Tənqidimizin Vaqifi
Vaqif Yusifli – 65
Bədii
sözü sevmək və sevdirmək istedadı
Müasir Azərbaycan nəzəri-estetik
fikrinin sayılıb-seçilən nümayəndələri
haqqında düşünərkən dərhal
yadımıza Bəkir Nəbiyev, Yaşar Qarayev, Asif Əfəndiyev,
Arif Abdullazadə, Akif Hüseynov, Şamil Salmanov, Qurban Bayramov
kimi görkəmli tənqidçi və ədəbiyyatşünaslar
düşür. Vaqif Yusifli öz
yaradıcılığının sanbalına və əsərlərinin
sayına görə tənqid və ədəbiyyatşünaslığımızın
ən məşhur nümayəndələri ilə bir
sırada durur. Filolgiya elmləri doktoru, professor Tahirə Məmməd
istedadlı və zəhmətkeş alimə həsr etdiyi məqaləsində
yazır: "23 kitab, 800-dən artıq məqalə müəllifi
olan, məqalələri təkcə respublikamızda deyil,
Türkiyə, Amerika, Almaniyanın nüfuzlu elmi
jurnallarında da işıq üzü görən tənqidçinin
imzası hələ tələbəlik illərindən mətbuatda
görünməyə başlamışdır. Məüllifi
olduğu məqalə və kitablar keçən əsrin
ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin,
poeziyasının, dramaturgiyasının və ədəbi-tənqidinin
inkişaf prosesini, mənzərəsini əks etdirir. Budur,
onun çap olunan və ədəbi ictimaiyyətdə rəğbət
doğuran kitabları: "Məmməd Araz
dünyası", "Tənqid yarpaqları",
"Karvanbaşı, yolun ha yanadır", "Tənqid və
bədii söz", "Tənqid də
yaradıcılıqdır", "Yolayrıcı",
"Poeziyanın yolları və illəri", "R.Rza və
müasir Azərbaycan poeziyası", "Poeziya və
zaman" və s."
Vaqif
Yusifli ədəbi taleyi və yaradıcılıq yolu
heç kimə bənzəməyən bir şəxsiyyətdir.
Onun ədəbi tərcümeyi-halında dörd onilliyin gərgin
zəhmətləri və axtarışları, sevinc və qayğıları
cəmləşib. Peşəkar qələm yoldaşları
ətrafında çox sıx olduğu 70-80-ci illərdə
də, onların sıraları və səfləri seyrəlib,
tamamilə yoxa çıxdığı 90-cı illərdə
və XXI yüzilin ilk onilliyində də Vaqif Yusifli eyni əzmkarlıq,
şücaət və cəsarətlə yazmaqdadır.
Dayanmadan və nəfəsini dərmədən yaza-yaza öz
taleyini, ədəbiyyatımızın özünəməxsus
və gözəl bir əfsanəsini yaratmaqdadır.
Vaqif
Yusiflinin müqəddəs ədəbiyyat dərgahına qədəm
qoyduğu 40 il əvvəlki ədəbi zaman və məkan
yadımızdan çıxmayıb. İndi olduğu kimi, o
vaxtlar da ziyalılarımızın üç sevimli ədəbi
nəşri olardı: "Ədəbiyyat qəzeti",
"Azərbaycan" və "Ulduz" jurnalları. Vaqif
müəllim bu ədəbi nəşrlərin ən fəal
müəlliflərindən və ədəbi sakinlərindən
biri idi. Onu da deyim ki, 70-ci illərin əvvəlləri və
sonlarında ədəbiyyatımıza şair və nasirlərin
yeni dalğasında tənqidçi və ədəbiyyatşünaslar
da təşrif buyurmuşdular. Aydın Məmmədov, Kamil Vəli
Nəriman oğlu, İsa Həbibbəyli, Nadir Cabbarlı,
Qurban Bayramov, Kamal Abdulla, Kamran Əliyev, Vilayət Quliyev,
Şirindil Alışanlı, Rafael Hüseynov, Teymur Kərimli,
Nizaməddin Şəmsizadə, Vəli Nəbioğlu, Muxtar
Kazımoğlu və b. bu pleyadanın yaddaqalan və parlaq
imzaları idi. Vaqif Yusifli tənqidimizin "yetmişincilər"
adlanan məşhur nəslinin ən istedadlı və ən məhsuldar,
tənqid sənətinə ən sədaqətli nümayəndəsidir.
