Gənc komandirin ölümü, direktor oğlunun bəxti, polkovniksiz
ilk döyüş...
Qarabağ müharibəsinin
gerçək hekayətlərini Lent.az-a və "Ədalət"ə
Rey Kərimoğlu yazır
Layihə: "Kəşfiyyatçının
xatirələri"
Dost-tanış
yaxşı bilir, Qarabağ savaşında
döyüşçü gündəliyi yazmamışam. Yazanlara
da həmişə qibtə eləmişəm. Əvvəllər
belə bir fikrim olub, amma gündəliklərlə
bağlı baş verən bir neçə xoşagəlməz
hadisələr bu işdən daşındırıb məni.
O günlər elə hey beynimdə canlanıb nəsə
yazmağa vadar edir, yəqin yaddaşın elə qatları
var ki, orda yaşayan xatirələr mütləq
yazılmalıdır. Həyat əsl gündəlikdir, nə
vaxt yazılırsa yazılsın...Elə məqamlar var ki,
onlar heç vaxt unudulmur.
Digər
tərəfdən, düşündüm ki, bu həm də o
günləri yaşamış, döyüşlərdə qəhrəmancasına
şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü
nəticəsində sağ qalan insanların unudulmaması, gələcək
nəslə bizim müstəqilliyimizin ilk illərində
yaşadığımız keşməkeşli günləri,
ələlxüsus da torpaqlarımızın erməni
işğalçılarından müdafiəsi məqsədi
ilə çətin şəraitdə milli ordunun yaranması
prosesinin şahidi kimi hadisələri olduğu kimi
çatdırım. Əlbəttə, mən əsasən
1991-1993-cü illərdə gördüklərimi, çox
nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan
eşitdiyim hadisələri qələmə alacam...
Bu da
mənim bir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin
bir səhifəsi. İndi bu səhifənin bəzi yerləri
o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gec
deyil, nə qədər ki, biz - bu qanlı səhnənin
gerçək şahidləri varıq, bu səhifələri
bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik.
Tamamilə oxunmaz hala gəlmədən...
26-cı yazı
Ağır itki
Şirin
Mirzəyevin ölümündən sonra batalyonda əsgərlər
arasında ruh düşkünlüyü yaşandı. O
cümlədən məndə. Elə bilirdim ki, daha
Qarabağı müdafiə edə bilməyəcəyik ,
sanki inancımızı, güvəncimizi,
dayağımızı itirmişdik. Bir çoxları kimi mən
hələ də buna inanmırdım. Kəşfiyyat dəstəsinin
yerləşdiyi binadakı otağımda tez-tez məni qara
basırdı. Gecə çarpayıda uzanıb
gözümü yuman kimi qapı açılırdı, səsə
ayılırdım ki, Şirin Mirzəyev içəri daxil
olur. Tez durub uşaqları çağırmaq istəyirdim ki
"ay uşaqlar, komandir ölməyib!" Amma bir də
görürdüm ki, o, qeybə çəkildi, bunlar
hamısı qarabasmadır.
Hidayəti də itirdik...
Minaatanlar
dəstəsinin komandiri Hidayət İbrahimov dəstənin
yerləşdiyi binada otaqların birinin divarından
böyük bir Azərbaycan bayrağı
asdırmışdı. Bayrağın üstündə də
Məmməd Əmin bəyin iri bir portreti var idi. Ora dəstədən
şəhid olan əsgərlərin fotolarını vururdular.
Hər dəfə şəhid şəkli asılandan sonra
Hidayət deyirdi ki, müharibədir, uzun müddət yas
saxlamağa vaxtımız yoxdur. Bu hadisə hər birimizi
gözləyir. Sabah mən də şəhid ola bilərəm.
O zaman mənə də beləcə qısa müddətə
yas saxlayarsınız. Həmişə bunu deyib,
uşaqları "yasdan çıxarırdı".
Şirin
Mirzəyevin yeddisi günü minaatanlar dəstəsinin
komandiri, qəhrəman döyüşçümüz Hidayət
İbrahimovu avtoqəzada faciəli şəkildə itirdik. Çılğın, olduqca
humanist, amma bir o qədər də davakar bir gənc,
komandir idi Hidayət. Nədənsə Hidayəti həmişə
Azərbaycanın böyük
yazıçısı Sabir
Əhmədlinin "Yamacda
nişanə" əsərindəki
Laçına bənzədirəm.
