Astanada qalmışam

 

Eşitdim ki, mən də gedirəm. Doğrusu, sərhədlərimizi keçməyi xoşlamıram. Əsasən də inkişaf etmiş şəhərlərdə olandan sonra qayıtdığım Bakı ən azı 3 gün əsəblərimdə kəndirbazlıq edir. Müqayisələri uğursuz sayan adamdan soruşardım, başqasının geyimini görəndə beyninə ilk daxil olan informasiya hansıdı? Əlbəttə belə cavab verərdi: "Öz geyimimin indiki vəziyyəti”. İnsan həmişə başqasına nəzərən yaşayacaq.

 

Yaxşıları təbliğ etmək imandandı

 

Eşitdim ki, daxil olduğum nümayəndə heyətinə millət vəkili Adil Əliyev rəhbərlik edəcək. Sevindim. Dost adamdı. Onunla uzaqlara getmək mümkündür. Qazaxıstanın Astanası da Azərbaycanın Bakısından xeyli uzaqdadı. Hörmətli millət vəkilimizin şəxsi təklifi ilə onlarla bir yerdə oldum. Səfərə məni də aparmaq istəyib. Önəminə görə ünvanına söylədiyim minnətdarlığı burda da yazıram ki, biləsiz. Yaxşıları təbliğ etmək imandandı.

Onu sevirəm ondan qorxuram. Adı Allah deyil!

Eşitdim ki, "Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud da bizimlə birlikdə göydə olacaq. Elə səfər barəsindəki məlumatı da ilk dəfə ondan aldım. Yol hazırlığına dəstək də göstərdi. Aeroportda Fuad və Emin adında iki dəyərli qardaşımız bizə qoşuldu. Qazaxıstanın köhnə paytaxtı Almatı aeroportunda keçid edib, Astanaya uçan təyyarəyə mindik.

Eşitdim ki, artıq göydəyik. Fikrim kitabda olduğundan stüardessanın elanı məlumat verdi. Elbrus "Çərpələng uçuran”ı, mən isə Eldar Baxışın "Sərçə balası”, İran zindanında günahsız yerə 4 ay cəza çəkən gənc yazarlarımızdan biri Fərid Hüseynin "Qandalı görməsin” adlı əzablı xatirə kitablarını özümlə götürmüşəm. Biz göydə olan gün kitabın təqdimatına dəvət olunmuşdum. Özümlə götürdüm ki, həm də oxumağımla gedə bilmədiyimi kompensasiya edim. Məni məndən başqa görən mən var. Həmişə onun istədiyi kimi oluram. Bacarmasam, elətdirir. Onu sevirəm və ondan qorxuram. Adı Allah deyil...

 

Kitab alan adamlar sevinəndə gözlərində günəşə oxşayan ay görünür

 

Eşitdim ki, 3 saatdan sonra çatacağıq.

Kitab oxuyanda başqasının da bunu etməsini istəyirəm. Eldar Baxışın "Sərçə balasını” götürüb, biznes-klasda oturan millət vəkilimizə apardım. Yazı-pozudan söhbət açdığımız məclislərdə bu şeiri bir neçə dəfə qolunu-qanadını sındıraraq demişəm. Adil Əliyev təmiz ruhu olan adamdı, bəyənib. Kitabı ona verməyimi də bəyəndi. Kitab alan adamlar sevinəndə gözlərində günəşə oxşayan ay görünür. Seçim sənindi, istəyirsən o görünəni ay bilib sərinlik tap, istəyirsən günəş bilib, üşüyən düşüncələrini qızdır.

Qanını sorur, amma rahatlıq tapırsan

Eşitdim ki, Elbrus Ərud "Çərpələng uçuran”ı çox bəyənib. Yemək vaxtı möhtəşəm əsər olduğunu dedi. Düşündüm, nə yaxşı bu möhtəşəm əsərdəki Əfqanıstana yox, heç bir möhtəşəm əsərin qəhrəmanı olmayan Astanaya uçuruq. Ədəbiyyat qəribədi, gözəllikdən möhtəşəmlik yaratmır, çirkinliyi isə sənə əsər şəklində zəli kimi yapışdırır. Qanını sorur, amma rahatlıq tapırsan.

Əllərimlə dodaqlarımı, barmaqlarımla gözlərimi dartışdırsam da...