Bir
yaradıcı şəxsiyyət kimi tənqidçini təhlil
etmək və səciyyələndirmək son dərəcə
çətindir. Onun özünəməxsusluğunu və
bənzərsizliyini kəşf etmək isə ondan da
müşküldür. Vaqif Yusifli kimlər haqqında
yazıb? Sualı belə qoymaq daha məqsədəuyğundur:
Kimlər haqqında yazmayıb? Etiraf edək: Nəsr və
poeziya haqqında eyni dərəcədə, eyni uğurla yaza
bilmək hər qələm sahibinə nəsib olmur. Vaqif
müəllim altmışıncılar haqqında -
bütöv bir böyük nəsil haqqında mükəmməl
yazmağı bacaran yeganə tənqidçimizdir. Şair
altmışıncıları da, nasir
altmışıncıları da o, özünəməxsus və
sövqi-təbii bir erudusiya ilə təhlil etməyi
bacarır. İsa Muğanna, Sabir Əhmədli, Anar, İsi Məlikzadə,
Yusif Səmədoğlu, Elçin, Sabir Azəri, Mövlud
Süleymanlı və s. haqqında necə uğurla yaza bilirsə,
həmin nəslin poeziya qolu - Əli Kərim, Məmməd
Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Ələkbər
Salahzadə, Nəriman Həsənzadə, Hüseyn
Kürdoğlu, Fikrət Sadıq, Cabir Novruz, Vaqif Səmədoğlu,
Musa Yaqub, Şahmar Əkbərzadə, Abbas Abdulla, İsa
İsmayılzadə, Məmməd İsmayıl, Səyavuş
Sərxanlı, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı,
Ramiz Rövşən və b. barəsində də yüksək
səmimiyyət və istedadla yaza bilir.
Vaqif Yusifli məhz buna görə də, haqlı olaraq, hərəkətdəki estetikanın ən məhsuldar nümayəndəsidir; o, indiyə kimi 1000-ə yaxın ədəbi-publisist və tənqidi yazı, müxtəlif rəylər, ön sözlər və tərcümələr çap etdirmişdir. Görkəmli alimin yazı manerasında və söz sənətinə yanaşmalarında diqqəti çəkən bariz xüsusiyyətlər hansılardır? Öncə qeyd etməliyik ki, Vaqifin yazı tərzi və səriştəsi öz zərifliyi, cilalılığı və cazibədarlığı ilə seçilir. O, həmişə yazdığı və qaldırdığı məsələlərə dərindən nüfuz edir, bədii mətnə cəsarətlə müdaxilə və müraciət etməkdən çəkinmir. Son dövrlər geniş yayılmış və artıq dəb halına çevrilmiş məşhur elmi-estetik mərəzə onun yazılarında qətiyyən rast gəlməzsiniz; bədii əsər mətnini dərk və təhlil etməyə dərrakəsi çatmayan bir çox müəlliflər komkret təhlil və təlqindən qaçaraq, çox zaman əsər haqqında qeyri-müəyyən fəlsəfi mühakimələr yürütməklə və oxuduqlarını, eşitdiklərini nümayiş etdirməklə kifayətlənirlər. Bununla da öz zövqsüzlüklərini və ümumən, ədəbiyyat adamı olmadıqlarını gizlətməyə, niqablamağa can atırlar. Hal-hazırda ədəbiyyatşnüaslıqda və folklorşünaslıqda, xüsusən kompüterlər, internet və yeni texnologiyalarla "silahlanmış" mütəxəssislərin müxtəlif yönlü yaradıcılıq işlərində "mətndən qaçma" və oxuduğu elmi ədəbiyyatları "gözə soxma" tendensiyası getdikcə vüsət almaqdadır. Vaqif Yusiflinin yaradıcılığı isə başdan-ayağa bədii mətn üzərində qurulub. O, nəzmin və nəsrin aurasını, qan dövranını öz vücudundakı damarlar kimi, damarlarındakı qan kimi duymağa və hiss etməyə can atır. Bədii əsərlə öz mənəvi dünyası arasında gözə görünməz əlaqə və rabitə yarada bildiyinə görə də Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Hüseyn Arif və başqa böyük şairlərimiz barəsində yazdığı rəngbərəng məqalələr ədəbi tənqid tariximizdə və ədəbiyyatşünaslıqda müəyyən iz buraxmışdır. Özünəməxsus və obyektiv nöqteyi-nəzərinə görə, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Əbülhəsən, Mehdi Hüseyn, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı və b. ədəbi nəhənglər haqqında yazanda da, bugünkü nəsrimizin görkəmli nümayəndələri - Çingiz Abdullayev, Məmməd Oruc, Aqil Abbas, Kamal Abdulla, Afaq Məsud, İradə Tuncay, Elçin Hüseynbəyli, Mustafa Çəmənli, Rəşad Məcid, İlqar Fəhmi və s. əsərlərini təhlil edəndə də tənqidçi öz estetik nəticə və qənaətlərində səhvə yol vermir.
