının təsdiqidirsə,
digər tərəfdən ruhumuzu coşduran, qəlbimizi həyəcanlandıran,
bayrağımıza, istiqlalımıza sevgi yaradan bir bədii
nümunədir.
VURĞUN ƏYYUB
Ədalət.-2013.-27 aprel.-S.5.