Eşitdim ki, təyyarənin qanadında oturacağıq. Bura mətbəx və ayaqyoluna yaxın yerdi. Yemək qabımı yığışdırmasında stüardessaya kömək etmək istəyirəm. Deyir, olmaz. Görür ki, sini əlimdə qalıb, məcbur olub götürür. Elbrus da eyni addımı atır. Xanım qəbul etmir. "Qazax ataları azərbaycanlı atalar deyil, onlar 3-dən yox, 1-dən deyib”- mənim zarafatım. Gülüşürük. Təyyarədən daha çox gülüşlərimzin qanadında düşürük Astanaya. Amma səfərin son iki günü əllərimlə dodaqlarımı, barmaqlarımla gözlərimi ora-bura dartışdırsam da gülən adama oxşamıram ki, oxşamıram. Dostlarım da eyniylə... Bu barədə bir kəlmə də yazmayacam. Astana, bizi qarşılayan azərbaycanlılar, 18-19 apreldə Azərbaycan-Qazaxıstan münasibətlərinə həsr olunan tədbirlərin abu-havası, cənab səfir Zakir Həsənovun səmimiyəti çox, hətta çox gözəl idi.

Astanada diaspora nümayəndələrimizin, iş adamı olan yurddaşlarımızın Azərbaycan adına gördüyü işlər yüksək səviyyədədi. Bir ağrıdıcı məqam var: bir-birinin işini bəyənməmək. Bu problemin də üstündən sükutla keçirəm. Xarakterə bağlı məsələləri çözməzlər. Əsas odur ki, onlar iş görmək istəyirlər. Millət adına, torpağ adına...

 

Reportajımdakı birinci abzasın sonuncudan əvvəlki cümləsini tapdım

 

Eşitdim ki, millət vəkili Adil Əliyevə dəvət Avrasiya Xalqlarının Dostluq və Mədəniyyət Konqresinin sədri Araz Xudiyev tərəfindən gəlib. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans L.N. Qumilyov adına Avrasiya Dövlət Universitetində baş tutub. Ola bilmədim o tədbirdə. Səbəbin adı texnikidimi, səhlənkarlıqdımı, bəzən öz fikri ilə oturub-durmağı bacarmaq zəifliyidimi... bilmirəm... Alınmadı. Universitetin foyesinə daxil olanda reportajımdakı birinci abzasın sonuncudan əvvəlki cümləsini tapdım: "Öz geyimimin indiki vəziyyəti”... Asiya ölkəsində olduğumuzu nəzərdən qaçırmışdım.

 

Deputatın tanıtdırdığı adama heç oxşamırdım

 

Eşitdim ki, Adil Əliyev bizi qara kostyumlu mötəbər şəxslərə təqdim edir. Bizi, yəni məni və Elbrusu. İkinci onlarla əllə görüşdü. Birinci isə sonuncu adamın arxasında gizlətdi özünü. Millət vəkili isə gizlənən bu adam haqqında o qədər gözəl sözlər seçdi ki, qapıdan necə çıxdığımı xatırlamıram. Məni tərifləyirdilər, mərasimə uyğun olmayan geyimimdən isə deputatın tanıtdırdığı adama heç oxşamırdım.

Astananın ortasındayam. Bataqlıqda yaradılan 15 ilin paytaxtı olan bu şəhər İşim çayını iki hissəyə bölür - sağ və sol sahil. Universitet sol sahildə yerləşir. Qaldığımız otel isə sağ sahildədi. Soldan sağa getməliyəm. Məqsədim tez bir zamanda otelə çatmaq, yola götürdüyüm iki dəst kostyumdan birini geyinib, tədbirə qayıtmaqdı.

 

Binaları hərəsi bir hava çalan, ansambl şəhər

 

...Eşitdim ki, gecikmişəm. Qara eynəkli kostyumlu adam Qumilyov adına universitetin ikinci mərtəbəsində axtarışdadı. Bir neçə kabinetin qapısını açıram, bizimkilər yoxdu. Konfrans sona çatıb. Zəng etməyi artıq bilirəm. Kimsəyə mane olmaqla aram yox. Sol sahildə gəzişirəm. Astana. Binaları hərəsi bir hava çalan, amma onları seyr edərək dinləyənlərə eyni musiqini yaşadan ansambl şəhər. Ansamblın tərkibindəki ifaçı binaların arasında məşhur şəhərlərin adı dillər əzbəri olan tikililərinin eynisi var. Yəqin ona görə, "adamı geyimi ilə qarşılayıb, ağlı ilə yola salırlar”-sovet şüarının burda aktuallığını itirdiyini zənn etmişəm. Zənnim məni aldatdı. Daşlar dəyişə bilər, "sovetskidüşüncəni daş da dəyişə bilməz.

