ŞEİRİMİZDƏ
QARABAĞ
ƏDƏBİ
HƏYAT
2013-08-03 04:52 |
542 dəfə oxunub Şriftin
ölçüsü: A+ Böyütmək
A+ Balacalaşdır
(V MƏQALƏ)
Böyük ədəbiyyat, Əlahəzrət Söz yalanı sevmir. Çexovun bir fikrini xatırlayıram: "İncəsənət elə onunla əhəmiyyətlidir ki, onda yalan qırıldatmaq olmaz. Məhəbbətdə, siyasətdə, təbabətdə yalan danışmaq, adamları aldatmaq olar, cənab Allahın özünü də aldatmaq olar, belə hallar çox olmuşdur, lakin incəsənətdə aldatmaq olmaz".
Keçən əsrin sonlarını xatırlayaq. O zaman -məmləkətimizin başı üstündə qara buludlar oynadığı bir vaxtda hər hansı şairin "bülbülə, eşqə dair yalan fırlatmağı" bir qəbahət sayılırdı. Ədəbiyyatı, xüsusilə, poeziyanı heç kim, hansı qüvvə iləsə səfərbərliyə ala bilməz, ədəbiyyat özü həmişə səfərbər əhval-ruhiyyədədir və səfərbərlik də hər şairin öz içində yaşamalıdır.
Vaxtilə şeirimizdə "biz Babək nəsliyik, Koroğlu nəvələriyik" şüarını, nidasını tez-tez eşidərdik.Müəyyən müddət-90-cı illərdə bu şüarı ağı və hıçqırtılar əvəz etdi. Bir-birinə əks olan bu iki məzmunun əslində, heç birinin yeni dövrdə faydası olmadı.Çünki Babək və Koroğlu nəslinin torpaq itkisinə məruz qalması, məmləkətin qəbristanlıqlarını bürüyən şəhid sıralaması qələbə və zəfər üvertülarını deyil, ağı və hıçqırtı mərsiyəguluğunu gətirdi. Ədəbiyyat bu ağı və hıçqırıqlarla irəli gedə bilməzdi.Odur ki, xalqın başına gətirilən bu fəlakətləri, müsibətləri, xalqın müqavimət və mübarizə əzmini yeni bir çalarda, yeni ahəngdə ifadə etmək lazım idi. Bu yolda ilk addımı Xalq şairi Bəxtiyar Vahabzadə atdı və onun "Şəhidlər" poeması ittiham ruhlu bir əsər kimi diqqəti cəlb etdi. Daha sonra Xalq şairi Qabilin oyandırıcı, ruhlandırıcı, səfərbəredici şeirləri yarandı. Poeziyada bu meyl və istiqaməti İsa İsmayılzadə "Haran ağrıyır, Vətən?" poeması ilə davam etdirdi. Mərhum şair (İsa İsmayılzadə 1997-ci ildə vəfat etdi) müsahibələrinin birindi deyirdi: "Elə söz var ki, zamanında deyilir, amma bütün dövrlərə aid olur. Xalqımızın, məmləkətimizin taleyi həll olunduğu bir vaxtda bizim bəzi yazıçılar elə bil, vətəndaş olmağı unudublar. Məni narahat edən odur ki, İkinci dünya müharibəsi ilə müqayisədə bu müddət ərzində yazıçı sözü o qədər də kəsərli olmayıb. Doğrudur, burada başqa bir məntiq də var: indiki müharibə daha mürəkkəb və ziddiyyətlidir, müharibədən çox siyasi oyuna oxşayır. Və bu müharibə dünyanın güclü dövlətlərinin böyük maraqları altında gedən savaşdır. Deməli, bu müharibədə böyük taktiki manevr etməyimiz, nəfəs almağımız tək bizdən asılı deyil. Mən bu illər ərzində baş verən xəyanətlərin hamısını lənətləyirəm, amma bir həqiqət var ki, həmin o qüdrətli superdövlətlər balaca bir müsəlman ölkəsinin ikinci güclü türk dövləti olmasını istəmirlər. Amma nə olursa-olsun,şair-sənətkar ətrafında baş verən hadisələrə biganə qalmamalıdır".
Məlumdur ki, Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, müharibədə xeyli miqdarda insan tələfatı oldu, şəhərlər, kəndlər yandırıldı, maddi abidələr yerlə yeksan edildi. Azərbaycanda, ölkə daxilində gedən qarşıdurmalar, hakimiyyət uğrunda gedən mübarizələr də öz mənfi təsirini göstərdi. Təbii ki, bu hadisələr poezimyaya da təsirsiz qalmadı.
Belə bir həqiqətin şahidi olduq ki, Azərbaycan poeziyası Atəşkəsdən sonra iki əsas mövzuya daha çox diqqət yetirib: 1) Müharibənin doğurduğu ağrılara, üzüntülərə və bunların insanlarda doğurduğu psixoloci məqamlara münasibət diqqət mərkəzinə çəkildi, eyni zamanda həmin müharibənin, çözülməz hala gətirilmiş Qarabağ probleminin əsas günavhkarları ittiham edtldi 2) Çıxış yolu nədədir?-bu suala Poeziya da cavab axtarır.