Laçınla Hidayətin xarakterində,
taleyində bir eynilik var idi.
O da Laçın kimi bu dünyadan
nakam köçdü...
Hidayət yaralı halda hospitalda olanda elə bilirdik ki, yaşayacaq. Amma yaşaya bilmədi, daha doğrusu, yaşamaq istəmədi...
Əfqanıstan müharibəsini odundan, alovundan sağ-salamat çıxan
Hidayəti Qarabağda
itirdik. Uşaqlar onun şəklini
otaqlarında divardan vurdular. Otağındakı çarpayısının üstünə qızılgüllər
düzdülər, böyüdülmüş
fotosunu balışının
üstünə qoydular.
Amma daha bizi heç
kəs yasdan çıxara bilmirdi...
Allahverdi
Qəmbərov batalyon
komandiri oldu
Şirin Mirzəyevin və Natiq Camalovun ölümündən sonra
batalyona Allahverdi Qəmbərov komandir təyin olundu. Kolanı dərəsinin
mərd, cəsur və mübariz bir oğlu idi
Allahverdi. Kolanı
dərəsi demişkən,
tarixi bir məkan olan bu dərədən Qarabağ müharibəsində
xeyli insan şəhid oldu...
Yeri gəlmişkən, Kolanı
şəhidlərinin bir
qisminin adını çəkib, ruhlarını
şad edək: Şiraslan Nəsibov, Əlabbas İsgəndərov
(Azərbaycanın Milli
Qəhrəmanı), Şəmsəddin
İsgəndərov, Elxan
Fərzəliyev, Çingiz
Mustafayev, Mahir Hüseynov, İlqar Quliyev, Bəylər Zeynalov, Allahverdi Qəmbərov (ölümündən
sonra "Azərbaycan
Bayrağı" ordeni
ilə təltif edilib), Telman Həsənov, Yelmar Ədilov (Azərbaycanın
Milli Qəhrəmanı),
Fərhad Əsgərov,
Qədir Şirinov, Atamoğlan Məmmədov,
Akif Əsədov, Bəylər Qəmbərov,
Səməndər İsgəndərov,
Elşən Edilov, Elçin Hüseynov, Əlcəzair (Qazax) Vəliməmmədov, Telman
Babayev, Nadir Əliyev,
Məhəmməd Alməmmədov,
İdris Hümbətov,
Saleh Ələkbərov,
Natiq Əhmədov, Səftər Cəfərov,
Şahin Məmmədov,
Sahib Hüseynov, Yusif Cəfərov, Adil Əliyev, Bəşir Rzayev, Elnur Gülməmmədov,
İlqar Həsənov,
Hüseyn Muradov və çox güman ki, adını unutduğumuz da neçə-neçə
digər şəhidləri
var Kolanının. Ruhları bizi bağışlasın!
Allahverdi Qəmbərov Şirin Mirzəyevin ən yaxın silahdaşlarından,
sirdaşlarından idi. Heç yadımdan
çıxmaz, 1992-ci ilin
əvvəllərində ermənilərin
qərar tutduğu Fərrux-Daşbaşı mövqeyinə
zərbə vurmaq üçün Yeddi Xırman adlanan yüksəkliyə top çıxarılmalı
idi. Amma dağın başına
sıx meşəliklə
bu topu qısa
bir vaxtda necə çıxarmaq olar? Şirin Mirzəyev o zaman
bu ağır işi həmin ərəfədə qərargah
rəisi olan Allahverdi Qəmbərova 10
gün müddətinə
görməyi tapşırdı.
Allahverdi Qəmbərov
da bu işi
Cinli rotasının komandiri Rasim Nəsibovun vaxtında və daha keyfiyyətlə
yerinə yetirə biləcəyini dedi. Onlar düz yeddi günə topu Yeddi Xırmana çıxardılar. Yağışlı, qarlı havada traktorlarla dağın başına necə yol çəkildiyini döyüşçülər Rasim Nəsibov, Elman müəllim, Alış
müəllim daha yaxşı bilirdilər.
Hər üçü orta məktəbdə dərs
dedikləri üçün
bütün əsgərlər
onlara müəllim deyirdi. Müəllim dediyimiz bir döyüşçü dostumuz
da var idi
- Mehralı müəllim.
