Görən kimdir müqəssir?

 

Məşq edən yaradıcı qrup bu sualın cavabını bilir, lakin açıqlamaq istəmir

 

Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində məşq gedir. Rejissorun tapşırıqlarını yerinə yetirən aktyorları deyəsən axı mən başqa teatrda görmüşəm.

Əməkdar artist Çingiz Əhmədov, aktyorlar Ələkbər Əliyev, Hüseyn və Gültac Əlili Dövlət Musiqili Teatrının aparıcı aktyorlarındadırlar. Bəs Dövlət Gənc Tamaşaçılar Teatrında niyə məşq edirlər?

Komediya olmayacaq! Komediya olacaq!

Yazının girişindəki qarmaqarışıqlıq sizi çaşdırmasın. Dövlət Gənc Tamaşaçılar Teatrı qonaqpərvərlik və həmrəylik göstərərək həmin gün səhnəni Dövlət Musiqili Teatrının kollektivinə güzəştə getmişdi.

Yenə qarmaqarışıq alındı? Məncə hər şey düzdü. Qonaq teatrın adı da. Təmir və yenidənqurma işləri ilə bağlı tamaşaçılarını bir müddət başqa məkanlarda qəbul edən ən qocaman sənət ocaqlarımızdan biri təkcə binanın görkəmində deyil, adında da dəyişiklik aparıb. Kollektiv bundan sonra Dövlət Musiqili Teatrı kimi tanınacaq. "Komediya" sözünün "ixtisara" düşməyində qorxulu heç nə yoxdu. Teatrın rəhbərliyi belə hesab edir ki, ad dəyişikliyi yaradıcı kollektivin qarşısında daha geniş imkanlar açacaq. Komediya isə bu teatrın səhnəsində həmişə oynanılıb və yenə də oynanılacaq.

 

Yeni əsərin məşqi də bunu sübut edir.

Əbdürrəhim bəyin qəhrəmanları və...

 

Qayıdaq məşqə. Yuxarıda qeyd etdiyim səbəbdən Dövlət Musiqili Teatrının kollektivi həmkarlarının köməyindən yararlanır. Bugünkü məşq də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsinə təyin olunub.

Məşqi tamaşanın quruluşçu rejissoru İradə Gözəlova aparır. İradə xanımın göstərişi ilə Əbdürrəhim bəyin qəhrəmanları səhnəyə çıxır. Yeni tamaşanın müəllifini geniş tanıtmağa ehtiyac yoxdu. Təbii ki, söhbət Azərbaycan ədəbiyyatının nəhənglərindən sayılan Əbdürrəhim bəy Haqverdiyevdən gedir. Kollektiv bu ölməz klassikin "Kimdir müqəssir?" əsərinə müraciət edib.

Əməkdar artist Çingiz Əhmədov (Ağa) artıq neçənci dəfə səhnəyə qalxır, bir azdan yerini dublyoru Ələkbər Əliyevə verir. İndi də növbə Hüseyn (Mahmud) və Gültac (Bahar) cütlüyünə çatır. Tamaşanın gedişində onlar Adəm və Həvva da olurlar. Rəqqaslar səhnənin arxasında quruluşçu rejissorun verəcəyi komandanı gözləyirlər. İradə Gözəlova səhnədə baş verənləri diqqətlə izləyir. Deyəsən quruluşçu rejissoru narahat edən məqamlar var.

Tamaşanın quruluşçu rəssamı Nabat Səmədova da qayğılı görünür. Tanınmış teatr rəssamlarımızdan olan Nabat xanım kollektivin çətin bir işin altına çiyin verdiyini deyir: "Çox çətin bir işə başlamışıq. Tamaşadakı hər bir obraz üçün bir neçə paltar tikilib. Çalışmışıq ki, səhnədəki tərtibat əsərin ideyasını tam açmağa kömək etsin. Maraqlı tamaşa alınmalıdı. Tamamlanası çox iş var, hələ ki, çalışırıq..."

Bu maraqlı layihənin rəhbəri, Dövlət Musiqili Teatrının direktoru əməkdar incəsənət xadimi Əliqismət Lalayev arxa cərgədə oturub baş verənləri müşahidə edir. Direktor təmkinli görünür, müdaxilə etməyə tələsmir.

Quruluşçu rejissor növbəti səhnənin məşqinə başlamaq istəyir. Lakin məlum olur ki, geyim sexində çalışan xanımlar çarıqları səhnəyə gətirməyi unudublar. Rejissor assistenti Elməddin Dadaşov şux zarafatları, hərəkətlərilə məşq prosesindəki gərginliyi

bir andaca aradan qaldırır.