Yuxarıda söylədiklərimizi təsdiq və isbat etmək üçün Vaqif Yusiflinin əsərlərindən, onlarla kitablarından, yüzlərlə məqalə və esselərindən istənilən qədər dəlil-sübut, misallar gətirmək olar. Amma mən oxucunun təsəvvürlərində bir az müəyyənlik və əyanilik hasil etmək üçün cəmi bir-iki nümunə ilə kifəyətlənəcəyəm. Baxın, görün, həssas və nəfis üslublu münəqqid müraciət etdiyi şairlərin dünyasına - son dərəcə məhrəm və yalnız nadir hallarda bəni-adam nəzəri və nəfəsi yetəcək aləmlərinə necə ehtiyatla daxil olur: "Poeziyamızın iki görkəmli nümayəndəsinin - Musa Yaqubun və Məmməd İsmayılın son illərdə yazdığı şeirlərə üz tutmaq istəyirəm. Niyə məhz onların yaradıcılığına? Mənim fikrimcə, yaşı yetmişi keçmiş bu iki şair hələ də sözün cazibəsindən uzaqlaşmamışlar. Onların yaradıcılığına birtərəfli ynaşan hər kəs düşünə bilər ki, Musanın da, Məmmədin də ən gözəl şeirlərinin yazıldığı illər arxada qalıb, daha onların poetik gücü tükənib və Musa da, Məmməd də öz köhnə şeirlərinin havasında yaşayırlar: "Zəmilərim, xırmanlarım sovrulub, Təndə canım, saçda dənim qovrulub, Xəzəl altda gül otlarım qıvrılıb, Bundan sonra nə olacaq, olacaq. Mən dərdimi pıçıldadım dağlara, Dağlar alıb payladı oymaqlara. Dövrüm verdi haqqımı nahaqlara, Bundan sonra nə olacaq, olacaq". - Bu şeir, əgər belə demək mümkünsə, payız lirikası nümunəsidir. Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı - cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan... Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü..." Tənqidçinin bu emosional misallara və yaşantılara münasibəti qəlbinizi riqqətə gətirir. Şair dünyası ilə münəqqid dünyası arasındakı həmahənglik məni bir oxucu kimi sevindirir. Tənqidçi insanla təbiət arasındakı harmoniyadan söz açıb heyrətlənirsə, məni Musa Yaqub və Vaqif Yusifli dünyalarının doğmalığı, həmahəngliyi heyrətləndirir: "Əlbəttə, Musa Yaqubun "Dostlarını aparan qatar" gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi" deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, Azərbaycanın balaca bir cənnətində oturub, təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəm-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki filosof da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə..."
