EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN...

 

İnsan dünyaya gələn zaman əzizləri ona adlar içindən bir ad seçir. Bəzən verilən ilkin ad böyüyəndə sahibinə əsla yaraşmır. Nə qədər Qoçaq var ki, həddi-buluğa çatanda qorxaq kimi tanıyıb. Nə qədər Böyükağa var ki, kiçiklərə boyun əyməkdən beli bükülüb...

Amma elə insanlar da var, doğulanda aldığı ad elə bil ömür yolunun bələdçisinə dönüb, məramı olub, varlığıyla daşıdığı adın məna yükünü daha da zənginləndirərək, özü bir rəmzə çevrilib.

1923-cü il aprel ayının 28-də Əziz Əliyevin ailəsində dünyaya gələn körpəni Zərifə adlandırdılar, adıyla böyüsün, dedilər. Elə də oldu. Ailənin ilki boya-başa çatdı, təhsil aldı, ailə qurdu, ana, nənə oldu, neçə xeyirxah əməlin savabını qazana-qazana mənalı, sevdalı, şərəfli ömür sürdü. Dünyadan köçəndə də zəriflik nəğməsi tək xatirələrdə qaldı, yaddaşlarda yaşadı...

O nəğmənin həsrətiylə "Ana" mahnısını yenə dinlədim. Anasını sonsuz məhəbbətlə sevən bir qızın övlad borcudu bu... Sözlü, səsli, fəqət hay-küysüz, nisgil və sevgi dolu bir ürək yanğısıdı təkrar-təkrar eşitdiyim təkrarsız nəğmə... Ana sorağında dolaşan bir ananın solmaq bilməyən məhəbbəti, susmaq bilməyən harayıdı bizi kövrəldən...g Belə fəryad ancaq yanan ürəkdən qopar...gSönməyən ocağın daim közərən alovudu bu həzin nəğmə... Həsrətdən üşüyən qəlbləri isidər, ayrılıq acısından, xiffətdən yanan könüllərə su çilər içdən gələn bu səda. Onu bu qədər ürəkdən ancaq Müslüm oxuya bilərdi. Çünkü ailəyə ən məhrəm adamlardan biri idi müğənni, bəstəkar, ifaçı, həm də rəssam Müslüm! O, "Ana"nı təkcə səsləndirmir, həm də səsləyir... Ona görə "Ana"nı dinləyəndə gözümüzdə dolğun lövhə yaranır, Zərifə xanımın bənzərsiz siması canlanır...

1979-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Mədəniyyət şöbəsində işləyirdim. Mən və iş yoldaşlarım Zərifə xanımla tez-tez ünsiyyətdə olurduq. Filarmoniyada hər həftənin beşinci günü simfonik musiqi gecəsi keçirilərdi. Moskvadan təşrif buyuran musiqişünas Dazortseva salona toplaşanları proqramla tanış edər, dünya musiqi inciləri barədə maarifləndirərdi. Sonra mayestro Niyazinin sehirli çubuğunun köməyi ilə dövlət simfonik orkestri canlanardı. Zərifə xanım ömür-gün yoldaşı ilə bu tədbirlərdə böyük həvəslə iştirak edərdi.

Zərifə xanım axşamlar teatra getməyi də xoşlardı. Onu Milli Dram teatrında, Rus Dram teatrında, Opera Balet teatrında tez-tez görmək olardı. Bu insanın sadəliyi, səmimiliyi hər kəsi valeh edərdi. Birinci xanımın sadəliyi, yüksək mədəniyyəti istər geyimində, istər rəftarında, istər danışığında özünü hər an büruzə verərdi. Zərifə xanımın teatra gedəcəyi barədə təbii ki, qabaqcadan xəbər verilərdi. Biz onu giriş qapısında gözlərdik. Xidməti minik maşınında gələn birinci xanımı cəmi bir mühafizəçi müşayiət edərdi.

Binaya daxil olanda o da sürücü ilə birlikdə gedərdi. Tamaşanın tamamına 15 dəqiqə qalmış yenə qayıdardılar xanımın dalınca. Heç vaxt gecikməzdi, tamaşaçıları əsla gözlətməzdi.

Üçüncü zəng çalınanda tamaşa salonunda öz yerini tutardı. Adətən Zərifə xanımın bir-iki rəfiqəsi də gələrdi. Hökumət lojasında, əyləşməzdi, parterdə orta sırada oturardı. Tənəffüs zamanı qonaq otağında xudmani çay süfrəsində tamaşa barədə təəssüratlarını bölüşərdi. Proqrama diqqətlə göz gəzdirər, tanımadığı adlar görəndə bizdən soruşardı, teatrdakı yeniliklərlə maraqlanardı. Tamaşa bitəndə hamıya minnətdarlığını bildirib, bir-bir xudahafizləşib ayrılardı...

Biz isə onunla ünsiyyətdən aldığımız zəngin təəssüratı öz aramızda bölüşə-bölüşə bu insanın mənəvi dünyasının böyüklüyünə, yüksək nəcabətinə heyran qalardıq.

Yetmişinci illərdə bir məşhur mahnı vardı, "Ey həyat, sən nə qəribəsən". Sözləri Cabir Novruzun, musiqisi Oqtay Kazımovun idi. Mahnı belə başlardı:

 

"Nə yaxın qonşu

olduq bu dünyada,

Ayrı-ayrı doğulduq

bu dünyada.

Axır gəlib bir olduq

bu dünyada,

Ey həyat! Sən

nə qəribəsən?!"

 

Onlar da qonşu deyildilər, ayrı-ayrı doğulmuşdular bu dünyada. Amma eyni ildə, eyni fəsildə. Çox həyəcanlı, ziddiyyətli, mürəkkəb dövrdə sevgi dolu bir ömür yaşadılar. Bir-birinə dayaq oldular, bütöv oldular vida zəngi çalınanda əbədiyyətə qovuşdular... Biri ömrün altmış ikinci baharında, digəri səksəninci qışında. Bu vəfasız dünyadan vaxtsız köçən vəfalılar əbədiyyət yollarının doxsanıncı baharında yenə birgə addımlayırlar. Hər zaman hörmətlə yad edilən insanlar, həqiqətən unudulmur.

 

 

Etibar Babayev

 

Ədalət.-2013.-27 aprel.-s.3.