 

"İstirahət etməyi bacaranlardandı qazaxlılar

 

Küçələri enli və təmizdi Astananın. Avtomobilləri piyadaları ilə ata-bala, qardaş-bacı münasibətində. Yerüstü piyada keçidində bir nəfər asta addımlarla gedir. Yolda cəmi bir maşın var. Piyadanın sağından, yaxud solundan heç kimə mane olmadan asanlıqla keçə bilər. Keçmir. Olmaz. Qanunla da, mənəviyyatla da, mədəniyyətlə də... Bakı küçələri beynimdə dolaşır. Onlar da türkdü. Bizdəndi. "Bizsə onlardan deyilik”- əsəblərimdəki kəndirbazın səsini eşidirəm. Pıçıldayır: "Bu, sistemli idarəçilik qabiliyyətidi. Ola bilər, geyimə-kecimə münasibətdə qazaxlar da koda düşüblər. Şəhərə münasibətdə isə parolu çoxdan tapıblar”. Saat 5-di. Kafeyə girirəm. Yeməkləri bahadı. Və dadsızdı. Yenə fərq. Görünür, yemək onların məqsədi deyil. Mağazalarını gəzirəm. Geyimləri bahadı. Alıcıların da sayı azdı. Görünür məqsədlərinə bahalı geyimlər də daxil deyil. Öyrənirəm ki, qazaxlılar yaşamaqla məşğuldular. Beş günlük iş həftəsinin sonu iki günlük ciddi istirahətlə keçir. İstirahət etməyi bacaranlardandı qazaxlılar.

 

Kəlmələrimizə diqqət kəsilirdilər ki, birdən nəsə arzulayarıq eşitməzlər

 

Eşitdim ki, bizi qarşılayan azərbaycanlı dostlar, diqqətcil adamlardı. Beş gün ərzində eşitdiyimin həqiqət olduğunu gördüm. Yaxınlarda Astanaya qayıdacam. Mütləq həmin dostlara ayrı bir yazı həsr edəcəm. Gələndən düşünürəm ki, onların münasibətlərinə qarşılıq verən hadisə yaradım. Yaradacam. Gözümüzü açan kimi yanımızdaydılar. Axşam gözümüzü yumana qədər kəlmələrimizə diqqət kəsilirdilər, birdən nəsə arzulayarıq eşitməzlər.

 

Fikrimi pıçıltı ilə deyirəm. Ki, kim eşitməlidisə, o eşitsin

 

Eşitdim ki, Adil Əliyevin dəvət olunduğu tədbirdə qazaxlı akademik şəhərdə Mirzoyanın adına olan küçəyə Heydər Əliyevin adının verilməsini təklif edib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Vidadi Salahovun təşkilatçılığı ilə bir müddət öncə Mirzoyanın çirkin əməllərini aşkara çıxaran braşuralar paylanıb. Tarixi materillar yerli qəzetlərdə dərc olunub. Akademikin mötəbər tədbirdə jurnalistlərin diktafon və mikrafonlarına pərçimlədiyi erməni cəlladının tarixdən silinməsinə yönələn çağırışı ilə Bakıdan gedən rəsmi adamın kimliyi arasında bərabərlik işarəsi qoymaq lazımdı. Adil Əliyevin mövqeyi dedizdirib bu həqiqəti. Fikrimi pıçıltı ilə deyirəm. Ki, kim eşitməlidisə, o eşitsin, daha kiçik hərflərlə yazıram ki, hamı görməsin: xaricə göndərilən nümayəndələr seçilməlidi.

 

Astanadan doymadım

 

"Qafqazinfo”nun rəhbəri Mirzoyan söhbətini eşidə, xəbər ölkəyə yayılmaya, yalan olar. Anındaca bizim ictimaiyyət bu təklifdən xəbər tutdu. Bir daha bildilər ki, qazaxları qətlə yetirən erməninin adına Astanada küçə var. Onlara oxşadıq, eləmi? :)))))Yox, əvvəlki variantımız onlara oxşayır, daha "Şaumyan”, "Caparidze” yoxdu...

MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olan Adil Əliyev aprelin 19-da Qazaxıstan Senatında da vacib görüşlər keçirdi.

Adil Əliyevin sol, bizim isə sağ sahildəki otellərdə qalmağımız Astananın gözəlliyini doyunca görməyimizə əngəl yaratdı. Otaq yoldaşım yuxudan gec durduğundan, onu yatılı qoyub şəhəri gəzməyə gedə bilmədim. Millət vəkili isə az da olsa, gəzib. Yaxında olsaydıq, bir yerdə gəzərdik. :))))

 

Səfir xatırəmdə xoş izlər buraxdı

 

Adil Əliyevlə yolda olmağın ləzzətini duydum. Səmimi, orijinal ideyalarla zəngin, vətənpərvər və dost üçün dəyərli insan. Yorulmadı, düzdü. Amma onu yorduğumu bilirəm. Babalı Sərvərin boynuna. Yazıq Üzeyir Hacıbəyov, bizi düzəldə bilmədi.

Səfərin dördüncü günü Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həsənovla bir süfrə arxasında söhbət edə bildik. Maraqlı diplomat təsiri bağışladı. Görülən işlərdən, problemlərdən danışdı. Zakir bəy xatirəmdə xoş izlər buraxdı.

 

Ovqatımızın ayaqlarında büdrəmələr olmuşdu

 

Eşitdim ki, aprelin 22-i saat 14:00-da nümayəndə heyəti bir araya gəlib, şəhərə "hələlik” deyəcək. Hamımız bir yerə toplaşdıq. Bizi qarşılayan dostlar da burda idi. Qulluğumuzda dayanmışdılar. "Yenə gəlin”- dedilər, "Bu dəfə siz gəlin!”-dedik. Şəhəri gəzmədik. Ovqatımızın ayaqlarında büdrəmələr olmuşdu. Səbəbini yazmağa dəyməz. Yazsam, barmaqlarım büdrəyəcək. Klaviaturadakı hərflərin yerini səhv salacam, sözlər anlaşılmayacaq, ya da başqa məna verəcək.

Uça-uça gəlmişik Vətənimizə, icazə verin, qaça-qaça şəhərimizə girək

Eşitdim ki, təyyarədən səs gəlir. Birbaşa uçacağıq. Astana-Bakı. Elbrusla yan-yana oturmuşuq. Gələcək planlarından danışır. Göydə plan dinləməyin düşməzi olmur. Hər kəs yerə düşür. Əminəm ki, düşərli olar. İnanıram ki, düşəsi olarıq. Gözləmədiyim isə vətənin sabahında eşitdiyim pis, pinti rəftarın əks olunduğu informasiyadı. Adil Əliyevin "Facebook” səhifəsində yazdığı statusu oxuyuram. Başlıq: "Mənim gözəl səfərim şlaqbaumda bitirildi” . Mətn: "Bakıda hava limanında gecə saat 12-də təyyarədən düşəndən sonra maraqlı və xoşagəlməz hadisə ilə qarşılaşdım. Hava limanında avtomobilimə minib bir həftə ərzində darıxdığım, Astanadan sonra yeri görünən Bakı gecəsini seyr edə-edə hava limanının giriş-çıxış hissəsindəki şlaqbauma yaxınlaşıram. Məlum olur ki, sürücü limana daxil olarkən götürdüyü talonu itirib. Avtomobil hava limanının ərazisində təxminən bir saat olmuşdu. Və biz geri dönərkən avtomobilin ərazidə olduğu müddətin haqqını ödəmişdik. Lakin çek əlimizdə olsa da, giriş talonu naməlum şəraitdə itmişdi. Yaranmış vəziyyəti bir saatdan artıq AZAL-ın şlaqbaumlara nəzarət edən işçilərinə anlatmağa çalışsam da, xeyri olmadı. Sanki ölkəyə daxil olarkən pasportumu itirmişdim. Bir anlıq bu şlaqbaumlar mənə gestaponu xatırlatdı. Bir saat idi AZAL əməkdaşlarına izah edə bilmirdik ki, pulu ödəmişik...”

Ardını əlavə etmirəm. Utanıram. Bitsin. Bilirəm, məcbur edirsiz ki, yazım: Bakı Astanada bitsin. Yazmaram. Astanadan uça-uça gəlmişik Vətənimizə. İcazə verin, qaça-qaça şəhərimizə girək.

 

 

Ədalət.-2013.-27 aprel.-S.6.