Azərbaycan ədəbi məkanında ədəbi-tənqidi məqalə janrının hal-hazırkı vəziyyətini müəyyənləşdirən münəqqidlərimizdən biri və bəlkə də, birincisi Vaqif Yusiflidir. Onun yaradıcılığının müxtəlif dövrlərinə aid olan əsərlərinə müraciət etsək, görərik ki, o, hər bir yazının özünəməxsusluğu və emosional-estetik dəyər qazanması üçün can atır. Bütün düşüncəsini və mənəvi enerjisini məhz bu məqsədə - baş ədəbi-estetik janrın müstəqilliyini və nüfuzunu qorumağa yönəldir. Elə bu səbəbdən də alimin hər bir yaxşı məqaləsində hər dəfə janrın poetikasının təkrarsız komponentləri - orijinal proloq və təzə-tər, təravətli epiloqlarla, ədəbi-nəzəri fikrin və təhlilin yeni, gözlənilməz və rəngbərəng dinamikası ilə rastlaşırıq. Məsələn, Vaqif Yusifli "Ayrılıq" (Mərhum deməyə dilim gəlmədiyi Akif Səmədin əlli yaşı tamamdır...) adlanan gözəl və hətta daşürəkli oxucunu belə təsirləndirəcək essevari əsərində yazır: "O, iyulda dünyaya gəldi - əlli il öncə. İyulda da dünyadan köçdü - beş il bundan qabaq. Gəlişini İncə dərəsi, Astanbəyli kəndinin Akifdən yaşlı insanları xatırlayır. Ölümü - gedişi isə bizim gözlərimizin qarşısında oldu. "Natəvan" klubunda, bir tədbirdə aparıcı idi. Danışırdı, şeirlər deyirdi, heç zaman onun nitqi, danışığı bu qədər səlis olmamışdı. Tədbir bitdi, o, hamıyla görüşdü, elə bil, harasa tələsirdi və pilləkənləri endi, aşağıda nəfəsini dərib bir yuxarıya, göy üzünə baxdı. Elə bil, bu yerdən, bu torpaqdan, bu adamlardan qaçmaq, göyə baş almaq istəyirdi. Sonra küçəni keçdi və birdən... Hər il, iyulun 6-da Akifin küçəni adlayıb səkiyə keçdiyini və onda birdən-birə ürəyini tutub yerə çökdüyünü xatırlayanda, ölümündən xeyli əvvəl yazdığı, sanki həmin o müdhiş günü gözləyən şeiri pıçıldayıram:
...Ölüm odu, oğlun-qızın olmaya,
Səndən
sonra, sazın-sözün qalmaya,
Dünya
silə, izin-tozun qalmaya,
Ölmürəm
ha, yaralanıb gedirəm".
Görkəmli
alimin başqa bir istedadlı və təkrarsız tale
yaşayan şairimiz Nizami Aydına həsr etdiyi
"Azadlıq şairi, yaxud son dua" əsəri belə
başlanır: "Son dua" - Nizami Aydının sonuncu
kitabının adıdır. Nizaminin birinci kitabı
olmayıb, heç ikinci kitabı da olmayıb. Nizami Aydın
kimi tanıdığımız bu şair üçün hər
şey sondan başlayıb.
"Gəlimli-gedimli
dünya, son ucu ölümlü dünya".
Onun
üçün son gün 1992-ci ilin 15 iyunu oldu. Həmin
gün Nizami Aydın Sırxavənddə şəhid oldu,
dostum Musa Urud demişkən: "Nizami daha çox şairi
olduğu göylərə çəkildi". Torpağa
gömülmədi, məhz göylərə çəkildi.
Sevdiyi Tanrının yanına!"
Vaqif
Yusifli az qala yarım əsrə yaxındır ki, ilhamla və
sonsuz məhəbbətlə yazıb-yaratmaqdadır. Onun təxminən
70-ci illərin ortalarından Azərbaycanın baş
jurnalı "Azərbaycan"da ədəbi fəaliyyətə
başlamasını nəzərə alsaq, əminliklə
söyləmək olar ki, düz 40 ilə yaxındır ki, zəhmətkeş
alim peşəkar Azərbaycan ədəbi-tənqidi fikrini təkcə
redaktə etməklə yox, eyni zamanda, cilalamaq, zənginləşdirmək
və yeni zirvələrə yüksəltməklə məşğuldur.
Elə bu səbəbdən də peşəkar tənqidçinin
məqalələrində dərinlik, yüksək elmi səviyyə,
axıcı və nəzakətli təhkiyə tərzi,
heç kimlə müqayisə olunmayan professionalizm ilk
baxışdan nəzərə çarpır. Vaqif Yusiflinin
lap sonuncu - ən təzə məqalələrindən birini
oxuyaq. Bu yazının sərlövhəsi də,
başlanğıcı və sonu da bir hədəfə vurur:
Orijinal bir yazıçının bənzərsiz ədəbi
tərcümeyi-halını səciyyələndirməyə!
"Ağ saçların hekayəti" ("Ədəbiyyat
qəzeti", 30 mart 2013-cü il) hazırkı ədəbiyyatımızın
görkəmli nümayəndələrindən biri Aqil
Abbasın yaradıcılıq yolu haqqında ən uğurlu
elmi-estetik araşdırmalardan biri kimi təsir
bağışlayır: "Tanınmış
yazıçı-publisist-mühərrir Aqil Abbasın 60
yaşı tamam oldu. Onu çox az tanıyan cavan nəsil
üçün bu yaş gözlənilməz deyil.
Çünki onlar bu ağ saçlı
yazıçını o cavan ikən görməyiblər.
