Torpağın dostu
sahibkardır
Dünyanın
iqtisadi-siyasi xəritəsində öz layiqli yerini tutan Aaərbaycanımız
haqqında indi danışmaq istəməyənlər də
danışmağa məcburdur. Uğurlu siyasətin əsasını
təşkil edən iqtisadi durum, iqtisadi qüdrət isə
elə-belə yaranmır. Təbii sərvətlərlə zəngin
ölkəmizin iqtisadi vəziyyətini, yüksəlişini
təmin edən həm də respublikamızda aparılan
uğurlu islahatlar, layihələrdir.
Bütün
dünyanın keçdiyi azad iqtisadiyyat - kəndli-fermer təsərrüfatlarının
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi
- sübut etdi ki, bu ən optimal variantdır. Məhz bu yoldan
istifadə edən ölkəmizin timsalında bunu aydın
görə bilərik. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də sahibkarlığın
inkişafına xüsusi önəm verdiyini dəfələrlə
bəyan edib. Dünyanın aparıcı iqtisadi qurumları,
maliyyə təşkilatları da sahibkarlığa münbit
şərait yaratdığı üçün indi
istehsalın çox böyük hissəsi bu sektorun üzərinə
düşür.
Respublikamızda
yaradılan Sahibkarlığa Kömək Milli Fondu iqtisadi
layihələri həyata keçirməkdə xüsusi rol
oynayır. Bu fondun dəstəyi ilə regionlarda
sahibkarlığın inkişaf etməsinə nail
olunmuşdur.
Bütün
çıxışlarında olduğu kimi ölkə
prezidenti İlham Əliyev Respublikanın rəhbər
işçilərinin iştirak etdiyi sonuncu müşavirədə
də öz mövqeyini bir daha bəyan etdi. Qeyd etdi ki,
sahibkarlığın inkişafına geniş meydan verilməlidir.
Ona hərtərəfli kömək etmək çox vacibdir və
yüksək vəzifəli hər hansı bir məmur
onların işlərinə yersiz müdaxilə etməməlidir,
onların inkişafına mane olmamalıdır.
Sahibkarlara isə bundan artıq dəstək ola bilməz.
Bu təsadüfi
görüş deyildi
2800 illik tarixə
malik Salyan rayonunda son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Bu layihələrdə
kəndli-fermer təsərrüfatlarının
rolu xeyli böyükdür. Rayonda olarkən
belə təsərrüfatlardan
biri olan "Ələddin Fermer"
MMC haqqında bir daha xoş sözlər
eşitdim. Onu tanıyan iş adamları eyni fikir söylədilər:
"Çox bacarıqlı
sahibkardır, gecə-gündüzün
nə olduğunu da bilən deyil.
Nə vaxt axtarsan sahələrdədir,
otağına bəlkə
də ancaq yatmağa gəlir. Tapa bilsən maraqlı adamdır".
Telefona özü cavab verdi, küləkli
yerdə olduğu üçün səsi aydın deyildi. Birtəhər başa düşdüm ki, rayondan xeyli aralıdadır: "Dənizin
kənarındayam, gəlib
məni tapa bilməzsən. Günortadan sonra görüşək,
ona qədər də məni işlərimi yoluna qoyum".
Razılaşdım, çünki başqa çarəm yox idi. Həm də bu fermer haqqında artıq məndə kifayət qədər maraq oyanmışdı.
Necə ola
bilər ki, əsil iş adamı olan, sayılıb-seçilən bir
sahibkarla tanış olmayım? Salyan rayonunun iqtisadi
inkişafında layiqli
yeri olan "Ələddin Fermer" Məhdud Məsuliyyətli
Cəmiyyət haqqında
marağım beləcə
yarandı.
Qəribə tanışlıq
"Ofis" adlandırdığı
bir neçə otaqdan ibarət tikilisi rayondan o qədər də uzaqda deyil. Lənkərandan Bakıya uzanan magistral asfalt yoldan 100-150 metrlik məsafədə yerləşən
"ofis" adət etdiyimiz inzibati görkəmdən tam uzaqdır.
Hələ tikintisi yekunlaşmamış
bu "ofis" çox sakit bir məkanda yerləşir. Böyük üzüm
sahələrinin kənarındakı
bu binanın qarşısında kiçik
bir göl də var. Havaların soyuq keçməsinə baxmayaraq balıqların suda bir-birini qovmalarını ara-sıra
görmək olur.
Günəşdən yanıb-qaralmış,
üst-başından toz-torpaq
yağan, çəkmələrindəki
palçığı tam yuyub
qurtara bilməyən orta yaşlı bir kişi
ilə elə burda qarşılaşıram.
Soyuq keçən havalardan, göldəki balıqların
növlərindən söhbət
edib, ümumi fikir bölüşürük.
Gəlişimin məqsədi ilə
bağlı sualından
hiss elədim ki, bu adam təsərrüfatın işçisidir.
"Qəhrəmanıma"
qədər müəyyən
şeylər haqqında
öyrənmək marağımı
saxlaya bilmədim.
Öyrənə bildim ki,
"Ələddin Fermer"
MMC 2005-ci ildə yaradılıb.
Öhdəsindəki ərazilərdə üzüm, nar, Amerikadan gətirilmiş
"Amerika gavalısı"
yetişdirilir. Hər bağ
sahəsinin də özünəməxsus qayğıya
ehtiyacı var və sair və
ilaxır. Xeyli söhbətdən sonra:
- Hə, gəl tanış olaq. Mən bu fermer təsərrüfatının başçısı
Ələddin Xanlar oğlu Fərəcovam.
1953-cü ildə anadan olmuşam. Hər iki övladıma
da yüksək dərəcəli ali təhsil vermişəm. 2 nəvəm
də var. Jurnalistlər
bunu da soruşurlar,
ona görə də əvvəlcədən
özüm söylədim.
Qəribə tanışlıq xeyli maraq doğursa da, bir qədər
qeyri-ənənəvi alınmışdı. Haqqında danışılan
sahibkar da daha çox günəmuzd işləyən
fəhləyə oxşayırdı.
Büruzə verməsəm də,
ürəyimdən keçənləri
elə bil hiss etmişdi.
Təsərrüfatın maraqlı yaranma
tarixi
2005-ci
ildə yaradılan bu fermer təsərrüfatının
maraqlı da yaranma tarixi var. Sahibkarın özünün
dediyinə görə qonşu İran Respublikasında
ortaqlı təsərrüfat yaradıbmış. Xeyli ərazisi
olan kivi bağlarından yaxşı da mənfəət əldə
edə bilirmiş. O qədər də zəhmət tələb
etməyən "ortaq biznesdən" ayrılmağı da
maraqlı olub. Yaxın dostlarından biri deyib ki, bir az əziyyət
çəkib həmin təsərrüfatlarından birini də
elə doğma ölkəndə yarada bilərsən. Həm
sahibkarlıq üçün əlverişli mühit var, həm
də öz camaatına, öz ölkənə xeyrin dəyər.
Ələddin müəllim etiraf edir ki, elə həmin an qərara
gəldim ki, belə bir təsərrüfatı öz ölkəmdə
yaradacam.
(ardı var)
Səxavət Məmmədli
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.-2013.-27 aprel.-S.4.