Atəşkəsdən sonrakı poeziyada itkilərlə bağlı sorğular başladı, müvəqqəti məğlubiyyətin səbəbləri araşdırıldı, "kimdir günahkar?" sualı qoyuldu. Əlbəttə, poeziya siyasət deyil, lakin siyasətdən fərqli olaraq poeziyada məsələyə birmənalı münasibət bəslənilir. Bu münasibət dəyirmi stollarda, beynəlxalq müşavirələrdə həll olunmur, xalq arasında formalaşır, onun ürəyindən keçib gedir və poeziyada da öz əksini tapır. Bu baxımdan öncə adını çəkdiyimiz "Haran ağrıyır, Vətən?" poeması çox səciyyəvi idi.
İsa İsmayılzadənin bu poeması Vətənin ağrı-acılarına, çəkdiyi, gördüyü müsibətlərə şair-vətəndaş münasibətinin ifadəsidir. Şair müharibəyə biganə münasibəti, obıvatel düşüncəsini rədd edir. Deyir ki, Qarabağın bir kəndini, rayonunu ala bilmirik, amma Bakıda "Şuşa" kinoteatrı, "İsa bulavğı" restoranı, "Cıdır düzü" pavilyonu, "Abdal-Gülablı" çayxanası, "Qarabağ" toyxanası sıra-sıra düzülüb.
Ora bax! Ora bax!
Ora bax!-
Hər tərəf, hər yan-
Qarabağ! Qarabağ! Qarabağ!
Mən Vətən itirib, söz tapacamsa,
qupquruca söz,
Mən torpaq itirib, iz tapacamsa,
Reklamlar
içində alışıb
yanan
yağlı, pullu söz-
Nəyimə gərəkdi o Vətən
mənim?
Poema boyu başqa bir motiv də diqqəti
cəlb edir-bu da Vətənin bu ağır günü ilə bağlı ağrı və üzüntüdür. Şair
poemaya belə bir epiqraf verir:
"Dövlət Şəkil
qalareyasının həyətində
Üzeyir bəyin, Natəvanın, Bülbülün
erməni faşistləri
tərəfindən güllələnmiş
heykəl-büstləri nümayiş
etdirilidi. Bu məlumat-informasiyadan
sonra şair böyük bir ürək ağrısı
ilə heykəllərə
müraciət edir, onlardan üzr diləyir ki, biz Vətəni yaxşı qoruya bilmədik.
Poemada Qarabağın acı taleyi kədərli lövhələrlə canlandırılır:
Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.
Əkiz-əkiz qəbirlərdi Qarabağ-
Vətən boyu səpələnib.
Hər şəhidin yaşıdı
Qarabağ,
Şəhid ömrü yaşadı
Qarabağ,
Şəhid olmuş Şuşadı
Qarabağ...
Poema müraciətlərdən
ibarətdir və hər müraciətin də öz obyekti var. Birinci müraciət heykəllərə,
onların ruhuna idi. İkincisi isə Qarabağın
özünədir və
şair Qarabağ deyəndə həm də Vətən deyir. Vətən isə Qarabağsız
düşünülə bilməz.
Əldən gedən təkcə
Qarabağ deyil, həm də Vətənin bənzərsiz
bir parçasıdır.
Bir vaxt Vətən yolları
Harda, harda qurtarardı-
Astarada qurtarardı.
Vətən onda
qoruq olmuşdu, qoruq.
İndi
Vətən yolları
Qurtarır erməni yuvalarında.
Vətənin ağrıyan nöqtələrindən
biri də fərarilikdir. Doxsanıncı illərdə ordudan
qaçan və öz vətəndaşlıq
borcunu yerinə yetirməkdən imtina edən cavanlar vardı və bir çox şairlərimiz (B.Vahabzadə,
N.Xəzri, H.Kürdoğlu
və b.) fərariliyi
pisləyən şeirlər
yazmışdılar. "Haran ağrıyır, Vətən?"
poemasında da bu motivlə qarşılaşırıq:
Hara qaçırsan, Oğul?
Hara qaçırsan, Vətən
oğlu?
Şəhid çöllər, şəhid
yollar
Ayağına dolaşmır,
Şəhid qəbirləri kəsmir qarşını.
Köynək deyil, geyib, geyib, atasan,
Saqqız
deyil, satasan-
Buna Vətən deyərlər!
Bayrağının altından keçib gedirsən-
Vətən köynəyindən keçirir səni,
Ağrısından, acısından
keçirir səni,
Dönüb özün də
Vətən olursan-
Diri gözlü,
qılınc sözlü,
od ürəkli bir Vətən.
Yeriyən Vətən.
Qeyd etdik ki, "Haran ağrıyır, Vətən?"
poeması həm də Qarabağ nifaqını törədənlərə
sərt bir ittihamdır və aşağıdakı sətirlər
də bunu sübut edir:
"Atan kazaklardır.."
Atan ruslardır.
Pusquda dayanan Rusiya atır,
Səngərdən, meşədən, ağac
dalından,
Hər dalandan,
hər tindən atır Rusiya.