Amma biz - Aqil Abbasın yaşıdları, yaxud ondan bir az
yaşlı, bir azca da cavan həmkarları dostumuzun 40 illik sənət
yolunun şahidi olmuşuq". Son dərəcə
böyük istedad və məharətlə
yazılmış bu lakonik məqalədə görkəmli
nasirimizin 40 illik yaradıcılığı yüksək
peşəkarlıq və səriştə ilə ümumiləşdirilib.
Aşağıdakı mülahizələrə müəyyən
bir fikir və ya istək əlavə etməyə ehtiyac
duyulmur: "Yazıçı Aqil Abbas əslən
Qarabağlıdır... Bunun, əlbəttə, bizim söhbətə
dəxli var: Aqil Abbas Zərdabda da, Masallıda da, Ağsuda,
Qubada da doğula bilərdi, təbii ki, yenə də bir
yazıçı kimi şöhrətlənərdi. Amma o
zaman nə "Evləri köndələn yar", nə
"Çadırda Üzeyir Hacıbəyov doğula bilməz",
nə də "Dolu" kimi əsərlər yaranardı.
Çünki bu adlarını çəkdiyim əsərlər
sırf "Qarabağ şikəstəsi" üzərində
köklənib və Aqilin bu əsərlərində
Qarabağ koloriti, Qarabağ dərdi və Qarabağa
böyük sevgilər öz ifadəsini tapıb və nə
qədər subyektiv səslənsə də, qoy deyim:
Qarabağ dərdini və Qarabağla bağlı koloriti
çox az yazıçı belə doluluqla ifadə edə
bilərdi.
Bədii
olan, yaşamağa qadir hər bir sözün, mətnin
arxasında şəxsiyyət durur. Bu şəxsiyyətlərin
varlığıdır ki, ədəbiyyat yaranır və həmin
şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də
çat verər. Aqil Abbas da müasir ədəbiyyatımızda
belə şəxsiyyətlərdən biridir. Bu gün
çox mürəkkəb və təzadlı bir zəmanədə
- Azərbaycan cəmiyyətində Aqil Abbasın öz yeri və
mövqeyi var. O, ədəbiyyata yetmişinci illərin əvvəllərində
gəlib, indi bu nəslin bir çox nümayəndələri
nəsrdə, poeziyada aparıcı şəxslərdir".
Vaqif
Yusifli "Ağ saçların hekayəti" məqaləsində
təkcə tanınmış yazıçımızın
özünəməxsus bədii dünyasını
açmaq, kəşf etmək və səciyyələndirməklə
kifayətlənmir, eyni zamanda, onun çağdaş Azərbaycan
ədəbiyyatı tarixindəki yerini və mövqeyini də
təyin etməyə müvəffəq olur: "Öncə
qeyd etdik ki, Aqilin yazılarında Qarabağ koloriti çox
güclüdür (dil faktorundan tutmuş adət-ənənələrin
təsvirinə qədər), amma bu məhdud məhəlləçilik
səviyyəsinə enmir. O, Qarabağı bütün tarixi
keçmişi və müasirliyi ilə azərbaycanlaşdıran
yazıçıdır. Bəli, Aqili Qarabağsız təsəvvür
etmək mümkün deyil və 90-cı illərin o
ağır günlərində Aqili Bakıda yox, cəbhə
bölgələrində, Qarabağın kəndlərində,
döyüşçülər və yaralılar arasında
axtarıb tapa bilərdin. Aqil Abbas "Çadırda
Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu"
və "Allahı qatil edənlər" kimi ədəbiyyat
tariximizdə yaşaya biləcək əsərlərin müəllifidir
və mən deyərdim ki, yazıçı Aqil Abbasın sənət
tərcümeyi-halının ən şərəfli, ən
qürurlu məqamları elə bu əsərlərlə
bağlıdır".
Bu məqalənin
epiloqu - son akkordları da alimin elmi-estetik niyyətini və
konsepsiyasını açmağa, aydınlaşdırmağa
xidmət edir: "Altmış yaş. Qırx il əvvəl
qapqara saçlı Aqil Məhəmməd oğlu Abbasov indi
saçları ağappaq Aqil Abbas görkəmindədir.
Qırx ilə əvvəl ilk şeirləri, hekayələri
ilə redaksiyaların qapısına utana-utana,
sıxıla-sıxıla gəlib çıxan Aqil indi
özü nüfuzlu bir qəzetin təsisçisidir və
istedadlı cavanlara qayğısını əsirgəmir.