Müharibədən sağ
çıxsa da, torpaqlarımızın işğalından
sonra çox yaşaya bilmədi Mehralı müəllim. Ürəyi tap gətirmədi
bu itkiyə...
Allahverdi Qəmbərov haqqında gələn yazılarımızda
daha ətraflı məlumat verəcəyik.
Fəhlə-kəndçi balaları ilə
yanaşı direktor oğlu da döyüşürdü...
Bizim kəndimizin
fəhlə, qulluqçu,
müəllim və kasıb balaları ilə yanaşı, uzun illər sovxoz direktoru işləyən Arif Abdullayevin oğlu Sakit Abdullayev Şirin Mirzəyevin yaratdığı batalyonun
ilk könüllülərindən idi. Yeri gəlmişkən,
Qarabağın ağır
seyidlərindən sayılan
Seyid Lazım Ağanın nəvəsi
Lazım da bizimlə birgə döyüşürdü...
Sakitlə Şirin Mirzəyevin şəxsən özünün
keçdiyi ilk təlimdə
birgə iştirak etmişik. Sonrakı dövrlərdə isə onunla Ağdamın Abdal kəndinin ermənilər
yaşayan Yenicə kəndi tərəfində
- dağın başında
bir postda olmuşam. Bu uca dağın başında ermənilər
bizim posta hücum etdilər. Atəş altında səngərdən
çıxıb təbiətin
yaratdığı bir
qədər daha etibarlı səngər kimi çalada mövqe tutduq. Üzü ermənilərə tərəf
vuruşduğumuz zaman
qəflətən sağ
tərəfdən atılan
güllərə qarşımızdakı
torpağı, daşları
göyə sovurdu.
Sakit arxası üstə geri atıldı. Elə bil kimsə Sakiti götürüb zərblə geri atdı. Rəngi ağarmışdı Sakitin. Elə bildim onu vurdular. Sakitə yaxınlaşdım. Əlimlə
nəbzini, güllə
dəyib-dəymədiyini bilmək
üçün sinəsini
başını yoxladım.
Sağ idi. Bəs nə olmuşdu ona? Özünə gələn Sakitin
dodaqları iri lopa bığlarının
arasından qaçdı-gülümsədi.
Əlini sol tərəfə,
ürəyinə sarı
aparıb təbəssümlə
dedi:
-
Vallah, Allah saxladı ha, yoxsa ölmüşdüm, qaqa!
Güllə
Sakitin uzanarkən sürüşərək düz ürəyinin
üstünə gəlmiş patronqabı (30 güllə
tutan 4 daraq yerləşən qalın, balaca çanta)
çantasının cod bir yerinə dəyib istiqamətini dəyişərək
sol qolunun altını yalayıb keçmişdi.
Sakitin
ölümdən qurtulan an gördüyüm siması indi də
gözümün qabağındadır.
Canyataq, Gülyataq
döyüşü...
İyunun
sonları idi. Bizi əməliyyat adı ilə Ağdam
rayonunun Qalayçılar kəndinə apardılar. Orada məktəbdə
Bakıdan, Şəkidən və Ağdam mədəniyyət
evindən gələn musiqiçilər, sənət
adamları konsert verirdilər. Elə konsert yenicə
başlamışdı ki, ermənilər kəndi
ağır artilleriyadan atəşə tutdular.
Qarışıqlıq düşdü. Bizim kəşfiyyat
dəstəsinin əsgərləri ilə batalyonun əsgərləri
toplaşdıq. İndi unutmuşam, digər bir batalyon da
bizimlə orada idi. A.Qəmbərov bizə bildirdi ki, Canyataq və
Gülyataq kəndlərini ermənilərdən təmizləmək
üçün əməliyyat olacaq. Rasim Edilovun komandiri
olduğu və digər rotalarla birgə Canyataqla Gülyataq
istiqamətinə irəliləməyə başladıq...
Rasimin
qardaşı Şəfa Edilov da bizimlə idi, birlikdə irəliləyirdik.
Elə də böyük olmayan dağın başında ermənilər
mövqe tutmuşdu. Canyataq və Gülyataq o dağların
arxasında yerləşirdi. Ermənilərin postuna xeyli
yaxınlaşdıq və Şirin Mirzəyevsiz ilk
ağır döyüşə başladıq...
reykerim@gmail.com
(Ardı var)
Ədalət.-2013.-30
aprel.-S.6.