Bir cənub rayonu - Masallı

(əvvəli ötən sayımızda)

 

Rabitə xidməti öncül yerdədir

Masallı rayon sakinlərinin daha çox öyündükləri və hər zaman qürur duyduqları infrastrukturlardan olan rabitə və kommunikasiya xidməti doğrudan Masallıda inkişaf etmiş sahələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ili "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan etməsi heç də təsadüfi deyil. İndi elə bir Masallı sakini tapılmaz ki, o istədiyi vaxt istədiyi yerdən öz doğma rayonu ilə əlaqə saxlamaqda çətinlik çəksin. Rayonda yaradılan şərait bunu deməyə əsas verir.

Məhz bunun nəticəsidir ki, Masallı rayonunda 55 yeni Elektron ATS binasının tikintisi nəzərdə tutulur. Bu məqsədlə kəndlərdə müvafiq torpaq sahələri ayrılmışdır. Artıq Qodman kəndində yeni ATS binasının tikintisi başa çatdırılmışdır. Qeyd etmək lazımdır ki, Masallı rayonu cənub bölgəsində rabitə xidmətlərinin inkişafı üzrə ən qabaqcıl yeri tutur. Masallılılar haqlı olaraq elə bununla da öyünürlər.

Su həyatdır, su dirilikdir

Rayonun iqtisadi-sosial həyatı ilə daha çox maraqlanan və bu yöndə kifayət qədər məlumatı olan şəxslərdən biri də Atabala Hacıyevdir. Atabala kişi rayonun suya olan tələbatını belə xarakterizə edir:

- Prezident İlham Əliyevin xeyir-duası ilə ötən il Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bununla da Masallı şəhər sakinlərini uzun illərdən bəri narahat edən bu problem qısa vaxtdan sonra öz həllini tapacaqdır. Masallı rayonunun əksər kəndlərində içməli su xəttinin qaynaqlarının olmaması gündəlik həyatda çətinlik yaradırdı. Prezident tərəfindən müvafiq qurumlara verilən tapşırıqlara əsasən Muğan zonasında yerləşən 20 kəndin və Göyəçöl-Qızılağac istiqamətində olan 18 kəndin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələndirmə işləri aparılmışdır. Artıq "Viləşçay" su dəryaçasından həmin istiqamətdə olan kəndlərə içməli su xəttinin çəkilişinə başlanılmışdır.

Atabala Hacıyev onu da əlavə etdi ki, Masallı rayonunda içməli su ilə bağlı bütün qayğılar tezliklə öz həllini tapacaqdır.

"Tikirik izimiz qala"

Respublikanın hər yerini əhatə edən tikinti işləri öz izlərini bütün bölgələrdə qoymaqla bərabər həm də həmin regionların simasını xeyli dəyişməsinə xidmət edir. Masallı rayonunun iqtisadi-sosial, mədəni həyatında fəal iştirak etmiş, indi təqaüddə olan müəllim Həmidulla Məmmədov da rayonu haqqında öz fikirlərini bizimlə belə bölüşdü:

- Azərbaycanın hər yerini əhatə edən tikinti işləri sabaha hesablanan ən böyük sosial məqsədlərdən biridir. Hər bir tikinti, inşa olunan yeni bina yaxşı şərait anlamına gəlməklə bərabər, həm də məsuliyyətdir. "Yeniləşən Azərbaycana yeni məktəb" devizi altında son illər Masallıda 33 yeni məktəb binası tikilmişdir. 5 məktəb binası isə əsaslı təmir edilmişdir. İndi 6 məktəbin - Kosakül, Kəlbəhüseynli, Xıl, Öncəqala, Kubin və Allahyarlı kəndlərində yeni məktəb binasının tikintisi aparılır. Bədəlan kənd tam orta məktəbinin əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə Şatıroba, Çayqıraq, Dəlləkoba, Köhnə Zuvand kəndlərində yeni məktəb binasının tikintisinə, Masallı şəhər 1 saylı və Kolatan kənd tam orta məktəblərinin əsaslı təmirinə başlanılacaqdır.

Rayonda fəaliyyət göstərən tibb müəssisələrinin və tibb məntəqələrinin maddi-texniki bazalarını möhkəmlətmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Hal-hazırda Mahmudavar, Xırmandalı kəndlərində yeni həkim məntəqələrinin tikintisi davam etdirilir. Miyankü kəndində isə yaxın vaxtlarda bu işlərə start veriləcək.

İndi Heydər Əliyev mərkəzində yenidənqurma və genişləndirmə işləri yekunlaşmaq üzrədir. Bu mərkəzdə muzeylə bərabər xarici dil, kompyuter kursları, rəqs qrupları, xalq sənətkarlığı, rəssamlıq, elektron kitabxana və digər bölmələr fəaliyyət göstərəcək.

Həmidulla müəllim sonda Masallının inkişafında rayon İcra Hakimiyyətinin başçısı Rafiq Hüseynovun xidmətlərindən də danışdı. Əlavə etdi ki, Masallının hərtərəfli inkişaf etməsində xalqa arxalanan Rafiq müəllim daha böyük uğurlara çox yaxın vaxtlarda rayon sakinləri ilə birgə imza atacaq...

Hələ ki, yay davam edir. Ölkənin bir sıra regionları ilə bərabər cənubun da indi qonaqlı-qaralı vaxtıdır. Bu qonaqların, xaricdən ölkəmizə təşrif buyuran turistlərin yaddaşında qalmaq elə də asan deyil. Öz xidmətləri ilə onların yaddaşlarında qalan hər bir masallılı elə bu gün, elə bu isti yay günlərində Masallı haqqında xoş təəssürat yaradanlardır.

 

Səxavət Məmmədli

Ədalət.-2013.-3 avqust.-S.4.