Birinci Pyotrun vəsiyyətindən
Boylanıb, dikəlib qalxır Rusiya.
Gözlərini qıyıb odlu
lülədən
baxır Rusiya.
Ümumiyyətlə, Qarabağ mövzusunda yazılan poeziya nümunələrində publisistik
motivlər çox güclüdür və bu da təbiidir. Həyati, tarixi
əhəmiyyət daşıyan
hadisə və olaylardan söz açanda lirika ilə publisistika birləşir və deyək ki, ikincisi aparıcılıq
missiyasını yerinə
yetirir. Poeziyada Qarabağ müharibəsinin
səbəbləri və
səbəbkarları pünhan
qalmır, şairlər
birbaşa sərt ittihama keçirlər.
Vaxtilə şairlərimiz azərbaycanlılarla ermənilərin
"əbədi" dostluğundan
söz açan şeirlər, poemalar yazmışdılar, ancaq
elə bir məqam gəldi ki, bu "dostluq"
düşmənçiliyə çevrildi. Buna səbəb
çox sadə idi: ermənilər imaskalarını çıxarmışdılar
və vaxtilə gizli həyata keçirdiklərini indi aşkara çıxarırdılar.
Məsələn, qatı
erməni millətçisi,
sözün həqiqi
mənasında insanlıqdan
və humanizmdən uzaq olan Zori
Balayan hadisələr
başlanmamışdan bir
neçə il əvvəl "Ocaq" kitabını çap etdirmişdi. Bu kitabda o, Dağlıq Qarabağın erməni torpaqları olduğunu cəfəng iddialarla "sübut" etməyə
çalışırdı, türklərə açıq
nifrət, böyük
Ermənistan ideyası
onun cəfəngiyyatlarının
əsasını təşkil
edirdi. Bu kitaba və onun müəllifinə
ilk cavab verən şairimiz Eldar Baxış oldu:
O nədir yazmısan Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda
budaqların üstə
oturub,
Böyük budaqları silkələyirsən.
Dünya
nə haydadır,
sən nə haydasan,
A köhnə palazı
sırıyan oğlan.
İrəvan dilində xoruzlanırsan,
Moskva dilində
zarıyan oğlan.
Hələ yüzdən biri,
mindən biridir
Bu mənim dərdimin,
mənim sərimin.
samvel Azərbaycan xalq şairidir,
Ancaq adı yoxdur Əli Kərimin.
O nədir yazmısan, Zori Balayan,
"Bala" da bizimdir,
"zor" da
bizimdir.
Ölmək istəyirsən gəl
Qarabağa,
Kəfən də bizimdir, zor da bizimdir.
Yeri gəlmişkən
qeyd edək ki, bu şeir
yazıldığı ildə
dərc edilmədi. Halbuki, həmin
illərdə erməni
ziyalılırı mərkəzi
mətbuatda Azərbaycana
aid məkrli və böhtan yazılarla meydan sulayırdılar.
Eldar Baxışın şeiri
dərc edilməsə
də əldən-ələ,
dildən-dilə gəzirdi.
Poeziyamızda ittiham ruhlu bir
sıra əsərlərin
müəllifi kimi Ənvər Əhmədin
də adını çəkməliyik. Onun "İttiham", "Bu yara
köz bağlamaz",
"Qalx ayağa, Üzeyir", "Xarı
bülbül", "Daş
qanı" lirik-publisistik
poemaları sanki birnəfəsə yazılıb
və bu poemaların hər biri Sözün düşmənə tuşlanan
güllələri missiyasını
yerinə yetirir. Bu ittihamlar-bu güllələr
təkcə düşmənə
tuşlanmır, həm
də daxili düşmənlərə yönəlir.
Xüsusilə, 90-cı illərin
əvvəllərindəki Milli Məclis mənzərəsini seyr edəndə şairi necə haqlı sayırıq:
Bəli,
xəyanətdən xalq
doyur cana,
Fəlakət tökülür Azərbaycana!
Millət
tarım-tarım çəkilir
dara,
Biri dar ağacı qurur otlara
Biri "İran"
deyir, birisi-"Turan!"
Birinin əlində
müqəddəs "Quran".
Biri də gizlicə "rus-rus" deyir,
Hərə öz-özünə bir ölkə qurur.
Mikrafon əllərdən əllərə
keçir,
Meydanda hərə
bir vəzifə seçir.
Biri də işləyir, qana-iliyə
Biri də can atır prezidentliyə.
Erməni
qurd kimi torpağı oyur,
Qansızlar Vətəni hərraca qoyur.
Yetişir get-gedə sağalmaz
yara,
Vətən gözlərindən çəkilir dara!
Doxsanıncı illər poeziyasında mühüm olan yeniləşmə faktları
da məhz Qarabağ mövzusunda yazılan əsərlərdə
meydana çıxdı. Şeirimizdə vətənpərvərlik-azərbaycançılıq
motivləri istiqlal və azadlıq duyğuları üstə
kökləndi.
Vaqif YUSİFLİ
ədalət.-2013.-3 avqust.-S.13.