Qırx il, otuz il əvvəl Aqilin gəzib -
dolaşdığı mühit ancaq özü yaşda cavan ədiblərin
mühiti idi. Amma həyat yolunu ağılla, səbrlə, təmkinlə
keçən Aqil Abbas xalqın sevimlisinə çevrildi,
müstəqillik dövrünün fəal
ziyalılarından biri kimi diqqəti cəlb etdi və indi
onun Milli Məclisdə bir deputat kimi fəaliyyəti tamamilə
qanuni və ədalətlidir. Bu ağsaçlı ədibə
can sağlığı, könül xoşluğu və yeni
yaradıcılıq uğurları arzulayaq!"
Vaqif
Yusiflinin 65 yaşı! Ömrün və
yaradıcılıq yolunun kamillik zirvəsi!
Əgər
biz bu zirvədən keçən illərə və yollara nəzər
salsaq böyük zəhmətlərin və uğurların
bir-birini əvəz etdiyini görərik. Təsadüfi deyil
ki, görkəmli alim filologiya elmləri doktoru Vaqif Yusifli son
illərdə nəşr etdirdiyi fundamental kitablarında məhz
illərin və yolların yaddaşını (Poeziyanın
illəri və yolları, Bakı, 2009) və əlahəzrət
zamanın poeziyadakı izlərini (Poeziya və Zaman, Bakı,
2012) açıb göstərməyə
çalışıb.
Vaqif
Yusiflinin həyat və yaradıcılıq yolunu bir neçə
kəlmə ilə ümumiləşdirmək zərurəti
doğulsaydı, mən bu həyat yolunu "Mübarizlik və
cəsurluq" örnəyi adlandırardım. Bir də
söz sənətinə sonsuz sevgi və sədaqət
nümunəsi deyərdim.
Dahi
rus yazıçısı Anton Pavloviç Çexov öz məşhur
hekayələrinin birinin qəhrəmanını
"istedadlı insan" adlandırır. Mənə elə
gəlir ki, tənqidçi dostum və həmkarım Vaqif
Yusifli məhz böyük hərflərlə yazılan
İstedadlı İnsandır. Bu istedadlı insanın yorulmaz
və mübariz qəlbi Azərbaycan ədəbiyyatını
yeni bir əfsanə ilə zənginləşdirməkdədir.
Bu isə Azərbaycan bədii sözünü sevmək və
sevdirmək eşqi ilə yaşayan zəhmətkeş bir
insanın, mərd və mətanətli bir qələm
sahibinin yaratdığı əfsanədir.
Bizcə,
prof. Tahirə Məmmədin aşağıdakı mülahizələri
son dərəcə istedadlı və zəhmətkeş ədəbiyyatşünas
alimin həyat və yaradıcılıq yolunu təsəvvürlərdə
daha aydın canlandırır: "Bu ədəbiyyat, poeziya
vurğununun yolu çoxdan başlayıb, sözü ilə
görüşdüklərinin, hardasa, elə özü ilə
də görüşüb, hərəsindən bir ərməğan
alıb və onu sərgiləyərək gəzir. Vaqif
müəllimin yaddaş xəzinəsində Füzulinin,
Nişat Şirvaninin, Seyid Əzimin, Səməd Mənsurun, Əliağa
Vahidin söz inciləri var. O, bu şairlərin şeirlərinin
vurğunudur, onları təhlil etməkdən çox əzbərdən
söyləməyi sevir. Bəzən yol gedə-gedə hissə
qapılıb həmin şeirləri öz-özünə
dediyi də kənardan müşahidə olunur. Klassik poeziyaya
heyranlığı onu müasir ədəbiyyatdan
ayırmır. Beynində, ruhunda onları
qarşılaşdırır və "yol"da kimlərin
sıralandığını müəyyənləşdirməyə
çalışır. O, bəzən elə şairlərdən,
hekayə müəlliflərindən söz açır ki,
onlar özlərini ədəbi ictimaiyyətdə
tanıtmağa və təsdiqləməyə çətinlik
çəkirlər. Lakin prosesi bütöv təqdim etməyə
çalışan V.Yusifli öz palitrasından onlara aid rənglərə
də yer ayırır".
Azərbaycanın
bədii sözünü ürəkdən sevən və
öz sevgisini könüllərə paylaşmaqdan yorulmayan zəhmətkeş
alimə can sağlığı və uzun ömür
arzulayırıq.
Yaşar Qasımbəyli,
Professor
Ədalət.-2013.-30 aprel.-S.7.