"Kinonun acı tüstüsü də şirindi"
60 yaşlı pirotexnik
Vaqif Qurbanovun ilk müsahibəsi
Vaqif Qurbanov milli kinematoqrafiyamızın sıra nəfərlərindən biridi. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilən bədii filmlərin əksəriyyətində onun əməyi var. Təcrübəli və təvazökar pirotexnik kadr arxasında qalsa da, bəzən adı titrlərdə görünməsə də üzərinə düşən işi həmişə keyfiyyətlə yerinə yetirməyə çalışır.
Milli Kino
Günündə kinematoqrafçılarımıza ünvanlanan təbriklərdən pirotexnik Vaqif Qurbanova da pay
düşür.
-
Kinostudiyaya gəldiyiniz ilk gün yəqin yadınızda
qalıb...
- 1953-cü ildə Bakıda doğulmuşam. Bizim dövrün şəhər uşaqlarının həyatını kinosuz təsəvvür etmək mümkün deyildi. Paytaxtdakı kinoteatrlar ən çox getdiyimiz yerlər idi. Bəzən bir filmə dəfələrlə baxırdıq. Hərəmizin öz kino qəhrəmanı vardı. Amma heç ağlıma gəlməzdi ki, nə vaxtsa kinostudiyada işə qəbul olunacaq, filmlərin çəkilişində iştirak edəcək, ekrandan gördüyüm məşhur aktyorlarla çiyin-çiyinə çalışacam.
Hərbi xidmətdə olanda pirotexnik kimi müəyyən vərdişlər əldə etmişdim. Orduda öyrəndiklərim kinostudiyada işə qəbul olunanda köməyimə gəldi. 1996-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının qapısından içəri keçib bu "sehrli adaya" düşdüm. Əslində bir neçə il əvvəldən gəlmək istəyirdim, lakin alınmırdı. Çünki həmin dövrdə bütün sahələrdə olduğu kimi kino sənayesində də çoxlu problemlər var idi. Filmlərin çəkilişinə pul ayırmaq, yeni texnika almaq asan məsələ deyildi. Üstəlik, mütəxəssislərin çoxu dolanışıq üzündən kinostudiyanı tərk etmişdi. Sonrakı illərdə kinostudiyada direktorlar dəyişdi, ştatların çoxu ləğv olundu. Pirotexnik kimi məni də müqaviləli iş sisteminə keçirdilər. Bütün bunlara baxmayaraq sevdiyim işdən ayrılmadım. Bu gün filmlərə dəvət alanda müqavilə ilə çalışıram. Artıq 17 ildir ki, buradayam və heç bir yerə getmək barədə də fikirləşmirəm. Kinonun acı tüstüsü də artıq mənə şirin gəlir.
- Pirotexnik
deyəndə kino
tamaşaçılarının yadına dərhal "Bəyin
oğurlanması" filmindəki məşhur Ələsgər
obrazı düşür. Həmin Ələsgər
sizin prototipiniz deyil ki?
- Yox, tam mənim prototipim deyil. Amma bəzi ümumi cizgilər var.
- Kino kollektiv sənət olduğundan bir film üzərində yüzlərlə insan çalışır. Filmdə əksər
kadrlar pirotexnikin verdiyi tüstüdən sonra çəkilir.
Hansı
filmlərdən həmin
tüstünü əsirgəməmisiniz?
- Belə filmlər çoxdu. "Qala",
"Girov", "Cavad
xan", "Qisas almadan ölmə",
"Hökmdarın taleyi",
"Qorxma, mən səninləyəm-2"...
Bir də əlbəttə ki, "Dolu" filmi.
- Bəlkə elə sonuncudan -"Dolu"dan ətraflı danışaq...
- Bu filmdə əməyi olan hər bir
kəs "Dolu" barədə saatlarla danışa bilər. Çünki çox uğurlu bir ekran əsəri yarandı, bütün yaradıcı və texniki heyətin üzü ağ
oldu. Bu gün
fəxrlə deyə bilərik ki, milli kinematoqrafiyamız
"Dolu" kimi mükəmməl bir əsəri yarada bildi.
- Filmin çəkilişlərinə başlayanda "Dolu"dan
necə deyərlər,
gözünüz su içirdi?
- "Dolu"nun uğuruna film üzərində çalışan hər kəs inanırdı. Sanki hamımızın ürəyinə dammışdı. Quruluşçu rejissor Elxan Cəfərov çox maraqlı bir ansambl yarada bilmişdi. Çəkiliş meydançasında əsl yaradıcılıq mühiti yaranmışdı. Quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam Rafiq Nəsirov, icraçı prodüser Nadir Əliyev, rejissorlar Əliqulu Səmədov, Ənvər Həsənov bir-birlərini kəlmədən başa düşürdülər. Əsərin müəllifi Aqil Abbasın çəkiliş meydançasına gəlişi hamımız üçün toy-bayram olurdu. Təkcə yaradıcı heyətlə deyil, texniki işçilərlə də maraqlanır, filmin əhəmiyyətini başa salır, bizə ürək-dirək verirdi. "Dolu"nun Azərbaycanın bütün bölgələrində, o cümlədən bir neçə xarici ölkədə təqdimatı keçirilib. Hamısında Aqil Abbas mənim də əməyimi xüsusi qeyd edib. Sözün açığı, birinci dəfədir ki, müəllif tərəfindən belə diqqət görürəm.
- "Dolu"nun çəkilişləri zamanı sizi müşahidə eləmişəm. İsmayıllıda yayın o qızmarında çəkiliş vaxtı hər gün bəlkə də 5-6 kilometr qaçırdınız. 60 yaşda bu enerji hardandı?
- Cavanlıqda idmanla məşğul olmuşam, qılıncoynatma üzrə idman ustasıyam. Həmişə hərəkətdə olmağı xoşlayıram. Tənbəl adamdan heç xoşum gəlməz. Bayaq dediyim kimi, kinostudiyadan daimi maaş almıram, müqavilə ilə çalışıram. Çəkilişlər olmayanda maşın motoru təmir edib dolanıram. Bu işi də deyilənə görə yaxşı bacarıram.
- Bu
gün pirotexnik
işləmək istəyən gənclər var?
- Bu sənətlə indi heç kim maraqlanmır. Çünki əziyyəti çox, pulu isə azdı. İndiki cavanları daha çox maddi məsələlər maraqlandırır. Kino isə həmişə fədakar insanları sevir.
- Hər il avqustun 2-si Milli Kino Günü
kimi qeyd olunur. Bayram günündə sizi
yada salan, mükafat verən olurmu?
- Bu vaxta kimi olmayıb. Pirotexnik sənəti bir az ciddi sənətdi. Biz öz işimizi vicdanla görüb kənara çəkilirik. Bu illər ərzində ilk dəfədir ki, müsahibə verirəm. Yenə deyirəm, mən öz işimi vicdanla görməyə çalışıram. Qiymətləndirmək isə kinostudiya rəhbərliyinin işidi. Çəkiliş meydançalarında verdiyim tüstü yəqin ki, boşuna getməz.
Etibar CƏBRAYILOĞLU
ədalət.-2013.-3 avqust.-S.11.