Bir azdan Elməddin Dadaşov özü də səhnəyə çıxır. O, bu tamaşada rejissor assistenti olmaqla yanaşı, həm Şeytan rolunu oynayır. Necə deyərlər, bu meydan, bu Şeytan. İndi çıx öz bacarığını göstər.

 

Adəm-Həvva dövründən günümüzədək...

 

Şeytanın (Elməddin Dadaşov) səhnədə çıxardığı həngamədən ətraflı yazmağa ehtiyac yoxdu. Onsuz da teatrın yeni yaradıcılıq işinə baxmağa gələn tamaşaçılar hər şeyi görüb özləri qiymət verəcəklər.

Məşqdə elan edilən qısa fasilədən yararlanıb tamaşanın quruluşçu rejissoru İradə Gözəlova ilə söhbətləşməyin məqamıdı.

Söhbətləşməzdən öncə vurğulanmalı bir məqam var. Həmin vurğulanmalı məqam da elə İradə xanımla bağlıdı. İradə Gözəlova gənc olmasına baxmayaraq artıq yetərincə tanınmış rejissorlarımızdandı. Mədəniyyət İncəsənət Universitetində görkəmli rejissor Vaqif İbrahimoğludan dərs alan İradə xanım "YUĞ" Dövlət Teatrı da daxil olmaqla bir neçə sənət ocağında maraqlı tamaşalar hazırlayıb. Onun Gəncə Dövlət Teatrında quruluş verdiyi "Evlənmə" (Qoqol) "Qəribə oğlan" (İlyas Əfəndiyev) tamaşalar böyük maraqla qarşılanıb. Gənc istedadlı rejissor bu arada Çexov adına Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasında təcrübə keçib Meyerxold adına Mərkəzdə magistraturanı da bitirməyə nail olub.

"Kimdir müqəssir?" İradə Gözəlovanın Dövlət Musiqili Teatrında ilk işi olacaq. Əslində, o, başqa bir əsərlə debüt etmək fikrində imiş. Görən kimdir müqəssir? Quruluşçu rejissorun özünü dinləyək: "Sözün doğrusu, mən teatrın direktoru Əliqismət Lalayevlə görüşə başqa təkliflə gəlmişdim. Şekspirin "Şıltaq qızın yumşalması" pyesinə quruluş vermək istəyirdim. Lakin Əliqismət müəllim "Kimdir müqəssir?" əsərini təklif etdi öz arqumentlərini söylədi. Mən razılaşdım özümə maraqlı gəldi. Çünki Əbdürrəhim bəyin yaradıcılığı ilə tanış idim. Həm özümü bu janrda sınamaq imkanı qazandım".

Tamaşanın quruluşçu rejissoru kimi İradə xanımın cəmiyyətə verəcəyi mesajlar var: "Adəm və Həvva, yəni kişi-qadın münasibətləri dünya yaranandan bəri insanları düşündürən mövzudu. Hər iki tərəf özünü haqlı sayır. Min illərdi ki, bu məsələ çarx kimi dövran edir və bu çərçivədən çıxmaq mümkün deyil. Allah təbiətin qanunlarını müəyyən edib. İnsan bu qanunları dəyişmək gücündə deyil. Bəs bu qanunu dəyişmək üçün insan nə etməlidi? Tamaşada bu qanunu dəyişmək xahişi ilə Allaha müraciət olunur. Çünki bayaq dediyim kimi insan özü bu məsələni həll etmək səlahiyyətində deyil. Həm də tamaşaçılara demək istəyirik ki, insanlar mehriban həyat sürməklə xoşbəxtliyi, cənnəti elə bu dünyada da qazana bilərlər".

Quruluşçu rejissor maraqlı bir tamaşa təqdim edəcəyi fikrindədi: "Əsər özü həcmcə kiçik olsa da mürəkkəb və maraqlı bir tamaşa hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Teatrın yaradıcı və texniki heyəti işə məsuliyyətlə yanaşır. Birlikdə istəyimizə çatacağıq".

Tamaşada əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Ritm" qrupunun repertuarından istifadə olunacaq. Quruluşçu rəssamı Nabat Səmədovadı. Xalq artisti Təranə Muradova öz tələbəsi Qalina Semyonova ilə tamaşa üçün maraqlı rəqslər qurublar. Layihənin bədii rəhbəri əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdi.

Tamaşanın premyerası mayın ilk günlərində olacaq. Kimin müqəssir olduğu da həmin vaxt bilinəcək.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2013.-27 aprel.-S.12.