Bir cənub rayonu
– Masallı
İsti yay günlərindən baş götürüb paytaxtdan əyalətlərə gələnlərin sayı indi qat-qat çoxdur. Bürkülü istidən qurtulmaq, gecələri dağlarda, bulaq başında keçirmək, sərinləmək istəyi təbii hissdir. Bu təbii hissi təbiətin qoynunda, doğmalarla, dostlarla paylaşmaq isə ən gözəl istirahətdir.
Bakıdan cənuba uzanan avtomobil yolları şənbə günləri daha qələbəlik olur. Çünki ən azından 2 gün burdakı istirahət mərkəzlərində dincəlmək, təbiətdən zövq almaq imkanı çoxdur. Masallıda, Lənkəranda, Astarada, Lerikdə, Yardımlıda belə istirahət guşələri kifayət qədərdir. Turistlərin, müsafirlərin, ətraf rayon sakinlərinin üz tutduqları belə məkanlar insanları qarşılamağa həmişə hazırdır. Masallının məşhur "İsti-su" sanatoriyasında indi iynə atsan yerə düşməz. Çox böyük müalicəvi əhəmiyyəti olan bu sudan yararlanmaq istəyənlər həm də xarici ölkə vətəndaşlarıdır. "Daşdvənd", "Gölüstü", "Yeddi qardaş", "Gülüstan", "Dəmirağacı", "Rasim" və digər istirahət mərkəzlərində gecələr daha maraqlı olur. Kiçik musiqi qruplarının ifa etdikləri həzin, şaqraq nəğmələr dərələrdən axan çayın zümzüməsinə qarışıb dalğa-dalğa dağlara yayılır. Körpələrin gülüş səsləri bu musiqiyə qarışıb gecəni bir az da mənalandırır. Bəzən körpələrinə təpinən anaların səsi də burda, bu yay axşamı bir ayrı çalardadır.
Salam, gözəl şəhər
Ötən yaydan yolumu salmadığım Masallı şəhəri bir ildə o qədər dəyişib ki, ilk anda bir az duruxdum da. Şəhərin girəcəyindəki köhnə tikililərdən əsər-əlamət qalmayıb. Geniş küçələrin ətrafında bir-birindən gözəl, yaraşıqlı inzibati binalar, müasir tikililər o qədər çoxalıb ki, saymaqla qurtarmaz. Heydər Əliyev prospekti boyunca belə tikililərin sanki yarışı keçirilir. Yol kənarındakı yaşıllıqlar da inşa edilmiş binalara xüsusi bir gözəllik verir.
Rayon İcra Hakimiyyətinin əsaslı təmir olunmuş inzibati binası milli memarlıq üslubunda o qədər gözəl işlənib ki, paytaxtın ən görkəmli binaları ilə müqayisə edilə bilər. Binanın qarşısında iri və yaraşıqlı meydan yaradılıb, ətrafdakı yaşıllıqların miqyası da xeyli genişlənib.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda istirahət edənlərə, burdakı gözəllikdən zövq alanlara həmişə rast gəlmək olur. Rayon sakini Rafiq Bağırov da onlardan biridir. Kifayət qədər məlumatı olan Rafiq kişi Masallıda aparılan abadlıq-quruculuq işlərindən ürək dolusu danışdı:
- Xeyli qədim tarixə malik Masallı rayonu haqqında danışmaq mənimçün həmişə məsuliyyətli olub. Çünki deyilən hər sözün arxasında həqiqət dayanmalıdır. Masallıda, eləcə də rayon mərkəzində aparılan abadlıq-quruculuq işləri göz önündədir. Ölkə Prezidentinin "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi barədə verdiyi təkliflər öz nəticəsini verməkdədir. Ötən illərdə olduğu kimi 2013-cü ilin arxada qoyduğumuz 6 ayı ərzində də biz masallılılar xeyli iş görmüşük. Hazırda rayonun daha da inkişaf etdirilməsi istiqamətində bir sıra sosial-mədəni obyektlərin tikilməsinin son mərhələsidir. Şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov, Qarabağ küçələrində geniş abadlıq-quruculuq işləri yüksək sürətlə aparılır. Küçələr asfaltlaşdırılır, səkilər yenidən qurulur, yolların kənarlarına ağac əkilir. Gördüyün və istirahət etdiyimiz Heydər Əliyevin adını daşıyan bu parkda, eləcə də Heydər Əliyev Mərkəzində yenidənqurma işlərinin lap sonudur. Bu işlərin sonunda bu məkanın ayrı hüsnü olacaq. Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının inzibati binasında əsaslı təmir işləri artıq başa çatmışdır. Qəhrəmanlar parkında, "Ahıllar evi"ndə, H.Əliyev meydanında, rayonun giriş və çıxışlarında tikinti işləri böyük zövqlə aparılmışdır. Şəhərimizin ən böyük küçələrindən olan Qarabağ küçəsində köhnə tikililər sökülmüş, məhəllələrdə geniş abadlıq işləri aparılmışdır. Burdakı hündür və ümumi yaşayış evlərinin dam örtükləri tamamilə yenilənmişdir. Şəhərin ümumi görünüşünə uyğun olaraq onlar müasir formaya salınmışdır. Masallıdakı Boks və Taikvando mərkəzləri, Boradigah qəsəbəsindəki idman kompleksi, bir sıra ümumtəhsil məktəbləri, uşaq bağçaları, istixanalar yaxın vaxtlarda sakinlərin ixtiyarına veriləcək.
Tikinti-abadlıq işləri sırasında yolların yenidən salınması təqdirəlayiqdir. Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında Masallıda kənd yollarının tikintisinə diqqət xeyli artırılmışdır. Ümumi uzunluğu 23,8 kilometr olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq, Seybətin-Səmidxan, Musaküçə-Lürən, Qodman-Qərblər, Sərçuvar-Sirəbil avtomobil yollarının əsaslı təmir işlərinə başlamışıq. İşlər çox böyük sürətlə və keyfiyyətlə aparılır. Həsənli-Xırmandalı, Sərçuvar-Sirəbil yolunun tikintisi isə artıq uğurla başa çatdırılmışdır. Yollarla bağlı bir sıra tədbirlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq. Belə işlərin çox olması bizi qorxutmur, çünki hər bir zəhmətin arxasında yeni bir tikinti dayanır. Belə tikililərin çox olması şəhərimizin, rayonumuzun simasıdır, gözəl görüntüsüdür. Yayda da, maşallah, qonağımız lap çox olur. Ona görə də şəhərimiz yaddaqalan olmalıdır.
Rafiq müəllim öz şəhərini sevən yüzlərdən biridir.
(ardı gələn
sayımızda)
Səxavət Məmmədli
ədalət.-2013.-2 avqust.-S.3.